Dəri çatları (striyalar)

Dəri çatları (striyalar) – dərinin daha çox gərildiyi nahiyələrdə lokalizasiya olunan zolaq şəkilli qüsurlardır. Yeni yaranan çatlar çəhrayı və ya qırmızı-bənövşəyi rəngdə olur; zamanla onlar rəngsizləşərək, ağ atrofik xətlərə çevrilir. Dəri çatları əsasən süd vəziləri, qarın və bud nahiyəsində müşahidə edilir. Onlar sadəcə kosmetik qüsur olub, heç bir fiziki diskomfort törətmir, lakin hətta bu halda qadınların əksəriyyəti çatların yaranması ilə heç cür barışa bilmir. Striyaları aradan qaldırmaq (və ya ifadəliliyini azaltmaq) məqsədilə kimyəvi pilinq, dərinin lazerlə cilalanması, yosunlu bürünmə və s. prosedurlardan istifadə olunur.

Dəri çatları barədə ümumi məlumat

Qadınların təxminən 2/3 hissəsi hamiləlik və laktasiya dövrundə,  eləcə də artıq bədən çəkisinin kəskin itirilməsi zamanı sinə, qarın və bud nahiyəsində çatların yaranmasını müşahidə edirlər. Striyalar dəri liflərinin müəyyən bir qrupunun mikrotravması nəticəsində yaranan çapıq dəyişikliyidir.

Baxmayaraq ki, dəri çatları sağlamlıq üçün heç bir təhlükə daşımır, onlar estetik cəhətdən narahatlıq törədir. Qadınların bəziləri məhz bu səbəbdən açıq paltar və çimərlik geyimlərindən imtina edir. Digər kosmetik qüsurlar kimi çatlarla da onların hələ yaranmasından əvvəl mübarizə aparmaq lazımdır.

Dəri çatlarının təzahürləri

Bədəndə 3 növ striyalara rast gəlinir: dərin olmayan sapvari ağımtıl zolaqlar, açıq-çəhrayı rəngli kiçik ölçülü çapıqlar və rəngi getdikcə açılan göy–tünd-qırmızı  boylama çapıqlar.

Striyalar adətən bud, qarın, sinə nahiyəsində, hormonal dəyişikliklər olduqda isə üzdə əmələ gəlir. Bədən çəkisinin kəskin itirilməsi nəticəsində yaranan çatlar gövdədə vertikal, endokrin pozğunluqlarla bağlı olan striyalar isə horizontal istiqamətdə yerləşir.

Hormonal tənzimin pozulması və ya dərinin həddindən artıq dartılması zamanı onun kollagen və elastin lifləri uzanır, nazilir və  cırılır. Liflərin zədələndiyi nahiyələrdə birləşdirici toxuma çoxalmağa başlayır. Çatlar əvvəlcə çəhrayı-bənövşəyi rəngdə olur, bir müddətdən sonra solğunlaşaraq, sədəfi-ağ rəng alır. Vaxtında tədbir görülmədikdə striyalar zaman keçdikcə çapıqlara bəznəyir. Tünd və ya qaralmış dəridə striyalar daha aydın nəzərə çarpır, bu da birləşdirici toxumanın tərkibində piqmentin olmaması və onun günəş şüalarının təsirindən rəngini dəyişməməsi ilə bağlıdır.

Dəri çatlarınin yaranma səbəbləri

Dəri çatları (striyalar) böyrəküstü vəzilərin qabıq maddəsinin hormonu – kortizolun hipersekresiyası nəticəsində əmələ gəlir. Kortuzolun səviyyəsinin artması dəri liflərinin gərilmə, nazilmə, cırılmasına və nəticədə çatların yaranmasına səbəb olur.

Liflərin cırılması və çapıqlaşmanın formalaşması həm də dərinin elastikliyinin və ya regenerasiya qabiliyyətinin zəif olması ilə bağlıdır. Liflərin daxili mikrotravmaları cırılmanın baş verdiyi nahiyələrdə birləşdirici (çapıq) toxumanın artmasına gətirib çıxarır.

Bud, sağrı, qarın, sinə nahiyəsində striyaların yaranma səbəbləri müxtəlif ola bilər: cinsi yetişkənlik, hamiləlik,  çəkinin kəskin dəyişməsi və s. Həmçinin striyaların formalaşmasında irsi amil rol oynayır. Bundan əlavə endokrin pozğunluqlar zamanı əvəzedici hormonoterapiya striyaların əmələ gəlməsinə səbəb ola bilər.

Uzunmüddət steroid hormonlar (hidrokortizon, prednizolon və böyrəküstü vəzilərin qabıq maddəsinin digər hormonları) qəbul etməyə məcbur olan insanlarda, eləcə də İtsenko-Kuşinq sindromlu xəstələrdə dəri çatları üz və bütün bədəndə yarana bilər. Bu tip striyalar hamilələr və ya yeniyetmələrdə müşahidə olunan çatlarla müqayisədə daha iri olub, geniş sahəni əhatə edir.

Dəri çatlarının profilaktikası

Obyektiv  səbəblər: hamiləlik, endokrin problemlər, dərinin zəif elastikliyi fonunda striyaların yaranamasının qarşısını almaq o qədər də asan deyil.  Lakin bu problemə ciddi və məsuliyyətlə yanaşdıqda məsələni həll etmək mümkündür.

Bu və ya digər səbəblərdən çəki itirən və ya əksinə, qazanan qadınlar preventiv tədbirlər görməlidir. Hamiləlik dövründə sinə, qarın, bud nahiyələrinin gərilməsi ilə əlaqədar bədənin həmin sahələrinə xüsusi qulluq edilməlidir. Striyaların profilaktikası üçün dermatokosmetoloqlar tərkibində A, E, və C vitaminləri, kollagen-elastin kompleksi olan kremlərdən istifadə etməyi məsləhət görürlər.

Peşəkar kosmetik xətlərin -Decleor, Babor, Biotherm təklif etdiyi xüsusi kremlər striyaların qarşısını effektiv şəkildə alır. Həmçinin yuxarıda qeyd olan zonaların zeytun yağı ilə masajı ümsbət nəticə verir. Bu vasitələrin gündəlik tətbiqi çatların yaranmamasına 100% zəmanət verməsə də, bir sıra hallarda arzuolunan nəticəni əldə etməyə imkan verir.

Müasir kosmetologiya sənayesi müxtəlif çeşidli fitokremlər: Biotherm (Biovergetures), Galenic (Specific Vergetures), Gernetic, Lierac (Photolastil), Phytomer (Pre Vergetures),Vichy (Vergetures) və s. istehsal edir, bu məhsullar striyaların yaranması ilə effektiv mübarizə aparır. Dərini möhkəmlədən kremlərin tərkibinə bir qayda olaraq, aktiv nəmləndirici komponentlər (aloe şirəsi, xitozan, hialuron turşusu), eləcə də vitamin-mineral kompleksləri, kollagen, amin turşular və zülal hidrolizatları daxil olur. Bu vasitələrin mütləq inqrediyenti zəif və dartılmaya məruz qalan dərini qaidalandıran bitki yağlarıdır (avokado, xiyar otu, üzüm toxumları, kakao, soya, çaytikanı, eşşəkqulağı, dəvətikanı,  itburnu və s.).

Hamiləlik dövründə dəri çatlarının profilaktikası

Striyaların profilaktikasına hələ hamiləlikdən əvvəl başlamaq lazımdır. Bu məqsədlə vakuum və ya ümumi gigiyenik masaj məsləhət görülür.  Masaj prosesində bitki yağlarına üstünlük verilir, onlar dərinin elastikliyini və qidalanmasını artırır.

Palçıq və yosunla bürünmə hüceyrələrə əvəzolunmayan amin turşuları, vitamin və mineralların daxil olmasına şərait yaradır, dərinin tonus və turqorunu yaxşılaşdırır.

Hamiləlik dövründə masaj ev şəraitində də aparıla bilər: duş qəbulundan sonra yumşaq dəsmalla yüngül qızartı yaranana qədər bədən ehmalca sürtülür. Bu üsulla dərinin qan dövranı və qidalanması gücləndirilir, striyaların yaranmasının qarşısı alınır. Bundan əlavə hamilələrə dərini çatlardan müdafiə edən xüsusi elastik geyim və bandaj məsləhət görülür.

Dəri çatlarının müalicəsi

Müalicənin effektivliyi striyaların yaranma vaxtından asılıdır. Yeni, 1 ildən az müddətdə mövcud olan çatları aradan qaldırmaq və ya onların təzahürlərini əhəmiyyətli dərəcədə azaltmaq  mümkündür. Köhnə striyalardan azad olmaq isə təəssüf ki, real deyil.

Çatların müalicəsi müxtəlif üsulların müştərəkliyindən ibarət, intizam və səbr tələb edən uzunmüddətli prosesdir.

Kimyəvi pilinq

Onun təsiri çapıqlara güclü turşuların (alfa-hidroksi turşular, trixlorsirkə və ya fenol  turşular) çəkilməsinə əsaslanır. Bu maddələr epidermisi yandırmaqla kollagenin sintezini aktivləşdirir. Fenol turşuları daha effektiv və aktiv təsirə malikdir, lakin onların tətbiqi ciddi əlavə reaksiyalara səbəb ola bilər. Prosedur ağrılı olduğundan narkoz altında aparılır. Aktiv maddənin yüksək toksikliyi ilə əlaqədar bir sıra əks-göstərişlər (məsələn, ürək-damar xəstəlikləri) mövcuddur. Trixlorsirkə və alfa-hidroksi turşuların təsiri bir o qədər dərin olmayıb, yumşaqdır. Müsbət nəticənin əldə olunmasında adevat predpilinq terapiya və mütəxəssisin peşəkarlığı mühüm əhəmiyyət kəsb edir.

Lazer pilinq

Lazer pilinqdən əvvəl xüsusi hazırlıq görülməlidir. 1-2 ay ərzində  dəriyə tərkibində yüksək miqdarda askorbin turşusu olan krem çəkilməlidir. Lazer pilinq stasionarda narkoz altında icra olunur. Manipulyasiya zamanı həkim çapıq sahələrinə lazer dəstəsi ilə təsir etməklə onları qatlarla yandırır. Prosedur 1 saatdan az davam edir. Pasiyent 1 gündən sonra evə buraxılır, lakin 2 həftəlik  ambulator müayinə təyin edilir. Lazerin təsirindən sonra dəridə yanığı xatırladan ödem və qızartı əmələ gəlir. Bu nahiyələr xüsusi bərpaedici kremlə işlənməlidir. 3 ay müddətində günəş vannası qəbul etmək məsləhət görülmür, bu səbəbdən lazer pilinqi payız və ya qış aylarına planlaşdırmaq tövsiyə olunur.

Plastik cərrahiyyə

Striyaların ən effektiv və radikal müalicə üsuludur. Abdominoplastika zamanı qarnın ön divarının artıq dərisi striyalarla birgə kəsilir. Cərrahi müdaxilənin çatışmazlıqlarına irinli ağırlaşmaların yaranma riski, yaranın gec sağalması, kobud postoperasion çapığın formalaşması aiddir. Abdominoplastikanın 7-10-cu günündə tikişlər sökülür, tam sağalma üçün 2 həftə tələb olunur.

Bürünmə

Yeni yaranan və kəskin nəzərə çarpmayan çatlarda yosunlu bürünmə (talassoterapiya) tətbiq oluna bilər. Dəniz yosunu Spirulina dərinin vitamin və mikroelementlərlə zənginləşdirərək, onun tonus və turqorunu artırır. Quru və təmiz dəriyə yosun maskası çəkilir, bədəni isidən termoyorğanla örtülür. İsti mühit yosunun tərkibindəki faydalı maddələrin dəriyə keçməsini asanlaşdırır. Yosun maskası adi su ilə yuyulur. Müalicə kursu 6-12 prosedurdan ibarətdir. Yosunlu bürünmədən sonra dərinin tonus, turqor və relyefi əhəmiyyətli dərəcədə yaxşılaşır. Yeni (6 aydan az davam edən) striyalar tamamən itə bilər. Talassoterapiyanın ultrasəs terapiyası və A vitamininin törəməsi sayılan preparatlarla (retinol) müştərəkliyi daha effektivdir. Bu halda liftinq (dərinin tonusunun artması),  pilinq effekti (epidermisin buynuz qatının ölü hüceyrələrinin soyulması) və limfodrenaj (artıq mayenin xaric edilməsi) əldə edilir.  Nəticədə əzələlər dartılır, dərinin relyefi hamarlaşır, çatlar itir. Lakin bu üsul yalnız yeni yaranan və kəskin nəzərə çarpmayan striyalarla mübarizədə müsbət nəticə verir.

Çatlar dərinin dərin qatlarının zədələnməsi nəticəsində yarandığından onların müalicəsi hər zaman effektiv olmur. Striyalar hamiləliklə bağlı olmayıb, digər fizioloji dəyişikliklərlə (AT-nin yüksəlməsi, çəkinin artması, üz, sinə və kürək nahiyəsinin tüklənməsi) müşayiət edilərsə, bu vəziyyətin endokrin patologiyalar tərəfindən törədilməsi ehtimal olunur və  pasiyent həkim-endokrinoloqun qəbuluna yönəldilir.

error: Content is protected !!