Çillər
Çillər (efelidlər) — bədənin əsasən açıq sahələrində (üz, çiyin, əl, kürək, döş qəfəsi) lokalizasiya olunan kiçik ölçülü, çox saylı, sarı-qəhvəyi rəngli girdə formalı piqment ləkələrdir. Çillər adətən ilk dəfə 5-6 yaşlarda əmələ gələrək, cinsi yetişkənlik dövründə maksimuma çatır. Efelidlərin yaranma səbəbi irsi amil hesab olunur. Yaz və yay fəslində günəş şüalarının təsirindən çillər çoxalır, qışda isə solğunlaşır. Efelidlər açıq rəngli və ya kürən saçlı insanlarda daha ifadəli olur, yaş artdıqca onların sayı azalır. Çillərin az miqdarda olması üzə şarm və cazibədarlıq verir.
Çillərin yaranma səbəbləri
Çillərin yaranmasında melanin piqmenti sintez edən hüceyrələrin – melanositlərin quruluşunun dəyişməsi ilə bağlı irsi amil həlledici rol oynayır. Bu zaman melanositlər intensiv sürətdə melanin sintez etməyə başlayır. Bundan əlavə onların dəridə düzgün paylanmaması ultrabənövşəyi şüaların təsirindən qeyri-bərabər qaralmaya və çillərin əmələ gəlməsinə gətirib çıxarır. Açıq rəngli və kürən saçlı şəsxlərdə melatonin çatışmazlığı ilə əlaqədar çillərin sayı daha çox olur. Efelidlər öz növbəsində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə reaksiyasıdır, onlar orqanizmi günəş yanıqları və dəri hüceyrələrinin bədxassəli transformasiyasından qoruyur.
İrsi amildən əlavə çillərin yaranmasına hormonal disbalans, stress, qaraciyər və öd kisəsinin xəstəliyi, hipovitaminoz, pilinq vasitələrindən tez-tez istifadə edilməsi səbəb ola bilər.
Çillərin yaranmasının profilaktikası
Çillərin qarşısını almaq üçün yaz aylarında qida rasionuna askorbin və nikotin turşuları (C və PP vitaminləri) ilə zəngin məhsullar əlavə olunmalıdır, çunki onların çatışmazlığı dərinin piqmentasiyasının artmasına gətirib çıxarır. C vitamini meyvə və tərəvəzlərdə, nikotin turşusu isə toyuq və mal əti, qaraciyər, qarabaşaq yarmasında daha çox olur.
Melanin ifrazı və paylaşmasının bərabər səviyyədə getməsi üçün dəri ultrabənövşəyi şüalara kəskin formada deyil, tədricən öyrəşdirilməlidir. Günəşli havada dərini müdafiə etmək məqsədilə papaq və ya çətirdən istifadə etmək lazımdır. Günəş şüalarının daha aktiv olduğu saatlarda (11.00-15.00) uzun müddət açıq məkanlarda qalmaq məsləhət görülmür.
Mart ayından başlayaraq payıza qədər küçəyə çıxarkən dəriyə gündən qoruyucu SPF 15-30 kremin çəkilməsi tövsiyyə olunur. Krem və losyonların tərkibinə daxil olan təbii komponentlər: dəmrovotu və südləyən bitkisinin şirəsi, qəhvə ekstraktı, kakao yağı ultrabənövşəyi şüaların neqativ təsirini azaldır. Həmçinin xinin və ya salol tərkibli kirşan qoruyucu xüsusiyyətlərə malikdir. Yatmazdan əvvəl dərini təmizlədikdən sonra problemli sahələrə ağardıcı kremlər çəkilə bilər.
Çillərin xalq təbabəti ilə aradan qaldırılması
Ağardıcı təsirli təbii vasitələrin tətbiqinə əsaslanan çoxsaylı xalq təbabəti üsulları mövcuddur. Suda həll edilmiş limon (1 stakan sərin suya bir neçə dilim) və ya cəfəri suyu (1 stakan qaynar suya xırda doğranılmış 2 çay qaşığı cəfəri) ilə dərini silməklə çilləri ağartmaq olar. Bundan əlavə təzə xiyar, qreypfrut və ya qara qarağat şirəsi də effektiv sayılır. Onların tərkibindı olan maddələr dəriyə daxil olaraq, piqmenti oksidləşdirir və dərinin rəngini ağardır. Süd məhsulları dərini qıcıqlandırmayan yumşaq ağardıcı təsirə malikdir. Çillərlə mübarizədə xiyardan hazırlanmış spirtli losyon müsbət nəticələr verir. Xiyar toxumlarının üzərinə 40%-li etil spirti və ya araq tökərək, 2 həftə saxlanılır, sonra süzülür və 1:10 nisbətində su ilə qarışdırılır. Dərinin hər gün xiyar losyonu ilə silinməsi və ya 5-10 dəqiqəlik maskalar piqmentasiyanı əhəmiyyətli dərəcədə azaldır. Zəncirotu çiçəklərinin dəmləməsinin təsiri də analojidir. Bir ovuc çiçəyin üzərinə qaynar su tökülür, soyudulur, süzülür və çillərin toplandığı nahiyələrə çəkilir. Çillərə qarşı daha bir təsirli vasitə qıtığotu ilə turşumuş süddən hazırlanmış maskadır. 1/4 stakan südə sürtgəcdən keçirilmiş 1/2 çay qaşığı qıtığotu və 1 xörək qaşığı yulaf unu əlavə olunur, dərinin piqment sahələrinə çəkilir, 15-20 dəqiqədən sonra yuyulur.
Ağardıcı losyon və maskalar gecələr istifadə olunmalıdır. Fitokomponentlər həmçinin hazır kosmetik krem və losyonların tərkibinə də daxil olur. Onlarla müalicə adətən 2-4 həftə təşkil edir. Krem təmiz dəriyə yüngül hərəkətlərlə çəkilir, səhər kremin qalıqları kosmetik salfet silinir və ya sabunla yuyulur.
Çillərin kosmetoloq tərəfindən aradan qaldırılması
Melaninin epidermisdə qeyri-bərabər paylanması çillərin yaranmasına səbəb olur. Bununla əlaqədar efelidlərin aradan qaldırılması yalnız dərinin səthi qatının götürülməsi ilə mümkündür. Bu məqsədlə estetik kosmetologiyada kimyəvi üsullar – dərini ağardan turşu kompleksləri ilə pilinqdən istifadə olunur. Dərinin aparat pilinqlərin (aleksandrit və erbiy lazerlə dərinin cilalanması) köməyilə də təmizlənməsi mümkündür. Dərini ölü hüceyrələrdən təmizləyən, depiqmentləşdirici effektə malik yerli təsirli xüsusi dərman qarışıqlarının tətbiqi məqsədəuyğundur. Məsələn, salisil spirti ilə ağ civə məlhəmi, göl süngəri və 20%-li fenol məhlulunun qarışığı epidermisin üst qatını təmizləyərək, piqment ləkələrini ağardır. Civə tərkibli preparatlar həkim tərəfindən təyin olunmalı və 1 həftədən artıq istifadə edilməməlidir.
Yaşla əlaqədar yaranan çillərlə mübarizənin effektiv üsulu diatermokoaqulyasiyadır.
Bir sıra hallarda çillər dərinin kvarslaşdırması metodu ilə aradan qaldırılır. Adətən günaşırı aparılan 10 seans kifayət edir. Bu üsulun mahiyyəti dərinin deskvamasiyasından ibarətdir. Prosedurdan sonra çillərin itməsi ilə yanaşı, dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığı da azalır. Dərinin kvarsla şüalandırılması mütəxəssisin nəzarəti altında həyata keçirilir.
Lakin qeyd etmək lazımdır ki, çillərlə mübarizdə tətbiq olunan prosedurların əksəriyyəti dərinin qırışması, quruması və erkən qocalmasına gətirib çıxarır. Bu səbəbdən təbii vasitələrə üstünlük vermək tövsiyə olunur.
Çillərin proqnozu
İnsanların bir qismində cillər daimi xarakter daşıyır. Əksər hallarda efelidlər fəsillə bağlı yaranır, qış aylarında isə keçib gedir. Çillərin yaranmasının qarşısının alınması onların müalicəsindən daha asandır. Çoxsaylı mübarizə üsullarına baxmayaraq, bu problem hələ sona qədər həll olunmamışdır. Yalnız peşəkar mütəxəssislərin köməyilə çillərin ifadəliliyini azaltmaq və ya tamamən aradan qaldırmaq mümkündür .