Densitometriya

Densitometriya – sümük toxumasının mineral sıxlığını təyin edən müayinə üsuludur. Densitometriya osteporozun inkişaf riskini və sümük toxumasının demineralizasiyasınının qarşısını almaq üçün təyin edilən müalicənin effektivliyini qiymətləndirmək üçün aparılır. Sümüklərin ölçüsü, qalınlığı və sıxlığına görə T (eyni cinsdən olan sağlam gənc orqnizmin göstəriciləri ilə müqayisədə) və Z ( eyni cinsdə, çəki və yaşda olan orqanizm ilə müqayisədə) koeffisienti təyin edilir. Densitometriya zamanı adətən onurğanın bel şöbəsi və bud sümüyünün proksimal hissəsi, bəzən isə dirsək, daban sümükləri və ya bütün skelet yoxlanılır.

Periferik densitometriya ətrafların distal nahiyyə(bilək və dirsək, baldır və topuq sümükləri) sümüklərinin vəziyyətini müəyyənləşdirmək üçün aparılır. Təkrari densitometriyanı eyni sümüklərdə və eyni cihazda aparmaq məsləhət görülür.

Densitometriyaya göstərişlər

Təbii yaşa bağlı osteopeniya- sümük toxumasının kütləsinin azalması risk qrupunda olan şəxslərdə osteoporoza səbəb ola bilər. Densitometriya vasitəsilə erkən dövrdə sümük toxumasındakı dəyişikliklərin diaqnozunu qoymaq, vaxtında zəruri yardım göstərməklə osteoporozun və digər sümük zədələnmələrinin qarşısını almağa imkan yaradır. Müalicə prosesində densitometriya ilə nəzarət müalicənin effektivliyini artırmaqda böyük əhəmiyyət kəsb edir. Densitometriya yüksək risk qrupuna daxil olan şəxslərdə – postmenopauza dövründə olan qadınlarda (60-65 və yuxarı), 70 yaşdan yuxarı kişilərdə, anamnezində sınıqlar və sümük kütlə itkisi olan şəxslərdə, hiperparatireoz xəstələrində, həmçinin, 2 il və daha uzun müddətdir osteoporoz əleyhinə müalicə alan şəxslərdə göstərişdir.

Densitometriyanın növləri

Kliniki praktikada densotometriya müayinəsinin bir neçə növü mövcuddur:

  • rentgen densitometriyası- sümük toxumasının rentgen şüalarını udma qabiliyyətinə ( iki energetik rentgen densitometriyası və KT-densitometriya);
  • foton densitometriyası (monoxrom və dixrom)- sümük toxumasının radioizotopları udma qabiliyyətinə;
  • ultrasəs densitometriyası- sümük toxumasında ültrasəs dalğasının keçmə sürətinin qiymətləndirilməsinə əsaslanır.

Rentgen densitometriyasının əsas üstünlüyü ondadır ki, bu zaman skeletin periferik şöbələri ilə (çiyin, çanaq sümükləri və s) yanaşı, onurğa sütunu da yoxlanılır. Bu üsul 2-3% sümük toxumasının itirilməsini də aşkar edir ki, nəticədə erkən etaplarda osteoporozun diaqnozunu qoymaq mümkün olur.

Rentgen densitometriya- yüksək həssaslığa malik müayinə üsulu olub, sümük toxumasının sıxlığının minimal dəyişikliklərini (2%-dək) belə təyin edir. Densitometriya zamanı sümük toxumasının müayinə olunan nahiyyəsinə 2 istiqamətdə rentgen şüası yönləndirilir və xüsusi alətlə intensivliyi tənzimlənir. Sümük toxumasının sərtlik dərəcəsi nə qədər çox olarsa rentgen şüasının daxil olması bir o qədər artıq bloklanır və keçiricilik səviyyəsi azalır. Densitometriya zamanı şüalanma yükü çox deyil: bütün bədənin müayinəsi zamanı şüalanma dərəcəsi sutkalıq təbii radiasion fonu keçmir.

Endokrinologiyada rentgen densitometriyası onurğa sütunu və periferik sümüklərdə toxumanın kəmiyyət-keyfiyyət tərkibini vaxtında düzgün qiymətləndirmək imkanı verir. Diaqnozu təsdiqləmək üçün densitometriya müayinəsi ən azı 2 fərqli nahiyyədə aparılmalıdır. Əksər hallarda densitometriya müayinəsi onurğanın aşağı şöbələri və bud sümüyündə aparılır. Adətən skeletin məhz bu nahiyyələrində sümük toxuması sıxlığını daha çox itirmiş olur və sınma riski də çox zaman bu sümüklərdə olur.

Ultrasəs densitometriyası

Ultrasəs densitometriyası qeyri-invaziv müayinə üsulu olub, sümük toxumasından ultrasəs dalğalarının keçiricilik dərəcəsinə görə sıxlığının qiymətləndirilməsi üsuludur. Ultrasəs densitometriyası zamanı rentgen densitometriyasından fərqli olaraq şüalanma olmur (bu səbəbdən, hamiləlik və laktasiya zamanı da təyin edilir), mobildir (ağır texnikaya ehtiyac olmadan daşına bilir) və qiyməti nisbətən münasibdir. Normal sıxlıqlı sümük toxuması ultrasəs dalğasını təmamilə əks etdirir. Sümük toxumasının sıxlığı azalarsa, ultrasəs dalğaları sümük toxuması tərəfindən qismən udulur və müvafiq olaraq da ultrasəsin əks olunma dərəcəsi azalır. Şüalanma riski olmadığı üçün (xüsusilə hamilələr və uşaqlarda) Ultrasəs densitometriyası rentgen osteodensitometriyasının zərərsiz alternativi rolunu oynayır. Osteopenik sindrom və osteoporozun diaqnostikası məqsədilə aparılır.

Ultrasəs densitometriyası skrininq müayinələr zamanı, geniş əhali kütləsinin müayinəsi üçün tətbiq edilə bilər. Daha dəqiq və ətraflı müayinə üçün rentgen densitometriyası məqsədəuyğundur.

Ultrasəs densitometriyasına göstərişlər

Osteodensitometriya osteomalyasiya ( sümük toxumasının normal ölçüsü fonunda mineral tərkibin pozulması) və osteoporozun (sümük toxum asının çəkisinin azalması fonunda sıxlığının təyini) diaqnostikası məqsədilə aparılır. Osteopeniya çox vaxt hamiləlik və laktasiya dövründə müşahidə olunduğu üçün ultrasəs densitometriyası hamilə və süd verən anaların müayinəsi üçün əvəzolunmazdır. Rentgen densitometriyası zamanı şüalanma dərəcəsi adi rentgen müayinəsi zamanı verilən şüalanmanın 1/10 hissəsi qədər olmasına baxmayaraq, belə şüalanma belə gələcək ana və uşaq üçün arzuolunmazdır.

Osteoporoz isə əsasən yaşlılıq xəstəliyidir. Bu səbəbdən ultrasəs densitometriyası bu patologiyaya görə risk qrupuna daxil olan şəxslər: 4 yaşdan yuxarı qadınlar və 60 yaşdan yuxarı kişilər; menopauza dövründə olan qadınlar; az hərəkətli həyat tərzi sürən az çəkili və xırda bədən quruluşlu şəxslər üçün göstərişdir. Həmçinin, osteoporoz uzun müddət qlikokortikoid, sidikqovucu, qıcolməleyhinə preparatlar, kontraseptivlər qəbul edən şəxslərdə; ovariumektomiya əməliyyatı keçirmiş qadınlarda; endokrin patologiyalar, sümük və onurğa problemləri olan və osteoporoza irsi meyilli olan şəxslərdə rast gəlinir.

Müayinən aparılma qaydası

Ultrasəs densitometriyası portativ densitometr vasitəsilə aparılır. Adi ultrasəs müayinəsində olduğu kimi müayinə olunan sahəyə kontakt gel vurulur. Başlıqdan ötürülən ultrasəs dalğaları əks olunaraq kompyuterə görüntüləri ötürür. Bəncə sümüklərinin sıxlığını təyin edən xüsusi vannaya bənzər densitometrlər vardır, xəstə pəncəsini ora yerləşdirir.

Ultrasəs dalğalarının sümük toxumasında ötürülmə sürəti və sınma koeffisientinə görə müxtəlif etnik və yaş faktoruna uyğun T və Z göstəriciləri hesablanır. müayinə müddəti təxminən 1 dəqiqə çəkir. Nəticələr kompyuterin monitorunda rəngli diaqramlar şəklində əks olunur. Nəticələrin qiymətləndirilməsi zamanı ortastatik normal göstəricilərdən (T) və yaş və cinslə bağlı (Z)göstəricilərdən istifadə olunur. ÜST görə, T-göstəricinin -1.0 vahiddən yuxarı olması norma; -1.0- -2.5 arası osteopeniya; -2.5 və aşağ göstərici isə osteoporoz kimi qiymətləndirilməlidir.

KT-densitometriya

Dar rentgen şüa axının müayinə olunan sahəyə yönəldilməsi hesabına sümük toxumasının laylarla diaqnostika üsuludur. KT-densitometriya hesabına sümük toxumasının qatlarının sıxlığı və sərtliyi təyin olunur. Əldə edilən göstəricilərə əsasən sümük toxumasının mineral sıxlığı (norma, osteopeniya, osteoporoz) və sınma riski haqqında nəticə əldə emək mümkün olur. Göstərişlərə 65-70 -dən yuxarı yaş qrupu, osteoporoza risk qrupuna daxil olan şəxslər, anamnezdə təkrarlanan sınıqların olması, uzun müddət kortikosteroidlərin qəbulu, kalsium mübadilə pozğunluğu olan xəstələr aiddir.

KT-densitometriyaya göstərişlər

KT- densitometriya müayinəsi skrinin müayinələrin -periferik sümük densitometriyasında – sümük toxumasında sıxlığın azalması müşahidə olunan şəxslərdə aparılır. Yalnız distal sümüklərin müayinəsini mümkün edən periferik sümük densitometriyasından fərqli olaraq, KT-densitometriya zamanı osteoporoz zamanı sınıqların ən çox baş verdiyi nahiyyələrin- onurğa və bud-çanaq oynaqlarının (həmçinin, budun baş hissəsinin) müayinəsi mümkün olur.

KT-densitometriya diaqnozun dəqiqləşdirilməsi, osteoporozun dərəcəsinin dəqiq təyini və mövcud problemin proqressivləşmə sürətinin dinamikasını (müalicə prosesində və ya müalicəsis dinamika) izləmək üçün təyin edilir.

Uzun müddət hormonal preparatlar qəbul edən şəxslər(qalxanvari vəzi hormonları, qlükokortikosteroidlər), pre- və postmenopauza dövründə olan qadınlar, 60 yaşdan sonra kişilər, bəzi revmatik (məsələn, revmatoid artritin gecikmiş etapları) və endokrin (hipotireoz, hipertireoz, şəkərli diabet, İtsenko-Kuşinq xəstəliyi və ya sindromu, hipoqonadizm) xəstəliklər zamanı da KT-densitometriya məsləhətdir. Göstərişlərə həmçinin, onurğa sütunu əyrilikləri (skolioz, kifoz), onurğanın degenerativ və distrofik zədələnmələri, təkrari sınıqlar, beldə mənşəyi məlum olmayan göynədici ağrılar və 40 yaşdan sonra onurğanın deformasiyası, əvvəllər osteoporoz diaqnozu ilə müalicə almış şəxslər də daxildir.

KT-densitometriyaya əks göstərişlər

Mütləq əks göstərişlərə hamiləlik daxildir. Bu halda daha zərərsiz üsul olan USM-lə densitometriya aparılır. Nisbi əks göstərişlərə uşaq yaş dövrü daxildir. Anadangəlmə, qazanılmış və yuvenil osteoporoza şübhə varsa (digər yolla dəqiq diaqnoz qoymaq mümkün olmazsa) KT-densitometriya aparıla bilər. Müxtəlif mənşəli hərəkət aktivliyinin pozulması (nevroloji xəstəliklərə, intensiv ağrı sindromuna və ya psixi pozğunluqlara əsaslanan) və cihazın texniki imkanlarına uyğun gəlməyən ölçülər (çəki, bel çevrəsinin diametri) zamanı müayinəni aparma mümkün olmur.

Müayinəyə hazırlıq

Müayinə radioizotop müayinəsindən 2 gün və kontrast maddələrlə aparılan müayinələrdən 5 gün tez olmamaq şərtilə aparıla bilər. Müayinədən bir neçə gün öncə rasiondan kalsiumla zəngin qidaları çıxarmaq, kalsium və fosfortərkibli dərman preparatlarının qəbulunu saxlamaq lazımdır.

Müayinı necə aparılır

KT-densitometriya müayinəsinə zamanı pasient üzərindəki bütün metal əşyaları və metal elementləri olan geyimləri çıxarmalıdır. Müayinə zamanı xəstə arxası üstdə uzanıqlı vəziyyətdə olur. Müayinə aparılan müddətdə hərəkətsizlik şərtdir. Müayinə xəstədə heç bir narahatlıq hissi yaratmır, müddəti 1-5 dəqiqədir. Müayinə müddətində tibbi personal yan otaqda olur və pasient istədiyi zaman əlindəki xüsusi əlaqə vasitəsilə səslənə bilir. Müayinə sonrasında həkim mütəxəssis xüsusi hesablamalar aparır, nəticəni hazırlayır və pasientə təqdim edir.

Nəticələrin qiymətləndirilməsi

KT-densitometriya zamanı 2 göstərici: T- və Z-göstəricilər hesablanır. Nəticəni hazırlayarkən həkim müxtəlif nahiyyələrdə sümük toxumasının eyni strukturda olmadığını da nəzərə alır. T-göstərici 30 yaşlı sağlam insanın etalon göstəricisi ilə müqayisəni təyin edir. Əgər KT-densitometriyasının göstəricilərindən T-1 və daha yüksək olarsa norma kimi qiymətləndirilir. Göstəricinin -1 və -2.5 arasında nəticəsi osteopeniyanın və sınıqlara aşkar riskin olduğunu göstərir. -2.5 dən daha aşağı göstərici isə osteoporoz və sınıqlara yüksək riskin olduğunun göstəricisidir.

Z-göstərici eyni yaş qrupuna daxil olan insanların sümük sıxlığı ilə müqayisəni göstərir. Normal göstəricilərdən kəskin kınaraçıxmalar varsa səbəb ətraflı araşdırılmalıdır. Nəticələr ortoped, vertebroloq, endokrinoloq və ya digər mütəxssisə ( əsas xəstəlikdən asılı olaraq) təqdim edilməlidir. Həkim müalicə sxemini tətbiq edə və ya daha ətraflı müaynə məqsədilə digər müayinələr- sümük toxumasının biopsiyası, hormonal müayinələr və s təyin edə bilər.

error: Content is protected !!