Blefaroxalazis
Blefaroxalazis – yuxarı göz qapaqlarının dərisinin atrofiyası, palpebral kənarın üzərində əlavə büküşlərin formalaşması ilə xarakterizə olunan oftalmoloji patologiyadır. Onun klinik əlamətlərinə yuxarı göz qapaqlarının «kisə» şəklində sallanması, görmə qabiliyyətinin pozulması, gözün sulanması, konyunktivanın hiperemiyası aiddir. Diaqnoz fizikal müayinə, vizometriya, biomikroskopiya, tonometriya, kompüter refraktometriya, perimetriyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə yuxarı bleparoplastika, göz yaşı nöqtəsinin plastikası və «piy» yırtıqlarının rezeksiyası icra olunur.
Blefaroxalazis barədə ümumi məlumat
Blefaroxalazis – yuxarı göz qapaqlarının dəri büküşlərinin patoloji sallanmasıdır. Xəstəlik ilk dəfə 1937-ci ildə avstraliyalı oftalmoloq İda Mann tərəfindən təsvir olunmuşdur. Xəstəliyin yayılmasına dair statistik məlumatlar mövcud deyil. Anomaliyanın eyni ailənin üç nəslində inkişaf etdiyi hallar qeydə alınmışdır, bu da blefaroxalazisə genetik meylliliyin olmasından xəbər verir. Xəstəlik daha çox yaşlı qadınlarda aşkarlanır. Dərinin histoarxitektonikasının xüsusiyyətləri ilə əlaqədar paisyentlər arasında avropoid irqinin nümayəndələri üstünlük təşkil edir.
Blefaroxalazisin yaranma səbəbləri
Blefaroxalazisin etiologiyası sona qədər öyrənilməmişdir. Adətən xəstəliyin sporadik halları müşahidə olunur. Bəzən göz qapağının sallanması üz yarısının atrofiyasının təzahürlərindən sayılır. Alimlər tərəfindən damar və endokrin faktorlarının rolu araşdırılır. Patologiya ağırlaşmış allerqoloji anamnezi olan pasiyentlərdə angionevrotik ödem fonunda inkişaf edə bilər. Blefaroxalazisin əsas yaranma səbəbləri aşağıdakılardır:
- Dərinin quruluşunun fərdi xüsusiyyətləri. Dəri örtüklərinin elastikliyinin aşağı olması xəstəliyin yaranma ehtimalını yüksəldir. Dərinin hidrofil xüsusiyyətləri hüceyrəarası matriksin və birləşdirici toxuma liflərinin tərkibinə əsasən müəyyən edilir.
- Uzunmüddətli ödem. Periorbital nahiyənin tez-tez ödemləşməsi böyrək patologiyaları (xroniki böyrək çatışmazlığı, qlomerulonefrit), allergik reaksiyalarla bağlıdır. Blefaroxalazisin inkişafına həmçinin qidalanma pozğunluqları (xörək duzu və mayenin həddindən artıq qəbulu, zülal açlığı) səbəb olur.
- Göz qapaqlarının involyusion dəyişiklikləri. Yaş artdıqca pasiyentlərdə qocalıq elastozunun əlamətləri və dəri örtüklərinin atrofik dəyişiklikləri artır, gözün dairəvi əzələsinin tonusu azalır.
- Laffer-Aşer sindromu. Bu genetik sindromlu şəxslərdə blefaroxalazislə yanaşı qalxanabənzər vəzinin böyüməsi və üst dodağın selikli qişasının dublikaturası müşahidə olunur. İlkin əlamətlərə pubertat dövründə rast gəlinir.
- Aksessuarların taxılması. Göz qapaqları üçün nəzərdə tutulan pirsinqdən, dekor elementlərindən (qoyulma kirpiklər, strazlar) xəstəliyin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Permanent makiyaj yalnız allergik ödem zamanı blefaroxalazisin inkişafına təkan verir.
- Yatrogen təsirlər. Patologiya periorbital nahiyədə kosmetololoji manipulyasiyaların aparılma texnikasına riayət olunmadıqda da formalaşa bilər. Blefaroxalazisin sürətlə proqressivləşməsi dərinin lazerlə cavanlaşdırılması ilə əlaqəlidir.
Blefaroxalazisin patogenezi
Xəstəliyin inkişaf mexanizmində involyusion dəyişikliklər mühüm rol oynayır. Göz qapaqlarının qocalmasının ilkin əlamətləri 20 yaşdan etibarən müəyyən olunur. Morfohistoloji müayinələrin nəticələrinə görə blefaroxalazisin patogenezinin əsasında kollagen liflərin naziməsi və gözün dairəvi əzəəsinin strukturunda birləşdirici toxumanın həcminin artması dayanır. Xaotik yerləşmiş kollagen lifləri arasında tək-tək elastik liflər vizualizasiya olunur. Əksər hallarda onlara ümumiyyətlə rast gəlinmir. Atrofik dəyişikliklər dərinin bütün qatlarında baş verir. Aksessuarların istifadəsi dərinin dartılmasına və patologiyanın birtərəfli formasının inkişafına səbəb olur.
Blefaroxalazisli xəstələrdə damar tonusunun neyro-əzələ tənziminin pozulması vazodilatasiyaya gətirib çıxarır. Qan axının güclənməsi və mikrosirkulyator təzyiqin azalması xroniki durğunluğun preqressivləşməsi ilə nəticələnir. Patoloji prosesə adətən yalnız yuxarı göz qapaqları cəlb olunur. Lakin xüsusi müayinə üsullarından istifadə etdikdə aşağı göz qapaqlarının dərisində də ikincili dəyişikliklər aşkarlanır. Tarzoorbital fassiyaların nazilməsi ilə əlaqədar «piy» yırtıqları əmələ gəlir. Atrofik pozğunluqlar çox vaxt xroniki blefaritlə müşayiət olunur, bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.
Blefaroxalazisin əlamətləri
Blefaroxalazisin ilkin əlamətləri 20-40 yaşlı şəxslərdə inkişaf edir. Klinik şəkil ahıllıq dövründə daha qabarıq olur. Xəstələr simptomatikanın göz qapaqlarının ödemindən və ya blefarotin xroniki gedişindən sonra yarandığını qeyd edirlər. Patologiyanın erkən əlaməti mimik əzələlər gərginləşdikdə (gülüş zamanı) yuxarı göz qapağında ifadəli dəri büküşünün formalaşmasıdır. Pasiyentlər göz qapaqlarının «kisə» şəklində sallanmasından, üst kirpiklərin tam və ya hissəvi örtülməsindən şikayət edirlər. Başlanğıc mərhələlərdə xəstələri yalnız kosmetik defekt narahat edir.
Blefaroxalazis proqressivləşdikdə patoloji dəyişikliklərə hətta sakit vaxtlarda da rast gəlinir. Dəri nazilir, dartılır, onun altında yerləşən damarlar görünməyə başlayır. Piy «yırtıqlarını» xatırladan spesifik qabarmalar vizualizasiya olunur. Sallanmış dəri büküşləri əvvəlcə gözün yalnız lateral bucağını örtür. Ağır hallarda dəri örtüyü bəbəyin ortasına qədər uzanır. Yuxarı göz qapağının sallanması görməni pisləşdirir. Dərinin kirpiklərlə qıcıqlanması ödemin artmasına səbəb olur. Gözün köməkçi aparatının yaşla əlaqədar dəyişiklikləri gözlərin sulanmasına, fotofobiyaya gətirib çıxarır. Göz qapaqlarının zədələnməsi simmetrik xarakter daşıyır.
Blefaroxalazisin ağırlaşmaları
Blefaroxalazisin ən geniş yayılmış fəsadı ikincili blefaritdir. Əksər pasiyentlərdə dərinin həddindən artıq sallanması ektropionun formalaşması ilə nəticələnir. Xəstələrdə gözün ön seqmentinin infeksion zədələnmələrinin (konyunktivit, keratit, blefarokonyunktivit) yaranma ehtimalı yüksək olur. Çox zaman kseroftalmiya müşahidə olunur. Gözlərin izafi sulanması periorbital nahiyədə dəri örütklərinin qıcıqlanmasına səbəb olur. Ağır gedişli formalarda ambliopiyaya təsadüf edilir. Anamnezində blefaroxalazis olan bütün pasiyentlər «yorğun göz sindromundan» əziyyət çəkirlər.
Blefaroxalazisin diaqnostikası
Diaqnostika prosesində fizikal baxış keçirilir, instrumental müayinə üsulları aparılır. Vizual baxış zamanı göz qapağının sallanması nəzərə çarpır. Büküşlər medial kənardan lateral kənara doğru istiqamətlənir. Göz yarığının xarici kənarı sallanmış dəri büküşləri ilə örtülür. Dərinin elastikliyi azalır, nazilmiş dəridən damarlar görünür. Xəstəliyin spesifik müayinə üsullarına aşağıdakılar aiddir:
- Vizometriya.Görmə itiliyinin zəifləməsi yalnız göz qapağının ifadəli sallanması zamanı qeydə alınır. Test aparılarkən pasiyent gözünü qıyır və dəri büküşünü qaldırmağa cəhd göstərir.
- Kompüter refraktometriya. Xəstələrdə ikincili ambliopiya inkişaf edir. Bu üsulun yaşlı şəxslərdə tətbiqi presbiopiyanın üzə çıxmasına imkan verir. Yaşı 40-dan az olan pasiyentlərdə adətən klinik refraksiyanın miopik tipinə rast gəlinir.
- Gözün biomikroskopiyası.Gözün ön seqmentini müayinə edərkən konyunktiva damarlarının qanla dolması və buynuz qişada tək-tək xoralaşma ocaqları izlənilir. Xoralar göz almalarının qişalarının palpebral kənar və ya kirpiklərlə qıcıqlanması nəticəsində formalaşır.
- Perimetriya. Onun köməyilə görmə sahəsinin qeyri-bərabər daralması aşkarlanır. Görmə sahəsindən yuxarı, bəzən isə yuxarı-lateral sahələr ayrılır. Bir sıra hallarda fotopsiya müşahidə edilir.
- Təmassız tonometriya. Göz almasının nəmlik dərəcəsinin artması gözdaxili təzyiqin yüksəlməsinə səbəb olur. Elektron tonoqrafiya vasitəsilə gözdaxili hidrodinamikada cüzi dəyişikliklər müəyyən edilir.
Patologiya blefaroptoz və blefarofimozla differensiasiya edilir. Blefarofimozun fərqləndirici cəhəti ptozun göz yarığının qısalma və daralması ilə müşayiət olunmasıdır. İzoləolunmuş blefaroptoz miogen və ya neyrogen mənşəli olur. Pasiyent sərbəst şəkildə göz yarığını aralaya bilmir. Göz qapağında sallanmış dəri-əzələ büküşünün formalaşması psevdoblefaroxalazis kimi qiymətləndirirlir.
Blefaroxalazisin müalicəsi
Bu xəstəliyin müşahidə edildiyi pasiyentlərə qüsurun blefaroplastika ilə kosmetik korreksiyası məsləhət görülür. Cərrahi müdaxilə ambulator şəraitdə regional anesteziya altında aparılır. Əməliyyat prosesində göz qapağının dəri örtüklərinin artıq hissəsi kəsilir. Göz yaşının hipersekresiyası zamanı göz yaşı nöqtəsinin plastikası tələb olunur.
Göz qapağının postoperasion sallanmasının qarşısını almaq üçün kantopeksiya aparılır. Ehtiyac olduqda yuxarı göz qapağını qaldıran əzələnin vətərinin plastikası icra edilir. Orbital yırtıqlar rezeksiya olunur. Dəriyə qoyulan tikişlər əməliyyatın 5-7-ci günündə sökülür.
Blefaroxalazisin proqnoz və profilaktikası
Kosmetik qüsur vaxtında aradan qaldırıldıqda proqnoz qənaətbəxş olur. Spesifik preventiv tədbirlər mövcud deyil. Qeyri-spesifik üsullar gözün gigiyena qaydalarına riayət olunmasından ibarətdir.
Profilaktika məqsədilə dekor elementlərindən (strazlar, bəzək əşyaları) uzun müddət istifadə edilməməlidir. Oftalmoloqlar göz qapaqlarına pirsinqin taxılmasını məsləhət görmürlər, bu da aksessuarın ağırlığından dərinin tədricən dartılması və əvvəlki elastikliyinin itirilməsi ilə izah olunur. Xəstəliyin ilkin əlamətlərinə rast gəlindikdə qida rasionuna və dərinin vəziyyətinə nəzarət edilməlidir.