Difteriya mənşəli konyunktivit
Difteriya mənşəli konyunktivit – konyunktivanın fibroz iltihabı ilə xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Patologiya hiperemiya, xemoz və boz ərpin yaranması ilə təzahür edir. Diaqnozun qoyulması üçün spesifik laborator testlər (lateks-aqqlütinasiya reaksiyası, bakterioloji müayinə), gözün biomikroskopiyası, vizometriya və oftalmoskopiyadan istifadə olunur. Müalicə məqsədilə xəstələrə difteriya əleyhinə zərdab, antibakterial vasitələr, antiseptiklər, keratoprotektorlar və vitaminlər təyin edilir.
Difteriya mənşəli konyunktivit barədə ümumi məlumat
Difteriya mənşəli konyunktivit – Klebs-Leffler bakteriyasına yoluxma nəticəsində gözün selikli qişasında yaranan iltihabi prosesdir. Konyunktivanın izoləolunmuş zədələnməsinə nadir hallarda rast gəlinir. Patoloji prosesə çox zaman gozlə yanaşı yuxarı tənəffüs yolları çəlb olunur. Statistik məlumatlara əsasən xəstələrin 80%-də krupoz, 14%-də – kataral, 6%-də isə difterik forma müşahidə edilir. Patologiya adətən 2-10 yaşlı uşaqlarda aşkarlanır.
Difteriya mənşəli konyunktivitin yaranma səbəbləri
Difteriya mənşəli konyunktivit Klebs-Leffler çöpü (Corynebacterium diphtheriae) tərəfindən törədilir. İnfeksiya mənbəyi xəstə insan və ya passiv bakteriyadaşıyıcıdır. Başlıca yoluxma mexanizmi hava-damcı yoludur. Həmçinin çirkli əllərlə gözətrafı nahiyəyə toxunduqda və ya digər insanın şəxsi gigiyena vasitələrindən istifadə etdikdə bakteriya kontakt-məişət yolu ilə konyunktivaya daxil ola bilər. İnfeksion prosesin yayılmasında difteriyanın silinmiş və atipik formaları mühüm rol oynayır. Epidemiya dövründə yoluxma riski daha yüksək olur.
Klebs-Leffler çöpü hətta aşağı temperaturda da dözümlülüyünü qoruyur. Dezinfeksiyaedici vasitələrdən istifadə etdikdə və 60°-yə qədər qızdırıldıqda törədici məhv olur. İnfeksiya üçün yüksək kontagiozluq xarakterikdir. Keçirilmiş infeksiyadan sonra dayanıqlı antitoksik immunitet yaranır. Transplasentar yolla anadan uşağa keçən anticisimlər həyatın ilk ilində onu difteriyadan qoruyur.
Difteriya mənşəli konyunktivitin patogenezi
Difteriya çöpü – güclü təsirə malik ekzotoksin sintez edən qram-müsbət bakteriyadır. Toksin eptelin nekrozuna və trombokinazanın ifrazına səbəb olur. Bu da öz növbəsində damar divarının keçiriciliyinin yüksəlməsinə gətirib çıxarır. Fibrinogenlə zəngin plazma damarlardan konyunktivaya və subkonyunktival qata sızaraq, boz təbəqə əmələ gətirir. Fibrinoz təbəqə ətraf toxumalara sıx birləşir, nəticədə metabolik proseslər pozulur, çapıq bitişmələri formalaşır.
Difteriya mənşəli konyunktivitin təsnifatı
Difteriya mənşəli konyuntivit kəskin gedişli qazanılmış patologiyadır. Xəstəlik difteriyanın lokal təzahürü kimi və ya izoləolunmuş şəkildə inkişaf edə bilər. Difterik iltihab toksiki, krupoz və kataral zədələnmələr isə qeyri-toksiki forma kimi qiymətləndirilir. Patogenetik tiplər aşağıdakı klinik xüsusiyyətlərə malikdir:
- Difterik. Xəstəliyin ağır variantıdır. Göz qapaqlarında ödem və qalınlaşma yaranır. Bir müddətdən sonra çapıq defektləri əmələ gəlir. 46% hallarda konyunktiva və göz qapaqlarının geridönməyən dəyişikliklərinə gətirib çıxaran ağırlaşmalarla müşayiət olunur.
- Krupoz. Qənaətbəxş forma sayılır. Bəzən fibrinoz təbəqə keçid büküşlərinə yayılır. Çapıqlar müşahidə edilmir. Patoloji proses adətən göz qapaqlarının selikli qişasında lokalizasiya olunur.
- Kataral. Ən yüngül forma hesab olunur. Lokal dəyişikliklər və fibrinoz təbəqə aşkarlanmır. Patologiya aradan qalxdıqdan sonra konyunktiva intakt görünür.
Difteriya mənşəli konyuntivitin əlamətləri
Patologiya üçün birtərəfli gediş səciyyəvidir. Zədələnmiş tərəfdə regionar limfa düyünləri (çənəaltı, qulaqətrafı) böyüyür. Ağırlaşmış formalarda bədən temperaturu yüksəlir, baş ağrıları və ümumi halsızlıq meydana çıxır. Müvafiq dəyişiklikləri üzə çıxarmaq üçün difteriya zamanı zədələnən hədəf orqanlarını (burun-udlaq, qırtlaq, burun, dəri) müayinə etmək lazımdır. Konyunktivitin klinik şəkli iltihabın formasından asılıdır.
Difterik tipdə göz qapaqlarının ifadəli ödemi və qalınlaşması ilə əlaqədar xəstə gözünü aça bilmir. İlkin əlamətlərin yaranma anından 2-4 gün keçdikdən sonra göz qapaqları yumşalır. Selikli-irinli ifrazatlar əmələ gəlir. Göz yarığını araladıqda qığırdaq və keçid büküşlərində boz təbəqəyə rast gəlinir. Ağır hallarda ərp hətta orbital konyunktiva və göz qapaqlarının dərisində nəzərə çarpır. Fibrinoz təbəqə ətraf toxumalara bərk yapışdığından onu təmizləməyə cəhd göstərdikdə qanaxma baş verir. Patologiya çapıqlarla nəticələnir.
Krupoz iltihabda ərp palpebral konyunktivada yaranır və keçid büküşü ilə sərhədlənir. Fibrinoq təbəqə nazik və boz rəngli olur. Ərpi aradan qaldırdıqda onun yerində azacıq qanayan defekt formalaşır. Göz almasının səthi intakt qalır.
Kataral formada fibrinoz ərp müşahidə olunmur. Selikli qişa ödemli və hiperemiyalı olur. Pasiyentlər gözlərin qızarmasından və şişkinlikdən şikayət edirlər. Ümumi vəziyyət pozulmur.
Difteriya mənşəli konyunktivitin ağırlaşmaları
Difteraiya mənşəli konyunktivit təhlükəli ağırlaşmalara gətirib çıxara bilər. Əksər xəstələrdə orbital və palpebral konyuntiva arasında patoloji bitişmələrə (simblefaron) təsadüf olunur. Konyunktivitin digər fəsadı entropiondur. Kirpiklərin anomal inkişafı konyunktiva və buynuz qişanın daimi qıcıqlanmasına səbəb olur. Patologiyanın ciddi ağırlaşmalarından biri buynuz qişanın yüksək perforasiya riski ilə müşayiət olunan xoradır. İnfeksiya gözün dərin toxumalarına yayıldıqda panoftalmit inkişaf edir.
Difteriya mənşəli konyunktivitin diaqnostikası
İlkin diaqnoz epidemioloji məlumatlara (14 gün müddətində difteriya xəstəsi və ya bakteriyadaşıyıcı ilə kontakt), qanın biokimyəvi analizinin nəticələrinə və konyunktivada fibrinoz ərpin aşkarlanmasına əsasən qoyulur. Periferik qanda leykositoz, neytrofilyoz, leykositar formulanın sola meylliyi və EÇS-nin yüksəlməsi izlənilir. Spesifik müayinə üsullarına aşağıdakılar daxildir:
- Vizometriya. Difteriya mənşəli konyunktivit görmə funksiyalarının pisləşməsinə səbəb olmur. Lakin buynuz qişanın ödemində görmə itiliyi bir qədər zəifləyir. Əlavə olaraq, kompüter refraktometriya və ya skiaskopiya icra edilir.
- Gözün biomikroskopiyası. Yarıqlı lampanın köməyilə gözün ön seqmentinə baxış keçirdikdə buynuz qişanın ödemi və xemoz müəyyən edilir. Palpebral konyunktivada boz ərp, göz qapaqlarının marginal kənarının qalınlaşması aşkarlanır.
- Göz dibinə baxış. Oftalmoskopiya – bakterial konyunktivitli pasiyentin müayinəsinin əsas hissəsidir. Əsas məqsəd optik mühitlərdə və göz almasının arxa seqmentində ikincili ağırlaşmaların inkar edilməsindən ibarətdir.
- Laborator diaqnostika. Difteriya mənşəli konyunktivitdən şübhələndikdə lateks-aqqlütinasiya reaksiyası aparılır. Bu ekspress metodla 2 saatdan sonra cavab əldə etmək mümkündür. Törədicinin toksigenliyi və biovarı bakterioloji müayinənin köməyilə təyin olunur.
Difteriya mənşəli konyunktivitin müalicəsi
Xəstəliyin spesifik əlamətləri müşahidə edildikdə pasiyent infeksion şöbəyə hospitalizasiya olunur. Etiotrop terapiya difteriya əleyhinə zərdabın əzələdaxili yeridilməsinə əsaslanır. Konyunktivanın lokal zədələnmələrində zərdab 10-20 000 BV dozada birdəfəlik tətbiq olunur. Müalicə kompleksinə aşağıdakılar daxildir:
- Antibakterial vasitələr. Penisillin və ya makrolidlər qrupundan olan antibiotiklərlə sistemli müalicənin məqsədəuyğunluğu sübut edilmişdir. Hər 2-3 saatdan bir konyunktiva boşluğuna göz damcısı şəklində benzilpenisillin məhlulu damızdırılır. Gündə 2-3 dəfə göz qapaqlarına eritromisin məlhəmi çəkilir.
- Keratoprotektorlar. Bu qrupa aid preparatlardan buynuz qişanın zədələnməsində istifadə edilir. Pantoten turşusu əsasında hazırlanmış preparatlar buynuz qişanın regenerasiyasına kömək edir. Məlhəm və ya gel şəkilli keratoprotektorları yalnız göz damcılarından 15-20 dəqiqə sonra tətbiq etmək olar.
- Antiseptiklər. Antiseptik məhlullarla konyunktiva boşluğu gündə 6-8 dəfə yuyulur. Dərman vasitələri iltihab əleyhinə və ammunoadyuvant təsirə malik olmaqla yanaşı, topik antibiotiklərin effektivliyini gücləndirir.
- Vitaminoterapiya. Difteriya mənşəli konyunktivitdə askorbin turşusu və riboflavin tərkibli göz damcıları məsləhət görülür. Əlavə olaraq, yerli istifadə üçün 3%-li retinol asetat məhlulu təyin olunur.
Difteriya mənşəli konyunktivitin proqnoz və profilaktikası
Xəstəliyin sonluğu infeksiyanın gediş xüsusiyyətlərindən asılıdır. Difteriya mənşəli konyunktivit zamanı göz qapaqlarının konyunktivasının və göz almasının əhəmiyyətli dəyişikliklərinə gətirib çıxaran təhlükəli ağırlaşmaların yaranma riski yüksək olur. Krupoz və kataral formalarda proznoz qənaətbəxş sayılır.
Spesifik profilaktika vaksinasiyadan ibarətdir. Müasir vaksinlər difteriya anatoksini əsasında hazırlanılır. Qeyri-spesifik preventiv tədbirlər difteriya xəstəsinin izolyasiyasına, təmasda olan şəxslərin vaxtında immunizasiyasına, infeksiya ocağında dezinfeksiya aparılmasına yönəldilir.