Blefarokonyunktivit
Blefarokonyunktivit – göz qapağı kənarlarının iltihabı olub, palpebral və orbital konyunktivanın zədələnməsi ilə müşayiət edilir. Xəstəliyin əsas əlamətlərinə gözün qızarması, göz qapağının altında «qum dənələri» və ya yad cisim hissi, işıqdan qorxma, gözün sulanması aiddir. Diaqnoz fizikal baxış, konyunktiva boşluğundan götürülmüş yaxmanın laborator müayinəsi, vizometriya, biomikroskopiya, gözün USM, flüoressein sınağının nəticələri əsasında qoyulur. Müalicə antibiotiklər, antihistamin vasitələr, QSİƏP, virus əleyhinə preparatlar, C, B və A vitaminlərinin köməyilə aparılır.
Blefarokonyunktivit barədə ümumi məlumat
Blefarokonyunktivit – konyunktiva və göz qapağı kənarlarının iltihabi prosesə cəlb olunması ilə səciyyələnən polietioloji xəstəlikdir. Oftalmoloji patologiyaların təxminən 30%-i blefarokonyunktivitin payına düşür. Xəstəliyə bütün yaş qruplarında rast gəlinir. Lakin pasiyentlər arasında həyatının 4-cü onilliyində olan qadınlar üstünlük təşkil edir. Hər 3-cü xəstə quru göz sindromundan əziyyət çəkir. 25% hallarda patologiya ikincili olaraq, infeksion xəstəliklər fonunda inkişaf edir. Xəstələrin orta hesabla 17%-də residivlər müşahidə edilir.
Blefarokonyunktivitin yaranma səbəbləri
Blefarokonyunktivit qazanılmış patologiyadır. Xəstəlik müxtəlif amillərin təsirindən yaransa da, onun etiologiyasını hər zaman müəyyən etmək mümkün olmur. Patologiyanın yenidoğulma dövründə aşkarlanması doğuş prosesində uşağın gözünün selikli qişasının infeksiyalaşması ilə bağlıdır. Blefarokonyunktivitin əsas yaranma səbəbləri aşağıdakılardır:
- İnfeksion xəstəliklər. Gözün ön seqmenti qonoreya, məxmərək, herpes, sifilis zamanı zədələnə bilir. İnfeksion agentlərin hematogen və ya məişət-təmas yolu ilə yayılması mümkündür.
- Allergik reaksiyalar. Allergik formanın klinik təzahürləri vazoaktiv təsirə malik mediatorların ifraz olunması nəticəsində meydana çıxır. Patologiyanın bu variantında pasiyentlərin qanında immunoqlobulin E sintez olunur.
- Demodeks növündən olan gənələrə yoluxma. Göz qapaqları və konyunktivanın ikincili zədələnməsi dərinin demodekozu zamanı baş verir. Xəstəliyin törədicisi piy vəzilərində (Seys və meybom) məskunlaşır. Demodekoz ikincili xalazion və keratitin inkişafı ilə ağırlaşa bilir.
- Travmatik zədələnmələr. Görmə orqanının travmaları yara səthinin infeksiyalaşmasına səbəb olur. 98% hallarda yara kanalı konyunktivadan keçir. Təhlükə anında göz qapaqlarının reflektor qapanması onların əlavə zədələnməsinə gətirib çıxarır.
- Göbələk infeksiyaları. Blefarokonyunktivitin simptomatikası əksər hallarda anamnezində kandidoz, aspergillyoz və ya aktinomikoz olan pasiyentlərdə aşkarlanır. Xroniki gedişli mikoz çox vaxt gözün ön seqmentinin zədələnməsi ilə müşayiət edilir.
Blefarokonyunktivitin inkişaf mexanizmi
Xəstəliyin patogenezi onun etiologiyasından asılıdır. Oftalmodekoz zamanı parazitin gözün ön qütbünün strukturlarına toksiko-allergik təsiri konyunktiva damarlarının qanla dolmasına, selikli ifrazatların hipersekresiyasına səbəb olur. Bakterial forma adətən burun-udlağın patologiyaları, orta qulağın zədələnmələri və ya ümumi infeksion xəstəliklərdən sonra inkişaf edir. Mikroorqanizmlərin çoxalması toxumaların bakterial toksinlər tərəfindən zədələnməsini sürətləndirir. Konyunktivanın nazik selikli qişası onların təsirinə daha həssas olur. Göz almasının ön şöbələrinin göbələk mənşəli patologiyaları əsasən digər lokalizasiyalı mikoz zamanı təmas yolu ilə yoluxma nəticəsində formalaşır. Travmatik zədələnmələrdə simptomatikanın inkişafı patogen mikrofloranın yara kanalına keçməsi ilə bağlıdır.
Allergik blefarokonyunktivitin patogenezinin əsasını orqanizmin müəyyən antigenlərə qarşı yüksək həssaslığı təşkil edir. Dərman vasitələrinin qəbulu, məişət allergenləri ilə təmas, bitki tozcuqların tənəffüs yoluna düşməsi hiperhəssaslıq reaksiyalarının yaranmasında trigger rolunu oynayır. Risk amillərinə maddələr mübadiləsinin pozulması, konyunktivanın kimyəvi maddələr, toz və ya tüstü ilə qıcıqlanması aiddir. Bətndaxili inkişaf dövründə məxmərək və herpes viruslarına yoluxan uşaqlar blefarokonyunktivitə meylli olur. Bununla yanaşı əksər hallarda görmə sisteminin çoxsaylı inkişaf qüsurları (mikroftalm, anoftalm, qüzehli qişanın koloboması) aşkar edilir.
Blefarokonyunktivitin əlamətləri
Pasiyentlər göz yuvasında qaşınma və göynəmə, işıqdan qorxma, göz qapaqlarının altında «qum dənələri» və ya yad cisim hissindən şikayət edirlər. İşıq mənbəyinə baxarkən gözün yaşarması xarakterik əlamətdir. Zehni fəaliyyət zamanı gözlər tez yorulur. Vizual olaraq, orbital konyunktivanın qızarması və şişkinliyi müəyyən edilir. Buynuz qişa zədələndikdə görmə itiliyi zəifləyir. Bakterial formada göz yarığından xoşagəlməz iyli irinli ifrazatlar axır. İrin kirpiklərin bitişməsinə və tökülməsinə səbəb olur. Göz yaşı təbəqəsinin qeyri-stabilliyi görmə disfunksiyasına gətirib çıxarır.
Blefarokonyunktivitin virus mənşəli formalarında konyunktivanın möhtəviyyatı selikli və ya duru konsistensiyalı olur. Gözlərdə kəskin ağrılar yaranır, regionar limfa düyünləri böyüyür. Allergik blefarokonyunktivitin fərqləndirici xüsusiyyətləri ikitərəfli zədələnmə və ifadəli blefarospazmdır. Xəstələrdə qatı selikli ifrazatlar müşahidə olunur. Limfa düyünlərinin ölçüləri dəyişmir. Kontakt linzaların istifadəsi klinik təzahürləri gücləndirir, gözün qıcıqlanmasını artırır.
Blefarokonyunktivitin ağırlaşmaları
Blefarokonyunktivitin uzunmüddətli gedişi göz qapağının ikincili ektropionunun, bəzən isə entropionun inkişafına gətirib çıxara bilər. Anamnezində blefarokonyunktivitin rast gəlindiyi pasiyentlərdə infeksion və bakterial ağırlaşmaların (keratit, xorioretinit) yaranma riski yüksək olur. Patoloji agentlərin göz yaşı kanalına yayılması dakriosistitə səbəb olur. Əksər xəstələrdə kseroftalmiyanın əlamətləri qeydə alınır. Göz qapaqlarının dərisində çapıqların formalaşması onların qapanmasını çətinləşdirməklə yanaşı, həm də kosmetik defekt hesab olunur. Blefarokonyunktivitin ən ağır fəsadı göz yuvasının fleqmonasıdır. Nadir hallarda siqmavari sinusun trombozu yaranır.
Blefarokonyunktivitin diaqnostikası
Diaqnostika prosesində xəstəyə fizikal baxış keçirilir, xüsusi müayinələr və göz yarığından götürülən ifrazatların analizi aparılır. Vizual baxış zamanı konyunktivanın hiperemiya və şişkinliyi, göz qapaqlarının kənarlarının qızarması nəzərə çarpır. Pasiyentlər adətən ilkin əlamətləri allergik və ya infeksion patologiyalarla əlaqələndirirlər. İnstrumenal diaqnostika planına aşağıdakı üsullar daxildir:
- Vizometriya. Patoloji prosesin yüngül gedişində görmə qabiliyyəti pozulmur. Buynuz qişa zədələndikdə görmə itiliyi proqressiv şəkildə azalmağa başlayır.
- Gözün biomikroskopiyası. Konyunktivanın ödemi və damarlarının qanla dolması vizualizasiya olunur. Göz qapaqları hiperemiyalaşır, onların periferik kənarlarında patoloji möhtəviyyat toplanır. Patologiya buynuz qişanın zədələnmələri ilə müşayiət olunduqda, onun xoralaşması və bulanması qeydə alınır.
- Gözün USM. Ultrasəs müayinə göz almasının parametrlərini ölçməyə və optik mühitlərin bulanması zamanı gözün arxa seqmentinin zədələnmə əlamətlərini aşkar etməyə imkan verir.
- Flüoressein sınağı. Bu üsulun köməyilə buynuz qişanın epitel qatının tamlığının pozulması üzə çıxarılır. Göz yaşı təbəqəsinin analizində çoxsaylı cırılmalara rast gəlinir.
Xəstəliyin etiologiyasını təyin etmək üçün laborator testlər aparılır. Blefarokonyunktivitin bakterial formasında axıntılarda neytrofillər üstünlük təşkil edir. Virus etiologiyalı blefarokonyunktivit zamanı sitoloji müayinədə mononuklear hüceyrələr aşkarlanır. Mikroskopik analizdə ezoniofillərin izlənilməsi blefarokonyunktivitin allergik mənşəli olmasından xəbər verir. Kultural müayinə konyunktival boşluqdan götürülməş yaxmanın əkilməsi zamanı patogenlərin kulturalarının artması aşkar edilir. İnfeksionist və allerqoloqun müayinəsi göstəriş sayılır.
Blefarokonyunktivitin müalicəsi
Terapevtik taktika xəstəliyin etiologiya və xarakterinə uyğun müəyyənləşdirilir. Müalicə törədicinin eliminasiyasına və iltihabi prosesin aradan qaldırılmasına yörnəldilir. İkincili keratitin yaranma ehtimalının yüksəlməsi ilə əlaqədar aseptik sarğının qoyulması qadağandır. Konyunktiva boşluğundakı möhtəviyyatı təmizləmək üçün göz antiseptik məhlullarla yuyulur. Medikamentoz terapiya aşağıdakı vasitələrlə aparılır:
- Antibiotiklər. Antibakterial terapiya qısa kursla (3-7 gün) tətbiq edilir. Antimikrob vasitələrin instillyasiyası hər 2-4 saatdan bir yerinə yetirilir. İltihab əlamətləri zəiflədikdə göz damcılarının istifadəsi sutka ərzində 3-6 dəfəyə qədər azaldılır.
- Qeyri-steroid iltihab əleyhinə vasitələr. QSİƏP-in yerli (instillyasiya) və ya sistemli yeridilməsi göstəriş sayılır. Qeyri-infeksion formalarda natrium-diklofenak tərkibli göz damcılarından istifadə olunur. Müalicə effekt vermədikdə və ya patologiya ağır gedişə malik olduqda qlükokortikosteroidlər təyin edilir.
- Antihistamin preparatlar. Allergik blefarokonyunktivit zamanı H1-histaminblokatorlarının tətbiqi məqsədəuyğundur. Xəstələrə olopatadin-hidroxlorid və ya natrium-kromoqlikat əsaslı göz damcıları məsləhət görülür.
- Virusəleyhinə vasitələr. Virus mənşəli formalarda müalicə kursu 12-14 gün təşkil edir. Xəstəliyin kəskin gedişində preparat gözə gündə 6-10 dəfə damızdırılmalıdır.
- Vitaminlər. Patologiyanın formasından asılı olmayaraq, bütün hallarda A, B və C vitaminlərinin peroral qəbulu göstəriş sayılır.
Patoloji prosesə buynuz qişa cəlb olunduqda regenerasiyasını stimulyasiya edən vasitələr (metilurasil məlhəmi, solkoseril) təyin edilir.
Blefarokonyunktivitin proqnoz və profilaktikası
Blefarokonyunktivitin proqnozu qənaətbəxşdir. Xəstəlik vaxtında aşkarlandıqda və müalicə olunduqda tam sağalma ilə nəticələnir.
Spesifik profilaktika üsulları mövcud deyil. Qeyri-spesifik üsullar anamnezdə infeksion və allergik xəstəliklər olduqda gözün ön şöbələrinin ikincili zədələnməsinin qarşısının alınmasına istiqamətləndirilir. Xəstəliyin residivləşən gedişinin müşahidə edildiyi pasiyentlər təbii (qidalanma rasionunun korreksiyası, bədənin möhkəmləndirilməsi) və ya medikamentoz vasitələrlə orqanizmin ümumi reaktivliyini və rezistentliyini artırmalıdır.