Dərinin yaşlanması
Texniki proqress, elmi nailiyyətlər və tibbi təcrübələr sayəsində bir sıra ölümcül xəstəliklərə qalib gəlməklə, insanların orta ömür müddəti uzadılmışdır. Lakin qocalma prosesi hələlik aktual olaraq qalır. Yaşlanmanın ilkin əlamətləri hətta bütün orqanizm qənaətbəxş fiziki formada olduqda belə üzdə müşahidə edilir. Əksər hallarda xronoloji (pasport) və bioloji (orqanizmin morfoloji və fizioloji inkişaf dərəcəsi) yaşlar üst-üstə düşmür.
Dərinin yaşlanması barədə ümumi məlumat
Dəri – orqanizmi ətraf mühitin aqressiv təsirlərindən qoruyan baryer sayılır. Bu qeyri-bərabər mübarizədə dəri nəmlik və regenerasiya qabiliyyətini itirir, nazilir. Fibroblastlar – derma qatının hüceyrələrində kollagenin sintezi tədricən zəiflədiyindən liflərin elastikliyi azalır. Dəri orqanizmin hətta cüzi hormonal dəyişikliyinə dərhal reaksiya verir. Hormonal fonun yaşla əlaqədar pozulması dərialtı piy qatında metabolik dəyişikliklərin yaranmasına və əzələ tonusunun azalmasına gətirib çıxarır. Ultrabənövşəyi şüaların uzunmüddətli təsiri dərinin açıq hissələrində fotoyaşlanmaya səbəb olur. Dəri tədricən qocalır, onun üzərində müxtəlif qırışlar əmələ gəlir: statik (əzələ tonusunun azalması nəticəsində), mimik (üz əzələlərinin aktiv yığılması ilə əlaqədar), qravitasion (yerin cazibə qüvvəsinin təsiri ilə bağlı).
Təbii və erkən yaşlanma
Təbii fizioloji proseslərlə əlaqədar baş verən qocalma xronoloji yaşlanma adlanır. Dərinin erkən yaşlanması «hormonal yaşlanma», «fotoyaşlanma» və ya «mioyaşlanma» kimi qeyd olunur.
Bioloji yaş və qocalma proseslərinin inkişaf sürəti genetik olaraq proqramlaşdırılır. Təbii yaşlanma – qaçılmaz və geri dönməyən prosesdir, onun inkişafını dayandırmaq real deyil. Erkən yaşlanma subyektiv amillər: həyat və qidalanma tərzi, ətraf mühit amilləri, ultrabənövşəyi şüalanma, müxtəlif patologiyaların təsirindən baş verdiyindən onunla mübarizə aparmaq mümkündür. Emosiyalarını aktiv şəkildə ifadə edən (gözləri qıymaq, qaşları çatmaq, alını qırışdırmaq) şəxslərdə erkən qırışlar 18-20 yaşlarda yarana bilər. Dəri altında yerləşən mimik əzələlər yığıldıqda müəyyən nahiyələrdə kiçik büküşlər əmələ gəlir. Çoxsaylı yığılmalar nəticəsində mimik əzələlər «yorulur», zamanla tam boşalma qabiliyyətini itirir, dərinin elastikliyi və əvvəlki görünüşü dəyişir. Erkən qırışlar formalaşır: kiçik dəri büküşləri dərin qırışlarla əvəz olunur.
Dərinin yaşlanmasının xarici əlamətləri
Yaşlanmanın mərhələ və tipindən asılı olaraq, müxtəlif xarici əlamətlər müşahidə edilir.
I tip yaşlanma – «yorğun üz». Üz və boynun yumşaq toxumalarının turqoru azalır, ödem yaranır, burun-dodaq büküşü kəskin ifadə olunur, ağız bucaqları sallanır. İstirahət və normal yuxudan sonra dincəlmiş dəri daha cavan görünür, axşama yaxın yaşlanma əlamətləri yenidən təzahür edir, üz yorğunluq hiss olunur.
II tip yaşlanma – «qırışmış üz». Üz və boyun kiçik qırışlarla örtülür, dəri quruyur. Göz kənarlarında «qaz ayağı», üst dodaq və çənə nahiyəsində büküşlər, yuxarı və aşağı göz qapaqlarında qırışlar nəzərə çarpır.
III tip yaşlanma – «buxaq» və «sallanmış yanaqlar». Üz və boynun yumşaq toxumalarının deformasiyası, üz ovalının dəyişməsi, yuxarı və aşağı göz qapaqlarında çoxsaylı dəri büküşləri izlənilir. III tip qocalıq deformasiyası adlanır. Bu tip qocalmaya cavan yaşlardan ifadəli dərialtı piy qatı olan insanlar məruz qalır.
IV tip – yuxarıda sadalanan əlamətləri özündə birləşdirir: dərinin turqorunun azalması, üz və boyunda nəzəzrə çarpan qırışların yaranması, üz konturunun deformasiyası.
V tip – «əzələli üz». Əsasən Orta Asiya, Monqolustan və Yaponiyanın əhalisində müşahidə edilir. Bu tip insanlarda üz əzələləri güclü, dərialtı piy qatı isə zəif inkişaf edir. Onlarda göz ətrafı nahiyədə iri və xırda qırışlar («qaz ayağı») diqqəti cəlb edir. Qocalmanın gecikmiş mərhələlərində üz ovalı hamarlaşır və burun-dodaq büküşləri dərinləşir.
Dərinin cavanlığını qorumaq məqsədilə profilaktik tədbirlər görülməli, meydana çıxan yaşlanma əlamətləri isə korreksiya olunmalıdır. Bu zaman dəri tipi, eləcə də yaşlanmanın tip və mərhələsi düzgün təyin olunmalıdır. Müvafiq dəri tipinə uyğun gələn qulluq qaydaları ilə tanış olmaqla onları ev şəraitində yerinə yetirmək mümkündür. Normal dərinin cavan qalmasını uzatmaq üçün onun təbii balansını stabil saxlamaq kifayətdir. Quru dəri isə daha çox diqqət və qayğı tələb edir: dərini gündəlik nəmləndirilmək və qidalandırılmaq lazım gəlir. Yağlı dəriyə sahib olan insanlar üzün adekvat təmizlənməsinə fikir verməli, piy vəzilərinin hiperfunksiyasını korreksiya edən vasitələrdən və dərini infeksiyadan qoruyan üsullardən istifadə etməlidir. Tipindən asılı olmayaraq, dəri ev şəraitində təmizlənməli, tonuslandırılmalı, nəmləndirilməli, qidalandırılmalı və qorunmalıdır. Dərinin yaşlanmasının qarşısını alan daha effektiv üsul – peşəkarların təcrübələrinə etibar etməkdir. İxtisaslaşdırılmış müəssisələrdə kosmetoloqların səyilə qocalmış dəri həyata qaytarılır.
Dərinin yaşlanma nəzəriyyələri
Yaşlanmanın səbəb və mexanizmləri insanların hər zaman maraq dairəsindədir. Bu, sağlamlıq və cavanlığı mümkün qədər uzatmaq istəyi ilə bağlıdır. Müasir elmdə yaşlanma problemi üzrə yekdil fikir yoxdur. Hazırda bir-birini təkzib edən, bəzən isə tamamlayan bir neçə nəzəriyyə mövcuddur.
MOLEKULYAR-GENETİK NƏZƏRİYYƏ
Bu qrup nəzəriyyələr qocalma prosesinin əsasında hüceyrələrin DNT-strukturlarında gedən genetik dəyişikliklərin dayanmasını irəli sürür. Molekulyar-genetik nəzəriyyə gerontologiya sahəsində daha geniş yayılmışdır.
Bu qrupa daxil olan nəzəriyyələr arasında da vahid fikir yoxdur. Onların bir hissəsi yaşlanmanı genetik proqramlaşdırılmış proses kimi qəbul edir. Digərləri isə qocalmanın mutasiyalarla əlaqəli olmasını hesab edir. Başqa sözlə desək, yaşlanma prosesi orqanizmin təbii inkişaf mərhələsi və ya təsadüfi mutasiyalar, genetik sistemdə baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilə bilər.
Telomer nəzəriyyəsi
1961-ci ildə Amerikalı gerontoloq L. Heyflik hüceyrələrin bölünməsinin öyrənilməsi sahəsinə yenilik gətirir. Təcrübələr əsnasında Heyflik belə bir nəticəyə gəlir ki, fibroblastlar (kollagen sintezinə cavabdehlik daşıyan birləşdirici toxuma hüceyrələri) laboratoriya şəriatində 50 dəfədən çox olmamaqla bölünə bilər. Bu yenilik müəllifin şərəfinə «Heyflik həddi» adlandırılır. O zamanlar bu fikrin elmi izahı təklif olunmamışdı.
10 ildən sonra, 1971-ci ildə sovet biokimyaçısı A.M.Olovnikov bildirir ki, «Heyflik həddini» xromosomların ucları- telomerlərin hər bölünmədə qısalması ilə izah etmək olar. Xromosomlar hər dəfə ikiləşdikcə telomerlər qısalır və müəyyən bir anda qısalma həddi ilə əlaqədar hüceyrə bölünə bilmədiyindən tədricən həyat qabiliyyətini itirir. Bu mexanizm telomer nəzəriyyənin əsasını təşkil edir.
1985-ci ildə cinsi və şiş hüceyrələrinin xromosom uclarını bərpa etməklə onların sonsuz bölünməsinə səbəb olan xüsusi ferment – telomerazanın kəşf olunması Olovnikovun telomer nəzəriyyəsinin düzgünlüyünü sübut etdi. Bölünmə həddi bütün hüceyrələrdə eyni olmur: məsələn, kötük hüceyrələri 10 000 dəfələrlə bölünməyə qadirdir. Lakin hazırki dövrdə hüceyrələrin qocalmasının telomerlərin qısalmasından birbaşa asılılığı yekdilliklə qəbul edilmişdir.
Məsələn, yenidoğulmuşun əlinin fibroblastları 50 dəfə bölünə bilər, 40 yaşlı şəxsdə bölünmə həddi 40 dəfə, 90 yaşda isə 30-a bərabərdir. Bununla yanaşı orta ömür müddəti nə qədər uzun olarsa, hüceyrələrin bölünmə həddi bir o qədər böyük olur. Belə ki, orta hesabla 175 il yaşayan Qalapaqos tısbağasında Heyflik həddi 130-a bərabərdir.
Heyflik həddi telomer nəzəriyyəsini təsdiq edir. Lakin təcrübədə faktiki bioloji ölümün baş verdiyi yaş həddi telomer nəzəriyyəsi üzrə hesablanılan yaşdan aşağı olur. Nəzəriyyəyə əsasən insan hüceyrəsinin son – 50-ci bölünməsi 250 -300 yaşa təsadüf edir, lakin bu yaşa qədər helə heç bir insan ömür sürməmişdir.
Qocalmanın elevasion (ontogenetik) nəzəriyyəsi
1950-ci ildə Sankt-Peterburqlu professor-gerontoloq V.M.Dilman orqanizmdə baş verən yaşlanma proseslərinin vahid tənzim mexanizmi barədə hipotez irəli sürmüş və əsaslandırmışdır. Dilman endokrin sistemin fəaliyyətini tənzimləyən hipotalamusu orqanizmin inkişaf və yaşlanmasının baş «dirijoru» adlandırmışdır. Dilman nəzəriyyəsi elevasion nəzəriyyə (latın dilindən tərcümədə elevatio – inkişaf) adını almışdır.
Bu nəzəriyyəyə görə yaşlanmanın əsas səbəbi hipotalamusun endokrin və sinir sisteminin siqnallarına qarşı reaktivliyinin azalmasıdır. Bu, 1960-1980-ci illərdə aparılan laborator təcrübələr və klinik tədqiqatların nəticələrinə əsasən sübut olunmuşdur. Hipotalamusun tənzimləyici rolunun azalması hipotalamo-hipofizar-böyrəküstü sistemin (HHBS) funksiyasının yaşla əlaqədar zəifləməsinə səbəb olur. HHBS böyrəküstü vəzilərin qabıq maddəsində «stress hormonları» sayılan qlükokortikoidlərin sintezinə nəzarət edir. Bu hormonların hipersekresiyası orqanizmi stress vəziyyətinə adaptasiya edir. Bu vəziyyət Dilman tərəfindən «hiperadaptoz» və «qocalıq xəstəliyi» kimi qeydə alınmışdır.
Dilman nəzəriyyəsinə əsasən qocalma prosesi və onunla bağlı xəstəliklər orqanizmin inkişafının – ontogenezin məsrəfidir. Bu nəzəriyyə qocalma və yaşlı şəxslərin ölümünə səbəb olan xəstəliklərin: ürək-damar patologiyaları, bədxassəli şişlər, insult, ateroskleroz, şəkərli diabet və piylənmə, psixi depressiya, autoimmun xəstəliklər və sairənin profilaktikası məsələsinə yenilik gətirdi. Elevasion (ontogenetik) nəzəriyyədən belə bir nəticə əldə olunur ki, ontogenezin müəyyən səviyyəsində orqanizmin özünü tənzim proseslərini (homeostaz) stabilləşdirməkə təbii yaşlanma və onunla bağlı olan xəstəlikləri ləngitmək mümkündür.
Adaptasion-requlyator nəzəriyyə
Ukraynalı fizioloq və gerontoloq V.V.Frolkis tərəfindən 1960-1970-ci illərdə işlənilən nəzəriyyəyə görə qocalma və ölüm genetik proqramlaşdırılmış prosesdir.
V.V. Frolkis öz nəzəriyyəsində həyat siklinin davam etmə müddətini iki proses: orqanizmin təbii yaşlanması və onun «antiyaşlanması» arasındakı balansdan asılı olmasını qeyd edir (latın dilindən tərcümədə «vitaukt», vita – həyat, auctum – artma). «Antiyaşlanma» prosesi orqanizmin əhat qabiliyyətini təmin edir, onu baş verən dəyişikliklərə uyğunlaşdırır, həyat müddətini artırır. Frolkis nəzəriyyəsi beynəlxalq səviyyədə şöhrət qazanmışdır. Bu mövzuda 1995-ci ildə ABŞ-da bütün dünya alim-gerontoloqlarının iştirakı ilə ilk konqress keçirilmişdir.
Yaşlanmanın ilkin mexanizmi qismində V.V.Frolkis genorequlyator nəzəriyyəni irəli sürmüşdür. Bu nəzəriyyəyə görə requlyator (tənzimləyici) genlərin fəaliyyətinin pozulması struktur genlərin aktivliyinin dəyişməsinə səbəb olur. Bununla əlaqədar onların sintez etdiyi zülalın miqdarının dəyişir, hüceyrələr qocalır və ölür. Yaşla bağlı xəstəliklərin geniş yayılmış formaları: xərçəng, ateroskleroz, diabet, Altsheymer və Parkinson xəstəliyinin yaranmasını V.V.Frolkis məhz genorequlyator mexanizmin pozulması ilə əlaqələndirir.
Müəyyən genlərin aktivləşmə və ya zəifləməsi bu və ya digər patologiyanın və yaşlanma mexanizminin əsasını təşkil edir. Bu nəticələrə istinad edərək, yaşla bağlı xəstəliklərin inkişafına təsir edən genetik pozğunluqların qarşısını alan genorequlyator terapiya təklif olunmuşdur.
STOXASTİK (EHTİMAL) NƏZƏRİYYƏ
Stoxastik nəzəriyyəyə əsasən qocalma DNT-səviyyəsində baş verən mutasiyalar nəticəsində yaranır. Təsadüfi mutasiyalar xromosomlarda toplanaraq, hüceyrələrin bölünməsi zamanı dəfələrlə artır.
Sərbəst radikallar nəzəriyyəsi
Alimlər D. Xarman və H. Emanuel demək olar ki, eyni vaxtda (1956-ci və 1958-ci illərdə) sərbəst radikallar nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyənin köməyilə onlar həm yaşlanmanın mexanizmini, həm də yaşla bağlı bir çox xəstəliklərin: ürək-damar patologiyaları, katarakta, immunitetin zəifləməsi, beyin fəaliyyətinin pozulması, xərçəng və s. yaranmasını izah etmişdir. D. Xarman və N.Emanuelin fikrincə orqanizmdə baş verən patoloji dəyişikliklərin «günahkarı» sərbəst radikallar – hüceyrədə gedən bir çox biokimyəvi proseslərdə iştirak edən oksigen molekullarıdır.
Sərbəst radikallar bir elektronu çatışmayan qeyri-stabil hissəciklərdir. Sərbəst radikallar sağlam molekullarla reaksiyaya girərək, onların elektronunu əldə edir və bu molekulları sərbəst radikallara çevirir. Zəncirvari reaksiya nəticəsində hüceyrələr zədələnir və orqanizmin biokimyəvi balansı pozulur. Sərbəst radikalların yaranmasına həmçinin zərərli endogen amillər: ultrabənövşəyi şüalanma, cirklənmiş hava, nikotin və s. səbəb ola bilər.
Sərbəst radikalların ilk növbədə üz dərisinə təsir edir – qırışlar, səpkilər, iltihab əlamətləri əmələ gəlir. Bununla yanaşı sərbəst radikallar orta hesabla 60-dan çox xəstəliyin inkişafına gətirib çıxarır.
Dəridə sərbəst radikalların təsirinə daha çox kollagen məruz qalır. Sərbəst radikallar biokimyəvi reaksiyalar törədir – kollagen liflərin molekullarının bir-birinə nəzərən sərbəst yerdəyişməsinə mane olan çarpaz əlaqələrin yaradır. Kollagen molekulları dəstə şəklində yığılır, sərtləşir, dərinin qocalmasına səbəb olur.
Sərbəst radikalların dəriyə təsiri müxtəlif amillərlə bağlı ola bilər. Onlardan ən təhlükəlisi ultrabənövşəyi şüalardır. Günəş şüaları sərbəst radikalların formalaşmasını və yağları araxidon turşularına qədər parçalayan zülal-enzimlərin sintezini stimulə edir. Araxidon turşusu dərinin iltihablaşması və qocalmasına səbəb olan molekulların yaranmasında iştirak edir. Sərbəst radikallar isə öz növbəsində hüceyrələrin daxilində təkrarlayıcı faktorlar adlanan xüsusi molekulları aktivləşdirir.
Təkrarlayıcı faktorlar neytral molekullardır, onlar sərbəst radikallar tərəfindən aktivləşdikdə hüceyrənin nüvəsinə miqrasiya edir. Onlar nüvədə DNT ilə birləşərək, toksiki maddələrin sintezinə şərait yaradır. Təkrarlayıcı faktor NFk-B hüceyrədə iltihabi proseslərə səbəb olur, onların qocalmasını tezləşdirir. Təkrarlayıcı faktor АР-1 isə kollagenin dağılması, dəridə kiçik qüsurlar və qırışların formalaşmasına gətirib çıxarır.
Sərbəst radikallar hüceyrələrin DNT və RNT, lipid, yağ molekullarını zədələyə bilir. Hüceyrə daxilində sərbəst radikalların aqressiv təsirinə qarşı müdafiə mexanizmi mövcuddur. Bunlara superoksiddismutaza fermenti və s. aiddir. Qida ilə qəbul edilən bəzi maddələr: vitaminlər (A, E, C), meyvə, tərəvəzlər, yaşıl çay, qəhvə və s. antioksidant (sərbəst radikalları neytrallaşdıran) təsirə malikdir. Antioksidantların izahi miqdarı orqanizmdə əks reaksiya (hüceyrədaxili oksidləşmə proseslərinin güclənməsi) törədə bilər.
Səhvlərin törətdiyi faciə nəzəriyyəsi
1954-cü ildə amerikalı fizik M.Ssilard qocalmanın mutasiyalarla bağlı olması barədə hipotez irəli sürür. O, ionlaşdırıcı şüalanmanın müxtəlif canlı orqanizmlərə təsirini öyrənməklə radiasiyanın heyvanlar və insanların yaşama müddətini azaltmaları barədə nəticəyə gəlir. Radiasiya DNT-də mutasiyaların inkişafına səbəb olmaqla, qocaqlıq əlamətlərinin: xəstəlik, qaçların ağarması və s. gətirib çıxarır. Ssilardın hesab edirdi ki, bioloji növlərin yaşlanma səbəbi mutasiyalardır. Lakin o, radiasiyaya məruz qalmayan canlı orqanizmlərdə yaşlanmanın mexanizmini izahını verə bilmir.
Ssilardın ardınca tədqiqatçı L.Orgel canlı hüceyrələrdə mutasiyaların yalnız xarici aqressorların (ultrabənövşəyi və ionlaşdırıcı şüalanma, sərbəst radikallar, virus və digər mutagen amillərin toksiki təsiri) nəticəsində deyil, həm də spontan proses kimi baş verməsini qeyd edir. Yəni hüceyrənin genetik aparatında səhvlər daxili və xarici amillərin təsirindən yarana bilər. Onlar hüceyrənin funksiyasını pozaraq, onun yaşlanma və ölümünə gətirib çıxarır.
Apoptoz nəzəriyyəsi (hüceyrənin öz-özünü məhv etməsi)
Akademik V.P.Skulaçevin irəli sürdüyü hüceyrə apoptozu nəzəriyyəsi (yunan dilindən tərcümədə «yarpaq tökümü») hüceyrələrin ölümünü qaçılmaz, proqramlaşdırılmış proses hesab edir. Orqanizmin tamlığını qorumaq üçün hər bir hüceyrə həyat qabiliyyətini itirdikdən sonra ölərək, öz yerini yeni hüceyrəyə verməlidir. Virusa yoluxma və ya xəstəlik və maliqnizasiyaya səbəb olan mutasiyalar hüceyrələrin öz-özünü məhv etməsinə siqnaldır.
Yanıq, travma, hipoksiya, intoksikasiyalar nəticəsində baş verən məcburi ölümdən fərqli olaraq, apoptoz zamanı zədələnmiş hüceyrələr sərbəst şəkildə hissəciklərə ayrılır, bu fraqmentlər digər hüceyrələr tərəfindən «tikinti materialı» kimi istifadə olunur.
Mitoxondriumun (hüceyrələrin tənəffüsünü təmin edən hüceyrə) öz-özünü məhv etmə prosesini V.Skulaçev mitoptoz adlandırmışdır. Bu proses mitoxondiumda sərbəst radikalların xeyli miqdarda toplanması zamanı baş verir. Ölmüş mitoxondriumun parşalanma məhsulları hüceyrəni zəhərməklə onun ölümünə (apoptoz) səbəb ola bilər. V.P.Skulaçevin fikrincə qocalma prosesi orqanizmdə ölmüş hüceyrələrin sayı yeni yaranan hüceyrələrdən çox olduqda və ölmüş hüceyrələr birləşdirici toxuma ilə əvəzləndikdə baş verir.
Akademik V.P.Skulaçev çıxış yolunu hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qorumaqda görür. O, hesab edir ki, orqanizmin proqramlaşdırılmış qocalmasını ləvğ etməklə yaşlanmanın qarşısını almaq mümkündür.
V.P.Skulaçevin mülahizələrinə görə oksigenin aktiv formaları, xüsusən hidrogen peroksidin hüceyrə və mitoxondiruma təsiri daha ağırdır. Akademik yaşlanma əleyhinə SKQ preparatı işləyib hazırlamışdır, lakin onun klinik sınaqları hələlik sona çatmamışdır.
Dərinin yaşlanmasının profilaktikası
Fotoprotektorlar
İzafi insolyasiya ilə bağlı dərinin erkən yaşlanmasının qarşısını almaq üçün ultrabənövşəyi şüalardan müfafiə vasitələrindən istifadə olunmalıdır. Bir sıra vasitələrin təsiri ultrabənövşəyi şüların tutulmasına əsaslanır. Şüalanma enerjisinin bir hissəsi kimyəvi reaksiyalara sərf olunur, derma qatına keçmir. Bu vasitələrin əks-göstərişləri ola bilər: dəridən sorulma və allergik reaksiyalar.
Kiçik ölçülü mineral piqmentlərdən (titan dioksid və ya sinkoksid) ibarət alternativ təsirli fotoprotektorlar daha məsləhətlidir. Bu vasitələr dəriyə nüfuz etmədən ultrabənövşəyi şüaları onun səthindən qaytarır. Günəşdən müdafiə vasitələrinin tərkibinə su, yağ, E vitamini, yumşaldıcı və nəmləndirici komponentlər daxildir.
Nəmləndirilmə
Dərinin adekvat nəmləndirilməsi – dərinin erkən qocalmasının vacib profilaktik tədbirlərindən sayılır. İstənilən iqlim və atmosfer amillərinin dəriyə təsiri onun nəmliyinə mənfi təsir göstərir. Havada rütubət aşağı olduqda orqanizm su itirməyə başlayır, yüksək olduqda isə tərləmə və dəri piyinin ifrazı güclənir. İsti havalarda, hətta rütubətin normadan çox olduğu hallarda belə dərini günəş şüalarının təsiri altında qurumaqdan müdafiə etmək lazımdır. Bunun üçün nəmləndirmə və müntəzəm təmizlənmə tələb olunur. Havanın rütubət və temperaturu aşağı olduqda dəri nəmliyini itirir. Dərinin qurumasına güclü külək də səbəb ola bilər. Küləyin təsirindən dəri nazilir və qabırlanmağa başlayır. Əlverişsiz atmosfer təsirlərindən dərini qorumaq üçün onu keyfiyyətli gündüz kremi ilə nəmləndirmək və qənaətbəxş ekoloji zonada təmiz havada gəzmək məsləhət görülür.
Sağlam həyat tərzi
Dəriyə qulluq və onun erkən yaşlanmasının profilaktikası rasional əmək və istirahət rejiminin təşkilindən başlanır. Yuxusuzluq dərinin yorğun görünməsinə, qırışların yaranmasına səbəb olur, bu da yeni hüceyrələrin yuxu zamanı yaranması ilə bağlıdır.
İdmanla müntəzəm məşğul olmaq dərinin turqorunu artırır. Yüklənmələrin təsirindən dəriyə qan axını güclənir. İdman həmçinin sağlam dərinin düşməni olan stresslə mübarizə aparmağa kömək edir.
Uzunmüddətli stress üz əzələlərinin qıcolma şəkilli yığılmasına, elastik liflərin uzunmüddətli gərilməsinə səbəb olur. Stress zamanı kapilyar qan dovranı pozulduğundan dəridə oksigen və qldalı maddələrin çatışmazlığı yaranır. Digər stress hormonu – kortizon da dərinin regenerasiya prosesini və kollagenlərin sintezini pozur. Problemlərə adekvat yanaşma – dərinin erkən qocalmasının qarşısını almağa kömək edir.
Sağlam cavan dəri və siqaret çəkmə – ziddiyyətli anlayışlardır. Göz və ağız ətrafında qırışların yaranmasının qabağını almaq üçün zərərli vərdişlərdən imtina etmək lazımdır.
Sağlamlığa və dərinin vəziyyətinə əhəmiyyətli dərəcədə ziyan vuran digər amil alkoqoldur. Onun təsirindən kapilyarlar genişlənir, dərinin xarici görünüşünü dəyişir. Spirtli içkilərin qəbulu qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir, bu da dəridə öz əksini tapır. Həmçinin tünd çay və qəhvənin həddindən artıq istifadəsi qaraciyərin, o cümlədən dərinin vəziyyətinə xələl gətirir.
Dərinin yaşlanması bəzi preparatların tətbiqi ilə bağlı olduğundan özbaşına müalicə və dərman vasitələrinin nəzarətsiz qəbulu qadağandır.
Və nəhayət, balanslaşdırılmış, vitamin və mikroelementlərlə zəngin qidalanma, gün ərzində 2 litrə qədər maye qəbulu hüceyrə və toxumalarda normal həyat balansının təmininə səbəb olur, dərinin erkən yaşlanmasının qarşısını alır.