Böyrək sancısı
Böyrək sancısı – sidik axınının qəflətən pozulması, ləyəndaxili təzyiqin yüksəlməsi nəticəsində baş verən kəskin ağrı tutmasıdır. Bel nahiyəsində yaranaraq, sidik axarı boyunca aşağıya doğru yayılan tutmaşəkilli güclü ağrılar, tezləşmiş sidik ifrazı, ürəkbulanma və qusma, psixomotor oyanma ilə xarakterizə olunur. Böyrək sancısı termoprosedurlar, spazmolitik, analgetik, novokain blokadasının köməyilə aradan qaldırılır. Tutmanın səbəbini aydınlaşdırmaq üçün sidik analizi, venadaxili uroqrafiya, xromosistoskopiya, böyrəklərin USM, KT aparılır.
Böyrək sancısı barədə ümumi məlumat
Klinik urologiyada böyrək sancısı kəskin ağrının təcili surətdə aradan qaldırılmasını və böyrəyin fəaliyyətinin normaya salınmasını tələb edən urgent (təxirəsalınmaz) vəziyyət kimi qiymətləndirilir. Tutmalar sidik-ifrazat sisteminin bir çox xəstəliklərinin gedişini ağırlaşdıra bilər. Böyrək sancısı sidik sisteminin patologiyaları arasında ən geniş yayılmış sindrom hesab olunur. Əksər hallarda urolitiaz (sidik daşı xəstəliyi) fonunda meydana çıxır. Daş böyrəkdə yerləşdikdə xəstələrin 50%-də, sidik axarında olduqda isə 95-98%-də ağrı sindromu müşahidə edilir.
Böyrək sancısının yaranma səbəbləri
Sidik yollarının tutulması və ya xaricdən sıxılması ilə əlaqədar sidiyin böyrəkdən axınının qəflətən pozulması böyrək sancısına səbəb olur. Belə vəziyyətlər sidik axarı əzələlərinin reflektor olaraq spastik yığılması, ləyən daxilində hidrostatik təzyiqin yüksəlməsi, venoz staz, böyrək parenximasının ödemi və onun fibroz kapsulunun gərilməsi ilə müşayiət edilir. Hissi reseptorların qıcıqlanması nəticəsində ifadəli ağrı sindromu meydana çıxır.
Böyrək sancısının birbaşa səbəblərinə aşağıdakılar aiddir:
- Sidiyin böyrək ləyənindən və ya sidik axarından axınına mane olan mexaniki maneələr. Kəskin ağrı tutması əksər hallarda (57,5%) sidik daşı xəstəliyi zamanı sidik axarının hər hansı bir hissəsində konkrementin ilişməsi zamanı baş verir. Bəzən pielonefritli xəstələrdə selik və irin laxtaları, böyrək vərəmində kazeoz kütlələr və ya qopmuş nekrotik məməciklər sidik axarının obturasiyasına gətirib çıxarır.
- Sidik axarının əyilməsi və ya burulması. Nefroptoz, böyrəyin distopiyası, sidik axarının strikturaları zamanı yaranır.
- Sidik yollarının xaricdən sıxılması.Kompressiyaya çox zaman böyrək şişləri (papillyar adenokarsinoma və s.), sidik axarının və prostat vəzin bədxassəli törəmələri (adenoma, xərçəng); retroperitoneal və subkapsulyar posttravmatik hematomalar (o cümlədən distansion lipotripsiyadan sonra) səbəb olur.
- İltihabi xəstəliklər. Bir sıra hallarda kəskin ağrı tutmaları hidronefroz fonunda, eləcə də periureterit, uretrit, prostatit zamanı selikli qişanın kəskin seqmentar ödemi ilə əlaqədar meydana çıxır.
- Damar patologiyaları. Böyrək sancısı kiçik çanağın venoz sistemində flebostaz, böyrək venalarının trombozu zamanı formalaşa bilər.
- Böyrəyin anadangəlmə anomaliyaları. Kəskin ağrı sinromu ilə müşayiət olunan urodinamik pozğunluqlara axalaziya, diskineziya, meqakalikoz, süngərəbənzər böyrək zamanı rast gəlinə bilər.
Böyrək sancısının əlamətləri
Böyrək sancısının klassik əlaməti bel nahiyəsində və ya qabırğa-onurğa bucağında qəflətən yaranan intensiv, tutmaşəkilli ağrılardır. Sancı yuxu zamanı, axşam saatlarında baş verə bilər. Bəzən xəstələr tutmanın yaranmasını fiziki gərginlik, uzunmüddətli yerimə, nəqliyyat vasitəsində silkələnmə, sidik qovucu preparatların istifadəsi və ya həddindən artıq maye qəbulu ilə əlaqələndirirlər.
Ağrı beldən mezoqastral və qalça nahiyələrinə, buda, düz bağırsağa; kişilərdə xayalıq və penisə, qadınlarda cinsiyyət dodaqları və aralığa yayıla bilər. Böyrək sancısı 3-18 saat, bəzən isə daha çox davam edir. Xəstələr ağrıdan qıvrılaraq, rahat bir vəziyyət tapa bilmirlər.
Başlanğıcda sidik ifraz tezləşir, sonralar isə oliqouriya və anuriya, sidik kanalında ağrı, ağızda quruluq, qusma, tenezmlər, meteorizm müşahidə edilir. Mülayim dərəcəli hipertenziya, taxikardiya, subfebrilitet, titrətmə qeydə alınır. Güclü ağrı şok vəziyyətinə (hipotoniya, dəri örtüklərinin avazıması, bradikardiya, soyuq tər) gətirib çıxara bilər. Böyrək sancısı kəsildikdə adətən böyük həcmdə sidik ifraz olunur, mikro- və ya makrohematuriya aşkarlanır.
Böyrək sancısının diaqnostikası
Diaqnoz anamnestik məlumatlar, obyektiv şəkil və instrumental müayinələrin nəticələri əsasında qoyulur. Bel nahiyəsinin müvafiq yarısı palpasiyada ağrılı, döyəcləmə simptomu isə kəskin müsbət olur. Ağrı tutması aradan qalxdıqdan sonra sidik analizində yenicə formalaşan eritrositlər və ya qan laxtaları, zülal, düz, leykositlər, epitel hüceyrələri izlənilir. Sidik daşı xəstəliyini təsdiqləmək üçün aşağıdakı müayinələrdən istifadə olunur:
- Rentgenodiaqnostika. Qarın boşluğunun icmal rentgenoqrafiyası kəskin abdominal patologiyanı inkar etməyə imkan verir. Bununla yanaşı rentgenoqramma və uroqrammada bağırsaq pnevmatozu, zədələnmiş böyrəyin kölgəsinin qalınlaşması, böyrəkətrafı toxumaların ödemi zamanı onların seyrəkləşməsi müşahidə edilir. Venadaxili uroqrafiya zamanı kasa və ləyənlərin konturlarının dəyişməsi, sidik axarının əyriliyinin xarakteri, böyrəyin yerdəyişməsi və digər əlamətlər əsasında böyrək sancısının səbəbi (nefrolitiaz, sidik axarının daşı, hidronefroz, nefroptoz və s.) müəyyən edilir.
- Sidik yollarının endoskopiyası. Tutma zamanı aparılan xromosistoskopiyanın köməyilə indiqokarminin blokada olunmuş sidik axarından ifrazının ləngiməsi və ya ümumiyyətlə baş verməməsi, bəzən ödem, qansızma və ya sidik axarında daş aşkarlanır.
- Exoqrafiya. Sidik yollarının vəziyyətini qiymətləndirmək üçün böyrəklərin və sidik kisəsinin USM, «kəskin qarını» inkar etmək məqsədilə qarın boşluğu və kiçik çanağın USM təyin olunur.
- Tomoqrafiya. Böyrəklərin KT, MRT-nin köməyilə ağrı sindromunun səbəbi üzə çıxarılır.
Böyrək sancısı abdominal və bel ağrıları ilə müşayiət olunan digər vəziyyətlərlə: kəskin appendisit, xolesistit, pankreatit, müsariqə damarlarının trombozu, aorta anevrizması, uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının ayaqcığının burulması, mədə xorasının deşilməsi, epididimoorxit, yumurtalığın burulması, fəqərələrarası diskin yırtığı, qabırğaarası nevralgiya və s. ilə differensiasiya edilməlidir.
Böyrək sancısının müalicəsi
Müalicəyə yerli termoprosedurlarla (bel və ya qarın nahiyəsinə istiqac qoyulması, 37-39°С temperaturlu oturaq vannalar) başlanılır. Ağrını və sidik yollarının spazmını aradan qaldırmaq, sidik axınını bərpa etmək məqsədilə ağrıkəsici preparatlar və spazmolitik preparatlar: natrium metamizol, trimeperidin, atropin, drotaverin və ya platifillin əzələdaxili yeridilir.
Ağrı tutması uzunmüddətli olduqda zədələnmiş tərəfdə toxum ciyəsinin və ya uşaqlığın dairəvi bağının novokain blokadası, çanaqdaxili blokada müsbət nəticələr verir. Kəskin fazada iynərefleksoterapiya və elektropunktura geniş tətbiq edilir. Sidik axarında kiçik ölçülü konkrementlərə rast gəlindikdə fizioprosedurlar – diadinamoterapiya, US-terapiya, vibrasion terapiya və s. yerinə yetirilir.
Böyrək sancısı yüksək temperaturla müşayiət olunan kəskin pielonefrit fonunda yarandıqda terpoprosedurlar əks-göstəriş sayılır. Konservativ tədbirlər qeyri-effektiv olduqda pasiyent uroloji stasionara hospitalizasiya edilir, sidik axarının kateterizasiyası və ya stentlənməsi, punksion nefrostomiya və ya cərrahi müalicə həyata keçirilir.
Böyrək sancısının proqnoz və profilaktikası
Böyrək sancısının yaranma səbəbi vaxtında aradan qaldırıldıqda residiv hallarına rast gəlinmir. Sidik yollarının uzunmüddətli obstruksiyası böyrəkdə geridönməyən dəyişikliklər törədə bilər. İnfeksiyanın qoşulması ikincili pielonefrit, urosepsis, bakteriemik şokun inkişafına gətirib çıxara bilər.
Profilaktik tədbirlər risk amillərinin, ilk növbədə sidik daşı xəstəliyinin qarşısının alınmasından ibarətdir.