Koronavirus (Covid-19)

Koronavirus infeksiyası (Covid-19)– əsasən ağciyər toxumasının virus mənşəli xəstəliyidir. Xəstəliyin patoqnomik əlamətlərinə tənəffüs çatışmazlığı və distress-sindrom aiddir. Bu əlamətlərlə yanaşı pasiyentlər quru öskürək, qızdırma və halsızlıqdan şikayət edir. Xəstəliyin diaqnostikası bioloji materiallarda törədicinin aşkarlanmasından (molekulyar-genetik metod) və virusa qarşı anticisimlərin təyinindən (İFA) ibarətdir. Müalicə simptomatik yolla aparılır. Çünki etiotrop müalicə üsulları hələlik tərtib olunmamışdır.

Koronavirus haqqında ümumi məlumat

Covid-19- sürətlə yayılan respirator infeksiyalara aiddir. Xəstəlik ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində qeydə alınmışdır. Virus buradan Qərbi-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerika, Rusiya və digər ərazilərə yayılmağa başlamışdır. 2020-ci ilin mart ayında ÜST pandemiya elan etdikdən sonra əksər ölkələr ciddi karantin rejiminə keçmişdir.

Koronavirus infeksiyasının səbəbləri

Xəstəıiyin törədicisi- eyni adlı ailənin nümayəndəsi sayılan RNT-tərkibli SARS-CoV2 koronavirus hesab olunur. Bu patogen törədici 2019-cu ildə kəşf olunmuşdur. İnfeksiya mənbəyi xəstə və ya gizli daşıyıcı insandır. Virusun yayılması hava-damcı və fekal-oral yolladır.

Mutasiyalar nəticəsində koronavirusun bir neçə yarımnövü məlumdur:

  • B.1.1.7 (202012/01 və ya 20I/501Y.V1). İlk dəfə 2020-ci ilin sonunda (Böyük Britaniyada) aşkarlanmışdır. Virusun bu növü 10-dan çox mutasiyaya malikdir və onların əksəriyyəti spayk zülalının tərkib elementidir. Müxtəlif mənbələrin məlumatına görə bu variant 50-75% daha kontagiozdur və ilkin virusa nisbətən 25-40% daha asan yayılır.
  • B1.351 (20H/501Y.V2). Bu variant cənubi afrikada idenfikisə olunmuşdur. Virus spayk zülalının daxilində keçirilmiş infeksiya və ya vaksinasiya nəticəsində yaranan immunitetə təsir edən daha bir mutasiyaya-E484K sahibdir. Bu neytrallaşdırıcı aktivliyin belə zəifləmə səbəbi tam aydın deyil, lakin ehtimal edilir ki, vaksin olunmuş şəxslər B.1.351 ştammından qorunmuş olurlar.
  • P.1 (20J/501Y.V3). Bu ştamm yapon alimləri tərəfindən, Braziliya turistlərində aşkarlanmışdır. Məlum olmuşdur ki, bu növ ABŞ da daxil olmaqla, bir çox ölkələrdə yayılmışdır. Koronavirusun bu yarımnövü spayk S-zalalının daxili reseptorlarında mövcud olan 3 mutasiya növü daxil olmaqla bir neçə mutasiyaya malikdir. Törədicinin bu mutant formaları postvaksin immunitetə təsir göstərə, keçirilmiş infeksiyadan sonra müdafiə mexanizmlərini zəiflədə bilir.
  • B.1.427 və B.1.429 (20C/S452R və ya CAL.20C). 2021-ci ilin yanvarında Cənubi Kaliforniyada aşkarlanan virusların 35%-ni bu növ təşkil edirdi. Bu növ L452R daxil olmaqla spayk zülalının bir çox mutasiyalarına malikdir ki, hüceyrələrə keçmə sürəti çox yüksəkdir. İN vitro təcrübələrdə bu mutasiyaların- sağalmış və vaksinasiya olunmuş şəxslərdə plazmada virusu neytrallaşdırmaq qabiliyyətini zəiflətdiyi aşkarlanmışdır. Bu növlər ilkin virusla müqayisədə, burun-udlaqda massiv şəkildə kolonizasiya və artmaq qabiliyyətinə malikdirlər.
  • B. 1.617. Koronavirusun bu növü bir neçə subvariantın (B. 1.617.1, B. 1.617.2 və B. 1.617.3) cəmindən ibarətdir. İlk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanmışdır. Törədicinin kliniki və epidemioloji xarakteristikası natamamdır. Vaksinasiyanın Hindistan ştammına təsiri haqda informasiya yoxdur. Məlum olan məhdud informasiyaya görə, vaksinasiya olunmuş və ya xəstəlikdən sağalmış şəxslərdə müəyyən miqdarda B.1.617 ştammının plazmada neytrallaşdırılması aktivliyinə malik olduğu qeyd olunur.
  • B.1.1.529 (Omicron). İlk dəfə Cənubi Afrikada (CAR, Botsvana), 2021-ci ilin sonlarında aşkarlanmış və çox qısa zamanda bütün kontinentlərə yayılmışdır. SARS-CoV-2 S-zülalının çoxlu sayda (>50) mutasiyası və digər ştamlara nisbətən daha yüksək kontagiozluğu ilə seçilir. Omikron-ştamla yaranan xəstəlik, daha çox yüngül və orta ağır gedişli KRVİ şəklində təzahür edir.

COVİD-19-un (Koronavirusun) risk amilləri

Risk qrupuna tibbi və sosial xidmət sahəsində çalışan şəxslər, transplant pasiyentlər, hamilələr, eləcə də sistemli qlükokortikosteroid, sitostatik qəbul edən pasiyentlər daxildir. Covid-19 infeksiyasının başlıca risk amilləri aşağıdakılardır:

  • yaş faktoru (65>);
  • şəkərli diabet, ürək-ağciyər xəstəlikləri, onkoloji törəmələr;
  • Böyrək xəstəlikləri, oraqvari hüceyrə anemiyası olan xəstələr, piylənmə, immunodefisitli xəstələr.

Koronavirus infeksiyasının patogenezi

Xəstəliyin patogenezi indiyə qədər öyrənilməkdədir. Bir çox mütəxəssislərin fikrincə koronavirusun patogenezi atipik pnevmoniya ilə oxşardır. Törədici yuxarı tənəffüs yollarına düşdükdən sonra burun və ağız-udlağın epitel hüceyrələrində koloniyalar yaradır. Sonra koronaviruslar alveositlərin daxilinə keçir. Törədicinin replikasiyası burada baş verir.

Hazır virionlar hüceyrə xaricində yerləşərək epitel hüceyrələrinin birləşməsinə, birləşdirici toxumanın formalaşmasına səbəb olur. Bir müddət sonra ağciyər toxumasına çoxlu miqdarda zülal və maye hopur, surfaktant sürətlə parçalanır. Alveolların kollapsı baş verir, qaz mübadiləsi kəskin azalır. Eyni zamanda T-limfositlərin səviyyəsi aşağı düşür, iltihabönü sitokinlərin (İL-6, ŞNF-alfa) miqdarı artaraq sitokin fırtınası”nadək yüksələ bilər. Hiperqoaqulyasiya fenomeninə səbəb virusun bilavasitə endoteli zədələməsi, məcburi immobilizasiyaya bağlı qanın durğunluğu, sirkulyasiya edən protrombotik faktorların ( Vellebrant faktoru, VIII faktor, D-dimer, fibrinogen və s) artmasıdır.

Virusun nukleokapsidi tüpürcək, gözyaşı vəziləri, həzm sistemi və sidikçıxarıcı yolların epitelial hüceyrələrinin daxilində də aşkarlanır.

Koronavirus infeksiyasının təsnifatı

COVİD-19 antigenləri bütün orqan və sistemlərdə aşkarlansa da, əsasən respirator sistemin aşağı şöbələrinin zədələnməsi ilə xarakterizə olunur. Kliniki gedişi və təzahür formalarına görə xəstəliyin gedişi aşağıdakı formalara bölünür:

  1. Yüngül. Müxtəlif kataral əlamətlər, < 38°C qızdırma, bəzən pnevmoniya ilə xarakterikdir.
  2. Orta ağır. Uzunmüddətli qızdırma (> 38°C), fiziki aktivlik zamanı təngnəfəslik, KT-də dəyişikliklərlə müşayiət olunur.
  3. Ağır. Huşun bulanıqlığı, ajitasiya, tənəffüs çatışmazlığı ilə özünü büruzə verir.
  4. Çox ağır. KRDS, sepsis, poliorqan çatışmazlığı ilə xarakterikdir.

Koronavirus infeksiyasının (Covid-19) əlamətləri

İnkubasiya dövrü 2-14 gün, orta hesabla 5-7 gün çəkir. Çox zaman KRVİ-na bənzər simptomlar meydana çıxır: müxtəlif dərəcəli qızdırma, quru öskürək, boğazda qaşınma. Xəstələr dadbilmə, qoxu hissinin itməsi, baş ağrılarından şikayət edir. Xəstələrin 1/3-də təngnəfəslik: xüsusilə uzanmış vəziyyətdə artan hava çatışmazlığı, nəfəsalma və nəfəsvermə zamanın əlavə güc sərf etmək xarakterikdir.

Ətrafdakılar qabırğaarası sahələrin, körpücükaltı çüxurların içəri batdığını müşahidə edirlər. Pasiyentlər əlləeinə söykənərək məcburi vəziyyət alırlar, tez yorulurlar, tənəffüs səsli olur, dəri göyümtül çalar alır. 12-19% hallarda COVİD-19 qastrointestinal simptomlarla: tezləşmiş sulu nəcis ifrazı, qarında diskomfort hissi və ağrı, eləcə də ürəkbulanma, qusma ilə manifestə edir. Belə hallarda təngnəfəslik 5-8 gün sonra meydana çıxır.

Koronavirus zamanı dəri səpkiləri müxtəlif xarakterə malik olur: suluq, ləkə, qabarıqlar və digər elementlər; qovuqcuqlar, ödem, xoralar, çox vaxt ətrafların zədələnməsi də qoşulur. 80 yaşdan yuxarı, eləcə də neyrokoqnitiv pozğunluqları olan şəxslərdə COVİD-19-un ilkin simptomları deliriy: görmə hallusinasyaları, sayıqlama, zaman və məkan oriyentasiyasının pozulması ilə göstərir.

Uşaqlarda bədən temperaturunun yüksəlməsi, dəridə və selikli qişalarda müxtəlif xarakterli səpkilərin formalaşması, boyun limfa düyünlərinin böyüməsi ilə özünu büruzə verən multisistemli iltihab sindromu (MİS-,C, Kavasakiyəbənzər) inkişaf edə bilər. Qızdırmanın zirvəsində pasiyentlər çox zaman qızarma, gözlərdə diskomfort, göz yaşının axması, oynaqlarda ağrı və hərəkət məhdudiyyəti, ürəkbulanma, qusma, diareyadan şikayətlənirlər.

Xəstənin təcili hospitalizasiyasını tələb edən simptomlara: artan təngnəfəslik, qanhayxırma, sinədə davamlı ağrılar, huşun qəfil pozulması, yaddaş pozğunluqları, oyana bilməmək və ya qısa ayıqlıq dövrləri, ağız-burun üçbucağının və ya bütün üzün, ətrafların göyümtül-bənövşəyi çaları daxildir. Həmçinin, davamlı ishal, qıcolmalar, sidik ifrazının 12 saat müddətində tam olmaması həkimə muraciət üçün göstərişdir.

Koronavirusun fəsadları

Əksər hallarda (41%-dək xəstələr) respirator distress-sindromun əlamətləri inkişaf edir və onun inkişafı əsasən 65 yaş və üzəri şəxlərdə, şəkərli diabet, arterial hipertenziya xəstələrində rast gəlinir. 10-40% xəstələrdə tromboembolik ağırlaşmalar: ağciyər arteriyasının tromboemboliyası, dərin venaların trombozu, insult rast gəlinir. Ürək ritminin pozulması 17%, miokardın zədələnməsi 7%, infeksion-toksiki şok 9% hallarda rast gəlinir.

30% hallarda ensefalopatiya inkişaf edir. Nadir fəsadlara Qieyna-Barre sindromu (10%), ikincili aspergillyoz (8-28%), immun trombositopeniya (7%), spontan pnevmotoraks (0,56%) daxildir. Keçirilmiş xəstəlikdən sonra postkovid sindromu: yorğunluq, təngnəfəslik, sinədə ağrı, öskürmə qalır. COVİD-19-a görə müalicə almış şəxslərdə psixi (narahatlıq, depressiya, PTSP) və koqnitiv (yaddaşın, konsentrasiyanın zəifləməsi) simptomlar müşahidə oluna bilər.

Koronavirusun diaqnostikası

Koronavirus infeksiyasının diaqnozunun verifikasiyası və müalicəsi həkim-infeksionistlər, bəzən isə reanimatoloqlar tərəfindən aparılır. Digər tibb personalı tələbata görə müalicəyə cəlb oluna bilər. Epidemioloji anamnezin toplanması çox vacibdir. COVİD-19-un əsas kliniki, instrumental və laborator göstəriciləri aşağıdakılardır:

  • Fizikal əlamətlər. Əsas göstəricilərə tənəffüs çatışmazlığı əlamətləri- məcburi vəziyyət, göyümtül dəri çaları, təngnəfəslik daxildir. Quru, bəzən isə bəlğəmli öskürək, müxtəlif səpkilər və qızdırma müşahidə olunur. Ağciyərlərdə zəifləmiş tənəffüs, nadir hallarda- perkutor səsin kütləşməsi olur. Əsnəyin hiperemiyası, burun tutulması, palpasiya zamanı qarında ağrı, qurultu müşahidə olunur. Duru nəcisin, qusuntu kütləsinin vizual qiymətləndirilməsi aparılır.
  • Laborator göstəricilər. Qanın ümumi analizində limfopeniya, trombositoz aşkarlanır. Qanın biokimyəvi analizində C-reaktiv zülalın, kreatininin, LDH, transaminaza, ferritinin artması, turşu-qələvi müvazinətinin disbalansı müşahidə olunur. Bir çox hallarda hiperqlikemiya, eləcə də hiperkoaqulyasiya: Protrombin indeksinin, fibrinogenin artması, antitrombinin azalması baş verir. Kritik gediş prokalsitoninin, D-dimerin yüksək səviyyəsi və ağır limfopeniya ilə müşayiət olunur.
  • İnfeksion agentlərin aşkarlanması. Diaqnozun verifikasiyası PZR (RT PZR SARS-CoV2) vasitəsilə aparılır. Material kimi burun-udlaqdan, burundan, tüpürcəkdən, eləcə də mayelərdən (sintezi üçün indurasiya etmək lazım deyil), bronxoalveolyar lavajdan və aşağı tənəffüs yollarının aspiratından istifadə olunur. Hesab olunur ki, yaxmada virusun maksimal səviyyəsi simptomların aşkarlanmasından öncə olur; 5-40% hallarda yalançı müsbət nəticə ola bilər.
  • Seroloji skrininq. PZR-lə aşkar olunmayan, eləcə də simptomsuz və ya subklinik infeksiya şübhəsi olduqda xəstəliyin aktivlik dərəcəsini təyin etmək üçün İFA müayinəsi aparılır. İFA həmçinin, infeksiyaya qarşı immuniteti olan şəxsləri aşkar etməyə imkan yaradır: qoruyucu antitel titri hələ ki, dəqiq müəyyən olunmamışdır.
  • İnstrumental müayinələr. Döş qəfəsinin KT müayinəsi zamanı ikitərəfli, xüsusilə ağciyərlərin alt paylarında “buzlu şüşə” görüntüsü tipində kölgəlik, 83% xəstələrdə plevranın, xəstələrin yarısında paylararası arakəsmənin qalınlaşması, damar kələfləri boyunca, əsasən subplevral yerləşmiş ocaqlı infiltratlar xarakterikdir. Daha az hallarda bronxoektazlar, plevral, perikardial maye toplanması, limfadenopatiya aşkarlana bilər. Dinamik KT-müayinəsi nəzarəti aparılmalıdır. KT müayinəsi olmadıqda ağciyərlərin USM-i aparıla bilər. USM zamanı ağciy\rl\rd\ qalınlaşma, plevral xətlərin arakəsməli görüntüsü aşkarlanır. Subplevral B-xətlər diskret, multifokal və ya qovuşmuş şəkildə təsvir olunur. Ləkəli, zolaqlı və düyünlü konsolidasiyalar vizualizə olunur; havasız ağciyər fonunda bronxların hava ilə dolma effekti (alveolyar ödem və ya pnevmoniya əlamətləri) müşahidə olunur.

Simptomsuz şəxslərin müayinəsi xəstə ilə kontakt və ya insanların kütləvi olduğu yerdə məcburi olması zamanı aparılır. Hadisədən və ya real xəstə ilə kontaktdan 5-7 gün sonra PZR-testi məsləhət görülür.

Differensial diaqnostikası

Differensial diaqnoz respirator infeksiyalarla aparılır və əsasən fərq yalnız laborator göstəricilərdə olur. Oxşar kliniki simptomlar aşağıdakı patologiyalarla aparılır:

  • Qripp;
  • respirator-sinsitial virus infeksiyası;
  • SARS
  • MERS.

Tənəffüs çatışmazlığı klinikasını bakterial mənşəli pnevmoniya, XOAX, bronxoektatik xəstəlik də verə bilər. Qazabənzər maddələrlə zəhərlənmələr, anafilaksiya zamanı adətən dəqiq anamnez olur.

COVİD-19-un müalicəsi

Yeni koronavirus infeksiyası xəstələrinin əksəriyyətinin müalicəsi- ağır gedişli, fəsadların inkişaf üçün risk qrupuna daxil olanlar, epidemioloji göstərişlərin möcudluğu inkar olunmaqla əsasən ambulator şəraitdə aparılır. Yataq və ya yarım yataq rejimi, adekvat oksigenasiya, maye itkisinin bərpası təyin olunur. Yaşlılarda, eləcə də, STA -da olan xəstələrdə nutrient balansının bərpası vacib müalicə tədbirlərindəndir.

Konservativ müalicə tədbirləri

Müalicəni xəstəliyin ilk həftəsindən (ilk simptomlar meydana çıxan kimi) başlamaq lazımdır. Tənəffüs çatışmazlığının proqressivləşməsi zamanı intensiv terapiya şöbəsinə köçürülmə məsləhətdir. COVİD-19 -un yüngül formalarında xəstələr adətən 2 həftə ərzində sağaldıqları halda, ağır xəstələrdə rekonvalessensiya dövrü 2-3 ay və daha uzun çəkir. Adətən aşağıdakı müalicə taktikası tətbiq olunur:

  1. Etiotrop müalicə. RNT-polimerazanın selektiv inhibitorları,adenozintrifosfatın analoqu, rekombinant alfa interferon, həmçinin interferon induktorları, virusəleyhinə vasitələr, antikovid plazma təyin olunur. Rekombinant monoklonal antitellər, insan immunoqlobulini təyini məsləhətdir.
  2. Patogenetik müalicə. Hospitalizasiya olunmuş pasiyentlərdə yanus-kinaza, İL-17, İL-6 inhibitorları və ya İL-6 reseptorlarının blokatorları təyin olunur. Ağır xəstələrdə qlükokortikosteroidlərin, İL1β inhibitorlarının istifadəsi göstərişdir. Antitrombotik terapiya (antikoaqulyantlar),Kəskin respirator distress-sindrom zamanı ekzogen surfaktant preparatları təyin olunur.
  3. Simptomatik terapiya. Meydana çıxmış simptomları aradan qaldırmaq üçün hərarətsalıcı preparatlar, nazal dekonhestantlar, mukolitiklər və digər dərman preparatları təyin olunur. Yaşlılara, eləcə də ahıl yaşlılarda deliriy halları müşahidə olunarsa trankvilizatorlar təyin oluna bilər. İkincili bakterial infeksiyanın təsdiqini tapdığı hallarda antibakterial preparatlar təyin olunur.

Proqnoz

Dekompensəolunmuş somatik patologiyalar müşahidə olunmayan xəstələr zamanında həkimə müraciət edikdə proqnoz qənaətbəxş olur. Başlanğıcda ağır olmayan bəzi pasiyentlərdə xəstəlik həftə ərzində qəfil proqressivləşə bilər. COVİD-19 xəstələri arasında letallıq 2,3% təşkil edir. Qeyri qənaətbəxş proqnoz əsasən intensiv terapiya şöbəsinə yatırılmış xəstələrinə şamil olunur.

COVİD-19-un profilaktikası

Qeyri-spesifik profilaktika

Qeyri-spesifik profilaktika tədbirlərinə əhalinin kütləvi toplandığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq, maska və ya respiratorlardan istifadə, şəxsi gigiyenaya ciddi riayət daxildir. Xəstə və kontaktda olanların izolyasiyası, sosial məsafə saxlama, xroniki xəstəliklərin kompensasiyası üçün zamanında müalicəyə başlamaq da böyük əhəmiyyət kəsb edir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yüksək risk qrupununun skrininqi də çox əhəmiyyətlidir.

Vaksinasiya

COVİD-19-a qarşı ilk vaksinin tətbiqi 2020-ci ilin mart ayında aparılmışdır. İmmunizasiya preparatlarının yaradılması üçün fərqli yanaşmalar mövcuddur: RNT-vaksinlər, vektor, rekombinant zülali, inaktivləşdirilmiş vaksinlər. Erkən təcrübələr zamanı bunların heç biri təhlükəli nəticələr vermədi, lakin hər birinin müəyyən iştirakçılar qrupunda sistem əlavə təsirləri (qızdırma, titrətmə, baş ağrısı, yorğunluq, mialgiya, artralgiya) müşahidə olunmuşdur.

error: Content is protected !!