Dərinin fotoyaşlanması
Dərinin fotoyaşlanması – günəş şüalarının daimi təsirindən dəridə yaranan biokimyəvi, struktur və klinik (gözlə görünən) dəyişikliklər kompleksidir. Fotoyaşlanmanın tipik əlamətlərinə dərinin həddindən artıq quruluğu, hiperpiqmentasiya və damar dəyişikliyi, kobud dəri şəkli, səthi və dərin qırışlar aiddir. Diaqnozun təsdiqlənməsi məqsədilə dermatoskopiya, biopsiya və epidermisin histoloji müayinəsi aparıla bilər. Dərinin fotoyaşlanması ilə mübarizədə kimyəvi pilinq, biorevitalizasiya, plazmoliftinq və s. kosmetoloji prosedurlar effektivdir. Dərinin SPF kremlərlə ultrabənövşəyi şüalardan qorunması mütləqdir.
Dərinin fotoyaşlanması barədə ümumi məlumat
Dərinin erkən yaşlanmasının qarşısının alınması tibbi kosmetologiya və dermatologiyanın hər zaman maraq dairəsindədir. Yaranma səbəblərindən asılı olaraq dərinin qocalmasının 2 forması ayırd edilir: menopauza dövründə orqanizmdə yaşla bağlı hormonal dəyişikliklər fonunda baş verən təbii yaşlanma və ultrabənövşəyi şüalanma nəticəsində baş verən qocalma (fotoyaşlanma).
Fotoyaşlanma xüsusi biokimyəvi, histoloji və klinik təzahürlərlə xarakterizə olunur. Kosmetologiyada fotoyaşlanmanın sinonimlərinə – «dərinin erkən yaşlanması», «heliodermatit», «aktinik dermatit» rast gəlinir.
Dərinin fotoyaşlanması təbii qocalma ilə paralel gedə bilər, lakin onların əlamətləri fərqli olur. Dərinin fotoyaşlanmasının patogenetik mexanizmi onun izafi insolyasiya (günəş şüalarının təsiri) ilə bağlı olan dəri zədələnməsi kimi qiymətləndirilməsinə imkan verir.
Müasir modapərəstlər solyaridə və ya günəş şüaları altında uzun müddət qalmaqla cazibədar görünüş əldə etməklə bərabər, həm də dərinin fotoyaşlanmasına səbəb olurlar. Kosmetologiya sahəsində dərini ultrabənövşəyi şüaların təsirindən və fotoyaşlanmadan qoruyan müxtəif vasitələr mövcuddur. Lakin təəssüf ki, orta ömür müddətinin uzanması, sağlam həyat tərzi və aktiv istirahətin seçilməsi dərinin fotoyaşlanmasının artma tendensiyasının azalması ilə müşayiət olunmur.
Dərinin fotoyaşlanmasının mexanizmi
Günəş şüası hər bir canlıya lazımdır. Günəş şüalarının faydası danılmazdır. Lakin hər bir şey qədərində olmalıdır. Günəşin birbaşa şüaları altında uzun müddət qalmaq, solyaridən sui-istifadə dərinin fotoyaşlanması – epidermisdə qeyri-qənaətbəxş morfoloji dəyişikliklərilə xarakterizə olunan patololoji proseslə nəticələnir.
Ultrabənövşəyi şüalanma A (UŞA) epidermisin buynuzlaşması (keratinizasiya) və onun yenilənməsində iştirak edən keratinositlərin bölünməsini sürətləndirir. Keratinositlərin differensiasiyasının (ardıcıl inkişaf) pozulması epidermisin qeyri-bərabər buynuzlaşması və qalınlaşmasına gətirib çıxarır, dərinin dərin qatlarında da dəyişikliklər yaranır. Belə ki, dermada «günəş elastozu» adlanan proses baş verir – elastin lifləri dağılır (onlar qalınlaşır, quruluşları dəyişir, fraqmentasiyaya uğrayır, burulur, sayları azalır), xroniki iltihab ocağı, kapilyarlarda durğunluq yaranır, bu da kapilyarlarda qan cərəyanının pozulmasına və damar ulduzcuqlarının əmələ gəlməsinə səbəb olur.
Dərinin fotoyaşlanmasının klinik şəkli
Sağlam və cavan dərini yaşlanmış dəridən ayırd etmək üçün mütəxəssis olmağa gərək yoxdur. Sağlam dərini müəyyən edən 6 əlamət vardir:
- həmcins rəng (hiperpiqmentasiyanın olmaması)
- normal tonus
- qırış, çapıq və digər qüsurların olmaması (normal tekstura)
- quruluğun olmaması (normal nəmlik səviyyəsi)
- xəstəliyin klinik əlamətlərinin olmaması
- qeyri-qənaətbəxş amillər və infeksiyalara qarşı dözümlülük
Dərinin yaşla əlaqədar təbii qocalmasını müşayiət edən əlamətlər (çoxsaylı qırışlar, seboreyalı keratoz əlamətləri ilə nazik və quru dəri) fotoyaşlanma zamanı daha ifadəli olur.
Dərinin fotoyaşlanması-nın səbəbi – ultrabənövşəyi şüalanma klinik təzahürlərə görə kəskin və xroniki olur.
Günəş yanığı və dəri piqmentasiyası kəskin ultrabənövşəyi təsirin klinik əlamətlərinə aiddir.
Damar dəyişiklikləri, törəmələrin yaranması, piqmentasiya, dərinin turqoru, elastikliyi və şəklinin pozulması xroniki ultrabənövşəyi şüalanmanın dəriyə təsiri ilə əlaqədar baş verir.
Dərinin xroniki şüalanmaya daha çox məruz qalan nahiyələrində (ənsə və təpə nahiyəsi, üz, boyun, əl və s.) ifadəli damar dəyişiklikləri: dəriyə qansızma, davamlı diffuz eritema, teleangioektoziyalar müşahidə edilir. Tibb təcrübəsində çox zaman ÜBŞ təsirindən dəridə baş verən kompleks dəyişiklikləri ifadə edən «günəşlə zədələnən dəri» («sun-damaged skin»), anlayışından istifadə olunur. O, klinik olaraq, dəridə lokal disxromiya sahələri (piqmentasiyanın pozulması): xal, melazma (xloazma), vitiliqo, günəş lentiqosu (qəhvəyi və ya açıq-qəhvəyi ləkələr), (kiçik ağ ləkələr) və Sivatt piykiloderması (qəhvəyi rəngli torlu hiperpiqmentasiya) ilə təzahür edir.
Xroniki ultrabənövşəyi şüalanmaya məruz qalan dərinin tipik əlamətləri hələ keçən əsrin əvvəllərində «kəndlilərin dərisi», «dənizçilərin dərisi», Favr-Rakuşo xəstəliyi, «boynun rombşəkilli atrofiyası» adı altında təsvir olunmuşdur. Fotoyaşlanmanın klinik şəkli dərinin quruluğu, onun elastiklik və turqorunun azalması, kobud, nəzərə çarpan dəri şəklindən ibarətdir. Bu dəyişikliklər səthi və dərin qırışların yaranmasına gətirib çıxarır. Fotoyaşlanma həmçinin dəri örtüklərinin rənginin dəyişməsi, lentiqo, teleangioektaziyalar, qocalıq civzələri (comedo senilis), seboreyalı keratozlarla özünü büruzə verir.
Dərinin fotoyaşlanmasının histoloji əlamətləri
Dərinin fotozədələnməsi onun kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur.
Epidermisdə dəyişikliklər həm buynuz qatın atrofiyası, həm də hiperkeratozla ifadə oluna bilər. Bu proses epidermisin bütün qatlarını əhatə etməklə keratinositlərin zədələnməsinə, bazal qatın (epidermisi dermadan ayıran hüceyrəarası struktur) qalınlaşmasına və piqment hüceyrələri – melanositlərin qeyri-bərabər paylanmasına gətirib çıxarır.
Ultrabənövşəyi şüalanmanın gücü və müddəti dəri zədələnməsinin ağırlığına düz mütənasibdir. Histoloji səviyyədə fotopatologiya dermada “kollagenin bazofil degenerasiyası» – liflərin destruksiyası, dağılması, eləcə də normal kollagen liflərinin zədələnmiş strukturlarla əvəz olunması ilə təzahür edir.
Dərinin xronoloji (yaşla bağlı) qocalması ilə fotoyaşlanma özünəməxsus klinik və morfoloji əlamətlərə məxsusdur. Belə ki, təbii qocalma zamanı dəridə baş verən dəyişikliklər atrofik xarakter daşıyır: üz dərisi və toxumaların sallanması (qravitasion ptoz), seboreya və ya qocalıq ziyilləri (seboreyalı keratoz), ksantelazmanın (göz nahiyəsində sarımtıl lövhəciklər) inkişafı izlənilir.
Menopauzada dərinin təbii yenilənmə prosesləri ləngiyir, fibroblastlarda hialuron turşusu və kollagenin sintezi zəifləyir, melanogenez (piqmentlərin əmələ gəlməsi) güclənir. Bu dəyişikliklər dərinin nazilməsi və quruması, turqor və elastikliyinin azalması, dərinin yaşla bağlı piqmentasiyası ilə nəticələnir. Estrogenlərin çatışmazlığı səthi damar torunun genişlənməsinə və eritemanın yaranmasına gətirib çıxarır. Progesteron və estradiolun səviyyəsinin azalması orqanizmin androgenizasiyası (qadınlarda ikincili kişi əlamətlərinin inkişafı) – hirsutizm (izafi tüklənmə), akne və seboreya, androgen mənşəli dazlaşma ilə müşayiət olunur. Əksər hallarda dəri piyinin ifrazı və sebumun tərkibinin dəyişməsi seboreyalı dermatitin yaranmasına səbəb olur.
Dərinin fotoyaşlanmasının profilaktikası
Fotoyaşlanmanın əlamətləri ilə mübarizə dərinin fotoproteksiyası (ultrabənövşəyi şüalanmadan müdafiə) və kosmetik prosedurların aparılmasından ibarətdir.
Fotoproteksiyanın ekzogen və endogen preparatlar – fotoprotektorların köməyilə ultrabənövşəyi şüaların təsirinin zəiflədilməsinə əsaslanır.
Endogen (daxili) fotoprotektorların təsiri iltihabəleyhinə və antioksidant effektin əldə olunması, sərbəst radikalların yaranmasının azalması, regenerasiyanın sürətlənməsinə yönəldilmişdir. Bu farmakoloji təsir E (tokoferol-asetat), C (askorbin turşusu), A (retinol), beta-karotin, selen, («Okselio» və s.), flavanoidlər, aspirin, leykopin, superoksiddismutaza, indometasin, malyariya əleyhinə, antihistamin vasitələr hesabına həyata keçirilir. Müasir farmakoloji sənaye müxtəlif balanslaşdırılmış kombinəolunmuş preparatlar – fotoprotektorlar: «İnneov», «İmedin», «Fitofaner anti aj», «Kledist» və s. təklif edir.
Ekzogen fotoprotektorlar – xüsusi kremlər, emulsiya, yağ, sprey dərini günəşdən müdafiə edir. Günəş əleyhinə ideal vasitənin tərkibində kimyəvi filtr – skinoren (azelain turşusu) və retinoidlər (adapalen, tretinoin) olmalıdır. Onların davamlı (6 aydan az olmamaqla) istifadəsi dəri relyefinin yaxşılaşmasına, lentiqo və qırışların sayının azalmasına, lokal piqment sahələrinin solğunlaşmasına gətirib çıxarır.
Dərinin fotoyaşlanması ilə mübarizə üsulları
Kosmetik prosedurların köməyilə fotoyaşlanma ilə mübarizə aparmaq mümkündür. Bu üsullar arasında trixlorsirkə və ya meyvə turşuları, fenol, retinolla orta və ya dərin pilinq daha məşhurdur. Fotoyaşlanma zamanı pilinq ağardır, təmizləyir, nəmləndirir. Dəri səthini hamarlaşdırmaq üçün lazerlə şüalanma, dermabraziya, mikrodermabraziyadan istifadə olunur. Son zamanlar fotocavanlaşdırma üsulu geniş tətbiq olunur. Bu üsulun mahiyyəti pulyasiya edən istilik və işıq enerjisinin dəriyə kompleks təsirindən ibarətdir. Fotocavanlaşdırma üsulu arzuolunmaz nəticələrin minimal sayda olması, dərinin vəziyyətinin yaxşılaşması ilə özünü təsdiqləmişdir. Prosedurdan sonra dərinin solğunlaşması, lentiqo və teleangiektaziyaların sayının azalması, dərinin teksturasının yaxşılaşması, turqor və elastikliyinin artması müşahidə edilir.
Alternativ qaralma
Dərinin ultrabənövşəyi şüalardan və fotoyaşlanmadan qorumaq üçün «avtoqaralma» vasitələrinin köməyilə süni rəngləmədən istifadə etmək olar. Bu preparatlar depiqmentasiya sahələrinin gizlədilməsi məqsədilə (məsələn, vitiliqo zamanı) dermatologiyada çoxdan tətbiq olunur. Ketoşəkər (fruktoza və qlükozanın törəməsi) tərkibli preparatlar buynuz qatın hüceyrələrinin müvəqqəti rənglənməsinə səbəb olur. Qaralma məhlul və ya kremin çəkilməsindən bir neçə saat sonra baş verir və 5-6 gün müddətində qalır. Üz üçün «avtoqaralma» vasitələrinin tərkibində ketoşəkərlərın konsentrasiyası daha yüksək olur, bu da bədənlə müqayisədə üz nahiyəsində epidermis hüceyrələrinin yenilənmə siklinin qısa olması ilə əlaqədardır. Ketoşəkər tərkibli preparatlar tamamilə təhlükəsizdir, onlar hüceyrələrdə dəyişiklik yaratmır, piqmentlərin əmələ gəlməsinə səbəb olmur və qana sorulmur.
«Avtoqaralma» vasitələrini sabunla yuyunmadan sonra dəriyə çəkmək məsləhət deyil. Belə hallarda dərinin zəif qələvi reaksiyası qeyri-təbii sarı rəngin yaranmasına səbəb olur. Avtoqaralmanın keyfiyyətini artırmaq üçün tonuslandırıcı və nəmləndirici preparatlarla dərinin normal turşu-qələvi balansını təmin etmək və ya pH indeksi yüksək olan vasitələrin (hidroksi turşular, azelain turşusu və s.) köməyilə dərinin turş reaksiyasına nail olmaq lazımdır.
Dəridə avtoqaralmanın qeyri-bərabər paylanması xarici görünüşü korlayır. Bu, dərinin müxtəlif nahiyələrində buynuz qatın qalınlığının eyni olmaması və ya preparatım düzgün çəkilməməsi ilə bağlı olur. Buynuz qatın artıq hissəsini hamarlaşdırmaq məqsədilə keratolitik və keratoplastik təsirli vasitələr (salisil, benzoy, azelain, süd turşuları və s.), skrablardan istifadə edilir. Dərini süni yolla rəngləyən vasitələrin tərkibinə silikon törəmələrini daxil etməklə avtoqaralmanın bərabər paylanmasına nail olmaq mümkündür. Rəngləyicilərin tətbiqindən 1-2 həftə əvvəl dəri ev şəraitində və kosmetik salonda prosedura hazırlanmalıdır.
Karotinlə zəngin qida məhsullarının (məsələn, portağal və kok) qəbulu dərinin süni qaralmasına səbəb olur. Karotin həmçinin bioloji aktiv əlavələrin tərkibinə daxildir.