Blefaroplastika
Üst və alt göz qapaqlarının plastikası – blefaroplastika estetik əməliyyat sayılır. Onun köməyilə göz qapaqlarındakı artıq dəri və piy toxuması kəsilib götürülür. Nəticədə göz qapağı dartılır, yaşla bağlı göz ətrafında yaranan dəyişikliklər aradan qalxır. Blefaroplastika sayəsində göz altı qırışlar və torbacıqlar yox olur, xarici görünüş yaxşılaşır. Blefaroplastika izoləolunmuş formada və yaxud digər estetik əməliyyatlarla birgə aparıla bilər.
Ümumiyyətlə, göz qapağının dərisi tez qocalmağa başlayır. 30 yaşdan sonra bu nahiyədəki dəri elastikliyini itirir və sallanır. Bu dəyişikliklər insanı yorğun və yaşlı göstərir. Blefaroplastika əməliyyatından sonra nəinki üz cavanlaşır, həm də gözdaxili təzyiq stabilləşir və periferik görmə yaxşılaşır.
Blefaroplastikanın növləri
Əməliyyat üst və alt göz qapaqlarında aparılır. Üst göz qapağının plastikası zamanı bu hissədə dəri və piy artığı kəsilir. Alt göz qapağının blefaroplastikası ənənəvi üsulla, intraorbital piyin xaric edilməsi və ya əksinə, saxlanılması ilə yerinə yetirilir. Hər 2 göz qapağının əməliyyatı dəridən və yaxud transkonyunktival müdaxilə ilə icra olunur.
Bir sıra hallarda blefaroplastika göz qapaqlarının lazer pilinqi ilə tamamlanır. Burada məqsəd xırda qırışların itirilməsindən ibarətdir. Yaşla bağlı ciddi dəyişikliklərə rast gəlindikdə blefaroplastika üzün sümüküstü və ya sümükaltı dartılması (gicgahdan və yaxud blefaroplastik üsulla) ilə müştərək şəkildə həyata keçirilir.
Blefaroplastikaya hazırlıq
Pasiyent göz qapağındakı estetik problemlərlə bağlı plastik cərraha müraciət etdikdə bu nahiyədəki dərinin elastiklik dərəcəsi müəyyənləşdirilir. Həmçinin qaşların vəziyyətinə diqqət yetirilir. Onlar sallandıqda kombinəolunmuş əməliyyat – blefaroplastika və üzün endoskopik liftinqi məqsədəuyğundur. Uğurlu blefaroplastika göz ətrafı nahiyənin yaşla bağlı bütün problemlərini geridə qoyur.
Əməliyyatönü mərhələdə bir sıra müayinə və analizlər (qanın standart analizləri, EKQ, terapevtin və ehtiyac olduqda digər dar ixtisaslı mütəxəssislərin konsultasiyası) aparılır.
Blefaroplastika əməliyyatının aparılma qaydası
Cərrahi müdaxilə yerli və yaxud ümumi anesteziya altında icra olunur. Onun davametmə müddəti vəziyyətdən asılı olaraq, orta hesabla 30-60 dəqiqə təşkil edir. Müasir dövrdə blefaroplastika xarici kəsiksiz maksimum estetik nəticə əldə etməyə imkan verir. Əməliyyat prosesində kəsik göz qapaqlarının təbii büküşləri boyunca aparılır. Bu, onların gələcəkdə nəzərə çarpmamasını təmin edir.
Blefaroplastika başa çatdıqda göz qapaqlarına 4-6 saatlıq aseptik sarğı qoyulur. Postoperasion dövrdə ağrı sindromu zəif olur.
Blefaroplastikdan sonra bərpa dövrünün xüsusiyyətləri
Dəri tikişləri əməliyyatdan 4-5 gün sonra sökülür. 1-2 həftə ərzində toxumalarda şişkinlik, 5-8 gün ərzində göyərmə müşahidə oluna bilər. Qeyd olunan əlamətlərlə yanaşı, kirpiklərin böyümə zonasında həssaslığın azalması da müvəqqətidir.
Adətən pasiyent 7-10 gündən sonra iş fəaliyyətinə qayıdır. Bu müddətdən etibarən dekorativ hipoallergen kosmetikaya icazə verilir. Əməliyyat sonrası 1-2 həftə ərzində gözləri ultrabənövşəyi şüalardan qorumaq məqsədilə gün eynəkləri məsləhət görülür.
Erkən postoperasion dövrdə (2-3 həftə) idman və fiziki yüklənmələrə məhdudiyyət qoyulur. Əməliyyatın son nəticəsi 6 aydan sonra bilinir və təxminən 7-10 il qalır.
Blefaroplastikaya əks-göstərişlər
İstənilən plastik əməliyyatın aparılmasına manəe törədən ümumsomatik xəstəliklərdən əlavə, blefaroplastikanın spesifik əks-göstərişləri də mövcuddur. Onlara konyunktivanın və göz yaşı axacaqlarının kəskin və xroniki iltihabi xəstəlikləri, quru göz sindromu, blefaroxalazis (göz ətrafının izafi şişkinliyi), blefarospazm, hipertireoidizm və s. misal göstərmək olar.
Blefaroplastikanın fəsadları
Əməliyyatdan sonra qanaxma, septik fəsadlar, görmənin pozulması kimi hallara çox nadir rast gəlinir. Bəzən aşağı göz qapağının aşağı tonusu ilə əlaqədar bu hissə aşağı dartıla bilər (ektropion). Bu vəziyyət adətən 6 ay ərzində öz-özünə keçib gedir.
Sonda onu da vurğulamaq lazımdır ki, blefaroplastikanın estetik nəticələri və onların qalıcılığı həkimin peşəkarlığı ilə bərabər, pasiyentdən də asılıdır. Belə ki, əməliyyatdan sonra göz qapaqlarına düzgün qulluq edildikdə və ümumi sağlamlıq vəziyyətinə diqqət yetirildikdə nəticə daha davamlı olur.