Çənbər bağırsağın xərçəngi

Çənbər bağırsağın xərçəngi – bu nahiyənin epitel toxumasından inkişaf edən bədxassəli şişdir. Patologiya ilkin mərhələlərdə simptomsuz gedir. Bir müddətdən sonra ağrı, qəbizlik, nəcisdə selik və qan qarışığı, ümumi vəziyyətin pisləşməsi, xərçəng intoksikasiyasının əlamətləri ilə özünü büruzə verir. Çox zaman orqanın proyeksiyasında düyün palpasiya olunur. Xəstəlik proqressivləşdikdə bağırsaq keçməməzliyi, qanaxma, perforasiya, neoplaziyanın infeksiyalaşması və metastazlar müşahidə edilir. Diaqnoz əlamətlər, rentgenoqrafiya, KT, MRT, kolonoskopiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə bağırsağın zədələnmiş hissəsinin cərrahi rezeksiyasından ibarətdir.

Çənbər bağırsağın xərçəngi barədə ümumi məlumat

Çənbər bağırsağın xərçəngi – yoğun bağırsağın selikli qişasından başlanğıc götürən bədxassəli törəmədir. Patologiya həzm traktının onkoloji xəstəlikləri arasında mədə və qida borusunun şişlərindən sonra üçüncü yeri tutur. Müxtəlif məlumatlara əsasən çənbər bağırsağın xərçəngi MBT-nin bədxassəli törəmələrinin 6-15%-ni təşkil edir. Xəstəlik adətən 50-75 yaşlı şəxslərdə aşkarlanır, kişi və  qadınlarda eyni tezlikdə rast gəlinir.

Çənbər bağırsağın xərçəngi inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Xəstələnmə halları üzrə lider ölkələr sırasında ABŞ və Kanada qeyd olunur. Asiya və Afrika ölkələrində bu patologiyaya nadir hallarda təsadüf edilir. Çənbər bağırsağın xərçəngi üçün davamlı lokal böyümə, nisbətən gec baş verən limfogen və uzaq metastazlaşma xarakterikdir.

Çənbər bağırsağın xərçənginin yaranma səbəbləri

Mütəxəssislərin fikrincə çənbər bağırsağın xərçəngi polietioloji xəstəlikdir. Bu lokalizasiyalı bədxassəli neoplaziyaların inkişafında qidalanma xüsusiyyətləri, xüsusən rasionda heyvan mənşəli yağların üstünlük, vitamin və sellülozanın azlıq təşkil etməsi mühüm rol oynayır. Qidanın hevan mənşəli yağlarla zəngin olması öd ifrazını stimulə edir. Onun təsirindən yoğun bağırsağın mikroflorası dəyişir. Heyvan mənşəli yağların parçalanması zamanı çənbər bağırsağın xərçənginə səbəb olan kanserogen maddələr əmələ gəlir.

Kobud qida liflərinin azlığı bağırsaq motorikasının zəifləməsinə gətirib çıxarır. Bununla əlaqədar kanserogenlərin bağırsaq divarı ilə təması uzanır, nəticədə selikli qişanın hüceyrələri bədxassələşir. Heyvan mənşəli yağlar həmçinin bağırsağın selikli qişasına mənfi təsir göstərən peroksidazanın sintezinə səbəb olurlar. Kanserogenezin təbii inhibitorları sayılan vitaminlərin çatışmazlığı, eləcə də nəcis ifrazının ləngiməsi və bağırsağın fizioloji əyriliklərində selikli qişanın fekal kütlələrlə zədələnməsi yuxarıda qeyd olunan əlverişsiz təsirləri daha da gücləndirir.

Yeni tədqiqatların nəticələrinə əsasən çənbər bağırsağın xərçənginin inkişafında cinsi hormonlar, xüsusilə progesteron müəyyən rol oynayır. Onun təsiri altında öd turşularının bağırsaq mənfəzinə ifrazı zəifləyir. Doğmayan pasiyentlərlə müqayisədə 3 və daha artıq övladı olan qadınlarda bu lokalizasiyalı xərçəngin yaranma riski 2 dəfə azdır.

Çənbər bağırsağın xərçənginə transformasiya edən bir sıra xəstəliklər mövcuddur. Onlara  Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, müxtəlif mənşəli polipozlar, solitar adenomatoz polip və divertikulyoz aiddir. Qeyd olunan patologiyaların xərçəngə çevrilmə ehtimalı çox fərqlidir. Belə ki, müalicə aparılmadıqda ailəvi irsi polipozlu xəstələrin hər birində, adenomatoz polipi olan pasiyentlərin isə 50%-də  maliqnizasiya aşkarlanır. Bağırsaq divertikulları nadir hallarda bədxassələşir.

Çənbər bağırsağın xərçənginin təsnifatı

Böyümə növündən asılı olaraq, çənbər bağırsağın ekzofit, endofit və qarışıq formaları ayırd edilir. Ekzofit xərçəng düyünlü, xovlu-papilyar, polipəbənzər, endofit forma isə – sirkulyar-stenozlaşdırıcı, xoralı-infiltrativ və infiltratlaşdırıcı olur. Endofit və ekzofit neoplaziyaların nisbəti 1:1 təşkil edir. Çənbər bağırsağın ekzofit xərçəngi orqanın sağ, endofit forma isə sol şöbələrində aşkar olunur. Histoloji quruluşuna görə xəstəlik aşağıdakı növlərə bölünür: adenokarsinoma, üzüyəbənzər hüceyrəli, solid və skirroz. Differensiasiya səviyyəsi nəzərə alınmaqla yüksək, orta və aşağı differensiasiyalı formalar qeyd olunur.

Ənənəvi dörd mərhələli təsnifata əsasən çənbər bağırsağın xərçənginin aşağıdakı mərhələləri ayırd edilir:

  • I mərhələ – selikaltı qatın hüdudlarından kənara çıxmayan, diametri 1,5sm-dən kiçik düyün aşkarlanır. İkincili ocaqlar müşahidə edilmir.
  • IIа mərhələsi – bağırsaq dairəsinin yarıdan az hissəsinə yayılan, orqanın xarici divarından kənara çıxmayan, diametri 1,5sm-dən böyük olan şiş müəyyən edilir. İkincili ocaqlara rast gəlinmir.
  • IIb mərhələsi – vahid limfogen metastazlarla müşayiət olunan eyni diametrdə və ya bir qədər kiçik şiş aşkar edilir.
  • IIIа mərhələsi – neoplaziya bağırsaq dairəsinin yarıdan çox hissəsinə yayılır və orqanın xarici divarından kənara çıxır. İkincili ocaqlar müşahidə olunmur.
  • IIIb mərhələsi – istənilən diametrli xərçəng və çoxsaylı limfogen metastazlar müəyyən edilir.
  • IV mərhələ – törəmənin qonşu toxumalara invaziyası və limfogen metastazlar və yaxud istənilən diametrli neoplaziya və uzaq metastazlar aşkar edilir.

Çənbər bağırsağın xərçənginin əlamətləri

Çənbər bağırsağın xərçəngi erkən mərhələlərdə simptomsuz gedir. Bir müddətdən sonra xəstələrdə ağrı, nəcis ifrazının pozulması, fekal kütlələrdə qan və selik qarışığı müşahidə edilir. Ağrı sindromu əsasən bağırsağın sağ şöbələri zədələndikdə meydana çıxır. Başlanğıcda ağrılar qeyri-intensiv, sızıltılı və ya küt olur.

Xəstəlik proqressivləşdikdə bağırsaq keçməməzliyindən şübhələnməyə əsas verən tutmaşəkilli kəskin ağrılar yarana bilər. Belə hallar adətən bədxassəli proses bağırsağın sol şöbəsində lokalizasiya olunduqda baş verir. Bu da neoplaziyanın sirkulyar böyüməsi nəticəsində formalaşan dairəvi daralmanın bağırsaq möhtəviyyatının hərəkətinə mane olması ilə bağlıdır.

Pasiyentlərin əksəriyyəti gəyirmə, iştahın pozulması və qarın nahiyəsində diskomfortdan şikayət edir. Sadalanan əlamətlərə adətən köndələn, az hallarda isə enən çənbər və S-vari bağırsağın zədələnməsi zamanı rast gəlinir. Qəbizlik, ishal, qarında qurultu və meteorizm çənbər bağırsağın sol tərəfli xərçəngi üçün səciyyəvidir. Bu, bağırsağın sol şöbələrində fekal kütlələrin konsistensiyasının daha sərt olması, törəmələrin isə sirkulyar böyüməsi ilə əlaqədardır.

S-vari bağırsağın neoplaziyalarının xarakterik əlaməti qan və selik qarışıqlı nəcis ifrazıdır. Çənbər bağırsağın digər şöbələrinin xərçəngində bu simptom az hallarda qeydə alınır. Bağırsağın sağ hissəsində lokalizasiya olunan xərçəng əksər hallarda palpasiya zamanı müəyyən edilir. Pasiyentlərin 1/3-də düyünü əlləmək mümkün olur. Çənbər bağırsağın xərçənginin sadalanan əlamətləri onkoloji xəstəliklərin ümumi təzahürləri: halsızlıq, əzginlik, arıqlama, dərinin avazıması, hipertermiya və anemiya ilə birgə müşahidə edilir.

Çənbər bağırsağın xərçənginin ağırlaşmaları

Patologiya bağırsaq keçməməzliyi ilə yanaşı törəmənin orqanın divarına infiltrasiyası və nekrozu  nəticəsində perforasiya ilə ağırlaşa bilir. Şiş parçalandıqda infeksiyalaşma, irinli ağırlaşma və sepsis təhlükəsi yaranır. Damarların irinli əriməsi qanaxmalara səbəb olur. Uzaq metastazlar müvafiq orqanların funksional pozğunluqları ilə müşayiət edilir.

Çənbər bağırsağın xərçənginin diaqnostikası

Diaqnoz klinik, laborator, endoskopik və rentgenoloji məlumatlar əsasında qoyulur. Əvvəlcə şikayətlər aydınlaşdırılır, xəstəliyin anamnezi dəqiqləşdirilir, fizikal baxış – qarnın palpasiya və perkusiyası, rektal müayinə aparılır. Sonra dolma defektlərini aşkar etmək üçün irriqoskopiyadan istifadə olunur. Bağırsaq keçməməzliyindən və ya perforasiyadan şübhələndikdə qarın boşluğunun icmal rentgenoqrafiyası tətbiq edilir.

Kolonoskopiyanın köməyilə çənbər bağırsağın xərçənginin lokalizasiyası, növü, mərhələ və böyümə tipi müəyyənləşdirilir. Endoskopiya zamanı toxuma nümunəsi götürülür. Əldə olunan material morfoloji müayinəyə göndərilir. Bundan əlavə nəcisdə gizli qanın analizi, xərçəng-embrional antigeni təyin edən test aparılır. Limfa düyünlərində və uzaq orqanlarda şiş ocaqlarını aşkar etmək məqsədilə qarın boşluğunun KT və ya MRT-si icra olunur.

Çənbər bağırsaq xərçənginin müalicəsi

Müalicə cərrahi yolla həyata keçirilir. Prosesin yayılmasından asılı olaraq, radikal və ya palliativ cərrahi müdaxilələr yerinə yetirilir. Radikal əməliyyatlar 1, 2 və ya 3 mərhələli olur. Birmərhələli müdaxilə zamanı hemikolektomiya – çənbər bağırsağın zədələnmiş hissəsinin rezeksiyası, anastomozun yaradılması icra olunur. Çoxmərhələli əməliyyatlarda əvvəlcə kolostoma qoyulur, sonra zədələnmiş şöbə xaric edilir (bəzən bu 2 mərhələ bir dəfəyə aparılır). Bir müddətdən sonra isə birbaşa anastomoz formalaşdırmaqla bağırsağın tamlığı bərpa edilir.

Çənbər bağırsağın xərçənginin yayılmış formalarında genişləndirilmiş əməliyyatlar icra olunur. Onların həcmi limfa düyünlərinin və qonşu orqanların zədələnməsinə əsasən müəyyənləşdirilir. Neoplaziyanın radikal yolla çıxarılması mümkün olmadıqda palliativ əməliyyatlar (kolostomanın qoyulması, dolayı anastomozun yaradılması) aparılır. Perforasiya, qanaxma və bağırsaq keçməməzliyi hallarında eynilə stoma və ya dolayı anastomoz qoyulur, pasiyentin vəziyyəti yaxşılaşdıqdan sonra radikal əməliyyat həyata keçirilir. Uzaq metastazlar aşkarlandıqda kimyaterapiya təyin olunur.

Çənbər bağırsağın xərçənginin proqnoz və profilaktikası

Çənbər bağırsağın xərçənginin proqnozu onkoloji prosesin mərhələsindən asılıdır. I mərhələdə 5 illik sağqalma ehtimalı 90-100%, II – 70%, III-də isə – 30% təşkil edir. Cərrahi əməliyyat keçirmiş bütün xəstələr onkoloqun müşahidəsi altında olmalı, lokal residivlərin və uzaq metastazların aşkarlanması üçün müntəzəm qaydada radioloji və endoskopik müayinələrdən keçməlidirlər.

error: Content is protected !!