Cinsi yolla keçən infeksiyalar

Cinsi yolla keçən infeksiyalar son zamanlar geniş yayılmışdır. Statistik məlumatlara əsasən dünyada hər 6-cı insan bu xəstəliklərlərdən əziyyət çəkir. Onlara yoluxma yolu qorunmamış intim əlaqədir. 1 dəfəyə 25 növdən çox törədicinin cinsi partnyora keçmə ehtimalı vardır. Onlar arasında xlamidiya, qonokokk, trixomonad, mikoplazma, ureaplazma, papilloma və herpes virusları daha çox qeydə alınır. İnkubasion dövr 2-3 gündən bir neçə həftəyə qədər davam edir.

Cinsi yolla keçən infeksiyalarin növləri

  • bakterial  
  • virus
  • göbələk
  • ibtidailərin törətdiyi infeksiyalar
  • parazitar xəstəliklər

Bakteriya mənşəli cinsi infeksiyalar

Cinsi yolla ötürülən xəstəliklərin bu qrupu çox geniş yayılmışdır. ÜST məlumatlarına görə hər 2 0,5 milyon insanda sifilis, qonoreya və xlamidioz aşkarlanır. Bakterial infeksiyalara aşağıdakılar aiddir:

  • Sifilis. Ağır dərəcəli, xroniki xəstəlikdir. Onun törədicisi solğun treponemadır (Treponema pallidum). Sifilis nəinki cinsiyyət sistemini, həm də əksər daxili orqanları, o cümlədən beyni zədələyir. Xəstəlik müalicə olunmadıqda ciddi fəsadlarla nəticələnir. 
  • Qonoreya. Neisseria gonorrhoeae bakteriyası tərəfindən törədilən zöhrəvi xəstəlikdir. Bakteriya əsasən sidik-cinsiyyət sistemində xəstəlik yaratsa da, düz bağırsaq, ağız boşluğu və gözlər də prosesə qoşula bilər. 
  • Xlamidioz. Cinsi yolla keçən infeksiyalar arasında tez-tez rast gəlinir. Ona Chlamydia trachomatis səbəb olur. Mikroorqanizmin təsirindən kişi və qadınların bütün sidik-cinsiyyət sistemləri zədələnə bilir.
  • Digər infeksiyalar. Bura az yayılmış infeksiyalar: yumşaq şankr, qasıq qranuloması, ureaplazma  və s. daxildir.  

Cinsi yolla keçən virus mənşəli infeksiyalar

Hazırkı dövrdə virus infeksiyalarının əksəriyyətinin tam müalicəsi olmadığından bu tip xəstəliklər ciddi problem sayılır. Müasir təbabət yalnız bu infeksiyaların gedişini tormozlamağa, əlamətləri zəiflətməyə imkan verir. Ancaq virusu bədəndən qovmaq mümkün olmur. Cinsi yolla ötürülən virus infeksiyaları: 

  • İİV infeksiyası. Bu xəstəliyi törədən insan immunçatışmazlığı virusu çox təhlükəlidir. Son mərhələlərdə infeksiya qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə nəticələnir.  
  • Genital herpes. Herpesviridae cinsindən olan viruslar tərəfindən yaranır. Başlanğıcda cinsi orqanlar zədələnsə də, sonralar sinir liflər və prosesə cəlb olunur.  
  • Hepatit B və C virusları. Bu mikroorqanizmlər infeksiya daşıyıcısı ilə qorunmamış cinsi əlaqə zamanı partnyorun orqanizminə daxil olur. Əsasən qaraciyər ciddi dəyişikliklərə uğrayır. Xəstəliyin xroniki gedişində ağır fəsadlar baş verir.
  • Papillomavirus. Onun təsirindən dəri və selikli qişalarda itiuclu kondilomalar, z iyillər əmələ gəlir. Virusun onkogen növləri bədxassəli şişlərə gətirib çıxara bilir.  

Cinsi yolla keçən göbələk infeksiyaları

Göbələk xəstəlikləri adətən yerli immunitet pozulduqda yaranır. Bu hal antibiotiklərin qeyri-düzgün qəbulu, hamiləliik, stress amilləri, immun sistemin zəifləməsi ilə bağlı olur.  

  • Kandidoz. Ona “süd yarası” da deyilir. Xəstəlik şərti-patogen göbələklər tərəfindən formalaşır. Onlar bağırsaq və uşaqlıq yolunun normal mikroflorasının tərkibinə daxildir. Partnyorların birində hər hansı bir səbəbdən bu göbələklər artıb çoxaldıqda, xəstəlik intim yaxınlıq zamanı digərinə keçə bilər. 

İdtidailərin törətdiyi cinsi infeksiyalar

Bəzi ibtidailər cinsiyyət sistemində yaşayaraq, qorunmamış cinsi akt zamanı partnyora ötürülə bilər.  

  • Trixomoniaz. İbtidailərin səbəb olduğu cinsi yolla keçən xəstəliklər arasında ən çox yayılmışdır. Onun səbəbi Trichomonas vaginalis hesab olunur. Statistik göstəricilərə əsasən yer kürəsinin təxminən 1-%-də bu patologiya vardır.  

Cinsi yolla keçən parazitar infeksiyalar

Parazitar xəstəliklər daha mürəkkəb, çoxhüceyrəli orqanizmlər tərəfindən əmələ gəlir. Bu törədicilər insan bədəninə keçərək, onun hesabına yaşayırlar.  

Cinsi yolla keçən infeksiyalar necə ötürülür?

  • yoluxmuş insanla oral, vaginal, anal cinsi əlaqə;
  • hər hansı bir maddənin venadaxili yeridilməsi zamanı ümumi şpris istifadəsi;
  • cinsi infeksiya üçün xarakterik səpgi və yaraları olan insanlar sıx bədən təması;
  • yoluxmuş insanın qanı ilə təmas;
  • steril olmayan tibbi alətlərin istifadəsi;
  • bəzi hallarda xəstə insanların məişət və gigiyena vasitələri ilə.

Cinsi yolla keçən infeksiyaların əlamətləri

– zədələnmiş nahiyədə qızartı;

– intim əlaqə zamanı ağrı;

– ağrılı və tezləşmiş sidik ifrazı;

– cinsiyyət sistemində yara və ziyillər;

– cinsiyyət orqanlarında qaşınma və yanğı hissi;

– ifrazat və qanaxma.

Cinsi infeksiyaların fəsadları

Müalicə gecikdirildikdə kişilərdə prostatit, vezikulit, xroniki uretrit, epididimoorxit inkişaf edə bilər. Bu xəstəliklər nəticəsində impotensiya, sonsuzluq, erkən boşalma kimi problemlər ortaya çıxır.  

Qadınlarda isə endometrit, kolpit, servisit (uşaqlıq boynunun iltihabı), kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, uşaqlıq borularının keçməməzliyi, düşük təhlükəsi və sonsuzluq mümkündür.

Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası

Müalicə sxemi infeksiyanın növündən asılı olduğundan analizin nəticəsinə əsasən fərdi qaydada təyin edilir. 

Profilaktik tədbirlərə isə baryer kontraseptivlərlə (prezervativ) intim əlaqə, daimi partnyorun olması aiddir. 

error: Content is protected !!