Dispareuniya

Dispareuniya – xarici cinsiyyət orqanları və kiçik çanaq nahiyəsində cinsi əlaqə ilə bağlı ağrı və diskomfort hissinin yaranmasıdır. Psixogen və ya üzvi mənşəli olur. Dispareuniya cinsi həzzin olmaması, libidonun azalması, intim yaxınlıqdan imtina, cinsi partnyorla münasibətin korlanması və depressiyaya gətirib çıxarır. Dispareuniyanın səbəbləri ginekoloji müayinə, USM, laborator analizlər, psixoterapevt və ya seksoloqun konsultasıyası zamanı müəyyən edilir. Müalicə əsas ginekoloji xəstəliyin terapiyası, psixoterapiya, optimal seksual texnikanın tətbiqindən ibarətdir.

Dispareuniya barədə ümumi məlumat

Dispareuniya – cinsi əlaqədən əvvəl, koitus zamanı və ya ondan sonra cinsi orqanlarda yaranan diskomfort və ya ağrı hissidir. Hər 2 cinsin nümayəndələrində müşahidə oluna bilər, lakin qadınlarda seksual funksiyanın bu pozğunluğu daha çox qeyd olunur. Qadın populyasiyasında dispareuniyanın yayılma tezliyi dəqiq müəyyən olunmamışdır, bu da qadınların əksəriyyətinin bu problemlə mütəxəssislərə müraciət etməkdən çəkinmələri ilə əlaqədardır. Müxtəlif mənbələrə əsasən dispareuniyanın epizodları periodik olaraq 15-60% qadınlarda (doğuşdan sonrakı dövrdə -45% aşkarlanır, lakin xəstələrin daha az hissəsinə xüsusiləşdirilmiş ginekoloji yardım tələb olunur.

İlk əvvəllər «dispareuniya» termini seksologiya sahəsinə aid olub, müxtəlif tədqiqatçılar tərəfindən fərqli mənalarda (orqazm hiss etməmək, cinsi həvəsin azalması, cinsi soyuqluq, ağrılı cinsi əlaqə) işlənilirdi. Dispareuniyanın yaranmasının başlıca səbəbi patoloji seksual reaksiyaların inkişafı ilə nəticələnən psixiki amillər hesab olunurdu. Hal-hazırda dispareuniyanın inteqral xarakterli olması sübut edilmişdir, bununla əlaqədar problemin həlli ilə nəinki seksoloq, həm də ginekologiya və andrologiya sahəsinin mütəxəssisləri məşğul olur.

Dispareuniyanın təsnifatı

Yaranma səbəblərindən asılı olaraq dispareuniyanın simptomatik, psixogen və qarışıq formaları ayırd edilir. Simptomatik (üzvi) dispareuniya sidik-cinsiyyət sisteminin infeksion-iltihabi, çapıq, atrofik, travmatik, şiş, dishormonal mənşəli patoloji proseslərinin nəticəsində inkişaf edir, lakin seksual davranış pozğunluqları ilə əlaqəli olmur.

Psixogen dispareuniya sərbəst seksual disfunksiya və ya şüursuz münaqişə, həyəcan pozğunluqları, fobiyalar və cinsi perversiyanın əlaməti  sayılır. Pasiyentlər arasında dispareuniyanın 2 tipi müşahidə olunur: şəxsiyyətdaxili (I tip) və şəxsiyyətlərarası (II tip). I tip seksual disfunksiya zamanı qadınlar keçmişdə dərin sarsıntılar, yalan, günahkarlıq duyğusu və ya ağrılı doğuş travmalarının olduğunu qeyd edirlər. II tip pasiyentlərdə cinsi partnyorlar arasındakı münasibətlərin gərginliyi və bunun fonunda dispareuniya izlənilir.

Qarışıq dispareuniya ilkin inkişaf edən üzvi forma ilə qadının seksual davranışı və ağrı hissiyatına səbəb olan psixogen amilləri özündə birləşdirir.

Dispareuniya cinsi həyatın başlanmasına təsadüf edirsə bu forma birincili, əgər normal seksual reaksiya və hissiytalardan sonra yaranırsa ikincili adlanır. Ağrı hissiyyatının lokalizasiyasına görə dispareuniyalar səthi (xarici cinsiyyət orqanları və uşaqlıq yolu girəcəyində) və dərin (kiçik çanaq nahiyəsi) formalara ayrılır.

Dispareuniyanın səbəbləri

Dispareuniyanın formalaşmasında konstitutsional və şəxsiyyət xüsusiyyətlər, irsi faktor, reproduktiv sağlamlığın vəziyyəti, cinsi təcrübə ilə nəticələnən seksual davranış formaları böyük rol oynayır. Səthi dispareuniyanın üzvi səbəblərinə vulva və uşaqlıq yolunun inkişaf qüsurları, fibrozlaşmış qızlıq pərdəsi aiddir. Əksər hallarda pasiyentlərin müayinəsi zamanı infeksion xəstəkliklər-müxtəlif etiologiyalı vulvit, kolpit, vulvovaginitlər, bartolinit aşkar olunur.

Ağrılı cinsi əlaqə uşaqlıq yolu dəhlizinin əməliyyat və ya şüa terapiyasından sonra yaranan stenozu, doğuşdan sonrakı ağırlaşmalar, aralıq və cinsiyyət orqanları nahiyəsində inkişaf edən kondilomatoz törəmələrlə bağlı ola bilər. Qadınların bir qismi vulvodiniyadan- cinsi aktla birbaşa əlaqəsi olmayan ağrı hissindən şikayət edir. Pre- və postmenopauza dövründə olan qadınlarda dispareuniyaya vulvanın distrofiyası, atrofik kolpit səbəb olur. Cinsi əlaqə zamanı uşaqlıq yolunun quruluğu və diskomfort hissi Şeqren sindromunda müşahidə olunur. Dərin dispareuniyanın etioloji amillərinə uşaqlığın retrofleksiyası, kiçik çanaq venalarının varikoz genişlənməsi, endometrioz, uşaqlığın mioması, kiçik çanaqda bitişmə prosesləri, kiçik çanaq orqanlarının varikoz xəstəliyi, interstsial sistit, uşaqlığın sallanması aiddir.

Üzvi patologiyadan əlavə cinsi akt zamanı ağrının yaranmasına ölçüsü düzgün seçilməmiş prezervativ və ya ona qarşı (lateks, rəngləyici və ətirləndirici maddələr) allergik reaksiyalar səbəb ola bilər. Dispareunik şikayətlərın kontrasepsiyanın digər növləri: uşaqlıqdaxili spiral, spermisid vasitələr, qapaqcıqlar, diafraqma, uşaqlıq yolu üzüyünın istifadəsi ilə bağlı olduğu hallar da qeyd olunmuşdur. Simptomların yaranması və ifadəliliyinə seksual texnika (seksual pozalar, friksiyanın temp və ritmi), cinsi partnyorun davranışı (seksual stimulyasiyanın kifayət qədər olmaması, aqressivlik, məcburiyyət və s.), cütlük arasında sevgi və etibarın olmaması təsir edir. Dispareuniyanın yaranmasında zöhrəvi xəstəliklərlə yoluxma və ya arzuolunmaz hamiləlik qorxusu müəyyən rol oynayır.

Psixogen mənşəli dispareuniyanın əsasını qadının neqativ seksual təcrübəsı və ya hazırkı münasibətlərdən qeyri-məmnunluğu təşkil edir.  Bu hallar cinsi həyatın keyfiyyətinə birbaşa təsir edir. İlk cinsi akt, cinsi təcavüz və ya iltihabi proseslər nəticəsində yaranan ağrı hissiyyatı yaddaşda fiksasiya olaraq, sonrakı intim yaxınlıqların ağrı ilə müşayiət olunmasına səbəb olur. Bəzən cinsi partnyora qarşı ikrah hissi olduqda intim yaxınlıqdan imtina etmək üçün dispareuniya ikincili mənfəət prinsipi ilə qadınların köməyinə gəlir.

Dispareuniyanın əlamətləri

Dispareunik ağrı seksual oyanma anında, kişi cinsi orqanı uşaqlıq yoluna daxil olduqda, cinsi akt zamanı və ya ondan sonra yarana bilər. Ağrı hissiyatının xarakteri müxtəlif olur: sızıltılı; qaşınma ilə müşayiət olunan göynəmə; deşici (iynəşəkilli) ağrı. Həmçinin qadınlarda ağrının dərəcəsi diskomfort hissindən tutmuş güclü dözülməz dərəcəyə kimi dəyişə bilir. Adətən pasiyentlər ağrının lokalizasiyasını (səthi, dərin və ya qarışıq) dəqiq göstərir, diskomfort hissinin seksual pozalar və vəziyyətdən asılılığını qeyd edirlər. Ağrının təkrar baş vermə qorxusu qadınların istənilən bəhanələrlə cinsi əlaqədən imtina etməsinə gətirib çıxarır. Vaginizmdən fərqli olaraq, dispareuniya zamanı uşaqlıq yolunun girəcəyində əzələlərin spazmı müşahidə olunmur.

Dispareuniya müxtəlif cinsi partnyorlarla və ya yalnız konkret bir insanla intim yaxınlıq zamanı izlənilə bilər. Pasiyentlərin bir qismində dispareuniya digər seksual pozğunluqlarla: libidonun azalması, seksual oynamanın pozulması, anorqazmiya ilə müşayiət oluna bilər. Uzunmüddətli dispareuniya nevrotik reaksiyalar, depressiya, cinsi partnyordan ayrılma, cinsi həyata maraq hissinin itməsinə səbəb olur.

Dispareuniyanın diaqnostikası

Dispareuniyanın diaqnostikasında ginekoloji, psixoloji və seksoloji müayinələrdən istifadə olunur. Bəzi hallarda cinsi partnyor psixoloq və seksoloq konsultasiyasına yönəldilir.

Qadınla söhbət əsnasında yaranmış problemin etiologiyasını üzə çıxaran müxtəlif aspektlər (ağrının yaranma vaxtı, onların lokalizasiyası, xarakter və intensivliyi, yaranma şəraiti, aparılan müalicələr) araşdırılır. Mama-ginekoloji anamnez diqqətlə toplanılır, vaginal əlamətlər (patoloji ifrazat, göynəmə, qaşınma hissi), keçirilmiş cinsi infeksiyalar və digər xəstəliklər, doğuş travmaları, qarın boşluğunda aparılan əməliyyatlar, kontrasepsiya üsullarına xüsusi diqqət yetirilir.

Ginekoloji kresloda müayinə zamanı vulva sahəsində iltihab, atrofiya əlamətləri,  aralıq dərisinin zədələnmələri izlənilir. Bimanual müayinədə uşaqlıq yolu dəhlizi, uşaqlıq və onun artımlarının ağrılı  olması aşkar edilir. Dispareuniyanın üzvi səbəblərini təsdiq və ya istisna etmək məqsədilə yaxma flora, infeksiya, onkositologiyaya görə müayinə olunur; kiçik çanaq orqanlarının USM aparılır. Xəstəliyin üzvi patologiyalarla əlaqəli olmadıqda xəstəyə psixoterapevt və seksoloq müayinəsi məsləhət görülür.

Dispareuniyanın müalicəsi

Üzvi diapareuniyanın müalicəsi uyğun profilli mütəxəssislər (ginekoloq, uroloq, veneroloq) tərəfindən aparılır. Etioloji faktorlardan asılı olaraq medikamentoz terapiya (iltihabəleyhinə, sedativ, əvəzedici hormonoterapiya, yerli anestetiklər), ginekoloji massaj, fizioterapiya təyin olunur. Göstərişlərə əsasən cərrahi əməliyyat (anatomik qüsurların korreksiyası, vaginoplastika, fibrozlaşmış qızlıq pərdəsinin kəsilməsi, kondilomaların götürülməsi, bartolin vəzinin kistatasının kəsilməsi və s.) icra edilir.

Eytiyac olduqda uyğun kontrasepsiya üsulu seçilir. Cinsiyyət orqanlarının prolapsı zamanı uşaqlıq üzüyündən istifadə olunur.

Psixogen dispareuniyanın müalicəsində fərdi və ya qrup şəkilli psixoterapiya, cütlüyün psixokorreksiyası, hipnosuggestiv terapiya, autotreninq, seks-terapiya tövsiyyə olunur. Psixoterapevtik müalicənin məqsədi cinsi akta münasibətin dəyişdirilməsi, ağrını gözləmə hissinin aradan qaldırılması, ailə münasibətlərində harmoniyanın yaradılmasından ibarətdir. Uyğun seksual texnika, lubrikantların seçimi, uşaqlıq yolu əzələlərinin boşalması üzrə məsləhətlər verilir.  Yadda saxlamaq lazımdır ki, psixogen dispareuniyanın effekli müalicəsi yalnız hər 2 partnyorun iştirakı ilə mümkündür.

error: Content is protected !!