Bruselyoz mənşəli uveit

Bruselyoz mənşəli uveit – gözün damar qişasının iltihabi xəstəliyidir. Patologiya brusella cinsindən olan mikroorqanizmlər tərəfindən  törədilir. Onun əsas əlamətlərinə konyunktivanın hiperemiyası, işıqdan qorxma, görmə itiliyinin azalması, göz önündə qara nöqtələrin uçuşması aiddir. Diaqnoz biomikroskopiya, oftalmoskopiya, təmassız tonometriya, vizometriya, USM və laborator testlərin (PZR, İFR, Bürne sınağı) nəticələri əsasında qoyulur. Etiotrop müalicə yerli və sistemli antibiotikoterapiyanın köməyilə aparılır. Simptomatik terapiya qismində hipotenziv preparatlar, QSİƏP və qlükokortikosteroidlərdən istifadə olunur.

Bruselyoz mənşəli uveit barədə ümumi məlumat

Bruselyoz mənşəli uveit – uveal qişada inkişaf edən iltihabi prosesdir. 1886-ci ildə ingilis alimi Devid Bryus bakteriyaların yeni bir qrupunu – brusellanı kəşf etmiş və onunla infeksiyalaşan orqanlarda meydana çıxan əlamətləri qeydə alımışdır. Bruselyoz zamanı görmə orqanının zədələnmələrinə pasiyentlərin 26%-də rast gəlinir. Patologiya kənd təsərrüfatı ilə məşğul olan insanlarda daha çox müşahidə edilir. Xəstələrin təxminən 74%-nin heyvanlarla sıx təmasda olması, 70%-nin isə süd, pendir və ya qaraciyərdən istifadə etməsi aşkarlanılır. 38% hallarda bruselyozun müsbət ailəvi anamnezinə təsadüf edilir.

Bruselyoz mənşəli uveitin yaranma səbəbləri

Xəstəliyin etiologiyası gözün damar qişasının brusella cinsindən olan bakteriyalarla yoluxması ilə bağlıdır. Uveitin bu formasının törədiciləri kiçik ölçülü qram-mənfi aerob kokkobakteriyalardır.  Hüceyrə daxilində çoxalma xüsusiyyətlərinə görə patoloji agentlər orqanizmdə uzun müddət qala bilir. Mikrobların həyat fəaliyyəti üçün optimal temperatur 37°С-dir. Brusellanın 3 növü insan üçün patogen hesab olunur: Brucella melitensis (qoyun və keçidən keçən), Brucella abortus (öküzdə rast gəlinən), Brucella suis (donuzda aşkarlanan).

Bruselyoz mənşəli uveitin patogenezi

Brusella üçün yüksək nüfuzetmə qabiliyyəti xarakterikdir. Onlar konyunktivadan keçərək, gözün ön seqmentlərini zədələyir. Həmçinin bakteriyalar dərinin mikroçatlarından, hətta tənəffüs və həzm sisteminin zədələnməmiş selikli qişalardan insan bədəninə daxil olur. Sonra onlar limfa ilə orqanizmə yayılaraq, limfa düyünlərində məskunlaşırlar. Mikroorqanizmlərin hematogen disseminasiyası konyunktivanın birincili iltihabı baş vermədən damar qişasının infeksiyalaşmasına səbəb olur.

Brusellalar faqositlərin daxilində yerləşərək, faqositlərin lizosomlarla birləşməsini inhibə edə bilər. Bakteriyalar L-formasını əmələ gətirir, orqanizmdə uzun müddət persistə edir. Bu da qranulomaların formalaşmasına gətirib çıxarır. Mikroorqanizmlər əvvəlki formaya transformasiya etdikdə bruselyoz mənşəli uveit residivləşir. Xəstəlik üçün ləng tipli ifadəli hiperhəssaslıq xarakterikdir. Bruselyoz zamanı patoloji prosesə göz almasının bütün strukturları qoşula bilər. Panuveitin inkişafı təhlükəli hal hesab olunur. Xəstəliyin morfoloji substratı xorioideyanın çoxsaylı eksudatlarının formalaşmasına meylli olan qranulomatoz iltihabdır.

Bruselyoz mənşəli uveitin əlamətləri

Uveitin klinik şəkli törədicinin növündən asılıdır. Brucella melitensis-ə yoluxma zamanı ağır formalı ləng gediş, yüksək xronizasiya ehtimalı müşahidə olunur. Mikroorqanizmlərin digər növləri göz almasının damar qişasının daha yüngül formalarının yaranmasına səbəb olur. İzoləolunmuş uveitdə patoloji dəyişikliklər bir tərəfdə aşkarlanır. Müəyyən müddətdən sonra analoji zədələnməyə digər gözdə rast gəlinir. Xəstəlik generalizəolunmuş bruselyoz fonunda inkişaf etdikdə simptomatika hər zaman simmetrik olur.

Ön uveitdə pasiyentlər periorbital nahiyədə diskomfort və ağrıdan, fotofobiyadan, gözlərin qızarmasından və yaşarmasından şikayət edirlər. İntermediar lokalizasiya hallarında xəstələri dumanlı görmə, göz önündə uçuşan qara nöqtələr narahat edir. Uveitin proqressivləşməsi görmə itiliyinin zəifləməsinə gətirib çıxarır. Ağırlaşmalar meydana çıxdıqda görmə sahəsində qara sahələr əmələ gəlir. Parlaq işıq klinik simptomatikanın güclənməsinə səbəb olur.

Bruselyoz mənşəli uveitin ağırlaşmaları

Uveitin ön formasında adətən qüzehli qişanın lentşəkilli distrofiyası və keratopatiya müşahidə edilir, arxa sinexiyalar əmələ gəlir. Gözdaxili təzyiq yüksəldikdə oftalmohipertenziya yaranır. Gözdaxili hidrodinamikanın pozulması ikincili qlaukomanın inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Büllurun zədələnməsi zamanı arxa kapsulyar katarakta proqressivləşir. Bruselyoz mənşəli uveitin ən ağır fəsadı torlu qişanın ayrılmasıdır. Bəzi pasiyentlərdə uveit şüşəyəbənzər cismin ifadəli reaktiv iltihabı və makulyar zonanın ödemi ilə müştərək şəkildə formalaşır. Patoloji prosesin uveal traktın bütün strukturlarına yayılması panuveitə (iridosikloxorioidit) gətirib çıxarır.

Bruselyoz mənşəli uveitin diaqnostikası

Diaqnoz infeksionist və həkim-oftalmoloq tərəfindən anamnestik məlumatlar, fizikal müayinə, instrumental və laborator diaqnostikanın nəticələri əsasında qoyulur. Bundan əlavə limfa düyünləri palpasiya edilir. Brüselyozun generalizəolunmuş formasını inkar etmək üçün döş qəfəsinin rentgenoqrafiyası və qarın boşluğu orqanlarının USM aparılır. Xəstələrə aşağıdakı müayinə üsulları təyin olunur:

  • İmmunoflüoressensiya reaksiyası (İFR). Patoloji material flüoroxromla işarələnmiş anticisimlərin köməyilə işlənilir. Yaxmada brusellaların antigenlərin olduqda onlar anticisimlərlə birləşir. Yaxmaya lüminessent mikroskopla baxdıqda xarakterik işıqlanma izlənilir.
  • Kultural müayinəQan qidalı mühitə əkilir. Brusella koloniyalarının artması orqanizmdə bu bakteriyaların olmasından xəbər verir. Kultural üsulla diaqnozu yalnız 50-70% hallarda təsdiqləmək mümkündür.
  • Bürne üsulu ilə dəri-allergik sınağı. Orqanizmin sensibilizasiyası zamanı brusellinlə aparılan dəridaxili allergik sınaq müsbət olur. Allergenin yeridildiyi nahiyədə dəri səthindən qabaran, oval formalı ağrılı papula əmələ gəlir.
  • Polimeraz zəncirvari reaksiya (PZR).Seroloji müayinə üsuludur. Nuklein turşularının amplifikasiyasının köməyilə bioloji materialda brusellaların DNT-si aşkar edilir. Üsulun səhihliyi 98-100% təşkil edir.

Vizual olaraq, gözün ön kamerasının hiperemiya və şişkinliyi, periorbital nahiyənin dərisinin maserasiyası təyin edilir. Proses birtərəfli olduqda zədələnmiş tərəfdə bəbəyin diametrinin daralması ilə əlaqədar anizokoriya müşahidə edilir.

Bruselyoz mənşəli uveitdə baş verən spesifik dəyişiklikləri təsdiq etmək üçün aşağıdakı instrumental üsullar tətbiq edilir:

  • Oftalmoskopiya.Göz dibinə baxış keçirərkən görmə sinirinin diskinin və daxili qişanın ödemi nəzərə çarpır. Periferik şöbələrdə dəqiq sərhədlərə malik xorioretinal iltihab ocaqları müəyyən edilir. İfadəli eksudasiya zamanı torlu qişanın ayrılması üzə çıxarılır.
  • Gözün ön seqmentinə baxış. Gözün mikroskopiyası zamanı perikorneal hiperemiya, qüzehli qişanın qranulomatoz ocaqları və arxa sinexiyalar vizualizasiya olunur. Şüşəyəbənzər cismin hüceyrə reaksiyası aşkar edilir. Xroniki formada qüzehli qişanın lokal qalınlaşmaları görünür.
  • Vizometriya. Xəstəliyin yüngül gedişində görmə itiliyi referent göstəricilərə müvafiq olur. Bruselyoz mənşəli uveitin ağır formaları üçün ifadəli görmə disfunksiyası, yüksək dərəcəli miopiya tipli klinik refraksiya xarakterikdir.
  • Gözdaxili təzyiqin ölçülməsi. Oftalmologiyada uveitin hipo- və hipertenziyalı formaları ayırd edilir. Tonometriya təmassız üsulla yerinə yetirilir. Gözdaxili təzyiq trabekulyar şəbəkənin keçiriciliyindən birbaşa asılıdır. Gözdaxili mayenin sirkulyasiyası pozulduqda təzyiq əhəmiyyətli dərəcədə yüksəlir.
  • Gözün USM. Gözün optik mühitlərinin bulandıqda və oftalmoskopiyanın aparılması mümkün olmadıqda ultrasəs müayinəsinə ehtiyac yaranır. AB-skanlama rejimində uveal traktın ödemi, şüşəyəbənzər cismin boşluğunda hüceyrə qalıqları aşkarlanır.
  • Ön kameraya baxış. Gözdaxili təzyiq yüksəldikdə qonioskopiya icra olunur. Vizual olaraq, ön sinexiyalar, qüzehli qişanın və ön kamera bucağının neovaskulyarizasiyasının əlamətləri təyin edilir. Ləng gediş zamanı eksudatlara rast gəlinir.

Bruselyoz mənşəli uveitin müalicəsi

Terapevtik taktika xəstəliyin gediş xüsusiyyətlərindən asılıdır. Etiotrop terapiya tetrasiklin və aminoqlikozid qrupundan olan antibiotiklərlə aparılır. Arzuolunan nəticəni əldə etmək üçün bu preparatlarla yanaşı hüceyrə daxilinə keçə bilən sulfanilamidlərdən (netilmisin) istifadə olunur. Ən effektiv müalicə sxemi doksisiklinlə netilmisinin kombinasiyasıdır. Mualicə kursunun müddəti 21 gündür. Sonra isə 1 həftə ərzində yalnız tetrasiklin qəbul edilir.

Müalicə heç bir nəticə vermədikdə ehtiyat qrupundan olan preparatların yeridilməsi məsləhət görülür. Onlara flüorxinolon sinfinin nümayəndələri: siproflokasasin-hidroxlorid, norfloksasin, ofloksasin aiddir. Sadalanan medikamentlər sərbəst şəkildə və ya doksisiklinlə birgə tətbiq edilir. Xəstələrə əlavə olaraq, yerli istifadə üçün nəzərdə tutulan qeyri-steroid iltihabəleyhinə vasitələr təyin edilir. Ağır hallarda qlükokortikoid instillyasiyaları göstəriş sayılır. İfadəli allergik reaksiyalarda (övrə, Kvinke ödemi) hormonal preparatlarla sistemli müalicə aparılır. Oftalmohipertenziya əlamətləri inkişaf etdikdə müalicə sxeminə hipotenziv göz damcıları əlavə edilir.

Bruselyoz mənşəli uveitin proqnoz və profilaktikası

Bruselyoz mənşəli uveitin proqnozu şübhəlidir. Prosesin xronikləşməsi uveal traktda qranulomaların yaranması ilə müşayiət olunur. Belə hallarda görmə itiliyi azalır.

Xəstə sağaldıqdan sonra davamsız immunitet yaranır. 3-5 ildən sonra reinfeksiya mümkündür.

Risk qrupuna daxil olan insanların spesifik profilaktikası üçün xüsusi vaksin hazırlanmışdır. Lakin onun effektivliyi yalnız 10-12 ay ərzində saxlanıldığından peyvənd hər il vurulmalıdır. Qeyri-spesifik preventiv tədbirlərə göz ətrafı nahiyəyə toxunmazdan əvvəl əllərin sabunla yuyulması və ya antiseptiklərlə işlənilməsi aiddir. Bununla yanaşı qaynadılmış və pasterizəolunmuş süddən, termiki işlənilmiş ətdən istifadə etmək məsləhət görülür.

error: Content is protected !!