Daun sindromu

Daun sindromu – kariotipdə 21-ci xromosomun genetik materialının surətinin, yəni trisomiyanın müşahidə olunduğu xromosom anomaliyasıdır. Daun sindromunun fenotipik əlamətlərinə braxisefaliya, yastı üz və ənsə, monqoloid tipli göz yarıqları, epikant, boyunda dəri büküşü, ətrafların qısalması, qısabarmaqlıq, ovucda köndələn büküşlər və s. aiddir. Uşaqlarda Daun sindromu prenatal (USM, xorionun biosiyası, amniosentez, kordosentezin nəticələrinə əsasən) və yaxud doğuşdan sonra xarici əlamətlər və genetik müayinənin nəticələrinə əsasən aşkarlanır. Daun sindromlu uşaqlarda inkişaf pozğunluqlarının korreksiyası tələb olunur.

Daun sindromu barədə ümumi məlumat

Daun sindromu – 21-ci xromosom cütlüyünün surəti hesabına kariotipin 47 xromosomdan ibarət olması ilə səciyyələnən autosom sindromdur. Daun sindromu 500-800 yenidoğulmuşdan birində qeydə alınır. Daun sindromlu uşaqlar arasında cins nisbəti 1:1 təşkil edir. Daun sindromu ilk dəfə 1866-cı ildə ingilis pediatrı L.Daun tərəfindən təsvir olunmuşdur, lakin patologiyanın xromosom təbiəti və mahiyyəti (21-ci xromosom üzrə trisomiya) təxminən 100 il sonra aşkarlanmışdır. Daun sindromunun klinik simptomatikası fərqlidir – anadangəlmə inkişaf qüsurlarından tutmuş ikincili immunodefisit hallara qədər müşahidə olunur. Daun sindromlu uşaqlara müxtəlif mütəxəsislər tərəfindən əlavə tibbi yardım tələb olunduğundan onlar pediatriyada xüsusi kateqoriyaya aid edilir.

Daun sindromunun yaranma səbəbləri

Normada insan orqanizminin hüceyrələrində 23 cüt xromosom olur (normal qadın kariotipi 46, XX; kişi – 46, XY). Hər bir cütlüyün xromosomlarından biri anadan, digəri isə atadan irsən ötürülür. Daun sindromunun inkişafının genetik mexanizmləri autosomların miqdarının pozulmasından ibarətdir, bu zaman 21-ci xromosom cütlüyünə əlavə genetik material qoşulur.  21-ci cüt xromosom üzrə trisomiya Daun sindromu üçün xarakterik cizgilərin meydana çıxmasına səbəb olur.

Əlavə xromosomlar genetik təsadüf (ovogenez və ya spermatogenez prosesində cüt xromosomların ayrılmaması), mayalanmadan sonra hüceyrə bölünməsinin pozulması və yaxud ana və ya atadan irsi mutasiyanın ötürülməsi nəticəsində yaranır. Genetikada bu mexanizmləri nəzərə alaraq, Daun sindromlu xəstələrdə kariotip anomaliyasının 3 variantı ayırd edilir: müntəzəm 9sadə) trisomiya, mozaisizm və balanslaşdırılmamış translokasiya.

Daun sindromunun əksər halları (təxminən 94%) sadə trisomiya (kariotip 47,XX, 21+ və ya 47,ХY, 21+) ilə bağlıdır. Bu zaman ana və ya atanın cinsi hüceyrələrinin meyozu zamanı cüt xromosomların bölünməsinin pozulması ilə əlaqədar orqanizmin bütün hüceyrələrində 21-ci xromosomun hər 3 surəti mövcud olur.

Daun sindromunun 1-2% halları mozaik formanın payına düşür.  Bu tip pozğunluq blastula və ya qastrula mərhələsində olan embrionun yalnız bir hüceyrəsində mitozun pozulması zamanı inkişaf edir.  Mozaisizm zamanı 21-ci xromosom üzrə trisomiya təkcə bu hüceyrənin derivatlarında aşkarlanır. Hüceyrənin digər hissələri isə normal xromosom dəstinə malik olur.

Daun sindromunun translokasion formasına 4-5% pasiyentlərdə qeydə alınır. Belə hallarda 21-ci xromosom və ya onun fraqmenti hər hansı bir autosoma birləşir (translokasiya edir) və meyoz zamanı onunla birgə yeni yaranan hüceyrəyə keçir. Translokasiyanın ən çox rast gəlinən «obyektləri» 14 və 15-ci xromosomlardır. Daha az hallarda 13, 22, 4 və 5-ci xromosomlarda translokasiya aşkar edilir. Xromosomların bu cür dəyişiklikləri təsadüfi xarakter daşıya və ya normal fenotipə malik, lakin balanslaşdırılmış translokasiyanın daşıyıcısı olan valideynlərdən birindən ötürülə bilər. Translokasiyanın daşıyıcısı qismində ata iştirak etdikdə Daun sindromlu uşaqların doğulma ehtimalı 3%, daşıyıcılıq ananın genetik materialı ilə bağlı olduqda isə bu rəqəm 10-15%-ə qədər artır.

Uşağın Daun sindromu ilə doğulmasının risk amilləri 

Daun sindromlu uşaqların doğulması həyat tərzi, etnik mənsubiyyət və valideynlərin yaşadığı regiondan asılı deyil. Daun sindromlu uşaqların doğulma riskini yüksəldən dəqiq müəyyən edilmiş yeganə amil ananın yaşıdır. Belə ki, 25 yaşa qədər qadınlarda xəstə uşağın doğulma ehtimalı 1:1400, 35 yaşda – 1:400, 40 yaşda 1:100, 45 yaşda isə 1:35 təşkil edir. Bu, ilk növbədə hüceyrələrin bölünmə prosesinə nəzarətin azalması və xromosomların ayrılmama riskinin artması ilə bağlıdır. Lakin cavan qadınlar arasında doğuş tezliyi yüksək olduğundan statistik məlumatlara əsasən Daun sindromlu uşaqların 80%-i yaşı 35-dən az olan analara məxsusdur. Bəzi məlumatlara görə atanın yaşının 42-45-dən çox olması uşaqda Daun sindromunun inkişaf riskini artırır.

Məlumdur ki, eyni yumurta əkizlərinin birində Daun sindromu olduqda, digərində də bu patologiyanın yaranma riski 100% təşkil edir. Müxtəlif yumurta ekizlərində, eləcə də bacı və qardaşlarda belə bir təsadüfün olma ehtimalı çox azdır. Daun sindromunun digər risk amillərinə ananın yaşının 18-dən az olması, valideynlərdən birinin translokasiya daşıyıcısı olması, yaxın qohum nigahları, cinsi hüceyrələr və ya embrionun normal inkişafını pozan təsadüfi hallar aiddir.

Preimplantasion diaqnostika, köməkçi reproduktiv texnologiya (o cümlədən ekstrakorporal mayalanma) ilə hamiləlik risk qrupuna aid olan şəxslərin uşaqlarının Daun sindromu ilə doğuma riskini azaldır, lakin bu ehtimalı sıfıra endirmir.

Daun sindromunun əlamətləri

Daun sindromlu dölün daşınması yüksək düşük riski ilə müşayiət olunur: qadınların təxminən 30%-də hamiləliyin 6-8-ci həftəsində spontan düşüklər baş verir. Qalan hallarda Daun sindromlu uşaqlar vaxtında doğulsa da mülayim hipoplaziyaya (bədən kütləsinin normadan 8-10% az olması) malik olur.  Xromosom anomaliyasının müxtəlif sitogenetik variantlarına baxmayaraq, Daun sindromlu uşaqların əksəriyyəti üçün neonatoloqun ilkin baxışı zamanı patologiyadan şübhələnməyə əsas verən tipik əlamətlər səciyyəvidir. Daun sindromlu uşaqlarda aşağıda qeyd olunan fiziki əlamətlərin bir neçəsi və ya hamısına rast gəlmək mümkündür.

Daun sindromlu uşaqların 80-90%-i kəllə-üz dizmorfiyasına: yastılaşmış üz və ənsə,  braxisefaliya, qısa və enli boyun, qulaq seyvanının deformasiyası malik olur. Yenidoğulmuşlarda boyun nahiyəsində xarakterik dəri büküşü qeyd olunur. Bundan əlavə monqoloid tipli göz yarıqları, epikantus (gözün daxili bucağını örtən vertikal dəri büküşü), mikrogeniya, iri dodaqlar və dil (makroqlossiya), yarı açıq vəziyyətdə olan ağızdan dilin xaricə çıxması müşahidə edilir. Daun sindromlu uşaqlarda əzələ tonusu adətən aşağı olur; oynaqların hipermobilliyi (o cümlədən atlant-aksial qeyri-stabillik), döş qəfəsinin qıfşəkilli deformasiyası qeydə alınır.

Daun sindromlu uşaqlara xas olan fiziki əlamətlərinə qısa ətraflar, braxidaktiliya (braximezofalangiya), çeçələ barmağın deformasiyası (klinodaktiliya), ovuc nahiyəsində köndələn büküş, ayağın 1 və 2-ci barmaqlarının aralı olması (səndəlşəkilli yarıq) və s. aiddir. Bu tip uşaqlara baxış zamanı gözün qüzehli qişasının kənarı boyunca ağ ləkələr (Bruşfild ləkələri), qotik (həddindən artıq hündür) damaq, anomal dişləm, şırımlı dil aşkar edilir.

Sadə trisomiyaya nisbətən translokasion variantda xarici əlamətlər daha qabarıq olur. Mozaisizm zamanı fenotipin ifadəliliyi kariotipin tərkibində trisom hüceyrələrin payından asılıdır.

Populyasiya ilə müqayisədə Daun sindromlu uşaqlarda anadangəlmə ürək qüsurları (açıq arterial axacaq, mədəciklərarası və qulaqcıqlararası çəpəri qüsuru, Fallo tetradası və s.), çəpgözlük, katarakta, qlaukoma, eşitmə zəifliyi, epilepsiya, leykoz, MBT anomaliyaları (qida borusunun atreziyası, 12- barmaq bağırsağın stenoz və atreziyası, Hirşprunq xəstəliyi), budun anadangəlmə çıxığına tez-tez rast gəlinir. Pubertat dövrün xarakterik dermatoloji problemlərinə dərinin quruluğu, ekzema, akne, follikulit aiddir.

Daun sindromlu uşaqlar infeksion xəstəliklərə meylli olur. Onlarda uşaq infeksiyaları ağır gedişə malik olur. Bu tip uşaqlar pnevmoniya, orta otit, KRVİ, adenoid, tonzillitə daha çox tutulur. Zəif immunitet və anadangəlmə qüsurlar 5 yaşa qədər uşaqların ən çox rast gəlinən ölüm səbəblərindən sayılır.

Daun sindromlu xəstələrdə intellektual inkişafın pozulması – yüngül və orta dərəcəli əqli gerilik müşahidə edilir. Uşaqların motor inkişafı yaşıdlarından geri qalır. Onlarda nitq pozğunluğu qeydə alınır.

Daun sindromlu pasiyentlərdə piylənmə, qəbizlik, hipotireoz, yuvalı alopesiya, xayanın xərçəngi. Altsheymer xəstəliyinin erkən inkişafı və digər patologiyalara meylliyə rast gəlinir. Kişi cinsinə aid  xəstələr sonsuz olur; qadınlarda isə anovulyator sikllə əlaqədar fertillik əhəmiyyətli dərəcədə azalır. Yetkin pasiyentlərin boyu orta səviyyədən 20 sm alçaq olur. Xəstələrin orta ömür müddəti təxminən 50-60 il təşkil edir.

Daun sindromunun diaqnostikası

Döldə Daun sindromunun aşkarlanması üçün prenatal diaqnostika sistemi təşkil edilmişdir. I trimestrin skrininqi hamiləliyin 11-13-cü həftəsində aparılır, anomaliyaların spesifik USM əlamətlərinin və hamilə qadının qanında biokimyəvi markerlərin (XQ, PAPP-A) səviyyəsinin təyininə yönəldilir.   Hamiləliyin 15-22-ci həftələrində II trimestrin skrininqi yerinə yetirilir: mamalıq USM, ananın qanında alfa-fetoprotein, XQ və estriolun yoxlanılması. Qadının yaşını nəzərə almaqla Daun sindromlu uşağın doğulma riski hesablanılır (dəqiqliq – 56-70%; yanlış nəticə – 5%).

Risk qrupuna daxil olan hamilələrə prenatal invaziv diaqnostika: xorionun biopsiyası, amniosentez və ya kordosentez – dölün kariotiplənməsi, həkim-genetikin konsultasiyası məsləhət görülür. Döldə Daun sindromu təsdiqləndikdə hamiləliyin davam etdirilməsi və ya dayandırılması barədə qərar valideynlərin öhdəsinə buraxılır.

Daun sindromlu yenidoğulmuşlara həyatın ilk günlərində ExoKQ, daxili orqanların anadangəlmə qüsurlarını aşkar etmək üçün qarın boşluğunun USM, uşaq kardioloqu, cərrah, oftalmoloq, travmatoloq-ortopedin baxışı tələb olunur.

Daun sindromlu uşaqlara tibbi-pedaqoji yardım 

Xromosom anomaliyalarını sağaltmaq təəssüf ki, mümkün deyil; təklif olunan hər bir üsul təcrübi xarakter daşıyır, onların effektivliyi klinik təcrübələrdə öz təsdiqini tapmamışdır. Lakin sistematik tibbi müşahidə və pedaqoji yardım Daun sindromlu uşaqların inkişafı və sosializasiyasında uğurun əldə olunmasına kömək edir.

Yanaşı gedən xəstəliklər və onların yüksək inkişaf riski ilə əlaqədar Daun xəstələri mütəxəsislərin (pediatr, terapevt, kardioloq, endokrinoloq, otolarinqoloq, oftalmoloq, nevroloq və s.) davamlı müşahidəsi altında olmalıdır. Ağır formalı anadangəlmə ürək və MBT qüsurları onların erkən cərrahi korreksiyasına göstəriş sayılır. Eşitmə funksiyasının ifadəli azalması zamanı xəstələrə eşitmə aparatından istifadə etmək məsləhət görülür. Görmə orqanının patologiyalarında eynək korreksiyası, katarakta, qlaukoma, çəpgözlüyün cərrahi korreksiyası tələb oluna bilər. Hipotireoz hallarında tireoid hormonlarla əvəzedici terapiya təyin edilir.

Motor vərdişlərin inkişafını stimulyasiya etmək üçün fizioterapiya, MBT tövsiyə olunur. Loqoped və oliqofrenopedaqoqun məşğələləri Daun sindromlu uşaqlarda nitq və kommunikasiya qabiliyyətinin inkişafına kömək edir.

Bu kateqoriyaya daxil olan uşaqlar xüsusi məktəblərdə təhsil alır. Daun sindromundan əziyyət çəkən uşaqlar yalnız inteqrasiya olunmuş tədris çərçivəsində adi məktəblərdə oxuya bilər. Daun sidnromlu uşaqlar müəllim və sosial pedaqoqların əlavə yardımına, xüsusi tədris proqramının tətbiqinə, təhlükəsiz və əlverişli mühitin təşkilinə ehtiyac duyur. «Günəş uşaqlarının» yaşadığı ailələrin psixoloji-pedaqoji dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

Daun sindromunun proqnoz və profilaktikası 

Daun sindromlu şəxslərin təhsil və sosializasiya imkanları uşağın intellektual qabiliyyətindən, valideyn və müəllimlərin dəstəyindən asılı olur. Əksər hallarda uşaqlara gündəlik həyatda tələb olunan minimal məişət və kommunikasiya vərdişlərini öyrətmək mümkün olur. Belə pasiyentlərin təsviri incəsənət, aktyorluq, idman sahəsində uğur qazandığı hallar az deyil. Daun sindromlu yetkin şəxslərin müstəqil həyat sürməsi, mürəkkəb olmayan peşəyə yiyələnməsi və ailə qurması mümkündür.

Hər bir ailədə Daun sindromlu uşağın doğulma ehtimalı olduğundan xəstəliyin profilaktikası mümkün risklərin azaldılmasına yönəldilir. Ailələrin genetik konsultasiyası və prenatal skrininq sistemi Daun sindromlu uşaqların doğulmasını proqnozlaşdırmağa kömək edir.

error: Content is protected !!