Çənəətrafı abses

Çənəətrafı abses – üz-çənə nahiyəsində yaranan irinli iltihabi prosesdir. Lokal şişkinlik, iltihab ocağının üzərindəki dərinin qızarması və flüktuasiyası, asimmetrik üz, udqunmanın çətinləşməsi və ağrılı olması, intoksikasiya əlamətləri ilə təzahür edir. Prosesə udlaqətrafı, gözaltı və boyun nahiyəsinin toxumalarının cəlb olunması ilə diffuz iltihab – fleqmona inkişaf edə bilər. Müalicə yalnız cərrahi yolla aparılır – abses yarılır, boşluq drenə olunur.

Çənəətrafı abses barədə ümumi məlumat

Çənəətrafı abses – üz-çənə nahiyəsində yerləşən lokal xarakterli irinli iltihab ocağıdır. Abses müalicə olunmadıqda irinin parçalanması və qonşu toxumaların əriməsi baş verir.

Çənəətrafı absesin səbəbləri

Çənəətrafı abses streptokokk və stafilokokklar tərəfindən törədilir. Onun ən geniş yayılmış səbəbləri diş xəstəlikləri, üz-çənə nahiyəsinin iltihabi prosesləridir. Xroniki gedişli furunkulyoz, angina, tonzillit adətən çənəətrafı abseslə fəsadlaşır. Ağız nahiyəsinin dəri və selikli qişalarının zədələnmələri, stomatoloji prosedurlar zamanı infeksiyanın yoluxması çənəətrafı nahiyənin absesi ilə nəticələnə bilər.

Sepsislə müşahidə olunan ümumi infeksion xəstəliklərdə mikroorqanizmlərin qan və limfa ilə orqanizmə yayılması zamanı müxtəlif orqan və toxumaların, o cümlədən çənəətrafı nahiyənin absesləri əmələ gəlir. Çənəətrafı abses həmçinin üzün travmaları ilə əlaqədar formalaşa bilər. Hərbi əməliyyatlar və təbii fəlakətlər dövründə ilk tibbi yardım göstərilmədiyindən çənə çıxıqları və sınıqları tez-tez abseslərlə ağırlaşır. Periapikal və perikoronar iltihab ocaqları, parodontal ciblər kəskinləşmə dövründə sümük toxumasının rezorbsiyası fonunda çənənin absesinə gətirib çıxara bilər.

Çənəətrafı absesin əlamətləri

Periodontitdə olduğu kimi çənəətrafı absesin inkişafından əvvəl diş ağrıları baş verir. Zədələnmiş tərəfdə dişləmə zamanı ağrı güclənir. Daha sonra ağrılı bərkimənin formalaşması ilə ödem meydana çıxır. Selikli qişanın altında yaranan abseslər üçün aydın nəzərə çarpan hiperemiya və zədə ocağının qabarması xarakterikdir. Bəzən asimmetrik üz qeydə alınır.

Müalicə aparılmadıqda pasientin ümumi vəziyyəti pisləşir: bədən temperaturu yüksəlir, qidadan imtina edilir. Absesin öz-özünə açılmasından sonra ağrı sönür, üz konturları normallaşır, ümumi hal stabilləşir. Lakin ağış boşluğu mikroorqanizmlər üçün əlverişli mühit olduğundan proses xroniki formaya keçir, bu səbəbdən absesin partlaması heç də sağalmaya dəlalət etmir. İmmun sisteminin qısamüddətli zəifləməsi zamanı çənəətrafı abseslər kəskinləşir. Fistula yollarından irin mütəmadi şəkildə axa bilər, belə vəziyyətlərdə irin kütlələrinin udulması və ağızda xoşagəlməz iyin yaranması müşahidə olunur. Parçalanma məhsulları ilə orqanizmin sensibilizasiyası baş verir, allergik xəstəliklər ağırlaşır.

Ağız boşluğu dibinin absesi üçün dilaltı nahiyədə hiperemiya, sürətli infiltratlaşma xarakterikdir. Danışıq və qida qəbulu kəskin ağrıya səbəb olur, hipersalivasiya izlənilir. Dilin hərəkətlililiyi məhdudlaşır, o,  formalaşmış absesə toxunmamaq üçün bir qədər yuxarıya qalxır.  Şişkinlik artdıqca ümumi vəziyyət də pisləşir. Absesin öz-özünə açıldığı hallarda irin udlaqətrafı toxumalara və boyun nahiyəsinə yayılır, nəticədə ikincili irinli ocaqlar əmələ gəlir.

Damaq absesi adətən yuxarı ikinci kəsici diş, köpək dişi və ikinci kiçik azı dişinin periodontitinin ağırlaşması kimi inkişaf edir. Absesin formalaşma prosesində sərt damaq hiperemiyalaşır və ağrılı olur. Şişkinlik yarandıqdan sonra ağrı intensivləşir, qida qəbulu çətinləşir. Absesin spontan partlaması irinli möhtəviyyatın sərt damağın bütün sahələrinə yayılmasına və damaq lövhəsinin osteomielitinin inkişafına səbəb olur.

Yanaqların absesində irinli ocağın lokalizasiya və dərinliyindən asılı olaraq, şişkinlik və qızartı ağız boşluğunun selikli qişasında və ya bayır tərəfdə daha ifadəli olur. Mülayim ağrı mimiki əzələlərin hərəkəti zamanı güclənir. Ümumi vəziyyət demək olar ki, pozulmur. Lakin yanaq absesi hələ irinliyin açılmamasından əvvəl prosesin qonşu nahiyələrə yayılma ehtimalı baxımından təhlükəli sayılır.

Dilin absesi üçün dildə ağrı, onun ölçüsünün böyüməsi, az hərəkətliliyi xarakterikdir. Danışıq, çeynəmə və udma aktı çətinləşir və ağrılı olur. Bəzən abses boğulma hissi ilə müşayiət oluna bilər.

Çənəətrafı absesin diaqnostikası və müalicəsi

Diaqnoz stomatoloqun vizual müayinəsinə və pasientin şikayətlərinə əsasən qoyulur. Bəzən sorğu zamanı yaxın keçmişdə üz nahiyəsində furunkulun olması, habelə mövcud xroniki infeksion xəstəliklər aşkarlanır. Həkimə müraciət edənədək analgetiklərin qəbulu, ağız boşluğunun antiseptik məhlullarla yaxalanması məsləhətdir. Özbaşına antibiotik qəbulu yolverilməzdir. Müalicənin məqsədi infeksion prosesin tam likvidasiyası və qısa müddət ərzində pozulmuş funksiyaların bərpasından ibarətdir.

Müalicə sxemi xəstəliyin mərhələsi, mikroorqanizmin virulentliyi və makroorqanizmin cavab reaksiyasının xüsusiyyətlərindən asılıdır. Çənəətrafı nahiyənin absesinin lokalizasiyası, pasientin yaşı və yanaşı gedən xəstəliklər  müalicə prinsiplərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ağırlaşdırıcı faktorlar nə qədər çox olarsa, terapiya bir o qədər intensiv olur.

Çənəətrafı nahiyənin absesinin müalicə dövründə duru şorba və pürelərə üstünlük verməklə pəhriz gözlənilməlidir. Pasiyentin qidadan davamlı şəkildə imtina etdiyi təqdirdə zülal məhlulları venadaxili yeridilir.  Formalaşmış abseslərin yarılması və boşluğun drenajlanması mütləqdir. Digər hallarda antibiotikoterapiyadan istifadə edilir,  onun məqsədyönlü olmadığı hallarda cərrahi müalicə aparılır.

Antibiotiklər inyeksiya və ya tablet formasında təyin olunur. Vitaminlər və immunstimulyatorların qəbulu, dezintoksikasion terapiya göstəriş sayılır. Ağız boşluğunun ilıq furasilin və ya soda məhlulu ilə yaxalanması şişkinliyi aradan qaldırır, infeksiyanın yayılmasının qarşısını alır. Güclü ağrı sindromuna qarşı analgetiklər tətbiq edilir. Müalicə vaxtında və adekvat şəkildə aparıldıqda proqnoz adətən qənaətbəxş olur, sağalma 6-14 gün ərzində baş verir.

error: Content is protected !!