Diabetik retinopatiya
Diabetik retinopatiya – uzun müddət davam edən şəkərli diabet fonunda gözün torlu qişasının damarlarının zədələnməsi ilə xarakterizə olunan spesifik angiopatiyadır. Xəstəlik proqressivləşən gedişə malikdir. Başlanğıcda retinopatiya dumanlı görmə və göz önündə uçuşan ləkələrlə özünü büruzə verir. Gecikmiş mərhələlərdə isə görmə qabiliyyəti kəskin azalır və ya tamamən itirilir. Diaqnozun qoyulması üçün oftalmoloq və diabetoloqun konsultasiyası, oftalmoskopiya, biomikroskopiya, vizometriya, perimetriya, torlu qişanın damarlarının angioqrafiyası, qanın biokimyəvi analizinin aparılması tələb olunur. Müalicə şəkərli diabetin kompensasiyasından və metabolik pozğunluqların korreksiyasından ibarətdir. Ağırlaşmalar olduqda zəruri preparatların intravitreal yeridilməsi, torlu qişanın lazer koaqulyasiyası və ya vitrektomiya göstəriş sayılır.
Diabetik retinopatiya barədə ümumi məlumat
Diabetik retinopatiya şəkərli diabetin gecikmiş ağırlaşmalarından sayılır. Şəkərli diabet xəstələrində müşahidə edilən görmə əlilliyinin 80-90%-i diabetik retinopatiya ilə bağlı olur. Ümumi populyasiyanın digər nümayəndələri ilə müqayisədə diabetdən əziyyət çəkən şəxslərdə korluğa 25 dəfə çox rast gəlinir. Belə xəstələrdə diabetik retinopatiya ilə yanaşı, ürəyin işemik xəstəliyi, diabetik nefropatiya və polineyropatiya, katarakta, qlaukoma, torlu qişanın mərkəzi arteriya və venasının okklüziyası, diabetik pəncə və ətrafların qanqrenasının yaranma riski yüksək olur. Bu səbəbdən şəkərli diabetin müalicəsində multidissiplinar yanaşma – endokrinoloq (diabetoloq), oftalmoloq, kardioloq, podoloqun iştirakı tələb olunur.
Diabetik retinopatiyanın yaranma səbəbləri və risk amilləri
Diabetik retinopatiyanın inkişaf mexanizmi torlu qişanın damarların zədələnməsi: onların keçiriciliyinin artması, kapilyarların okklüziyası, yeni damarların yaranması və proliferativ (çapıq) toxumanın inkişafı ilə bağlıdır. Şəkərli diabetin uzunmüddətli inkişafı göz dibində bu və ya digər dəyişikliklər törədir. Diabetin yaranma müddəti 2 ildən az olduqda retinopatiyaya pasiyentlərin 15%-də, 5 ilə qədər – 28%-də, 10-15 ilə qədər – 44-50%-də, xəstəlik orta hesabla 20-30 il davam etdikdə isə 90-100%-də rast gəlinir.
Retinopatiyanın proqressivləşmə sürəti və tezliyinə təsir edən başlıca risk amillərinə şəkərli diabetin davametmə müddəti, hiperqlikemiyanın səviyyəsi, arterial hipertenziya, xroniki böyrək çatışmazlığı, dislipidemiya, metabolik sindrom, piylənmə aiddir. Retinopatiyanın inkişafına həmçinin cinsi yetişkənlik dövrü, hamiləlik, irsi meyllik və siqaret çəkmə səbəb ola bilər.
Diabetik retinopatiyanın təsnifatı
Göz dibində gedən dəyişikliklərə əsasən diabetik retinopatiyanın 3 forması ayırd edilir: qeyri-proliferativ, preproliferativ və proliferativ.
Qanda qlükozanın səviyyəsi yüksək olduqda müxtəlif orqanların, o cümlədən torlu qişanın damarları zədələnir. Diabetik retinopatiyanın qeyri-proliferativ mərhələsində retinal damarlar kövrəkləşir, onların keçiriciliyi yüksəlir. Bu da nöqtəvi qansızmalara və mikroanevrizmaların (arteriyaların kisəşəkilli genişlənməsi) formalaşmasına gətirib çıxarır. Qanın maye fraksiyası damar divarlarından torlu qişaya sızaraq, retinal ödem törədir. Torlu qişanın mərkəzi hissəsinin prosesə qoşulduğu hallarda makulyar ödem inkişaf edir, görmə itiliyi zəifləyir.
Preproliferativ mərhələdə arteriolaların okklüziyası ilə əlaqədar torlu qişanın proqressivləşən işemiyası, hemorragik infarkt, venoz pozğunluqlar baş verir.
Proliferativ faza şəkərli diabet xəstələrinin 5-10%-də aşkarlanır. Proliferativ retinopatiyanın yaranma səbəblərinə yüksək dərəcəli miopiya (yaxından görmə), yuxu arteriyalarının okklüziyası, şüşəyəbənzər cismin arxa hissəsinin qopması, görmə sinirinin atrofiyası aiddir. Bu mərhələdə torlu qişanın hüceyrələrində oksigen aclığı ilə bağlı kompensator mexanizm kimi yeni damarlar əmələ gəlir. Neovaskulyarizasiya prosesi təkrarlanan preretinal və retrovitreal qansızmalara gətirib çıxarır.
Əksər hallarda torlu qişaya və şüşəyəbənzər cismə cüzi qansızmalar öz-özünə sorulur. Lakin göz boşluğunda qan çoxlu miqdarda toplandıqda (hemoftalm) şüşəyəbənzər cisimdə geridönməyən fibroz proliferasiya (fibrovaskulyar bitişmələr və çapıqlar) yaranır. Bu da torlu qişanın traksion ayrılması ilə nəticələnir. Göz yaşı yolları tutulduqda ikincili neovaskulyar qlaukoma inkişaf edir.
Diabetik retinopatiyanın əlamətləri
Xəstəliyin təhlükəliliyi onun ağrısız proqressivləşməsi və çox az simptomlarla inkişaf etməsi ilə bağlıdır. Qeyri-proliferativ mərhələdə görmənin zəifləməsi subyektiv olaraq, hiss edilmir. Makulyar ödem əşyaların təsvirinin bulanmasına, yaxın məsafədən işləmə və ya kitab oxumanın çətinləşməsinə səbəb ola bilər.
Proliferativ mərhələdə gözdaxili qansızmalar baş verdikdə göz önündə uçuşan tünd ləkələr və örtük əmələ gəlir. Bu əlamətlər bir müddətdən sonra keçib gedir. Şüşəyəbənzər cismə qansızma iri həcmli olduqda görmə qabiliyyəti kəskin azalır və ya tamamən itirilir.
Diabetik retinopatiyanın diaqnostikası
Şəkərli diabet xəstələri müntəzəm şəkildə oftalmoloqun müayinəsindən keçməlidir. Burada əsas məqsəd torlu qişanın dəyişikliklərinin erkən mərhələlərdə aşkarlanması və proliferasiya edən diabetik retinopatiyanın qarşısının alınmasıdır.
Pasiyentlərdə vizometriya, perimetriya, gözün ön seqmentinin biomikroskopiyası, Qoldman linzası ilə biomikroskopiya, göz strukturlarının diafanoskopiyası, Maklakov üsulu ilə tonometriya, midriatləklə oftalmoskopiya aparılır.
Diabetik retinopatiyanın mərhələsinin təyinində oftalmoskopik şəkil mühüm əhəmiyyət kəsb edir. Qeyri-proliferativ mərhələdə mikroanevrizmalar, «yumşaq» və «bərk» eksudatlar, qansızmalar müşahidə edilir. Proliferativ fazada göz dibinin klinik şəkli intraretinal mikrodamar anomaliyaları (arterial şuntlar, venaların genişlənməsi və qıvrılması), preretinal və endovitreal qansızmalar, torlu qişanın və görmə siniri diskinin neovaskulyarizasiyası, fibroz proliferasiya ilə xarakterizə olunur.
Büllur və şüşəyəbənzər cismin bulandığı hallarda oftalmoskopiya əvəzinə gözün USM icra olunur. Torlu qişanın və görmə sinirinin funksiyalarını qiymətləndirmək üçün elektrofizioloji müayinələrdən (elektroretinoqrafiya, elektrookuloqrafiya və s.) istifadə edilir. Neovaskulyar qlaukomanı aşkar etmək məqsədilə qonioskopiya yerinə yetirilir.
Torlu qişanın damarlarının əsas vizualizasiya metodu flüoressent angioqrafiyadır. Onun köməyilə xoreoretinal damarlarda qan cərəyanı izlənilir. Tomoqrafiya (pptik koherent və skanlayıcı lazer) angioqrafiyanın alternativ üsulu sayılır.
Diabetik retinopatiyanın proqressivləşməsinin risk amillərini müəyyən etmək üçün qan və sidikdə qlükozanın səviyyəsi, insulin, qlükozalaşmış hemoqlobin və digər göstəricilərin miqdarı təyin edilir; böyrək arteriyalarının USDQ, ExoKQ, EKQ, AT-nin sutkalıq monitorinqi aparılır.
Diabetik retinopatiyanın müalicəsi
Retinopatiyaların müalicəsinin ümumi prinsipləri ilə yanaşı metabolik pozğunluqlar korreksiya edilməli, lipid mübadiləsi, qlikemiya və AT səviyyəsinə nəzarət olunmalıdır. Bu səbəbdən müalicə prosesində endokrinoloq-diabetoloq və kardioloqun iştirakı vacibdir.
Xəstələrə adekvat insulinoterapiya, angioprotektorlar, hipotenziv vasitələr, antiaqreqantlar təyin olunur. Makulyar ödemə qarşı steroidlərin intravitreal inyeksiyaları effektiv sayılır.
Proqressivləşən diabetik retinopatiya torlu qişanın lazer koaqulyasiyasına göstəriş hesab olunur. Bu üsulla neovaskulyarizasiya prosesi dayandırılır, yüksək keçiriciliyə malik kövrək damarların obliterasiyası əldə olunur, torlu qişanın qopma riskinin qarşısı alınır.
Torlu qişanın lazer cərrahiyyəsində bir neçə metodlardan istifadə edilir. Baryer lazer koaqulyasiyası paramakulyar koaqulyatların «qəfəs» şəklində çəkilməsinə əsaslanır, makulyar ödemlə müşayiət edilən qeyri-proliferativ retinopatiyalarda həyata keçirilir.
Fokal lazer koaqulyasiyası angioqrafiyanın köməyilə aşkarlanan kiçik hemorragiya, eksudat və mikroanevrizmaların yandırılması məqsədilə icra olunur.
Panretinal lazer koaqulyasiyasında makula nahiyəsi istisna olmaqla, koaqulyatlar torlu qişanın bütün hissələrinə çəkilir. Bu üsul adətən preproliferativ mərhələnin proqressivləşməsinin qarşısını almaq üçün elə həmin fazada yerinə yetirilir.
Gözün optik mühitləri bulandıqda lazerkoaqulyasiyaya alternativ olaraq, transskleral krioretinopeksiya tətbiq edilir. Cərrahi müdaxilə torlu qişanın patoloji sahələrinin soyuqla destruksiyasına əsaslanır.
Hemoftalm, makulanın traksiyası və ya torlu qişanın qopması ilə ağırlaşan proliferativ diabetik retinopatiya zamanı vitrektomiya aparılır. Əməliyyat prosesində qanla yanaşı şüşəyəbənzər cisim də xaric edilir, birləşdirici toxuma bağları kəsilir, qanayan damarlar yandırılır.
Diabetik retinopatiyanın proqnoz və profilaktikası
Diabetik retinopatiya ikincili qlaukoma, katarakta, torlu qişanın qopması, hemoftalm, görmə qabiliyyətinin kəskin azalması, tam korluqla ağırlaşa bilər.
Xəstəliyin proqressivləşməsinin qarşısını almaq üçün arterial təzyiqin və qanda şəkərin səviyyəsinə nəzarət olunmalı, şəkərsalıcı və hipotenziv preparatlar vaxtında qəbul edilməlidir. Torlu qişanın profilaktik lazer koaqulyasiyası göz dibində gedən dəyişikliklərin dayanmasına və geriyə inkişafına səbəb olur.