Böyrəyin adenokarsinoması
Böyrəyin adenokarsinoması – böyrək kanalcıqlarının epitelindən inkişaf edən bədxassəli törəmədir. Patologiya beldə ağrılar, hematuriya, böyrəklərin ölçülərinin böyüməsi, anemiya, kaxeksiya ilə təzahür edir. Şişin ağciyərlərə, parakaval və paraaortal limfa düyünlərinə, sümüklərə, qaraciyərə, böyrəküstü vəziyə, digər böyrəyə metastazı mümkündür. Adenokarsinoma böyrəklərin USM-i və KT-i, sistoskopiya, ekskretor uroqrafiya, ureteropieloqrafiyanın gedişində diaqnostika olunur. Diaqnozun morfoloji təsdiqi böyrəklərin punksion biopsiyası və bioptatın histoloji müayinəsi ilə aparılır. Böyrək adenokarsinomasının aşkarlanması nefroektomiya, ardınca isə şüa terapiyasına göstərişdir.
Böyrəyin adenokarsinoması barədə ümumi məlumat
Böyrəyin adenokarsinoması müxtəlif lokalizasiyalı yenitörəmələrin təxm. 2,5%-ni təşkil edir. Urologiyada adenokarsinoma böyüklərin böyrək xərçənginin daha çox yayılmış histotipidir. Bütün böyrək şişləri arasında adenokarsinomanın payına klinik halların 90%-i düşür. Böyrək adenokarsinoması, adətən, 40-70 yaşlarda inkişaf edir; sağ və sol böyrəyi eyni tezliklə zədələyir; kişilərdə iki dəfə çox rastlanır.
Böyrəyin adenokarsinoması makroskopik olaraq yumşaq-elastik konsistensiyalı düyün şəklində görünür. Törəmənin kəsiyində şişə rəngarəng görünüş verən qansızma və nekroz sahələri görünür. Şiş müxtəlif istiqamətlərdə – böyrək kapsulası və ya kasa-ləyən kompleksinə doğru böyüyə bilər; adenokarsinoma böyrək venasına, aşağı boş venaya, ətraf toxamalara kifayət qədər tez yayılır; limfa düyünlərinə, ağciyərlərə, qaraciyərə, sümüklərə, baş beynə metastaz verir. Böyrək adenokarsinomasının mikroskopik quruluşu qlikogen və lipid tərkibli protoplazmaya malik poliqonal hüceyrələrin atmaları və yığınları şəklində görünür; şişin stroması zəif ifadə olunur.
Böyrəyin adenokarsinomasının səbəbləri
Böyrəyin adenokarsinoması polietioloji və sona qədər aydınlaşdırılmamış təbiətə malikdir. Şişin inkişafında böyrək xəstəlikləri (qlomerulonefrit, pielonefrit), travmaları; böyrək toxumasına kimyəvi agentlərin (nitrozoaminlər, karbohidrogenlər, aromatik aminlər), şüanın və intoksikasiyanın (siqaretçəkmə) təsiri müəyyən rol oynayır. Adenokarsinoma tez-tez böyrəklərin xoşxassəli adenokarsinomasından inkişaf edir; buna görə də böyrəyin bütün aşkar olunmuş yenitörəmələri kəsilib kənarlaşdırılmalı və histoloji müayinə olunmalıdır. Böyrəklərin adenokarsinomasının piylənmə və hipertoniya ilə yanaşı korrelyasiyası qeyd olunur. Nadir hallarda adenokarsinomanın səbəbi kimi dizontogenetik pozulmalar, böyrək xərçənginin irsi formaları çıxış edir.
Böyrəyin adenokarsinomasının təsnifatı
Böyrəyin adenokarsinoması böyrək-hüceyrə xərçənginin növüdür (hipernefroid xərçəng) və müxtəlif dərəcəli differensiasiyaya malik ola bilər.
Beynəlxalq təsnifat sistemi TNM böyrək adenokarsinomalarını 4 aşağıdakı mərhələlərə ayırır:
- Т1 — şişlərin yayılması böyrək kapsulu ilə məhdudlaşır.
- Т2 — şişin böyrəyin fibroz kapsuluna yayılması
- Т3 — onkoloji proseslərə böyrəklərin damarlı ayaqcıqları və ya paranefral piy toxuması cəlb olunur.
- Т4 — şiş ətraf toxumalara yayılır;
- Nx — cərrahi əməliyyata qədər regionar limfa düyünlərini qiymətləndirmək mümkün deyil
- N1 — regionar metastazlaşma rentgenoloji və radioizotop metodların köməyilə müəyyənləşdirilir.
- M0 — uzaq metastazlar yoxdur.
- M1 — uzaq orqanda bir metastaz müəyyən olunur.
- М2 — çoxsaylı uzaq metastazlar təyin olunur.
Böyrək adenokarsinomasında uzaq metastazlar pasientlərin 50%-də, şişin böyrək venalarına yayılması isə 15%-ində aşkar olunur. Uzaq metastazlar daha çox ağciyərlərdə (54%), regionar parakaval və paraaortal limfa düyünlərində (46%), sümük skeletində (32%), qaraciyərdə (36%), digər böyrəkdə (20%), böyrəküstü vəzidə (16%) yerləşir. Böyrək adenokarsinomasının metastazları klinik olaraq ilkin ocaq aşkarlanana qədər özünü göstərə və ya böyrək xərçəngi səbəbindən nefrektomiyadan bir müddət sonra meydana çıxa bilər.
Böyrək adenokarsinomasının klinik gedişində gizli (latent) dövr, həmçinin yerli və ümumi təzahürlər dövrü ayırd edilir.
Böyrəyin adenokarsinomasının simptomları
Latent dövrdə klinik təzahürlər olmur. Yerli simptomatika makrohematuriya və ağrı, böyrəklərin böyüməsi ilə müşayiət olunur. Hematuriya böyrək adenokarsinomalı xəstələrin 70-80%-ində qeyd olunur. Sidikdə qan gözlənilmədən, adətən, 6-7 sm uzunluqlu sapabənzər qan laxtaları şəklində görünür. Hematuriya, adətən, epizodik xarakter daşıyır; dayanır və yenidən meydana çıxır. İntensiv böyrək qanaxmaları (profuz hematuriya) zamanı böyrək venalarının trombozu, sidik kisəsinin blokadası (tamponada) və kəskin sidik saxlanması baş verə bilər.
Böyrək adenokarsinomasında ağrı sindromu 60-70% hallarda müşahidə olunur. Ağrı küt, sızıldayıcı xarakter daşıyır; bel nahiyəsində lokalizasiya olunur və qasığa və budlara irradiasiya edir; hematuriyanın pik nöqtəsində böyrək koliklərinə qədər güclənə bilər. Böyrəklərin böyüməsi 75% hallarda qeyd olunur. Gecikmiş mərhələlərdə qarın divarından palpasiya olunan şiş müəyyənləşdirilir. Böyrək adenokarsinomasının venoz damarlara yayılması zamanı qadınlarda cinsiyyət dodaqlarının venaları genişlənir, kişilərdə varikosele müşahidə olunur.
Ümumi təzahürlər dövründə arıqlama, zəiflik, hipertenziya proqressivləşir; bədən temperaturunun səbəbsiz, davamlı yüksəlməsi, anemiya, kaxeksiya qeyd olunur. Gecikmiş mərhələlərdə paraneoplastik amiloidoz və nefrotik sindrom (generalizə olunmuş ödemlər, massiv proteinuriya, hipoproteinemiya, hipoalbuminemiya və s.) inkişaf edir.
Böyrəyin adenokarsinomasının diaqnostikası
Böyrəyin adenokarsinomasının diaqnostikasında laborator və instrumental metodlar tətbiq olunur. Sidiyin ümumi analizində güclü hematuriya, mülayim proteinuriya; qanda normoxrom anemiya, EÇS-nin yüksəlməsi aşkar olunur. Patologiyanın aşkarlanmasında ultrasəs, endoskopik və rentgenoskopik müayinə aparıcı rola malikdir. Adenokarsinomanın təsdiqlənməsində informativ metod böyrəklərin USM-idir. Bu metod şişin aşkarlanmasından başqa böyrəklərin punksion biopsiyasını icra etməyə və bioptatı morfoloji müayinə etmək üçün şiş toxumasından nümunə götürməyə imkan verir.
Sitoskopiyaya hematuriyalarda müraciət olunur; beləliklə, qanın xaric olduğu sidik axarı müəyyənləşdirilir. Ekskretor uroqrafiya qeyri-düzgün konturlu və ölçüləri böyümüş böyrəyi aşkarlamağa, böyrək kasacıqlarının amputasiyasını, deformasiyasını, sidik axarlarının əyilməsini, ləyənlərin dolma defektini müəyyənləşdirməyə iman verir. Bir sıra hallarda retroqrad uretropieloqrafiya, böyrək angioqrafiyası, nefrossintiqrafiyanın aparılması göstərişdir.
Böyrək adenokarsinomasının uzaq metastazlarının olması ağciyərlərin rentgenoqrafiyası, skeletin ssintiqrafiyası, qaraciyər, böyrəküstü vəzilərin və retroperitoneal sahənin USM-inin aparılması yolu ilə təsdiqlənir. Bu patologiya böyrək daşı xəstəliklər, böyrək adenoması, xroniki qlomeroulonefrit, pionefroz, böyrək vərəmi, polikistozdan differensiasiya olunur.
Böyrəyin adenokarsinomasının müalicəsi
Böyrəyin adenokarsinomasında böyrəklərin radikal cərrahiyyəsi və şüa terapiyasından ibarət kombinə olunmuş müalicənin aparılması optimaldır. Patologiyanın erkən mərhələlərində hissəvi nefrektomiya icra oluna bilər. Yayılmış prosesdə total nefrektomiya (şişin paranefral və retroperitoneal toxuma regionar limfa düyünləri ilə birgə ləğvi) aparılır. Şişin aşağı boş venaya yayılması və hətta tək-tük uzaq metastazların olması nefrektomiyanın icrasını əngəlləmir. Ağciyərlərə tək-tük metastazlar zamanı ikinci mərhələdə metastatik ocaq ləğv olunur. Cərrahi müalicənin şüa terapiyası ilə kombinasiyası böyrək adenokarsinomaları zamanı sağqalma ehtimalını artırır.
Hər iki böyrəyin total xərçəngi binefrektomiya tələb edə bilər; bu zaman pasient hemodializə köçürülür. Böyrək adenokarsinomasının geniş metastazlaşma və şişin böyüməsi ilə xarakterizə olunan daha çox yayılmış forması simptomatik və palliativ müalicə, həmçinin şüalanma və kimyaterapiya təklif edir.
Böyrəyin adenokarsinomasının proqnozu və profilaktikası
Nefrektomiyadan sonra pasientlər uroloq müşahidəsində olur; metastazların erkən aşkarlanması məqsədilə ağciyərlərin dinamik rentgenoqrafiya aparılır. Böyrəyin adenokarsinomasında uzaq proqnoz qeyri-kafidir: şişin sümük və ağciyərlərə gecikmiş metastazlar vermə faizi yüksəkdir. Total nefrektomiyadan sonra 5 illik sağqalmaya pasientlərin 40-70%-ində nail olunur.
Böyrək adenokarsinoması ehtimalının istisnası məqsədilə sağlam həyat tərzinə riayət etmək, zərərli vərdişlərdən imtina, böyrək xəstəliklərinin vaxtında müalicəsi tövsiyə olunur. Profilaktik məqsədlə böyrəklərin USM-inin aparılmalı, beldə ağrı və sidikdə qan olduqda vaxt itirmədən nefroloqa (uroloqa) müraciət olunmalıdır.