Damar ulduzcuqları
Damar ulduzcuqları – dəri səthində qırmızı və ya bənövşəyi rəngli hörümçək toruna bənzər formada lokal genişlənmiş kapilyar şəbəkəsidir. Damar ulduzcuqları əsasən yanaqlar, burun qanadları, aşağı ətraflarda lokalizasiya olunur. Onlar nöqtə və ya xətt şəklində, ağac kökünə və yaxud hörümçək toruna bənzəyən damar qüsurlarıdır. Bu problemlə üzləşən pasiyentlər fleboloqa müraciət etməlidir. Diaqnostika ultrasəs doppleroqrafiyanın nəticəsinə əsaslanır. Damar ulduzcuqları aşağıda qeyd olunan üsullardan birinin köməyilə aradan qaldırılır: elektrokoaqulyasiya, mikroskleroterapiya, lazer və ya fotokoaqulyasiya, radiotezlikli termoablasiya, ozonoterapiya və s.
Damar ulduzcuqları barədə ümumi məlumat
Damar ulduzcuqları və ya damar torları (teleangioektaziya) genişlənmiş dəri kapilyarlarının gözlə görünən təzahürüdür. Onlar üzdə (kuperoz), xüsusilə burun qanadlarında, ayaqlar, hətta mədədə yarana bilər. Damar ulduzcuqlarına yetkin şəxslərin 20-30%-də, əsasən qadınlarda rast gəlinir. Əksər hallarda (80%) damar ulduzcuqları doğuşdan sonra qeydə alınır.
Teleangioektaziyalar və ya damar ulduzcuqları dərinin səthi qatı sayılan dermanın venoz kapilyarlarının genişlənməsi nəticəsində formalaşır. Damar ulduzcuqlarının mənşəyinin venoz qan dövranının pozulması ilə bağlılığına baxmayaraq, onların yaranması hər zaman varikoz və ya posttrombotik patologiyaların olmasına dəlalət etmir. Və əksinə, varikoz xəstəliyi həmişə damar ulduzcuqlarına gətirib çıxarmır. Teleangioektaziya həyat və sağlamlıq üçün təhlükə daşıyan xəstəlik sayılmır. O, sadəcə kosmetik qüsur olub, bir çox pasiyentlərə ciddi narahatlıq törədir.
Damar ulduzcuqlarının xarici əlamətləri
Damar ulduzcuqları mənşəyinə görə kapilyar, venoz və arterial olur. Xarici görünüşünə əsasən damar ulduzcuqları nöqtəvi, xətvari, ağac kökünə və ya hörümçək toruna bənzər formada olur. Bu bölgünün müalicəvi tədbirlərin seçilməsi baxımından elə bir əhəmiyyəti yoxdur.
Xətvari teleangioektaziya (kuperoz) əsasən yanaqlar və burunda müşahidə edilir.
Qırmızı və göy rəngli xətvari və agac kökünə bənzər damar ulduzcuqları adətən aşağı ətraflarda izlənilir.
Hörümçək toruna bənzər teleangioektaziya mərkəzi arterioladan müxtəlif istiqamətlərdə ayrılan çoxsaylı genişlənmiş kapilyarlardan ibarətdir. Onlar bir qayda olaraq, qırmızı rəngdə olur.
Qadınlarda çox zaman aşağı ətraflarda damar ulduzcuqlarının müxtəlif formalarına müştərək şəkildə rast gəlinir: budun daxili səthində paralel yerləşən xətvari genişlənmiş damarlar; budun xarici səthində dairəvi lokalizasiyalı agac kökünə bənzər damarlar. Teleangioektaziyaların müalicə üsulunu seçərkən onların tip və lokalizasiyası nəzərə alınmalıdır.
Retikulyar varikoz və teleangioektaziya zamanı kapilyar torunun lokalizasiya olunduğu nahiyədə ağrı qeydə alınmır. Teleangioektaziyanın nadir hallarda rast gəlinən ağrılı formasında (qadınlarda aybaşı dövründə) damar ulduzcuqları daha intensiv rəngə boyanır. Teleangioektaziyanın bütün hallarında pasiyentləri yalnız estetik problem narahat etdiyindən müalicənin əsas məqsədi yüksək kosmetik effektin əldə edilməsidir.
Damar ulduzcuqlarının yaranma səbəbləri
Əksər xarici və yerli mütəxəssislərin fikrincə kişi və qadınlarda aşağı ətraflarda damar ulduzcuqlarının yaranma səbəbləri fərqlidir. Kişilərdə teleangioektaziya adətən xroniki venoz çatışmazlıq zamanı formalaşır. Ayaqlarda damar ulduzcuqlarının görünməsi venoz xəstəliyin ilkin əlaməti sayılır. Qadınların aşağı ətraflarında teleangioektaziya əksər hallarda keçirilmiş və ya hal-hazırda mövcud olan ginekoloji, endokrin xəstəliklər, eləcə də hamiləlik, abortlarla əlaqədar hormonal dəyişikliklər nəticəsində əmələ gəlir. Hamiləlik dövründə estrogenlərin yüksək konsentrasiyası müşahidə olunan qadınların 1/3 hissəsində ilkin damar ulduzcuqlarının yaranmasına gətirib çıxarır. Hamiləliklə assosiasiyalı teleangioektaziya adətən doğuşdan 3-6 həftə sonra tamamən keçib gedir. Həmçinin oral kontraseptivlərin qəbulu damar ulduzcuqlarının yaranması ilə nəticələnə bilər. Teleangioektaziyaların residivlərinin qarşısını almaq üçün pasiyentin hormonal fonu normaya salınmalıdır.
İnsanlarda damar ulduzcuqları və kapilyar torlarını ümumən bir çox səbəblərdən inkişaf edə bilər. Bunlara aşağıdakılar aiddir:
- birləşdirici toxumanın anadangəlmə zəifliyi sindromu
- qaraciyərdə metabolizm proseslərinin pozulması
- aşağı ətraflarda venoz durğunluq
- hamiləlik, abort, klimaks, oral kontraseptivlərin qəbulu, yumurtalığın kistası, uşaqlığın mioması nəticəsində hormonal fonun dəyişməsi
- ürək-damar patologiyası
- C vitamininin (askorbin turşusu) çatışmazlığı ilə əlaqədar damar divarlarının keçiriciliyinin artması
Damar ulduzcuqlarının diaqnostikası
Damar ulduzcuqları əksər hallarda aşağı ətrafların varikoz xəstəliyinin əlaməti sayılır. Bu səbəbdən həkim-fleboloq ilkin müayinə zamanı periferik damarlarda venoz qan axınının vəziyyətini qiymətləndirir. Qan cərəyanının sürəti və venoz damarların divarlarının dəqiq analizi məqsədilə adətən aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası icra olunur.
Bununla yanaşı ürək, qaraciyər, uşaqlıq və yumurtalıq patologiyalarını inkar etmək üçün onların funksional müayinəsi aparılır.
Damar ulduzcuqlarının müalicəsi
Venaların varikoz genişlənməsi ilə bağlı olan teleangioektaziyaların müalicəsinin birinci mərhələsində yanaşı gedən venoz patologiya aradan qaldırılmalıdır. Damar ulduzcuqlarının tipi, ifadə dərəcəsi və lokalizasiyasından asılı olaraq aşağıda qeyd olunan üsullardan biri tətbiq edilir: elektrokoaqulyasiya, sklerozlaşdırıcı terapiya, lazer fotokoaqulyasiya, mikrocərəyan terapiyası, ozonoterapiya, radiotezlikli termoablasiya və s.
Damar ulduzcuqları və torların elektrokoaqulyasiyası. Üsulun mahiyyəti nazik elektrodla ötürülən yüksək tezlikli cərəyanla teleangioekaziyaların yandırılmasından ibarətdir. Elektrokoaqulyasiyanın çatışmazlıqlarına damar dəyişiklikləri ilə bərabər onları əhatə edən sağlam toxumaların da termiki zədələnməyə məruz qalması və çapıqlaşması, depiqmentasiay və hiperpiqmentasiya sahələrinin yaranması aiddir.
Damar ulduzcuqları və torların skleroterapiyası. Bu üsul dəyişilmiş damarın mənfəzinə xüsusi preparat-sklerozantın inyeksion yeridilməsi ilə onun divarlarının «yapışdırılmasına» əsaslanır. Sklerozantın yeridilməsindən dərhal sonra dəridə lokal şişkinlik və qızartı yaranır. İnyeksiya sahəsi tamponla bərk sıxılaraq, elastik bintlə sarılılır. Kompression sarğı (və ya kompression trikotak) damar divarlarını aralanmağa qoymur, orada qan cərəyanına mane olur. Bu üsul həm də «kompression flebosklerozlaşdırma» adlanır.
Dəyişilmiş damarın mənfəzinin bağlanması onun qan dövranından xaric olması və damar ulduzcuqlarının 1-1,5 ay ərzində tamamən itməsi ilə nəticələnir. Sklerozlaşdırıcı terapiyadan əsasən venoz teleangiektoziyaların müalicəsində istifadə olunur, kapilyar damar dəyişiklikləri onun təsirinə demək olar ki, tabe olmur. Kapilyar teleangioektaziyalarla mübarizədə lazer fotokoaqulyasiya tətbiq edilir. Hazırda skleroterapiya aşağı ətrafların venoz damar ulduzcuqlarının ən effektiv müalicə üsulu sayılır.
Damar ulduzcuqları və torların lazer fotokoaqulyasiyası. Üsulun təsir mexanizmi lazer şüasının genişlənmiş kapilyarlar tərəfindən udulması, onların qızması və damar mənfəzinin bağlanmasına əsaslanır. Lazerlə işlənmiş damar bir müddətdən sonra reqressə uğrayır. Lazer dəstəsi yalnız zədələnmə nahiyəsinə təsir edərək, sağlam toxumaları zədələmir. Lazer fotokoaqulyasiya diametri 2mm-dən kiçik olan damarların müalicəsində effektivdir. Prosedur xüsusi qurğu – patoloji dəyişilmiş damarlara təsir edən «damar lazerləri» vasitəsilə aparılır. Az nəzərə çarpan damar ulduzcuqlarının müalicəsi üçün 1-2 seans, ifadəli formalarda isə daha uzun müddət tələb olunur.
Radiodalğa cərrahiyyəsi («Surgutron» aparatı). Damar ulduzcuqlarının yeni müalicə üsulu sayılır. Kontaktsız kəsim və koaqulyasiya nazik elektroddan ötürülən, toxumalara nüfuz edən və onları zədələməyən yüksək tezlikli dalğaların köməyilə yerinə yetirilir. Damar ulduzcuqları ağrı, ödem olmadan sağalır və çapıqlaşmır. Radiodalğa cərrahiyyəsi ən atravmatik üsul hesab olunur, lakin o, yalnız tək-tək xırda kapilyarların müalicəsində effektivdir.
Damar ulduzcuqları və torların ozonoterapiyası. Ozonoterapiya yüksək konsentrasiyalı ozondan ibarət oksigen-ozon qarışığının damardaxili inyeksiyaları şəklində tətbiq edilir. Ozon molekulları damar hüceyrələrində biokimyəvi oksidləşmə proseslərinin mürəkkəb mexanizmini işə salmaqla zədələnmiş damarların destruksiyasına səbəb olur. Nəticədə damar ulduzcuqları iz qoymadan itir. Ozonoterapiyanın yan təsirləri demək olar ki, müşahidə edilmir. Bu üsuldan sonra dəridə çapıq və piqment zonaları izlənilmir, reabilitasiya tələb olunmur.
Damar ulduzcuqlarını müalicə edərkən nəzərə almaq lazımdır ki, onlar daxili orqanların ciddi patologiyasının təzahürü ola bilər. Bununla əlaqədar teleangioektaziyaya səbəb olan xəstəliklər inkar edilməlidir.
Damar ulduzcuqlarının müalicəsinin proqnozu
Aşağı ətrafların teleangioektaziyasının hər bir müalicə üsulunun özünəməxsusu göstəriş, əks-göstəriş və çatışmazlıqları vardır. Müalicə taktikası damarların vəziyyətinin kompleks müayinəsinin nəticələrinə əsasən seçilir. Aşağı ətrafların damar ulduzcuqlarının müalicəsində lazer fotokoaqulyasiya ilə sklerozlaşdırıcı terapiyanın müştərək tətbiqi daha effektiv sayılır. Lazer fotokoaqulyasiya müstəqil şəkildə kapilyar teleangioektaziyalarda və ya sklerozanta qarşı allergik reaksiyanın olduğu hallarda icra edilir. Bu 2 üsul damar ulduzcuqları və dərinin digər damar zədələnmələrinin müalicəsində baza üsulu sayılır.