Ciftin vaxtından əvvəl yetişməsi

Ciftin vaxtından əvvəl yetişməsi — cift toxumasının yetkinliyinin exoqrafik əlamətlərinin bu dəyişikliklərin fizioloji hesab olunduğu hestasiya müddətindən əvvəl yaranmasıdır. Heç bir klinik əlamətlə təzahür etmir, yalnız planlı skrininq zamanı aşkarlanır. Diaqnozun qoyulmasında USM nəticələrindən istifadə olunur. Müayinə cift qan dövranının doppleroqrafiyası, KTQ, fetometriya, dölün fonokardioqrafiyası ilə tamamlanır. Müalicə əsas xəstəliyin terapiyası və ana və döl arasında qan dövranının yaxşılaşdıran preparatların – antiaqreqantlar, vazodilatatorlar, essensial fosfolipidlər, amin turşu komplekslərinin təyinindən ibarətdir.

Ciftin vaxtından əvvəl yetişməsi barədə ümumi məlumat

Normada cift hestasiyanın müəyyən vaxtlarında dölün böyümə və yetişmə xüsusiyyətlərinə müvafiq olaraq, bir neçə inkişaf mərhələsindən keçir. Cift toxumasında baş verən fizioloji dəyişikliklər onun qidalandırma, tənəffüs, ifrazat və baryer funksiyaların öhdəsindən effektiv şəkildə gəlməsinə kömək edir. Kompensator mexanizmlərin pozulmasına olan bəzi provokasiyaedici amillərin təsirindən cift sürətlə böyüyür və yetişir. Belə hallar dölün vaxtından əvvəl yetişməsi (qocalması) kimi qiymətləndirilir. Pozğunluğun vaxtında diaqnostikasının aktuallığı onun uşağın fizioloji inkişafı üçün təhlükə daşıyan fetoplasentar çatışmazlıqla ağırlaşmasının yüksək ehtimalı ilə əlaqədardır.

Ciftin vaxtından əvvəl yetişməsinin səbəbləri

«Ana-döl» sisteminin fəaliyyətinin güclənməsinə gətirib çıxaran istənilən amil cift toxumasının vaxtından əvvəl qocalmasına səbəb olur. Ana orqanizmində gedən dəyişikliklər, ətraf mühitin qeyri-qənaətbəxş amilləri, hamiləliyin patoloji gedişi pozğunluğun inkişafına təkan verir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə ciftin vaxtından əvvəl qocalmasına səbəb olan ən geniş yayılmış amillər aşağıdakılardır:

  • Ekstragenital patologiya. Cift toxumasının sürətli inkişafı adətən somatik və endokrin xəstəliklərdən (böyrək xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, hipotireoz, hipertireozdan) əziyyət çəkən hamilələrdə müşahidə olunur. Bu, hamiləlik zamanı funksional pozğunluqları olan orqan və sistemlərdə yüklənmənin artması, eləcə də mikrosirkulyator dəyişikliklərə izah olunur.
  • Reproduktiv orqanların xroniki xəstəlikləri. Plasentasiya proseslərinin, ciftin fəaliyyətinin pozulması abortlardan sonra, eləcə də xroniki endometrit, adenomioz, submukoz miomalar nəticəsində uşaqlıq divarının struktur dəyişiklikləri ilə əlaqədar baş verir. Erkən yetişmə həmçinin yumurtalıqların xəstəlikləri (ooforit, adneksit, sklerokistoz sindrom) fonunda dishormonal pozğunluqların təsirindən yarana bilər.
  • Hestozlar. Hestozların uzunmüddətli gedişi zamanı uşaqlıq divarı və uşaqlıq-plasentar kompleksdə qan dövranının xarakterik dəyişiklikləri ciftin funksional yüklənməsini gücləndirir. Erkən mərhələlərdə kompensator mexanizmlər dölün normal qan təhcizatını təmin edir. Lakin sonralar bu mexanizmlərin sıradan çıxması ciftin böyüməsini sürətləndirir, onun vaxtından əvvəl inkişafını, yetişməsini və qocalmasını stimulyasiya edir.
  • İnfeksion xəstəliklər. Dölün infeksion agentlərlə zədələmə riski zamanı müdafiə funksiyasını yerinə yetirən cift toxumasının yüklənməyə məruz qalır. Provokasiyaedici amillərə spesifik genital infeksiyaların (sadə herpes, mikoplazmoz, ureaplazmoz, xlamidioz), digər infeksion xəstəliklərin (KRVİ, məxmərək, toksoplazmoz, sitomeqalovirus infeksiyalarının) törədiciləri aiddir.
  • Ana və dölün izoseroloji uyğunsuzluğu. AB0- ya Rh-münaqişə səbəbindən hemolitik xəstəliyin inkişaf etdiyi uşaq qidalı maddələrin və oksigenin daha intensiv şəkildə daxil olmasına ehtiyac duyur, bu da cift toxumalarının yüklənməsini artırır. Tipik dissirkulyator pozğunluqlarla birgə ciftin fəaliyyətinin güclənməsi fetoplasentar kompleksin elemetlərinin sürətlə böyüməsinə və erkən qocalmasına gətirib çıxarır.

Yuxarıda qeyd olunanlarla yanaşı ətraf mühitin zədələyici amilləri (kimyəvi və vibrasion peşə zərərləri, radiasiyalar), hamilələrin zərərli vərdişləri (siqaret çəkmə, psixoaktiv vasitələrin istifadəsi)   patologiyanın inkişafına təsir edir. Pozğunluq əksər hallarda çəki artıqlığı və ya azlığından əziyyət çəkən, hipodinamik həyat tərzi keçirən, qeyri-rasional qidalanan qadınlarda rast gəlinir.

Ciftin vaxtından əvvəl yetişməsinin patogenezi

Ciftin vaxtından əvvəl yetişməsi fetoplasentar çatışmazlıqla əlaqədar yaranan və onun gedişini ağırlaşdıran kompensator mexanizmlərin bir hissəsidir. Dölün qidalı maddələrə tələbatının artması, onun infeksion agentlərlə zədələnmə riski, uşaqlıq-plasentar və ya fetoplasentar kompleksdə mikrosirkulyasiyanın pozulmaları zamanı ciftin formalaşma və böyüməsi daha intensiv gedir, bu da onun yetişməsi və qocalmasına – kista, kalsinatlar, tromboz və infarktların formalaşmasına gətirib çıxarır. Nəticədə ciftin funksional imkanları azalır, fetoplasentar çatışmazlıq artır.

Ciftin vaxtından əvvəl yetişməsinin təsnifatı

Ciftin yetişmə mərhələlərinin sistemləşdirilməsi onun fizioloji inkişafının xüsusiyyətlərinə əsaslanır, orqanın hamiləliyin müəyyən mərhələləri üçün xarakterik olan struktur dəyişikliklərini nəzərə alır. Yetkinliyin növbəti mərhələsinin USM-əlamətlərinin hazırkı hestasiya müddətindən əvvəl aşkarlanması erkən yetişməyə dəlalət edir. Mama-ginekoloqlar ciftin 4 yetişmə dərəcəsini ayırd edirlər:

  • 0 — formalaşma. Hestasiyanın 2-ci həftəsindən 30-cu həftəsinə kimi davam edir. Xovlar inkişaf etdikcə cift toxumasın həcmi və kütləsi tədricən artır. USM prosesində heç bir törəmə aşkar olunmadan homogen exoneqativ parenxima müşahidə edilir.
  • I — böyümə. Hamiləliyin 30-34-cü həftələrində stromanın kollagenizasiyası hesabına ciftdə az miqdarda exogen törəmələr yaranır, xorial lövhənin cüzi dalğalığı müəyyən edilir. Toxumalar sərtləşməyə başlayır. .
  • II —yetkinlik. Hestasiyanın 35-39-cu həftələrində xorial membranın dalğalığı güclənir, akustik sərtlik artır, toxumalarda çoxsaylı kiçik exopozitiv törəmələr qeyd olunur. Orqan normal fəaliyyət göstərir.
  • III — qocalma. Hestasiyanın 37-ci həftəsindən etibarən xorial lövhə qıvrımlaşır, mərkəzi hissədə seyrəkləşən sərt konsistensiyalı yumru paycıqlar izlənilir. Orqanın sahəsi və həcmi kiçilir.

Yetkinliyin I dərəcəsinin əlamətləri hestasiyanın 27-ci həftəsinə kimi, II dərəcənin simptomları– 32-ci həftəyə qədər, III dərəcənin təzahürləri isə 36-cı həftəyə qədər yarandıqda yetişmə erkən hesab olunur.  İnkişafın bu cür dinamikası orqanın funksional çatışmazlığının yüksək yaranma ehtimalından və «ana-döl» kompleksinin adaptasiya imkanlarının dekompensasiyasından xəbər verir.

Ciftin vaxtından əvvəl yetişməsinin əlamətləri

Ciftin erkən qocalması zamanı baş verən dəyişikliklər klinik olaraq müəyyən edilmir, onları yalnız instrumental yolla aşkarlamaq mümkündür. Kəskin xəstəliklər, xroniki patologiyaların kəskinləşmələri və ya hamiləlik ağırlaşmalarının əlamətləri olmadıqda pasiyent adətən heç bir şikayət təqdim etmir. Qalan hallarda əsas patologiyanın simptomatikası üstünlük təşkil edir. Cift toxumasının vaxtından əvvəl yetişməsinin səbəb olduğu ifadəli plasentar çatışmazlıq zamanı dölün hərəki aktivliyi dəyişə bilər – tərpənişlər tezləşir, intensivlikləri artır. Uşağın tərpənişlərinin nadir halda müşahidə olunması və ya onların tamamilə kəsilməsi daha ciddi pozğunluqlarin inkişafına dəlalət edir.

Ciftin vaxtından əvvəl yetişməsinin ağırlaşmaları

Ciftin qocalması onun funksional imkanlarının azalması ilə müşayiət olunduğundan patologiya adətən plasentar çatışmazlığın əlamətlərinin yaranması və ya güclənməsi ilə birgə gedir. Müşahidələrə əsasən «cift-döl» sistemində baş verən pozğunluqların dekompensasiyasına 64% hallarda məhz orqanın  vaxtından əvvəl yetişməsi səbəb olur. Retrospektiv müayinələri nəticələrinə görə hamiləliyin 22-26-cı həftələrində ciftin vaxtından qabaq yetişməsinin əlamətlərinin yaranması dölün inkişafının ləngiməsi və III trimestrin əvvəlində bətndaxili hipoksiya ilə bağlıdır. Nadir hallarda patologiya dölün antenatal ölümünə gətirib çıxarır. Distrofik və sklerotik proseslərin erkən inkişafı zamanı ciftin vaxtından əvvəl ayrılması, dölyanı mayenin vaxtından qabaq axması və vaxtından əvvəl doğuşlar tez-tez müşahidə edilir.

Ciftin vaxtından əvvəl yetişməsinin diaqnostikası

USM-skrininqdə ciftin vaxtından əvvəl yetişməsinin tipik əlamətlərinin aşkarlanamsı fetoplasentar sistemin vəziyyətinin kompleks şəklində qiymətləndirilməsinə əsas verir. Əsas tədbirlər struktur dəyişiklikləri və orqanın funksional imkanlarının təyininə yönəldilir. Patologiyanın diaqnostikasında istifadə edən ən informativ müayinə üsulları aşağıdakılardır:

  • Uşaqlıq, cift və dölün USM. Bu üsul diaqnostikanın «qızıl standartı» adlanır. Ultrasəs müayinə cift toxumasının qalınlığını, onun struktur dəyişikliklərini, paycıqlar, kistalar, kalsinatlar, qan təhcizatının pozulduğu sahələrin olmasını müəyyən edir.
  • Uşaqlıq-plasentar qan dövranının dopplerometriyası. Ultrasəsin cift damarlarında hərəkət edən qanla əks olunması sistemdə qan cərəyanının sürətindən asılıdır. Doppleroqramma qan təhcizatının həm kəmiyyət göstəricilərini, həm də dolayı yolla damarların vəziyyətindən xəbər verən keyfiyyət xüsusiyyətlərini asanlıqla qiymətləndirməyə imkan verir.

Fetoplasentar çatışmazlığın yaranma riskinin yüksək olmasını nəzərə alaraq, fetometriya, KTQ, dölün fonokardioqrafiyasının köməyilə uşağın inkişafına nəzarət edilir. Ciftin vaxtından əvvəl yaranan distrofik əlamətlərinin adətən ikincili xarakter daşıması və onların digər pozğunluqların fonunda formalaşması ilə əlaqədar əsas patologiya müəyyən edilməlidir. Bu məqsədlə infeksion proseslərin laborator diaqnostikası- yaxmanın müayinəsi, mikrobioloji analiz, İFR, İFA, PZR, TORCH-kompleks, uroloq, endokrinoloq, terapevt, kardioloq, infeksionist, dermatoloq, revmatoloq, immunoloq, hematoloqun konsultasiyası məsləhət görülür. Ciftin infarktı, kalsinatları, onun hiperplaziyası və neoplaziyaları (xorioangioma, beçəxor) ilə differensial diaqnostika aparılır.

Ciftin vaxtından əvvəl yetişməsinin müalicəsi

Ciftin vaxtından əvvəl yetişməsi zamanı başlıca məqsəd patologiyalara səbəb olan pozğunluqların korreksiyasından, uşaqlıq-plasentar sistemdə qan dövranının normallaşmasından, optimal doğuş üsulu və müddətinin seçilməsindən ibarətdir. Doğuşönü mərhələdə pasiyentin aparılma taktikası erkən qocalmanın aşkar edildiyi vaxta əsasən təyin edilir:

  • Ciftin vaxtından əvvəl yetişməsinin erkən dövrlərdə aşkarlanması. Hestasiyanın 20-24-cü həftəsində cift toxumasında metabolik-distrofik dəyişikliklərin müəyyən edilməsi qadının hamiləliyin patologiyası şöbəsində müayinəsinə göstəriş sayılır. Belə hallarda hestasiyanın 26-cı həftəsindən başlayaraq, həftədən 1 dəfədən az olmamaqla, qan cərəyanının dopplometrik kontrolu aparılır, dölün tərpənişləri gündəlik hesablanılır. Göbək ciyəsində qan cərəyanının kritik pozulmaları, dölün hipoksiyasının KTQ-əlamətləri, onun böyüməsinin dayanması, dölyanı mayenin həsminin kəskin azalması, uşaq üçün təhlükə daşıyan digər əlamətlərin yaranması zamanı təcili Qeysəriyyə əməliyyatı hətta hestasiyanın 31-33-cü həftələrində də aparıla bilər.
  • Ciftin vaxtından əvvəl yetişməsinin III trimestrdə aşkarlanması. Tədqiqatların nəticələrinə əsasən ciftin vaxtından əvvəl yetişməsinin hestasiyanın 32-37-ci həftələrdə müəyyən edilməsi zamanı hamiləliyin patoloji gedişinin ehtimalı əhəmiyyətli dərəcədə azalır. Lakin ağırlaşmaların vaxtında təyin olunması üçün ultrasəs müayinələrin müntəzəm aparılması və mütəxəssisin müşahidəsi mütləqdir. Belə vəziyyətlərdə təbii doğuşlara üstünlük verilir. Lakin ciftin erkən yetişməsinin dölün inkişafının əhəmiyətli dərəcədə ləngiməsi ilə müşayiət olunduğu hallarda uşaqda kəskin distress-sindromun qarşısını almaq üçün Qeysəriyyə əməliyyatı icra edilir.

Cift toxumasının vaxtından əvvəl yetişməsinin aşkar olunma müddətindən asılı olmayaraq, əsas genital və ekstragenital xəstəliklər müalicə olunmalıdır. Bu məqsədlə antibiotiklər, hormonoterapiya, immunokorrektorlar, ürək-damar və digər medikamentoz vasitələrdən istifadə edilir. Əsas pozğunluğun korreksiyası ilə yanaşı dölün qan təhcizatını yaxşılaşdıran preparatlar- vazodilatatorlar, antiaqreqantlar, amin turşu kompleksləri, essensial fosfolipidlər təyin olunur. Dərman terapiyası qeyri-medikamentoz üsullarla — rasional hərəki aktivlik, pəhrizin korreksiyası, yuxu və istirahət rejiminin normaya salınması ilə tamamlanır.

Ciftin vaxtından əvvəl yetişməsinin proqnoz və profilaktikası

Vaxtında aparılan skrininq və düzgün həkim taktikası ciftin qocalması zamanı bu prosesin ləngidilməsinə, fetoplasentar çatışmazlıq riskinin azaldılmasına, hamiləliyin uşağın doğulması üçün təhlükəsiz sayılan müddətə kimi uzadılmasına kömək edir.

Birincili profilaktikaya genital və ekstragenital xəstəlikləri olan pasiyentlərdə hamiləliyin planlaşdırılması, spesifik infeksiyalardan qorunmaq üçün cinsi əlaqə zamanı baryer kontrasepsiyadan istifadə, invaziv ginekoloji prosedurların əsaslı təyini, siqaret, spirtli içkilər, narkotiklərdən imtina aiddir. Hamiləlik dövründə ciftin normal inkişafı üçün KRVİ və digər infeksion xəstəliklərdən qorunma, hemoqlobinin normal konsentrasiyasının təmini, hərəki aktivlik və rasional pəhriz tövsiyyə olunur. İkincili profilaktika pozğunluğun erkən diaqnostikasına yönəldilir: qadın məsləhətxanasında vaxtında qeydiyyata düşmə, müntəzəm xarakterli planlı baxış və USM məsləhət görülür.

error: Content is protected !!