Burun çəpərinin absesi

Burun çəpərinin absesi – onun qığırdaq hissəsinin selikaltı qatında yerləşən irin kütlələri ilə dolu məhdud xarakterli boşluqdur. Xəstəliyin əsas təzahürlərinə burun tənəffüsünün pozulması, lokal ağrı, baş ağrıları, hipertermiya və ümumi halsızlıq aiddir. Diaqnostika ön rinoskopiya, qanın laborator analizi, irinliyin punksiyası, irin kütlələrinin bakterioloji əkilməsinin nəticələrinə əsaslanır. Müalicə absesin yarılması, drenajlanması və mikrofloranın həssaslığı nəzərə alınmaqla seçilən antibiotikoterapiyadan ibarətdir.

Burun çəpərinin absesi barədə ümumi məlumat

Əksər hallarda xəstəlik burun və burunətrafı sinusların travması fonunda çəpər toxumalarına qansızma ilə bağlı olur. Yaranan hematoma bir müddətdən sonra infeksiyalaşır. Kəllənin üz hissəsinin travmatik zədələnmələrinin qeydə alındığı pasiyentlərin 1,1%-də abseslərə rast gəlinir. Çəpərin absesləri müstəqil xəstəlik kimi və ya burnun iltihabi, infeksion patologiyaları, həmçinin bu nahiyədə aparılan əməliyyatlardan sonra inkişaf edə bilər. Yayılmanın fəsil və coğrafi xüsusiyyətləri izlənilmir. Burun çəpərinin absesi kişi və qadınlarda eyni tezliklə müşahidə olunur.

Burun çəpərinin absesinin səbəbləri

Burun çəpərinin absesi birincili və ya digər patologiyaların ağırlaşması kimi ikincili ola bilər. İrinli prosesin tipik bakterial törədiciləri A qrupundan olan β-hemolitik, qızılı və epidermal streptokokklardır. Xəstəliyin inkişafında aşağıdakı etioloji mexanizmlər mühüm rol oynayır:

  • Hematomanın irinləməsi. Ən çox rast gəlinən səbəblərdən olub, burun nahiyəsinin travmaları ilə əlaqəli olur. Burun çəpərinin hematoması vaxtında boşaldılmadıqda infeksiyalaşaraq, abses əmələ gətirir.
  • Burunun selikli qişasının zədələnməsi. Selikli qişanın tamlığının pozulduğu sahələrdə patogen mikrofloranın daxilə keçməsi ilə xarakterizə olunur. Belə travmalara pasiyentin ehtiyatsız hərəkətləri (burunu barmaq və ya pambıq çöplərlə təmizlədikdə) və ya cərrahi müdaxilələr səbəb ola bilər.
  • Digər xəstəliklərin ağırlaşması. Abses furunkul, qızıl yel, burun boşluğunun infeksion xəstəliklərinin qeyri-adekvat müalicəsinin nəticəsi kimi formalaşa bilər. Həmçinin yuxarı çənədə periodontit, karies, osteomielit zamanı patoloji prosesin burun çəpərinə yayılması mümkündür.

Absesin yaranmasında iştirak edən, onun gedişini və müalicəsinin effektivliyini pisləşdirən amillərə endokrin patologiyalar (şəkərli diabet), immunodefisit hallar (İİV-infeksiyası, onkohematoloji xəstəliklər), qeyri-rasional qidalanma və ya həzm traktının funksional pozğunluqları ilə əlaqədar qida maddələri və vitaminlərin çatışmazlığı aiddir.

Burun çəpərinin absesinin patogenezi

Absesin inkişaf mexanizmi etioloji variantdan asılı olaraq, fərqlənə bilər. Qığırdaqüstü ilə qığırdaq və ya qığırdaqüstü ilə selikli qişa arasında qanın toplanması nəticəsində yaranan hematoma  iltihaba səbəb olur. Bu zaman xeyli miqdarda bioloji aktiv maddələr ifraz olunur, ikincili alterasiya baş verir. Bütün bunlar lokal rezistentliyin azalmasına, qan kütlələrinin irin törədən bakteriyalarla infeksiyalaşmasına, irinlik və piogen membranın formalaşmasına gətirib çıxarır.

Burnun selikli qişasının mikrotravmalarının piogen stafilokokk və streptokokklarla infeksiyalaşması zamanı iltihabi reaksiyalar güclənir, toxumaların trofikası pozulur, damarlardan sızan mayenin miqdarı artır. Eksudat toplandıqca absesin boşluğu və piogen qişa formalaşır. Digər infeksiya ocaqlarından bakteriyaların yayılması (təmas, hematogen və ya limfogen yoll) və burun boşluğu xəstəliklərinin qeyri-effektiv müalicəsi zamanı absesin patogenezi təxminən eynidir, yalnız təkanverici mexanizmlər və inkişaf sürətində fərqlilik müşahidə olunur.

Burun çəpərinin absesinin əlamətləri

Burun çəpərinin absesinin ilkin klinik təzahürlərinə burun tənəffüsünün pozulması, iybilmə hissinin azalması və ya tamamən itməsi aiddir. Bəzi pasiyentlər burun keçəçəyində böyüyən törəmənin olduğunu qeyd edir. Patoloji prosesin bir və ya ikitərəfli lokalizasiyası zamanı sağ, sol və ya hər iki burun dəliyi  tutulur. Axırıncı halda pasiyent ağızla nəfəs almağa məcbur olur. Burunda diskomfort və ağrı hissi, daimi və ya fasiləli baş ağrıları, xarici burun və qonşu toxumaların ödemi və hiperemiyası meydana çıxır. Bu əlamətlər həmçinin burun çəpərinə qansızma üçün xarakterik olduğundan travma fonunda absesin dəqiq kriteriyaları kimi qəbul edilmir. Hematomanın infeksiyalaşması və ya absesin müstəqil şəkildə inkişafının əlamətlərinə yuxarıda sadalanan simptomlarla bərabər bədən hərarətinin 38,5-39,0оС-yə qədər yüksəlməsi aiddir. Paralel olaraq, intoksikasion sindromun digər əlamətləri – ümumi halsızlıq, əzginlik, daimi baş ağrıları yaranır. Burun nahiyəsində ağrı hissi əhəmiyyətli dərəcədə artır. Hətta yüngül toxunma ağrının kəskinləşməsinə səbəb olur.

Burun çəpərinin absesinin ağırlaşmaları

Burun çəpərinin absesi çox qısa müddət ərzində fəsadlaşır – artıq bir neçə gündən sonra prosesə dördkünc qığırdaq cəlb olunur. Onun irinli əriməsi nəticəsində çəpərin perforasiyası, burun belinin deformasiyası, çökməsi və ifadəli kosmetik qüsurun yaranması müşahidə olunur.

Xəstəlik patogen mikrofloranın qanla baş beyin toxumalarına yüksək yayılma riski ilə müşayiət edilir, bu, burun çəpərindən ön üz və göz venaları ilə kavernoz sinusa venoz axınla bağlıdır. Hematogen disseminasiya nəticəsində göz yuvasının fleqmonası, üz venalarının irinli tromboflebiti, kavernoz sinusun septiki trombozu, meningit, ensefalit və digər təhlükəli ağırlaşmalar formalaşa bilər.

Burun çəpərinin absesinin diaqnostikası

Diaqnoz pasiyentin şikayətləri, anamnestik məlumatlar, fizikal baxış və laborator testlərin nəticələrinə əsasən qoyulur. Aparatla vizualizasiya üsullarından (burunətrafı sinusların USM, rentgenoqrafiya, üz kəlləsinin KT və MRT) ağırlaşmalar və ya üz sümüklərinin zədələnməsinə şübhə yarandıqda istifadə olunur.

  • Ön rinoskopiya. Burun keçəcəklərinə baxış zamanı çəpərin ümumi qalınlaşması, selikli qişanın bir və ya iki tərəfdə al-qırmızı və yaxud göy rəngli şişkinliyi aşkarlanır. Abses iri ölçülü olduqda çəpərin qüsuru burun ucunu qaldırarkən dərhal nəzərə çarpır. Zond və ya pambıq çöplə flüktuasiya əlaməti təyin edilir.
  • Diaqnostik punksiya. Hematoma ilə abses arasında differensial diaqnostika məqsədilə burun çəpərinin qabarmış hissəsinin punksiyası və möhtəviyyatın aspirasiyası yerinə yetirilir. Qan hematomanın, irin isə absesin əlaməti sayılır.
  • İrin kütlələrinin bakterioloji əkilməsi. Patogen mikrofloranın növünü və onun antibiotiklərə qarşı həssaslığını müəyyən edir.
  • Laborator analizlər. Qanın ümumu analizində iltihabi xəstəliklər üçün xarakterik qeyri-spesifik dəyişikliklər – leykositoz, leykositar formulanın sola meylliliyi, EÇS-nin yüksəlməsi izlənilir.

Həmçinin abseslə burun çəpərinin qığırdaq və sümük toxumalarının törəmələri arasında differensial diaqnostika aparılır. Əlamətlərin ləng inkşafı, flüktuasiya və qanın ümumi analizində iltihabi dəyişikliklərin olmaması şişə dəlalət edir.

Burun çəpərinin absesinin müalicəsi

Müasir otolarinqologiyada burun çəpərinin absesinin müalicəsi zamanı kompleks yanaşma tətbiq edilir: irinliyin cərrahi yolla boşaldılması və farmakoterapevtik vasitələrin istifadəsi. Bu tip yanaşma yerli ağırlaşmaların inkişafının və bakteriyaların orqanizmə yayılmasının qarşısını almağa imkan verir.

  • Burun çəpərinin absesinin yarılması. Cərrahi üsulun mahiyyəti selikli qişanın kəsilməsi, irin kütlələrinin evakuasiyası, boşluğun antiseptiklərlə yuyulması və drenajın qoyulmasından ibarətdir. Bütün manipulyasiyalar yerli anesteziya altında aparılır. Sonra burun keçəcəkləri 24-48 saat müddətinə  tamponada edilir və ya çəpərə П-şəkilli tikiş qoyulur. Dördkünc qığırdağın travmatik və ya septiki deformasiyası və ya sümük strukturlarının zədələnməsi zamanı absesin boşaldılması rekonstruktiv tədbirlərlə birgə aparılır.
  • Antibiotikoterapiya. Farmakoloji qrup və ya konkret vasitə, dozalanma qaydası və qəbul müddəti mütəxəssis tərəfindən fərdi qaydada təyin edilir. Bu zaman mikrofloranın növü və həssaslığı, əsas patologiyanın ağırlığı, ağırlaşmalar və yanaşı gedən xəstəliklər, pasiyentin individual xüsusiyyətləri (yaş, allergiyanın olması və s.) nəzərə alınır. Əksər hallarda penisillin, sefalosporin, makrolid qrupundan olan antibiotiklər və onların kombinasiyasından istifadə olunur.

Burun çəpərinin absesinin proqnoz və profilaktikası

Müalicə vaxtında aparıldıqda proqnoz qənaətbəxş olur. İrinliyin erkən drenajlanması fonunda adətən burnun deformasiyası və digər ağırlaşmaların inkişafının qarşısını almaq mümkün olur, hospitalizasiya müddəti isə 10 gündən çox olmur. Kavernoz sinusun trombozu və ya beyin toxumalarının septiki zədələnmələri zamanı proqnoz xəstənin vəziyyətinin ağırlığı və terapevtik tədbirlərin effektivliyindən asılıdır.

Profilaktik tədbirlərə üz və burun nahiyəsinin travmalarının qarşısının alınması, burun çəpərinin hematomasının erkən punksiyası və drenajlanması, LOR-patologiyalarının vaxtında müalicəsi, digər infeksiya ocaqlarının sanasiyası, sistemli patologiyalar və immunitetin zəifləməsinə səbəb olan amillərin korreksiyası, burun boşluğunun gigiyena qaydalarına riayət olunması aiddir.

error: Content is protected !!