Cift gəlişi

Cift gəlişi – hamiləlik dövrünün anomaliyası olub, ciftin uşaqlığın aşağı seqmentinə birləşməsi, uşaqlığın daxili əsnəyinin hissəvi və ya tam örtülməsi ilə xarakterizə olunur. Cinsi yollardan təkrarlanan uşaqlıq qanaxmaları, anemiya, düşük təhlükəsi, fetoplasentar çatışmazlıqla təzahür edir. Cift gəlişi vaginal müayinə, USM prosesində aşkarlanır. Bu zaman hamiləliyin özbaşına pozulmasının profilaktikası, dölün anemiya və hipoksiyasının korreksiyası, optimal doğuş üsulunun seçilməsi (əksər hallarda – Qeysəriyyə əməliyyatı) tələb olunur.

Cift gəlişi barədə ümumi məlumat

Cift uşaqlığın daxili divarına birləşən, ana və döl arasında əlaqəni təmin edən embrional orqandır. Hamiləlik prosesində cift embrion və dölün tam inkişafı üçün zəruri olan qidalanma, qaz mübadiləsi, müdafiə, immun, hormonal funksiyaları yerinə yetirir. Ciftin miometriumun vaskulyarizasiyası güclü olduğu sahələrdə – uşaqlığın cisminin arxa və yan divarları və ya dib hissəsində yerləşməsi fizioloji hal sayılır. Ciftin arxa divara birləşməsi ən optimal variantdır, bu da onun təsadüfü zədələnmələrinin qarşısının alınması ilə izah olunur. Ciftin uşaqlığın ön səthində lokalizasiyasına nadir hallarda rast gəlinir.

Ciftin aşağıda yerləşərək, müəyyən dərəcədə daxili əsnəyi örtməsi zamanı cift gəlişi qeydə alınır. Mamalıq və ginekologiyada cift gəlişi bütün doğuşların 0,1-1%-də müşahidə olunur. Ciftin daxili əsnəyi tam örtməsi mərkəzi cift gəlişi adlanır. Bu tip patologiya 20-30% hallarda yaranır. Daxili əsnəyin hissəvi örtülməsi hissəvi cift gəlişi kimi (tezliyi-35-55%) qiymətləndirilir. III trimestrdə ciftin aşağı kənarının daxili əsnəydən 5 sm-dən kiçik məsafədə lokalizasiyası ciftin aşağıda yerləşməsi sayılır.

Cift gəlişi dölün natamam inkişafı və hipoksiyası, dölün anomal vəziyyəti və gəlişi, vaxtından əvvəl doğuşlara şərait yaradır. Cift gəlişi zamanı perinatal ölüm payı 7-25%, qanaxma və hemorragik şokla əlaqədar baş verən ana ölümü isə 3% təşkil edir.

Cift gəlişinin səbəbləri

Cift gəlişi əksər hallarda endometriumun stromanın desidual reaksiyasının gedişini pozan patoloji dəyişiklikləri nəticəsində yaranır. Bu pozulmalara iltihab (servisit, endometrit), cərrahi müdaxilələr (diaqnostik qaşıma, hamiləliyin cərrahi yolla dayandırılması, konservativ miomektomiya, Qeysəriyyə əməliyyatı, uşaqlığın perforasiyası), çoxsaylı ağırlaşmış doğuşlar səbəb olur.

Cift gəlişinin etioloji amilllərinə endometrioz, uşaqlığın mioması, uşaqlığın anomaliyaları (hipoplaziya, ikibuynuzluluq), çoxdöllü hamiləlik, servikal kanalın polipləri aiddir. Bu amillərin təsirindən döl yumurtasının uşaqlığın yuxarı hissələrində implantasiyası pozulur və bitişmə aşağı seqmentlərdə baş verir. Cift gəlişi əsasən təkrar doğan qadınlarda (75%) inkişaf edir.

Cift gəlişinin əlamətləri

Cift gəlişinin əsas təzahürləri müxtəlif intensivlikli, təkrarlanan uşaqlıq qanaxmalarıdır. Cift gəlişi ilə bağlı qanaxmalar hamiləlik dövründə 34%, doğuş prosesində isə 66% hallarda  müşahidə olunur. Qanaxmalar hamiləliyin müxtəlif vaxtlarında  baş verə bilər, lakin çox zaman hestasiyanın 30-cu həftəsindən sonra qeydə alınır. Doğuş ərəfəsində adətən uşaqlığın periodik yığılmaları ilə əlaqədar qanaxma güclənir.

Hamiləliyin inkişafı və ya doğuş fəaliyyəti zamanı uşaqlıq əzələsinin ardınca ciftin dartıla bilməməsi nəticəsində onun gəliş hissəsinin təkrarlanan ayrılmaları qanaxmalara səbəb olur. Nəticədə xovarası sahə hissəvi açılır, bu da uşaqlıq damarlarından qanaxma ilə müşayiət edilir. Ciftin qopmuş hissəsi qaz mübadiləsində iştirak edə bilmədiyindən döl hipoksiyaya məruz qalır. Fiziki yüklənmə, öskürək, cinsi akt, defekasiya prosesində gücənmə, vaginal müayinlələr, termoprosedurlar (isti vannalar, sauna) qanaxmaya gətirib çıxara bilər.

Qanaxmanın intensivliyi və xarakteri cift gəlişinin dərəcəsindən asılıdır. Tam cift gəlişi üçün qəfil yaranan gur qanaxmalar, ağrı hissinin olmaması xarakterikdir. Hissəvi cift gəlişində qanaxma bir qayda olaraq, doğuş yaxın – əsasən doğuşun əvvəlində, əsnəyin açılması mərhələsində inkişaf edir. Cift gəlişinin dərəəcəsi nə qədər yüksək olarsa, qanaxma bir o qədər tez və intensiv şəkildə baş verir. Cift gəlişi zamanı qanaxmalar xarici xarakterli olub, heç bir nəzərəçarpan əlamət olmadan qəfil başlanması (xüsusən gecə saatlarında), al qanın ifrazı, ağrısız gedişi və təkrarlanması ilə səciyyələnir.

Residivləşən qanaxma qisa zaman ərzində hamilənin anemizasiyası ilə nəticələnir. Sirkulyasiya edən qanın həcminin və eritrositlərin azalması DDL-sindromuna və hətta cüzi qanaxma hallarında hipovolemik şokun inkişafına səbəb ola bilər. Cift gəlişi ilə ağırlaşmış hamiləlik çox vaxt düşük riski, arterial hipotoniya, hestozla müşayiət olunur. Vaxtından qabaq doğuşlara adətən tam cift gəlişi zamanı rast gəlinir.

Cift patoloji yerləşməsi dölün inkişafına qeyri-qənaətbəxş təsir edərək, fetoplasentar çatışmazlığa, dölün hipoksiyasına və inkişafının ləngiməsinə gətirib çıxarır. Cift gəlişi zamanı əksər hallarda dölün çanaq, çəp və ya köndələn vəziyyəti müşahidə edilir. Hamiləliyin II-III trimestrlərində uşaqlığın aşağı seqmentinin transformasiyası və ciftin miometriumun qan təhcizatı daha güclü olan sahələrinə doğru böyüməsi hesabına embrional orqanın lokalizasiyası dəyişə bilər. Mamalıqda bu proses «ciftin miqrasiyası» adlanır və hestasiyanın 34-35-ci həftəsində başa çatır.

Cift gəlişinin diaqnostikası

Cift gəlişi zamanı hamilənin anamnezində risk amillərinin olması, təkrarlanan xarici uşaqlıq qanaxmasının  epizodları, obyektiv müayinənin nəticələri nəzərə alınır. Xarici mamalıq müayinəsində uşaqlıq dibinin hündürdə yerləşməsi, eləcə də bir sıra hallarda dölün köndələn və ya çəp vəziyyəti aşkar edilir. Auskultasiya zamanı cift damarlarının küyü uşaqlığın aşağı hissəsində – ciftin lokalizasiya olunduğu sahədə eşidilir.

Uşaqlıq boynuna travma və patologiyalarını istisna etmək məqəsdilə ginekoloji müayinə aparılır. Daxili əsnək bağlı olduqda dölün gəliş hissəsini müəyyən etmək mümkün olmur. Mərkəzi cift gəlişi zamanı uşaqlıq yolunun bütün tağlarını, hissəvi cift gəlişində isə ön və ya yan tağlardan birini əhatə edən massiv yumşaq törəmələr palpasiya edilir.

Mərkəzi gəlişi hallarında cift daxili əsnəyin bütün dəliyini örütr, onun palpasiyası qanaxmanın güclənməsinə səbəb olur.  Uşaqlıq əsnəyinin mənfəzində döl qişaları və cif toxuması aşkarlandıqda bu hal hissəvi cift gəlişi kimi qiymətləndirilir.

Vaginal müayinə ehtiyatla – massiv qanaxmanın inkişafı zamanı təcili yardımın göstərilməsinin mümkün olacağı şəraitdə aparılır.

Cift gəlişinin diaqnostikasının ən təhlükəsiz obyektiv üsulu USM-dir. Mamalıq və ginekologiyada bu metod geniş tətbiq edilir. Exoqrafiyanın köməyilə cift gəlişinin formaları (hissəvi, tam), gəliş hissənin ölçüləri, quruluşu və sahəsi, qanaxma zamanı ayrılma dərəcəsini, retroplasentar hematomalar, düşük təhdidləri müəyyən edilir. Dinamik müayinələr «ciftin miqrasiyasını» izləməyə imkan verir.

Cift gəlişi zamanı müalicə

Cift gəlişi zamanı hamiləliyin aparılma taktikası qanaxmanın ifadəliliyindən və qanitirmənin dərəcəsindən asılıdır. Hestasiyanın I-II trimestrində qanlı ifrazatlar müşahidə edilmədikdə hamilə qadın mama-ginekoloqun ambulator müşahidəsi altında qala bilər. Bu zaman qanaxmaya səbəb olan amillərin (fiziki aktivlik, cinsi həyat, stress halları və s.) istisna edilməsi ilə qoruyucu rejim məsləhət görülür.

Hestasiyanın 24-cü həftəsindən sonra və ya qanaxmaların başlandığı hallarda hamilə hospitalizasiya edilir. Müalicə taktikası hamiləliyin maksimum dərəcədə uzadılmasına yönəldilir. Yataq rejimi, spazmolitiklər (dratoverin) və tokolitiklər (fenoterol, heksoprenalin) təyin olunur, dəmir çatışmazlıqlı anemiyanın korreksiyası (dəmir preparatları) aparılır. Fetoplasentar və uşaqlıq-plasentar qan dövranının yaxşılaşdırılması məqsədilə pentoksifillin, dipiramidol, askorbin turşusu, tiaminpiroforfatdan istifadə olunur. Hamiləliyin 28-36-cı həftələrində vaxtından qabaq doğuş riski müəyyən edildikdə yenidoğulmuşda respirator pozğunluqların profilaktikası üçün qlükokortikoidlər (deksametazon, prednizalon) təyin olunur.

Təkrarlanan qanaxmaların həcminin 200ml-dən çox olması, ifadəli anemiya və hipotoniya, birdəfəlik qanitimənin miqdarının 250ml-i keçməsi, mərkəzi cift gəlişi zamanı qanaxma hamiləliyin təcili sürətdə vaxtından qabaq başa çatdırılmasına göstərişdir. Belə hallarda hestasiyanın müddətindən və dölün həyat qabiliyyətindən asılı olmadan ananın həyatını xilas etmək üçün Qeysəriyyə əməliyyatı icra edilir.

Hamiləliyin 37-38-ci həftələrə qədər uğurla uzadılması zamanı optimal doğuş üsulu seçilir. Mərkəzi cift gəlişinin bütün hallarında, eləcə də hissəvi cift gəlişinin dölün köndələn və ya çəp vəziyyəti; ağırlaşmış mamalıq anamnezi; uşaqlıqda çapıqlar, çoxdöllülük, dölyanı mayenin çoxluğu, dar çanaqla müştərəkliyi Qeysəriyyə əməliyyatına göstəriş sayılır.

Təbii doğuşlar hissəvi cift gəlişi zamanı yalnız müəyyən şərtlər daxilində (uşaqlıq boynunun yetişməsi, doğuş fəaliyyətinin qənaətbəxş olması, dölün baş gəlişi) mümkündür. Doğuş prosesində dölün vəziyyətinin və uşaqlığın yığılma qabiliyyətinin daimi monitorinqi (dölün fonokardioqrafiyası, KTQ) aparılır. Doğuşdan sonrakı dövrün erkən mərhələlərində adətən zahılarda atonik qanaxmalar, loxiometra, qalxan infeksiya və metrotromboflebit qeydə alınır. Massiv qanaxmaların konservativ yolla dayandırılması mümkün olmadıqda uşaqlığın supravaginal amputasiyası və ya histerektomiya icra edilir.

Cift gəlişinin profilaktikası

Cift gəlişinin profilaktik tədbirlərinə abortların qarşısının alınması, genital patologiyalar və hormonal disfunksiyanın erkən mərhələlərdə aşkarlanması və müalicəsi aiddir.

Hamiləlik dövründə cift gəlişinin inkişafı zamanı anomaliyanın erkən diaqnostikası, hamiləliyin rasional aparılması, yanaşı gedən pozğunluqların vaxtında korreksiyası, optimal doğuş üsulunun seçilməsi mütləqdir.

error: Content is protected !!