Dərin venaların trombozu
Dərin venaların trombozu – venalarda qanın normal cərəyanına mane olan qan laxtalarının (trombların) yaranması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəlik kəsici ağrılar, ödem, sianoz, səthi hipertermiya, zədələnmiş venaların palpasiyası zamanı ağrı hissi, səthi venaların qabarması ilə özünü büruzə verir. Yekun diaqnoz aşağı ətraf venalarının USDQ və dupleks skanlamanın nəticələrinə əsasən qoyulur. Dərin venaların trombozunun müalicəsi koaquloqrammaya nəzarət edilməklə heparinlə aparılır; ehtiyac yarandıqda tromb cərrahi yolla xaric edilir.
Dərin venaların trombozu barədə ümumi məlumat
Klinik flebologiyada aşağı ətrafların dərin venalarının trombozuna digər lokalizasiyalı venoz trombozlarla müqayisədə daha çox rast gəlinir. Tromblar yalnız dərin venalarda deyil, həmçinin səthi damarlarda da yarana bilər, lakin səthi venaların trombozu (səthi tromboflebit) çox nadir hallarda ciddi problemlərə səbəb olur. Tromboflebitdən fərqli olaraq, dərin venaların trombozu pasiyentin həyatı üçün təhlükə törədən ağırlaşmaların yaranma riski ilə əlaqədar təxirəsalınmaz tibbi yardımin aparılmasını tələb edir.
Dərin venaların trombozunun yaranma səbəbləri
Xəstəlik bir neçə amillərin kompleks təsirindən yaranır:
- Mexaniki, kimyəvi, allergik və ya infeksion agentlərin təsirindən venoz divarın daxili örtüyünün zədələnməsi;
- Qanın laxtalanma sisteminin pozulması;
- Qan cərəyanının zəifləməsi.
Bəzi hallarda qanın özlülüyü artır. Venoz divarda qanın normal cərəyanına maneə yarandıqda trombların əmələ gəlmə ehtimalı yüksəlir. Vena divarında yaranan kiçik tromb divarın iltihabına və zədələnmənin artmasına səbəb olmaqla digər trombların formalaşmasını sürətləndirir.
Dərin venaların trombozu aşağı ətraf venalarında durğunluq nəticəsində inkişaf edir. Durğunluq uzun müddət hərəkətsizlik və ya hipodinamiya fonunda yaranır.
Dərin venaların trombozunun təkanverici amillərinə aşağıdakılar aiddir:
- Travma, əməliyyat, həddindən artıq fiziki gərginlik;
- İnfeksion xəstəlik;
- Cərrahi müdaxilədən sonra, nevroloji və terapevtik xəstəliklərdə uzunmüddətli hərəkətsizlik;
- Doğuşdan sonrakı vəziyyət;
- Peroral hormonal kontraseptivlərin qəbulu;
- Bədxassəli şişlər (xüsusən – mədə, ağciyərlər və mədəaltı vəzinin xərçəngi);
- DDL-sindromu.
Davamlı oturaq vəziyyət xəstəliyin yaranma riskini artırır. Qərbdə «ekonom sinif sindromu» və «televiziya tromboflebiti» terminləri mövcuddur. Birinci halda uzunmüddətli uçuşlardan sonra dərin venaların trombozunun yarandığı şəxslər, ikinci halda isə televizor qarşısında çox vaxt keçirmələri səbəbindən bu patologiyaya tutulan yaşlı pasiyentlər nəzərdə tutulur. Hər iki halda xəstəliyin təkanverici amili ayaqların aşağı sallanması hesab olunur, belə vəziyyət normal venoz axına mane olur.
Qanın venalarla geri qayıtmasında əzələlərin yığılması mühüm rol oynayır. Əməliyyatdan sonra və bəzi xroniki xəstəliklər zamanı pasiyent uzun müddət hərəkətsiz qalır. Nəticədə aşağı ətraflarda dərin venaların trombozuna gətirib çıxaran durğunluq inkişaf edir.
Oral kontraseptivlərin qəbulu, qan xəstəlikləri, bədxassəli şişlər zamanı hiperkoaqulyasiya (qanın laxtalanmasının artması) ilə əlaqədar tromboz müşahidə olunur. Bəzi hallarda dərin venalarda qan cərəyanının pozulması Bürger xəstəliyindən (allergik mənşəli obliterasiyaedici trombangiit) xəbər verir.
Bir qayda olaraq, dərin venaların trombozu aşağı ətraf venalarında inkişaf edir. Lakin bəzən patologiya əl nahiyəsində də qeydə alınır, buna aşağıdakı amillər səbəb olur:
- Yuxarı ətraf venalarının kateterizasiyası. Kateterin venada uzun müddət qalması venoz divarı qıcıqlandırır və trombların yaranmasına gətirib çıxarır;
- İmplant olunmuş kardiofibrillyator və ya elektrokardiostimulyator;
- Venalar nahiyəsində bədxassəli törəmələr;
- İdmançılarda yuxarı ətrafların izafi yüklənməsi (beysbolçular, üzgüçülər, ağır atletlər). Xəstəlik çiyin qurşağının məşq prosesində inkişaf etdirilmiş əzələləri tərəfindən yuxarı ətrafların dərin venalarının sıxılması nəticəsində inkişaf edir.
Dərin venaların trombozunun əlamətləri
Xəstəliyin əlamətləri trombun lokalizasiyasından asılıdır. 50% hallarda qan kommunikant venalar sistemindən dərialtı venalara axır, qan cərəyanı hissəvi şəkildə bərpa olunur, nəticədə dərin venaların trombozu simptomsuz gedir. Digər pasiyentlərdə isə bir və ya bir neçə əlamətlər (fərqli kombinasiyalarda) müşahidə olunur:
- – zədələnmiş ayaqda kəsici ağrılar;
- – palpasiyada trombun yarandığı vena boyunca artan ağrı;
- – ödemlər;
- – yerli hipertermiya;
- – zədələnmiş ətrafda dəri örtüklərinin göyərməsi;
- – qabarmış səthi venalar.
Qarnın aşağı hissəsi, bud-çanaq oynaqları, bud və baldır nahiyəsində venoz kollateralların olması tromboza dəlalət edə bilər.
Dərin venaların trombozunun ağırlaşmaları
Dərin venaların trombozu xroniki venoz çatışmazlığa səbəb ola bilər, belə hallarda aşağı ətrafların ödemi formalaşır və trofika pozulur (lipodermatoskleroz, ekzema, trofik xoralar).
Dərin venaların trombozunun ən təhlükəli ağırlaşması ağciyər arteriyasının tromboemboliyası hesab olunur. Trombların qopmuş hissəcikləri qanla ağciyər arteriyasına ötürülərək, onun emboliyasına (tutulması) səbəb olur. Ağciyər arteriyasında qan cərəyanının pozulması kəskin tənəffüs və ürək çatışmazlığına gətirib çıxarır, belə vəziyyətlər ölüm təhlükəsi ilə müşayiət olunur. Tromb hissəcikləri ağciyər arteriyasının kiçik şaxəsinin mənfəzini tutduqda ağciyər infarktı inkişaf edir.
Dərin venaların trombozunun diaqnostikası
Müasir flebologiya venoz qan cərəyanının qiymətləndirilməsinin və dərin venaların trombozunun diaqnostikasının aparılması üçün güclü texniki bazaya malikdir. Diaqnoz bir qayda olaraq, fleboloq tərəfindən təsdiqlənir. O, bint sınağı (xüsusi üsulla ayağın elastik bintlənməsi), eləcə də Pertes sınağı (ayaq barmağından qasıq nahiyəsinə qədər elastik bintin sarınması) aparır. Sonra pasiyent bir müddət yeriyir. Kəsici ağrılar və qabarıqlığı dəyişməyən dərialtı venalar tromboza dəlalət edir.
Dərin venalarda qan cərəyanının qiymətləndirilməsi üçün fleboqrafiya, aşağı ətrafların USDQ-si, dupleks skanlama, radionuklid skanlama icra olunur.
Dərin venaların trombozunun müalicəsi
Təhlükəli ağırlaşmaların yaranma riski ilə əlaqədar dərin venaların trombozunun rast gəlindiyi pasiyentlər hospitalizasiya edilir. Ciddi yataq rejimi təyin olunur. Zədələnmiş ətraf bir qədər yuxarı qaldırılır. Yeni trombların yaranmasının qarşısını almaq məqsədilə adətən 1 həftə ərzində heparindən istifadə edilir, sonra preparat «yumşaq» antikoaqulyantlarla (varfarin) əvəz olunur. Varfarinlə müalicə kursu 6 ay davam edir. Qanın laxtalanma sisteminin vəziyyətinə nəzarət etmək üçün koaquloqramma aparılır.
Trombolitik preparatlar yalnız tromblaşmanın erkən mərhələlərində müsbət nəticələr verir. Gecikmiş dövrlərdə trombun fraqmentasiyası və ağciyər arteriyasının tromboemboliyasının yaranma riski ilə əlaqədar trombolitik terapiya təhlükəli hesab olunur. Ətraflarda qan dövranının ifadəli pozğunluqları trombektomiyaya göstəriş sayılır.
Dərin venaların trombozunun profilaktikası
Dərin venaların trombozunun profilaktik tədbirlərinə risk amillərinin uzaqlaşdırılması, elastik corabların geyinilməsi, postoperasion dövrdə xəstələrin erkən hərəki aktivliyi aiddir. Bir sıra hallarda əməliyyatdan sonra qanın laxtalanmasını azaltmaq məqsədilə asetilsalisil turşusu və heparin aşağı dozalarda təyin olunur.