Diz ağrısı ‒ bud-qamış və bud-diz qapağı birləşməsinin qığırdaq, sümük və yaxud yumşaq toxumalarında gedən patoloji proseslərin əlamətidir. Onun əsasında oynaq aparatı və oynaqətrafı strukturların travması, iltihabi-distrofik xəstəlikləri dayanır. Pasiyentlər ayağı diz nahiyəsində büküb-açarkən, hərəkət və yaxud sakitlik halında yaranan kəskin, sızıltılı, yandırıcı, pulsasiyaedici ağrılardan şikayət edirlər. Ağrının səbəbi instrumental üsullarla (rentgen, USM, KT və yaxud MRT), oynaq kisəsinin punksiyası və biokimyəvi analizlərlə üzə çıxarılır. Diaqnoz aydınlaşana qədər sakitlik rejimi, oynağın immobilizasiyası, QSİƏP və analgetik qəbulu məsləhət görülür.
Diz ağrısının səbəbləri
Travma ilə əlaqədar diz ağrısı
Bu hal idmançılarda daha çox müşahidə olunur. Zədə anında kəskin ağrı meydana çıxır. Sonralar ağrının ifadəliliyi azalır, şişkinlik artır. Zədələnmiş hissədə göyərmə və qançır yarana bilər. Əksər hallarda aşağıdakı travmalara rast gəlinir:
- Diz oynağının əzilməsi. Diz oynağına birbaşa zərbə zamanı baş verir. Başlanğıcda ağrı kəskin, yandırıcı olsa da, bir müddətdən sonra kütləşir. Hərəkət etdikdə ağrı xeyli güclənir. Ayağın dayaq funksiyası saxlanılır. Bəzən dizin əzilməsi hemartrozla ağırlaşır. Belə vəziyyətlərdə oynaq tədricən böyüyərək, şar formasını alır, ağrı sindromuna təzyiq hissi əlavə olunur.
- Bağların cırılması. Ayaq burxulduqda, qeyri-fizioloji vəziyyətdə açılıb və yaxud büküldükdə bağlar cırıla bilir. Ağrı hissi əzilməyə nisbətən daha şiddətli olur. Ağrının meydana çıxması ilə eyni anda insan nəyinsə cırıldığını (adi toxumanın cıırlmasına bənzər) hiss edə bilər. Bağın yerləşməsindən asılı olaraq, ağrı dizin xarici və yaxud daxili səthində formalaşır. Bağın üzərindən basdıqda ağrı güclənir. Hərəkət və ətrafın dayaq funksiyası məhdudlaşır, sürətlə proqressivləşən hemartroz yaranır.
- Oynaqdaxili sınıqlar. Onlara zərbə, burxulma və yıxılma zamanı təsadüf olunur. Travma anında dözülməz ağrı olur, bəzən şaqqıltı eşidilir. Zamanla ağrı yayılmış xarakter daşıyır, hətta yüngül hərəkətlər onun güclənməsinə səbəb olur. Hərəkət və dayaq funksiyası tamamən itirilir. Ödem və hemartroz sürətlə proqressivləşir.
- Çıxıq. Diz nahiyəsinə zərbə və yaxud yıxılma nəticəsində baş verir. Diz qapağının çıxığı kəskin ağrı ilə müşayiət olunur. Hərəkət mümkün olmasa da, dayaq funksiyası saxlanıla bilər. Dizin ön səthində deformasiya görünür, şişkinlik artdıqca bu nahamarlıq itir. Bəzən əlamətlərə hemartroz əlavə olunur.
- Patoloji sınıqlar. Osteoporoz, osteomielit, vərəm, sümük sınıqlarında baş verir. Belə hallar əlamətlərin zəif intensivliyi ilə seçilir. Ağrılar sızıltılı və küt olur. Patoloji sınıqdan şübhələnməyə imkan verən əlamətlərə dayaq funksiyasının məhdudlaşması və yaxud tamamən itirilməsi, dizdə qeyri-stabillik hissi, bəzən deformasiya və gəzərkən şaqqıltı misaldır.
- Meniksin zədələnməsi. Zərbə, burxulma, diz oynağının məcburu açılıb-bükülməsi meniskin cıırlması ilə sonlanır. Başlanğıcda insan xüsusi şaqqıltı eşidir və oynağın dərinliyinə sirayət edən kəskin ağrı hiss olunur. Bir azdan ağrı azalır. Hərəkət etdikdə ağrı yenidən güclənir. Şişkinlik və hemartrozla əlaqədar dizin həcmi böyüyür. Dayaq funksiyası itirilir, hərəkət kəskin formada məhdudlaşır.
İltihabi patologiyalarda diz ağrısı
İnfeksion və qeyri-infeksion (posttravmatik, toksiko-allergik, metabolik, postvaksinal) ola bilər. Sinovial qişanın və oynaqətrafı toxumaların güclü qan təhcizatı ilə əlaqədar birbaşa və dolayı təsirlərə qarşı tez bir zamanda iltihab yaranır. Sinir uclarının çoxluğu şiddətli ağrı törədir. İltihabi proses əksər hallarda sinovitlə (oynaqda aseptik mayenin toplanması) müşayiət olunur. İnfeksiya hallarında irin yığıla bilər.
- Artrit. Qonartrit travmadan sonra yaranır. Ona həmçinin infeksion və revmatik xəstəliklərdə rast gəlinir. Xəstəlik kəskin və yaxud xroniki formada gedir. Diz ağrısı adətən küt, sızıltılı, dartıcı və yaxud sıxıcı olur. İlkin mərhələlərdə ağrılar qeyri-intensiv və müvəqqəti olub, axşama yaxın və yaxud yüklənmədən sonra güclənir. Zaman keçdikcə ağrının davamiyyəti və intensivliyi artır. Oynaq şişir, onun üzərindəki dəri qızarır, yerli hərarət yüksəlir. İrinli proseslərdə ağrı şiddətlənir, xəstənin yuxusu pozulur. Ümumi vəziyyət pisləşir, ümumi intoksikasiya əlamətləri izlənilir.
- Sinovit. Sərbəst xəstəlik olmayıb, oynağın müxtəlif kəskin və xroniki patologiyalarının ağırlaşması qismində meydana çıxır. Bir saat və yaxud sutka ərzində formalaşır. Başlanğıcda ağrı çox cüzi olur, oynağın həcmi artdıqca isə intensivliyi güclənir. Lakin bu ağrılar küt olduğundan insanın ümumi vəziyyətinə bir o qədər də təsir göstərmir. Diz nahiyəsi şar formasında olur. Mayenin miqdarı çox olduqda dəri parıldayır. Hərəkət məhdudlaşır. İnfeksiya hallarında ağrı şiddətli olub, yüngül toxunuş və tərpənişlərdən güclənir. Diz qızarır, ümumi vəziyyət pozulur, hipertermiya əlavə olunur.
- Bursit. Diz qapağı və dizaltı çuxurda yerləşən oynaq kisələrinin iltihabına əsasən dizin yüklənməsi və təkrari travmalar səbəb olur. Bursit zamanı ağrılar lokal, küt, qeyri-intensiv xarakter daşıyır. Ağrı sindromu ətrafın müəyyən vəziyyəti, xarakterik yüklənmə ilə əlaqədar yaranır. Ayağın vəziyyətini dəyişdikdə, zədələnmiş zonanı masaj etdikdə ağrı azalır. Arxa kisənin iltihabında pilləkənləri qalxıb enəndə ağrı olur. Bəzən cüzi ödem müşahidə edilir. İrinli proseslərdə ağrı kəskinləşir, hiperemiya, şişkinlik və ümimi intoksikasiya əlamətləri ilə müşayiət olunur.
- Tendinit. Adətən artıq çəkili kişilər və idmançılarda aşkarlanır. Patologiya diz qapağının bağının zədələnməsi ilə xarakterizə olunur. Əvvəlcə ağrı yalnız çox intensiv yüklənmələr zamanı meydana çıxır. Sonralar isə standart idman məşqləri, gecikmiş mərhələlərdə hətta gündəlik fiziki aktivlik ağrı törədir. Tendinit zamanı küt və dartıcı ağrılar dizdən bir qədər yuxarıda lokalizə olunur. Xəstəlik proqressivləşdikdə ağrı tutmaşəkilli olub, qızartı və şişkinliklə birgə müşahidə edilir. Hərəkət adətən tam şəkildə saxlanılır. Gecikmiş dövrlərdə hətta istirahət saatlarında da ağrıya rast gəlinir. Bağın zəifləməsi ilə əlaqədar cırılma baş verə bilər.
Autoimmun proseslərdə diz ağrısı
Bu qrup xəstəliklərin səbəbi orqanizmin öz normal hüceyrələrinə qarşı anticisimlərin sintez olunmasıdır. Pasiyentlərdə sinovial membranın və qığırdağın immunokompleks aseptik iltihabı, eləcə də vaskulit əlamətləri qeydə alınır. Oynaqların zədələnməsi ilə yanaşı prosesə daxili orqanlar, dəri, digər anatomik strukturlar da qoşulur. Əksər patologiyalar xroniki xarakter daşıyır, müalicə aparılmadıqda proqressivləşir, çox vaxt əlilliklə nəticələnir:
- Revmatoid artrit. Xəstəlik adətən ikitərəfli olur. Autoimmun prosesin minimal aktivliyində ağrılar zəif, müvəqqəti, dartıcı olub, səhər saatlarında hərəkətin çətinləşməsi ilə müşayiət edilir. Prosesin mülayim aktivliyində pasiyentlər nəinki hərəkət zamanı, hətta sakit vəziyyətdə də uzunmüddətli, orta intensivlikli ağrılardan şikayətlənirlər. Xəstələrdə residivləşən sinovitlər və hərəkətin bir neçə saat məhdudlaşması baş verir. Revmatoid artritin yüksək aktivliyi üçün səhər saatlarında güclənən, dalğavari, şiddətli ağrılar xarakterikdir. Oynaqda hərəkət çətinləşir, dizdə xeyli maye toplanır, zamanla kontrakturalar formalaşır. Digər əlamətlərin (yerli ödem, qızartı, bədən temperaturunun yüksəlməsi, halsızlıq) ifadəliliyi prosesin aktivliyindən asılıdır.
- Qırmızı qurd eşənəyi. Hətta 1 oynaq zədələnsə də artralgiyalar çox zaman simmetrik olur. Ağrı xəstəliyin istənilən mərhələsində yarana bilər. Residivləşən gedişdə qırmızı qurd eşənəyi revamtoid artriti xatırladır. Başlanğıcda izoləolunmuş formada gedə bilər. Sonralar isə prosesə dəri və daxili orqanlar cəlb olunur. Yüngül hallarda ağrılar qısamüddətli, lokal, sıızltılı olur. Ağır vəziyyətlərdə isə ağrı sindromu proqressivləşir, yayılır, sinovit, ödem və hiperemiya ilə müştərəkləşir.
- Revmatizm. Oynaq ağrısı bu xəstəliyin ilkin təzahürlərindən sayılır. Onlara kəskin infeksiyaya tutulduqdan 5-15 gün sonra rast gəlinir. Revmatizm adətən cüt oynaqları zədələyir. Qısamüddətli, intensiv ağrılar bir oynaqdan digərinə yayılır. Dizlər şişkin, isti, üzərilərindəki dəri isə qızarmış olur. Hərəkət kəskin formada məhdudlaşır. Bir neçə gündən sonra ağrının intensivliyi azalır, hərəkət bərpa olur. Bəzi pasiyentlərdə qalıq halında yüngül, küt ağrılar uzun müddət saxlanılır. Artralgiyadan bir neçə həftə keçdikdə prosesə ürək cəlb olunur.
- Reaktiv artrit. Adətən bağırsaq və urogenital infeksiyalardan 2-4 həftə sonra yaranır. Adətən aşağı ətrafların bir və yaxud bir neçə oynağı zədələnir. Artrit uretrit və konyunktivitlə müşayiət olunur. Reaktiv artritin inkişafından əvvəl sidik ifrazının tezləşməsi, sidik kanalında ağrı və yanğı hissi, gözlərin yaşarması, eləcə də ağrıması müşahidə edilir. Diz ağrısı güclü və yaxud mülayim, daimi, dalğavari, sızıltılı, dartıcı olub, hərəkəti məhdudlaşdırır, ümumi vəziyəti ağırlaşdırır. Zədələnmiş nahiyə şişir və qızarır. Zaman keçdikcə ağrının intensivliyi azalır. İltihab əlamətləri və ağrı 3-12 ay ərzində davam etdikdən sonra tədricən itir.
Degenerativ-distrofik proseslərdə diz ağrısı
Oynaq və oynaqətrafı yumşaq toxumalarda metabolik proseslərin pozulması nəticəsində inkişaf edir. Xroniki gedişə malik olub, uzun illər ərzində proqressivləşir. Çox vaxt kalsinatlar, kista, osteofitlər və diz səthinin deformasiyası ilə müşayiət olunur. Oynaq səthləri əhəmiyyətli dərəcədə dağıldıqda dayaq funksiyası və hərəkət pozulur, əlillik yaranır. Belə vəziyyətlərdə endoprotezlənmə tələb olunur.
- Osteoartroz. Aşkar səbəb olmadan və yaxud müxtəlif travma və xəstəliklər fonunda inkişaf edir. Əvvəlcə ağrıar zəif, qısamüddətli, sızıltılı olub, yüklənmə ilə əlaqədar yaranır, sakit vəziyyətdə isə keçib gedir. Tədricən ağrı sindromu güclənir, havadan asılı olaraq, eləcə də axşam saatlarında dizlər ağrımağa başlayır. Kəskinləşmə dövründə sinovitlər yaranır, ağrı daimi və şiddətli xarakter alır.
- Meniskopatiya. Əksərən idmançılarda və iş fəaliyyəti ilə bağlı diz oynağına ağırlıq düşən şəxslərdə aşkarlanır. Patologiya birtərəfli, oynaq yarığı səviyyəsində dizin daxilində lokal ağrı ilə təzahür edir. Hərəkət etdikdə ağrı artır, sakit halda isə yüngülləşir. Xəstəlik proqressivləşdikdə ağrı güclənir. Bəzən oynağın ön-yan səthində ağrının proyeksiyasında kiçik ölçülü, ağrılı törəmə əllənir.
- Tendopatiya. Dizin yaxınlığındakı vətərlərin zədələnməsi ilə gedir. Başlanğıc mərhələdə fiziki yüklənmənin ən yüksək həddində qısamüddətli, lokal, səthi ağrı meydana çıxır. Zaman keçdikcə cüzi yüklənmələr də ağrı törədir, gündəlik aktivlik məhdudlaşır. Ağrı dartıcı və yaxud sızıltılı olub, aktiv hərəkətdən birbaşa asılıdır. Bəzən şaqqıltı ilə müşayiət olunur. Zədələnmiş nahiyədə ağrılı sahə əllənilir. Yerli iltihab əlamətləri (ödem, hiperemiya, hipertermiya) izlənilmir.
- Osteoxondropatiya. Əsasən uşaqlar və cavanlarda qeydə alınır. Xəstəlik bir neçə il davam edir. Adətən yüngül axsama və yaxud sakitlik vəziyyətində itən müvəqqəti ağrılarla başlayır. Osteoxondropatiya proqressivləşdikdə ağrılar güclənir, daimi xarakter alır. Belə vəziyyətlərdə hərəkət məhdudlaşır, ətrafın dayaq qabiliyyəti çətinləşir.
- Xondromatoz. Əsasən kişilərdə. nadir hallarda isə südəmər uşaqlarda aşkarlanır. Oynaqların xondromatozu səhər və axşam saatlarında güclənən dalğavari, küt ağrılarla təzahür edir. Hərəkət məhdudlaşır, oynaqda şaqqıltı eşidilir. Sinovit inkişaf etdikdə ağrı ilə yanaşı, yumşaq toxumaların ödemi, yerli hərarət, dizin həcminin böyüməsi müşahidə olunur.
Şiş və şişəbənzər törəmələrdə diz ağrısı
Ağrı sindromu oynaq və yaxud oynaq ətrafı toxumaları zədələyən kista, xoş və ya bədxassəli şişlərlə bağlı ola bilər. Bundan əlavə diz ağrısı hipertrofik artropatiya, parakankronoz poliartrit – ağciyər, süd vəzi xərçəngi və digər onkoproseslər üçün xarakterik paraneoplastik sindromlardan xəbər verə bilər.
- Beyker kistası. Dizaltı çuxurda yırtıq qabarmasından ibarətdir. İlkin mərhələlərdə kista dizin arxa səthində xoşagəlməz hisslər və ya zəif lokal ağrı ilə özünü büruzə verir. Törəmə böyüdükcə qonşu sinirləri sıxdığından yandırıcı ağrılar, ayaq altının keyiməsi və yaxud həmin nahiyədə iynəbatırma hissi meydana çıxır. Dizi maksimum bükməyə çalışdıqda əlamətlər güclənir. Bəzən dizaltı çuxurda az ağrılı, elastik, şişəbənzər törəmə əllənir.
- Xoşxassəli şişlər. Bura xondroma, osteoxondroma və digər törəmələr daxildir. Onlar üçün uzunmüddətli simptomsuz gediş xarakterikdir. Xoşxassəli şişlər qeyri-müəyyən və müvəqqəti lokal ağrılarla təzahür edə bilər. İri neoplaziyalarda bərk törəmə əllənir, bəzi hallarda isə sinovitlər inkişaf edir.
- Bədxassəli neoplaziyalar. Oynaq nahiyəsində ən çox rast gəlinən bədxassəli şişlərə sinovial sarkoma, osteosarkoma və xondrosarkoma aiddir. Onlar küt və lokal ağrılarla manifestasiya edirlər. Şiş böyüdükcə ağrının intensivliyi artır, deformasiya, ödem, sinovit, dərialtı venaların genişlənməsi, ümumi vəziyyətin pozulması, kontrakturalar ilə müşayiət olunur. Əllədikdə ağrılı törəmə müəyyən edilir. Gecikmiş mərhələlərdə dözülməz ağrılar yuxunu pozur, hətta qeyri-narkotik analgetiklərlə də aradan qalxmırlar.
İnvaziv əməliyyatlar və manipulyasiyalarla bağlı diz ağrısı
İnvaziv prosedurlar zamanı diz toxumalarının zədələnməsi ağrı ilə nəticələnir. Bu əlamətin ifadəliliyi diz oynağında aparılan manipulyasiyanın travmatikliyindən birbaşa asılıdır. Oynaq nahiyəsinə patogen mikroorqanizmlər keçdikdə ağrı iltihab mənşəli olur.
Psixosomatik vəziyyətlərdə diz ağrısı
- Manipulyasiyalar. Ən geniş yayılmış manipulyasiya punksiyadır. Bu prosedurdan sonra qısamüddətli, qeyri-intensiv ağrılar yaranır. Onlar iynə dəliyinin proyeksiyasında (adətən dizin xarici səthində) lokalizasiya olunur. Bir neçə gündən sonra keçib gedirlər.
- Əməliyyatlar. Artroskopiyadan sonra başlanğıcda ağrılar kəskin olsa da, zamanla kütləşir. Bir neçə sutkadan və yaxud həftədən sonra itirlər. Artrotomiya sonrası ağrılar daha intensiv olub, toxumaların əhəmiyyətli dərəcədə zədələnməsi ilə əlaqədar bir neçə həftə davam edirlər.
Bəzən diz ağrısı heç bir üzvi səbəb (travma, iltihab, destruksiya və s.) olmadan psixoloji faktorların təsirindən formalaşır. Mütəxəssislərin fikrincə bu tip ağrı emosional yüklənməni fiziki hissiyyata çevirməklə, müdafiə rolunu oynayır. Belə ağrıların fərqləndirici xüsusiyyətlərinə onların qeyri-müəyyən, müvəqqəti xarakteri, gözlə görünən dəyişikliklərin izlənilməməsi, fiziki yüklənmə və digər obyektiv faktorlarla əlaqənin olmaması aiddir. Atmosfer təzyiqinin dəyişkənliyinə həssas insanlarda meteopatik artralgiyalar müşahidə olunur.
Bundan əlavə ağrının dizə irradiasiyası koksartroz, bel nahiyəsinin osteoxondrozu, fibromialgiya, oturaq sinirinin nevropatiyası zamanı mümkündür. Sadəcə bu patologiyalarda ön plana digər lokalizasiyalı ağrılar keçir. Diz oynağı xəstəliklərinin yaranma riskini artıran əlavə faktorlara artıq çəki, hipovitaminoz, peşəkar idman, metabolik pozğunluqlar, yaş amili misaldır. Soyuqlama, stress, fiziki yüklənmə, qidalanma pozğunluqları xroniki ağrıları kəskinləşdirir.
Diz ağrısının diaqnostikası
Diaqnostika mərhələsinin alqoritmi ağrı sindromunun xarakteri, onun müddəti, yanaşı gedən əlamətlərə və ağrını törədən vəziyyətlərə əsasən tərtib olunur. İlkin gəlişdə vizual baxış keçirilir, diz nahiyəsi palpasiya edilir, aktiv və passiv hərəkətlərin həcmi qiymətləndirilir. Əldə edilən məlumatlara görə pasiyentə aşağıdakı müayinələr təyin oluna bilər:
- Qan analizi. Qanın ümumi analizi kəskin infeksion-iltihabi proses üçün xarakterik hematoloji dəyişiklikləri (leykositoz, EÇS-nin yüksəlməsi), allergik reaksiyaya xas eozinofiliyanı üzə çıxarmağa imkan verir. Autoimmun xəstəliklərdə biokimyəvi və seroloji müayinələr – spesifik kəskin faza zülallarının və immunoqlobulinlərin (C-reaktiv zülal, revmatoid faktor və s.) təyini informativdir.
- Rentgenoqrafiya. Diaqnostikanın baza üsulu diz oynağının 2 proyeksiyada rentgenidir. Oynaq başı və çuxurunun konturlarının dəyişməsi, oynaq yarığının daralması, sümüklərin oynaq kənarlarının defektləri, osteoliz və sümüklərin destruksiyası patologiyadan xəbər verir. Bəzi xəstəliklərdə (meniskin travması, Beyker kistası) kontrast artroqrafiyadan istifadə edilir.
- Artrosonoqrafiya. Diz oynağının USM – ucuz və tez başa gələn informativ üsuldur. Onun köməyilə oynaq boşluğunda eksudat, sərbəst cisimciklər, eləcə də oynaqətrafı yumşaq toxumalarda patoloji dəyişikliklər (qansızma, kirəcləşmə və s.) aşkar edilir. USM oynaq ağrısının etiologiyasını yüksək dəqiqliklə differensiyasiya etməyə kömək edir.
- KT və MRT. İstənilən genezli artropatiyalarda icra olunur. Bu üsulların sayəsində patoloji dəyişikliklərin dərəcəsi və xarakteri detallı şəkildə qiymətləndirilir, sümük və yumşaq toxumaların travmatik, iltihabi və şiş xəstəliklərinə xas əlamətlər müəyyən edilir. Sadalanan metodlar digər instumental müayinələrin kifayət qədər informativ olmadığı hallarda yerinə yetirilir.
- Oynağın punksiyası. Oynaq kisəsində eksudat və yaxud transsudat yığıldıqda aparılır. İltihabi, degenerativ və şiş xəstəliklərinin differensial diaqnostikasında sinovial mayenin sitoloji, bakterioloji və yaxud immunoloji müayinələrinə ehtiyac yaranır. Diz oynağının autoimmun zədələnməsi, vərəm mənşəli artrit, sinovioma diaqnozunun qoyulmasına sinovial qişanın biopsiyası göstərişdir.
- Artroskopiya. İnvaziv endoskopik üsul olub, oynaq elementlərinə vizual baxış keçirərkən əldə edilən diaqnostik məlumatların dəqiqləşdirilməsi və bioptatın götürülməsi məqsədilə aparılır. Bəzi hallarda diaqnostik artroskopiya müalicəvi formaya (meniskektomiya, bağların autoplastikası, oynaqdaxili cisimciklərin atroskopik çıxarılması və s.) keçir.
Diz ağrısı zamanı simptomatik müalicə
Diz ağrısının müalicəsi onu törədən xəstəlik nəzərə almaqla həyata keçirilir. Bununla yanaşı simptomatik yardım kompleks müalicənin vacib hissəsi sayılır. Onun köməyilə diskomfort hissi azaldılır, həyat keyfiyyəti yaxşılaşdırılır. Travmadan dərhal sonra diz nahiyəsinə soyuq kompress qoyulmalıdır. Bu, ağrı hissinin zəifləməsinə səbəb olur. Xloretil yerli sərinləşdirici və anesteziyaedici effektə malikdir. Bütün hallarda diz ağrısını azaltmaq üçün ətrafa sakit vəziyyət verilməlidir. Gəzmək üçün dizə fiksasiyaedici sarğı qoyulur, həmçinin gipq longetlə ətrafın immobilizasiyası mümkündür.
Travma və xəstəliklərin kəskin dövründə dizi masaj etmək, isidici kompress qoymaq, hündürdaban ayaqqabılarda gəzmək qadağandır. Ağrı və iltihabın simptomatik etrapiyasında məlhəm, tablet, inyeksiya formasında QSİƏP və analgetiklər istifadə olunur. Sadalanan üsullar ağrını yalnız müvəqqəti götürür, artralgiyanın əsl səbəbini aradan qaldırmır. Bununla əlaqədar diz ağrılarının bütün formaları peşəkar diaqnostika və müalicə tələb edir. Bəzi hallarda (sınıq, çıxıq, hemartroz) təcili tibbi yardım göstərişdir.
Ağrı dizin formasının dəyişməsi (şişkinlik, asimmetriya), oynaqda hərəkətin məhdudlaşması, ətrafın dayaq funksiyasının çətinləşməsi ilə müşayiət olunduqda mütləq həkimə müraciət edilməlidir.