Bo xətləri
Bo xətləri (qövsşəkilli Bo-Reyli şırımları) – dırnaq lövhəsinin matriksinin zədələnməsi nəticəsində yaranan qazanılmış onixodistrofiyadır. Klinik olaraq, dərinliyi (1mm-ə qədər) patologiyanın ağırlığına proporsional köndələn şırımlarla təzahür edir. Bo xətləri rənginə görə sağlam dırnaqdan seçilmir. Onlar travmadan sonra, ağır infeksiyalar, ürək-damar xəstəlikləri, dəri patologiyaları fonunda yaranır. Diaqnoz dermatoloq tərəfindən klinik təzahürlər əsasında qoyulur. Diaqnostika prosesində dermatoskopiya, zədələnmə ocağından götürülmüş sıyrıntının göbələyə görə müayinəsindən istifadə olunur. Müalicə dırnağın kimyəvi tərkibinin bərpasına yönəldilir: Bu məqsədlə bitki məhlulları ilə vannalar, vitaminlərlə elektrofarez, parafin applikasiyası, müalicəvi palçıq, ÜBŞ tətbiq olunur.
Bo xətləri barədə ümumi məlumat
Bo xətləri – dırnaq lövhəsinin patologiyası olub, onun böyümə zonasının zədələnməsi ilə əlaqədar yaranan köndələn xətvari dərinləşmələrlə xarakterizə edilir. Qöşsşəkilli Bo-Reyli zolaqları ilk dəfə XIX əsrin ortalarında fransız hərbi cərrah Jozef Onore Simon Bo tərəfindən bir çox yaralı əsgərlərdə qeydə alınmışdır. O, dırnaqların bu tip patologiyasını travma və stress nəticəsində onların böyüməsinin dayanması ilə əlaqələndirmişdir. Müasir dermatoloqların fikrincə köndələn xəttlər dırnaq matriksinin trofik dəyişiklikləri nəticəsində yaranır, bu da onun kimyəvi tərkibinin pozulmasına səbəb olur. Dırnaq lövhəsinin orta hesabla 90 gün ərzində uzanmasını nəzərə alaraq, dırnaq yastığı (dırnağın böyümə nöqtəsi) ilə Bo xətləri arasındakı məsafəyə əsasən travmanın baş vermə vaxtını və ya dırnağın deformasiyasna səbəb olan xroniki patologiyanın müddətini müəyyən etmək mümkündür. Bo xətlərinin manikür onixodistrofiyası adlandırılmasına baxmayaraq, o, cins, fəsil, yaşla bağlı olmayıb, bütün kontinetlərdə müşahidə edilir.
Bo xətlərinin yaranma səbəbləri
Bo xətləri polietiolojidir. Patoloji prosesin əsas triggerlərinə dərman vasitələrinin nəzarətsiz qəbulu və ya güclü təsiredici preparatların toksiki təsiri (kimyaterapiya), travma, soyuqlama, metabolik pozğunluqlar (pəhriz), infeksiyalar, ürək-damar sisteminin xəstəlikləri aiddir. Bo xətlərinin birbaşa yaranma səbəbi dırnaq matriksinin zədələnməsidir. Patoloji antigenlərin dırnaq ətrafı toxumalar və dırnaq lövhəsinin buynuz hüceyrələri ilə təmasından yaranan metabolik və trofik pozğunluqlar toxuma qidalanmasının disproporsionallığına, dırnağın genetik proqramlaşdırılmış kimyəvi tərkibinin dəyişməsinə gətirib çıxarır.
Epidermisin buynuz hüceyrələri hesabına böyüyən dırnaq matriksi dırnaq kökünün altında yerləşərək, distal hissədə periostla birləşir. Dırnağın aypara formalı seqmenti və ya lunula onun böyüyən hissəsinin sərhədini ifadə edir. Lunula nahiyəsində dırnağın mexaniki zədələnməsi matriksi qidalandıran təbii kanalların blokadasına səbəb olur, dırnaq lövhəsinin böyüməsini və dırnağın kimyəvi tərkibinin stabilliyini təmin edən toxumaların trofikasını pozur. Nəticədə mexaniki Bo xəttləri meydana çıxır.
Göbələk və ya digər infeksiyalar, toksiki maddələr və ya bəzi dərman vasitələrinin təsiri dolayı yolla derma və onun artımlarının trofikasını pozaraq, dırnaq yatağı nahiyəsinin qıdalanmasını zəiflədir. Belə hallarda patogen antigenlər matriksin keratinositlərinə daxil olmaqla, onları zədələyir, hüceyrə daxilində metabolizmi pozan iltihabönü sitokinlərin yaranmasına səbəb olur, dermada isə bir sıra biokimyəvi reaksiyaların köməyilə dırnağın formalaşmasında iştirak edən zülalın mənimsənilməsinin qarşısını alır.
Matriks toxumalarında əmələ gələn böyümə hüceyrələrinin sayı azalır, bu da dırnaq lövhəsinin kimyəvi tərkibinin dəyişməsi, dırnağın distrofiya və deformasiyasına gətirib çıxarır. Başqa sözlə desək, bu halda Bo xətləri müxtəlif amillərin təsirindən dırnaq matriksində keratinin normal sintezinin spontan dəyişməsi nəticəsində yaranır. Bo xətlərinin klinik təzahürü dırnaq matriksinin patoloji dəyişikliklərinin ifadə dərəcəsindən asılıdır.
Bo xətlərinin təsnifat və əlamətləri
Dermatologiyada Bo xətlərinə tez-tez rast gəlinir. Bo-Reyli şırımları dırnağın zədələnmə dərinliyinə əsasən təsnif edilir. Patoloji prosesin adekvat terapiyasının təyinində məhz bu kriteriyaya istinad edilir. Səthi Bo xətləri yüngül metabolik dəyişkliklərdən, dərin şırımlar isə ağır mübadilə pozğunluqları və ya ciddi travmalardan xəbər verir. Digər bir təsnifatda Bo xətləri zolaqların sayı nəzərə alınmaqla xarakterizə edilir. Bir ədəd şırım medikamentoz müdaxilə olmadan qısa zaman ərzində sağalmanı proqnozlaşdırmağa imkan verir, çoxsaylı zolaqlar isə xroniki patoloji prosesin əlaməti sayılmaqla yanaşı dırnaq səthində kələ-kötürlük yaradır. Xətlər arasında dırnağın böyümə sürətinə əsasən kəskinləşmələrin tezliyi və remissiya dövrünün davanetmə müddətini müəyyən etmək mümkündür.
Bo xəttlərinin klinik şəkli dırnağın yan yastıqları arasında bir kənardan o biri kənara kimi uzanan, dərinliyi 1 mm-dən çox olmayan köndələn şırımların yaranması ilə səciyyələnir. Bo zolaqları həm əl, həm də ayaq dırnaqlarında lokalizasiya oluna bilər.
Xroniki patologiya fonunda formalaşan Bo xətləri dırnağın hamar səthinə dalğavari forma verir. Lakin kəskin travma, eləcə də xroniki patoloji proses zamanı Bo xətlərinin forması dəyişkən olur: qövs, şırım, kanal, klassik xətvari qüsur. Dərin Bo xətlərində bəzən distal (arxa) kənar boyunca kiçik büzmələr müşahidə olunur, bu zaman zədələnməmiş nahiyələrdə dırnağın hamarlığı pozulmur. Bo xətləri latent sistemli dəri patologiyaları, revmatizm, şəkərli diabet, malyariya, Reyno xəstəliyi ilə bağlı ola bilər.
Bo xətlərinin diaqnostika və müalicəsi
Diaqnoz dermatoloq tərəfindən anamnestik məlumatlar və tipik klinik təzahürlərə əsasən qoyulur. Mürəkkəb hallarda fon patologiyasının aşkarlanması və korreksiyası məqsədilə həkim-podoloqun konsultasiyası tələb oluna bilər. Bo xətləri onixomikoz, dırnaqların psoriazı, qırmızı yastı dəmrozla differensiasiya edilir. Bo xətlərinin standart müayinəsinə dermatoskopiya və zədələnmə ocağından götürülən sıyrıntının mikroskopik analizi daxildir. Axırıncı üsulun köməyilə dırnaqların göbələk mənşəli zədələnmələri inkar edilir.
Dırnaq lövhələrinin yüngül dərəcəli zədələnmələrində müalicəyə ehtiyac olmur, dırnaq uzandıqca Bo xətləri öz-özünə keçib gedir. Ağır hallarda patologiyanın inkişafına səbəb olan əsas xəstəlik korreksiya edilməlidir. Bundan əlavə bitki dəmləmələri ilə vannalar, parafin applikasiyası, ozokerit, müalicəvi palçıq məsləhət görülür. Vitaminlərlə elektrofarez, ÜBŞ effektivdir.
Bo xətlərinin yaranmasının qarşısını almaq üçün zülal pəhrizinə riayət olunmalı, dırnaq boyalarından imtina edilməlidir. Proqnoz əsas patologiyanın gediş xüsusiyyətlərindən asılıdır.