COVID-19 kişilərdə spermanın keyfiyyətinə mənfi təsir göstərir

Keçirilmiş koronavirus infeksiyasından sonrakı 3 ay müddətində kişilərdə spermatozoidlərin konsentrasiyası və hərəkətliliyi azalır. SARS-CoV-2 virusunun kişi fertilliyinə məhvedici təsiri haqqında məruzə 26 iyun tarixində Avropa İnsan Reproduksiyası və Embriologiya Cəmiyyətinin (European Society of Human Reproduction and Embryology -ESHRE ) 39-cu illik toplantısında təqdim edilmişdir.

Əvvəlki tədqiqatlar COVID-19 ilə yoluxduqdan sonra qısa müddətdə spermanın xüsusiyyətlərinin araşdırılmasına yönəlmişdi. Sperma keyfiyyətinin azalmasının müvəqqəti və geridönən olduğu və yeni sperma istehsal olunduqca kişilərin məhsuldarlıq göstəricilərinin yaxşılaşdığı güman edilirdi. Lakin bunun belə olmadığı məlum olmuşdur. Professor Rosio Nunez-Kalonqun rəhbərlik etdiyi ispan alimləri məyusedici nəticəyə gəliblər ki, SARS-CoV-2 ilə yoluxduqdan 100 gün sonra belə, sperma konsentrasiyasında və hərəkətliliyində yaxşılaşma olmaya bilər.

Alimlər aşkar etmişlər ki, İspaniyada reproduktiv təbabət klinikasına müraciət edən bəzi kişilərdə spermanın xarakteri COVİD keçirdikdən sonra, hətta yüngül formada keçirsələr belə aşağı olmuşdur. Yeni spermatozoidlərin yaranması üçün 78 gün tələb olunduğundan, spermanın təkrar müayinəsi sağaldıqdan 3 ay sonra aparılmışdır.

Tədqiqatçılar 2020-ci ilin fevralından 2022-ci ilin oktyabrına qədər İspaniyadakı 6 reproduktiv mərkəzə müraciət edən 45 kişini müayinə etmişlər. Pasiyentlərin hamısında COVID-in yüngül forması olduğu təsdiqlənmişdir və infeksiyaya yoluxmazdan əvvəl götürülən sperma nümunələrinin nəticələri həkimlərin ixtiyarında idi. Eyakulyasiyanın yenidən analizi infeksiyadan sonrakı 17- 516-cı günlər arasında aparılmışdır. Kişilərin orta yaş həddi 31 idi.

Tədqiqatçılar infeksiyadan sonrakı 100 gün ərzində götürülmüş bütün nümunələri təhlil etmişlər. SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonrakı müayinələrdə spermanın xüsusiyyətlərində statistik əhəmiyyətli dəyişikliklər aşkar edilmişdir. İnfeksiyadan sonra spermanın həcmi 20% (2,5ml-dən 2 ml-ə), spermatozoidlərin konsentrasiyası ⎼ 26,5% (68 milyon/ml-dən 50 milyon/ml eyakulyasiyaya), spermatozoidlərin sayı 37,5% ( 160 milyon/ml-dən 100 milyon/ml-ə), ümumi hərəkətlilik 9,1% (49% -dən 45% -ə qədər azalıb), canlı sperma sayı 5% (80% -dən 76% -ə qədər) azalmışdır.

Daha çox spermanın hərəkətliliyi və ümumi sayı zərər görmüşdür. Kişilərin yarısının COVID-dən sonrakı ümumi sperma sayı COVID-dən əvvəlki nümunələri ilə müqayisədə 57% aşağı idi. COVID-dən 100 gün sonra sperma konsentrasiyası və hərəkətliliyi hələ də yaxşılaşmamışdır.

“Sperma keyfiyyətinin bərpası üçün nə qədər vaxt lazım olduğunu bilmirik. Elə ola bilər ki, hətta koronavirus xəstəliyinin yüngül forması belə kişilərin reproduktiv qabiliyyətə geridönməz zərərlər verə bilər” – deyə mütəxəssislər bildirmişlər.

Mənbə: ESHRE