Dakrioadenit
Dakrioadenit – göz yaşı vəzisinin iltihabi xəstəliyidir. Patologiya nadir hallarda sərbəst şəkildə inkişaf edir, əksərən müxtəlif xəstəliklərin ağırlaşması kimi formalaşır. Kəskin dakrioadenit göz yaşı vəzisinin proyeksiyasında ağrı və şişkinlik, göz yarığının formasının dəyişilməsi ilə təzahür edir. Xroniki proses üçün vəzinin azacıq böyüməsi və ağrısız olması, konyunktivanın yüngül dərəcəli hiperemiyası xarakterikdir. Diaqnoz xarici baxış, vizometriya, tonometriya, biomikroskopiyanın nəticələri əsasında qoyulur. Etiologiyanı dəqiqləşdirmək üçün xəstəliyin xroniki formasında əlavə olaraq, bir neçə üsullar təyin edilir. Müalicə konservativ yolla (antibiotiklər, fizioprosedurlar) aparılır. Vəzidə abses formalaşdıqda cərrahi əməliyyat icra olunur.
Dakrioadenit barədə ümumi məlumat
Dakrioadenit (dacryoadenitis: yunanca «dakryon» – göz yaşı, «adēn» isə vəzi deməkdir) – göz yaşı vəzisinin kəskin və ya xroniki iltihabıdır. Nal formasında olan bu vəzi gözün köməkçi aparatına daxildir. O borulu vəzilərə aid olub, 2 hissədən ibarətdir. Göz yaşı vəzisi göz almasının normal fəaliyyəti üçün optimal şərait yaradır.
Göz yaşı vəzisinin xəstəliklərinə az təsadüf olunur. Onların populyasiyada rastgəlmə tezliyi 0,56%-ə bərabərdir. Dakrioadenitlər göz yaşı vəzisinin bütün zədələnmələrinin təqribən 25%-ni təşkil edir. Oftalmologiyada kəskin dakrioadenit nadir hallarda, əsasən zəif immunitetli uşaqlarda, eləcə də infeksion xəstəliklər zamanı müşahidə edilir.
Dakrioadenitin yaranma səbəbləri
Dakrioadenit kəskin və xroniki formalara ayrılır. Kəskin forma bir çox infeksion xəstəliklərin, məsələn, qrip, angina, epidemik parotit, bağırsaq infeksiyalarının ağırlaşması sayılır. Xroniki proses isə vərəm, sifilis, qan xəstəlikləri (xroniki limfoleykoz) fonunda baş verir. Son illər xroniki dakrioadenitlərin inkişafında sarkoidoz, Vegener qranulomatozu, reaktiv artrit zamanı göz yaşı vəzisinin qeyri-spesifik iltihabının xüsusi rol oynadığı vurğulanılır. Bəzən xroniki dakrioadenitin əsasında tüpürcək, çənəaltı və qulaqətrafı vəziləri də əhatə edən limfomatoz hiperplaziya ilə səciyyələnən Mikuliç xəstəliyi dayanır.
Dakrioadenitin əlamətləri
Dakrioadenitin kəskin formasının əlamətləri qəfil başlanğıcla xarakterizə olunur. Pasiyent palpasiya zamanı göz yaşı vəzisinin proyeksiyasında ağrının yaranmasından şikayət edir. Yuxarı göz qapağının xarici hissəsində ödem və hiperemiya əmələ gəlir, bu da spesifik S-vari ptozun inkişafına, həmçinin gözün bir qədər daxilə və aşağıya doğru əyilməsinə gətirib çıxarır. Gözün tam həcmdə hərəkəti pozulur. Ağlı qişanın və göz yaşı vəzisinin konyunktival hissəsinin hiperemiyası vizualizasiya olunur. Göz yaşı ifrazının azalması ilə əlaqədar gözdə quruluq yaranır. Zədələnmə adətən birtərəfli olub, ümumi intoksikasiya əlamətləri: hipertermiya, baş ağrıları, zəiflik və regionar limfa düyünlərinin böyüməsi ilə müşayiət edilir.
Müxətlif xəstəliklər fonunda dakrioadenitin xroniki formasının gedişi oxşar olur. Göz yaşı vəzisi böyüyür, bərkiyir, palpasiya zamanı ağrısız olur. Bir sıra hallarda konyunktivanın yüngül hiperemiyası müşahidə edilir. Göz yaşı vəzisinin böyüməsi nəticəsində göz yarığı xarici tərəfdən daralır. Gözün hərəkəti pozulmur. Quru göz sindromuna rast gəlinmir. Göz yaşı əksər hallarda uzun müddət normal qaydada ifraz olunur. Əlamətlər tədricən inkişaf edir. Patologiya bir və ya ikitərəfli xarakter daşıyır.
Dakrioadenitin diaqnostikası
Dakrioadenitin kəskin formasının diaqnozu vizual baxış, anamnestik məlumatlar, vizometriya, tonometriya, gözün biomikroskopiyasının köməyilə qoyulur. Kəskin formanın klinik şəkli aydın ifadə olunduğundan diaqnostika prosesində heç bir çətinlik yaranmır.
Xəstəliyin xroniki formasında əlavə olaraq, göz almasının USM, MRT və ya KT (göz yaşı vəzisinin və yaxud göz qapağının neoplaziyalarından şübhələndikdə) icra edilir. İltihabın etiologiyasını dəqiqləşdirmək üçün döş qəfəsinin rentgenoloji müayinəsi (ağciyər toxumasında dəyişiklikləri aşkar etmək məqsədilə), Mantu sınağı, treponemal testlər, ağciyər toxumasının (ağciyər sarkoidozuna şübhə yarandıqda) və ya tüpürcək vəzisinin biopsiyası (Mikuliç xəstəliyini aşkar və ya inkar etmək üçün) aparılır.
Dakrioadenitin müalicəsi
Kəskin dakrioadenit adətən konservativ yolla, xroniki forma isə əsas xəstəliyə uyğun müalicə edilir. Kəskin prosesin müalicəsi stasionarda həyata keçirilir. Bu məqsədlə fizioprosedurlar (UYT-terapiya, quru isti), antibiotiklər (peroral və ya əzələdaxili), iltihabəleyhinə preparatlar, analgetiklər təyin edilir. Göz yaşı vəzisi absesləşdikdə cərrahi müdaxilə tələb olunur. İrinlik yarılır, yara hidrogen-peroksid məhlulu və ya digər antiseptiklərlə yuyulur. Yara səthinin tam təmizlənməsinə qədər drenaj qoyulur.
Xroniki dakrioadenitin müalicəsi əsas xəstəliyin etiologiyasından asılıdır. Müalicə prosesində digər mütəxəssislər (hematoloq, veneroloq və ya ftiziatr) də iştirak edir. Dakrioadenit müalicəyə çətin tabe olduqda göz yaşı vəzisi nahiyəsinin mülayim dozada rentgenoloji şüalandırılması məsləhət görülür. Kəskin formanın proqnozu qənaətbəxş sayılır. Xroniki dakrioadenitin sonluğu isə əsas xəstəliyin gedişinə müvafiq olur.
Dakrioadenitin profilaktikası
Dakrioadenitin ən effektiv profilaktika üsulu immunitetin möhkəmləndirilməsidir. İdman, düzgün qidalanma, təmiz havada gəzinti, spirtli içkilər və siqaretdən imtina kəskin dakrioadenitə səbəb ola biləcək infeksion xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Qrip və ya KRVİ-nin epidemiya dövründə əlləri tez-tez yumaq, insanların kütləvi şəkildə toplandığı yerlərdən uzaqlaşmaq tövsiyə edilir. Bundan əlavə əsas xəstəliyin (sifilis, vərəm, sarkoidoz) vaxtında aşkarlanması və düzgün müalicə olunması dakrioadenitin inkişaf riskini xeyli aşağı salır.