Ciftin kənar gəliş
Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığın daxili əsnəyi hissəvi (1/3 hissəsindən çox olmayaraq) örtülür. Xəstəlik diskomfortla müşayiət olunmayan müxtəlif intensivlikli qanaxmalarla təzahür edir. Ciftin kənar gəlişi II trimestrdə planlı USM və ya patoloji əlamətlərin yaranması zamanı aşkarlanır. Müalicə hospitalizasiya, yataq rejimi, simptomatik terapiyadan ibarətdir. Ana və uşağın vəziyyəti normal olduqda doğuşun ehtimal olunan gününə kimi gözləmə taktikası seçilir.
Ciftin kənar gəlişi barədə ümumi məlumat
Ciftin kənar gəlişi – hamiləlik patologiyası olub, ciftin anomal birləşməsi və uşaqlığın daxili əsnəyinin hissəvi örtülməsi ilə müşayiət olunur. Belə vəziyyət həm ana, həm də döl üçün təhlükəli sayılır. Erkən mərhələlərdə ciftin kənar gəlişi daha az risk daşıyır, çünki dölün böyüməsi və miometriumun dartılması nəticəsində cift yerini dəyişərək düzgün vəziyyət ala bilər. Əks halda qidalandırıcı damarların sıxılması, dölün oksigen və qidalı maddələrlə təminin azalması ehtimalı mövcuddur, bu da uşağın hipoksiyasına və hətta onun antenatal ölümünə gətirib çıxarda bilər.
Ciftin kənar gəlişi onun ayrılması ilə nəticələnə bilər, belə hallar uşaqlığın aşağı seqmentinin daha az dartılma qabiliyyətinə malik olması ilə izah olunur. Əksər hallarda ciftin kənar gəlişi doğuş prosesində güclü qanaxmalara səbəb olur. Belə sonluq təbii doğuş zamanı dölün doğuş kanalından keçməsi nəticəsində qişaların qəfil qopması anında mümkündür. Mamalıqda ciftin kənar gəlişinə əsasən təkrar hamiləliklərdə rast gəlinir. Patologiya diqqətli müşahidə tələb edir, çünki 25% hallarda ölü doğumlarla müşayiət olunur.
Ciftin kənar gəlişinin səbəbləri
Ciftin kənar gəlişi implantasiya prosesində trofoblastın anomal birləşməsi və ya miometriumun anatomik xüsusiyyətləri ilə əlaqədardır. Uşaqlıq divarında əzələ liflərinin düzülüşünün pozulması iltihabi xəstəliklər, cinsi infeksiyaların ağırlaşmaları fonunda baş verir. Çox zaman ciftin kənar gəlişi tez-tez təkrarlanan qaşınma və abortlar nəticəsində miometriumun nazilməsi zamanı aşkarlanır. Eləcə də trofoblastın anomal birləşməsinə xoşxassəli şişlərin törətdiyi və ya anadangəlmə patologiyalarla bağlı uşaqlığın deformasiyası səbəb ola bilər.
Adətən ciftin kənar gəlişi daxili orqanların yanaşı gedən xəstəlikləri, xüsusilə də ürək-damar sisteminin patologiyaları olan qadınlarda inkişaf edir. Kiçik çanaqda qan dövranı çatışmazlığı və durğunluq halları ciftin tam bitişməsinə mane olur. Bundan əlavə, ciftin kənar gəlişi mayalanmadan dərhal sonra embrionun anomal inkişafı fonunda mümkündür. Belə hal trofoblastın fermentativ funksiyalarının gec formalaşması zamanı müşahidə olunur. Nəticədə o, uşaqlığın aşağı hissəsində qalaraq, normal hal ilə müqayisədə miometriuma daha gec bitişir.
Ciftin kənar gəlişinin təsnifatı
Ciftin bitişmə yerindən asılı olaraq onun kənar gəlişinin 2 növü mövcuddur:
- Ön divara bitişməsi– patologiyanın gedişinin ən təhlükəli variantı hesab olunur. Ciftin kənar gəlişinin bu tipində qadının fiziki aktivliyi, uşağın hərəkətləri, hamiləliyin III trimestrində uşaqlığın yüksək gərilməsi fonunda ciftin mexaniki zədələnmə və ayrılma ehtimalı yüksək olur. Buna baxmayaraq, embrional orqanın uşaqlığın ön divarında yerləşməsi zamanı onun yuxarıya doğru yerdəyişməsi mümkündür.
- Arxa divara bitişməsi– ciftin kənar gəlişinin daha qənaətbəxş variantı sayılır. Hamiləlik və doğuş prosesində ağırlaşmaların yaranma ehtimalı az olur.
Anomaliyanın hər 2 növü hamiləlik patologiyası sayılır və belə hallarda qadın mama-ginekoloqun müşahidəsi altında olmalıdır.
Ciftin kənar gəlişinin əlamətləri və diaqnostikası
Ciftin kənar gəlişi xarakterik simptomatikaya malikdir: ümumi vəziyyət pozulmadan qanlı ifrazatın yaranması. Çox zaman bu patoloji əlamət sakitlik halında və ya gecə vaxtları izlənilir. Ciftin kənar gəlişi adətən hestasiyanın 28-32-ci həftəsində özünü büruzə verir. Məhz bu dövrdə uşaqlıq miometriumun doğuş prosesinə hazırlığı ilə bağlı yüksək aktivliyə malik olur. Bəzi hallarda anomal ifrazatlar II trimestrin əvvəlində müşahidə olunur. Qanaxmanın həcmi damarların zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif olur.
Hamiləliyin III trimestrində ciftin kənar gəlişi zamanı qanlı ifrazat fiziki yüklənmə, cinsi əlaqə, dölün hərəkəti və qidalandırıcı damarların partlamasına səbəb olan digər amillərin təsirindən baş verə bilər. Bu əlamətin hətta ginekoloji müayinə zamanı yaranması mümkündür. Bəzən ciftin kənar gəlişi düşük təhlükəsi ilə müşayiət olunur. Belə kombinasiyalarda qarnın aşağı hissəsində ağrı, uşaqlığın hipertonusu qeyd olunur. Sistematik qanaxmalar dəmirdefisitli anemiyanın inkişafına gətirib çıxardır. Bu zaman hamilələrdə yorğunluq, halsızlıq müşahidə olunur. Dölün qidalı maddələrlə lazimi miqdarda təmin olunmaması onun böyümə və inkişafının ləngiməsinə, hipoksiyaya səbəb ola bilər. Bir sıra hallarda ciftin kənar gəlişi dölün anomal vəziyyəti (cəp və ya köndələn) ilə müştərək şəkildə rast gəlinir.
İlkin diaqnoz xəstənin şikayətlərinə – ağrı olmadığı halda qanlı ifrazatlara əsasən qoyulur. Embrional orqanın anomal yerləşməsinin daha bir xarakterik əlamətinə uşaqlıq dibinin embriogenezin müddətinə uyğun gəlməyən hündürlükdə yerləşməsi aiddir. Ciftin kənar gəlişi USM vasitəsilə təsdiqlənir. Skanlama prosesində ciftin lokalizasiyası və uşaqlıq əsnəyinin örtülmə dərəcəsini daha dəqiq vizualizasiya olunur, uşağın vəziyyəti müəyyən edilir, ana və döl üçün mümkün risklər qiymətləndirilir.
Ciftin kənar gəlişinin müalicəsi
Ciftin kənar gəlişinin müalicəsi aşkarlanan əlamətlərdən, embriogenezin müddətindən, eləcə də ana və dölün vəziyyətindən asılıdır. Əgər diaqnoz yalnız ultrasəs müayinəyə əsasən qoyulmuşsa və qanaxma müşahidə olunmursa ambulator şəraitdə xəstənin nəzarət altına alınması mümkündür. Ciftin kənar gəlişi istənilən həcmdə qanlı ifrazatla müşayiət olunduqda hamilə qadın mütləq hospitalizasiya olunmalıdır. Belə hallarda stasionarda diqqətli müşahidə tələb olunur. Ciftin kənar gəlişi olan qadınlara yataq rejimi təyin olunur, cinsi əlaqə və stresslərin istisna olunması məsləhət görülür. Bu kimi hallarda bandajın taxılması mütləqdir. II trimestrdə bəzən MBT ciftin vəziyyətinin korreksiya olunmasına kömək edir.
Ciftin kənar gəlişi zamanı sistematik qanaxmalarla əlaqədar əksər hallarda anemiya inkişaf edir. Bu məqsədlə hamilələrə tərkibində yüksək miqdarda dəmir olan məhsullarla zəngin pəhriz təyin edilir. Qida rasionunda qırmızı balıq, subməhsullar, qarabaşaq, mal əti, alma olmalıdır. Ciftin kənar gəlişi zamanı hamiləliyin aparılması hestasiya dövrünün doğuşun ehtimal olunan gününə kimi uzadılması və yetkin dölün doğulması məqsədi daşıyır. Həmçinin belə diaqnozlu xəstələrə ümumi vəziyyət və yanaşı gedən patologiyalar nəzərə alınmaqla dərman preparatları təyin olunur.
Ciftin kənar gəlişi zamanı simptomatik medikamentoz terapiya aparılır. Uşaqlığın hipertonusunda tokolitik və spazmolitiklərdən, anemiyanın aradan qaldırılması məqsədilə isə dəmir tərkibli preparatlardan istifadə olunur. Ana və dölün ümumi vəziyyətinin möhkəmlənməsi üçün vitamin kompleksləri qəbul olunur. Bəzən ciftin kənar gəlişi zamanı sedativ vasitələrin istifadəsi məqsədəuyğundur. Göstərişlərə əsasən antiaqreqantlar vurulur, dölə neqativ təsirin qarşısını almaq məqsədilə preparatların dozası həkim tərəfindən təyin olunmalıdır.
Ciftin kənar gəlişi güclü qanaxmalarla müşayiət oluduqda embriogenezin müddətindən asılı olmayaraq təcili Qeysəriyyə əməliyyatı aparılır. Hamiləliyin axıra çatdırılması zamanı uşaqlıq boynunun yetişməsi, aktiv doğuş fəaliyyəti, ana və dölün vəziyyətinin qənaətbəxş olduğu hallarda doğuş təbii üsulla aparılır. Serviksin 3 sm açılması zamanı amniotomiya icra edilir. Qanaxmaların profilkatikası məqsədilə xəstəyə oksitosin vurulur. Kənar gəlişi zamanı cift uşaqlıq əsnəyini əhəmiyyətli dərəcədə örtdükdə və ya təbii yolla doğuş mümkün olmadıqda Qeysəriyyə əməliyyatı göstəriş hesab olunur.
Ciftin kənar gəlişinin proqnoz və profilaktikası
Ciftin kənar gəlişi zamanı proqnoz qənaətbəxşdir. Patologiyanın vaxtında aşkar olunması və həkim təyinatlarına əməl edilməsi dölün hestasiyanın 38-ci həftəsinə qədər daşınmasına və tam sağlam uşağın doğulmasına səbəb olur. Ciftin kənar gəlişi doğuşdan sonrakı dövrdə qanaxmaların inkişafına gətirib çıxarda bilər. Belə halların qarşısını almaq məqsədilə mütəxəssislər oksitosinin venadaxilinə yeridilməsini məsləhət görürlər.
Patologiyanın profilaktikası mayalanmadan əvvəl ginekoloji xəstəliklərin müalicəsindən, abort və uşaqlıqda aparılan invaziv müdaxilələrin istisna edilməsindən ibarətdir. Hamiləlik baş tutduqdan sonra həkimin təyinatlarına riayət edilməli, fiziki yüklənmələr və stresslər məhdudlaşdırılmalıdır.