Diz oynağının inkişaf anomaliyaları

Diz oynağının inkişaf anomaliyaları – anadangəlmə inkişaf qüsurları, diz oynağının olmaması, struktur pozulmaları, oynaq strukturlarının forma və yerləşməsinin pozulması ilə əlaqəli patologiyadır. Adətən, sümük-əzələ sisteminin başqa defektləri ilə yanaşı gedir. ətrafların əyilməsi, diz oynağının formasının dəyişilməsi və funksiyalarının pozulması ilə təzahür edə bilər. Diaqnoz obyektiv və ya rentgenoqrafik müayinələrə əsasən qoyulur. Müalicə əsasən cərrahidir: vətərlərin diseksiyası və ya yerdəyişməsi, osteotomiya, sümüklərin rekonstruktiv cərrahi əməliyyatı. Kəskin nəzərə çarpmayan patologiyalar zamanı konservativ müalicə aparıla bilər.

Diz oynağının inkişaf anomaliyaları barədə ümumi məlumat

Diz oynağının inkişaf qüsuru aşağı ətrafların nisbətən nadir rastlanan anadangəlmə inkişaf qüsurudur. Adətən, diz oynağı anomaliyaları ətrafıların başqa sümük və əzələlərinin inkişafdan qalması ilə yanaşı müşahidə olunur. Lakin izolə olunmuş formada da rast gəlinə bilər. Hər iki aşağı ətrafın analoji patoloji dəyişiklikləri tez-tez aşkar olunur. Sümük strukturlarının inkişafdan qalması, anadangəlmə çıxıqlar və yarımçıxıqlar, kontrakturalar və ya əksinə, izafi hərəkilik mümkündür.

Diz oynağının inkişaf anomaliyalarının səbəbləri

Diz oynağının və sümük-əzələ sisteminin başqa şöbələrinin defektlərinin əmələ gəlməsinin əsas səbəbləri genetik pozulmalar və hamiləlik dövründə ana orqanizminə mənfi təsirlərdir. Belə təsirlərə aşağıdakılar aiddir:

  • İonlaşdırıcı şüalanma
  • Bəzi dərman preparatlarının qəbulu
  • Toksik kimyəvi maddələrlə kontakt
  • İnfeksion xəstəliklər
  • Endokrin sistemin xəstəlikləri
  • İmmun sistemin pozulması.

Defektin xarakteri genetik mutasiyanın növündən və ya zərərli amilin ananın orqanizminə təsir vaxtından asılıdır. Ana hamiləliyin ilk trimestrində belə təsirə məruz qaldıqda diz oynağının hər hansı strukturunun olmaması (orqanın əsasının qoyulmasının qüsurları), daha gec dövrlərdə isə onların inkişafdan qalması müşahidə olunur.

Diz qapağının olmaması

İzolə olunmuş patologiya kimi nadir hallarda müşahidə olunur. Adətən, qamış sümüyünün qabarıqlığı, bud sümüyünün kondilusunun və dördbaşlı əzələnin inkişafdan qalması ilə müşayiət olunur. Belə anomaliyalar zamanı diz çıxığı, anadangəlmə bud çıxığı, əyripəncəlik, baldır və bud sümüklərinin defekti və ya inkişafdan qalması tez-tez müşahidə olunur. İzolə olunmuş patologiya zamanı ətrafların funksiyaları pozulmur, oynağın ön səthində görünən defekt aşkar olunur. Ayaqda zəiflik və uzunmüddətli gəzinti zamanı vaxtından əvvəl yorulma mümkündür. İzolə olunmuş anomaliyalı pasientlər müalicəyə ehtiyac duymur. Başqa inkişaf qüsurları ilə kombinasiyalarda erkən konservativ və/ və ya operativ müalicə aparılır.

Paylı diz qapağı

Diz oynağı rentgenoqrafiyası aparılan insanların 1,5-2%-ində müşahidə olunur. Adətən, oynağın zədələnməsinə və ya başqa xəstəliklərinə görə müayinə zamanı təsadüfi tapıntı olur. 90% hallarda bu anomaliyadan kişilər əziyyət çəkir. Belə anomaliya zamanı diz qapağı bir neçə fraqmentdən ibarət olur; lakin onun ölçüləri və xarici görünüşü normal qalır. Oynağın şəkillərində daha çox ikipaylı, nadir hallarda üçpaylı diz qapağına rast gəlinir. Bir qayda olaraq, xüsusi müalicə tələb etmir. Lakin travmalara və sonralar qonartrozun inkişafına meyillik olduğundan belə patologiyalı pasientlərə idmanla məşğul olarkən və intensiv fiziki yüklənmələr zamanı ehtiyatlı olmaq vacibdir.

Diz qapağının anadangəlmə çıxıqları

Bir sıra hallarda irsən ötürülür. Tez-tez ətrafların başqa anomaliyaları ilə yanaşı müşahidə olunur. Oğlanlar qızlarla müqayisədə iki dəfə çox əziyyət çəkirlər. Pasientlər sürətli yorulma və gəzinti zamanı dözümsüzlükdən şikayətlənirlər. Obyektiv müayinədə diz qapağının yerdəyişməsi (bir qayda olaraq, bayıra) və dördbaşlı əzələnin xeyli gərginliyi aşkar olunur. Oynaqda hərəkət məhduddur. Yaş artdıqca dizin bayıra doğru proqressiv əyilməsi inkişaf edir, deformasiyaedici artroz əmələ gəlir.

Diz oynağının rentgenoqrammasında diz qapağının yerdəyişməsi və inkişafdan qalması (ölçülərinin kiçilməsi, qeyri-düzgün forması), diz və budun xarici kondilusunun hamarlaşması təyin olunur. Bud sümüyünün və diz oynağının MRT-ində budun orta geniş əzələsinin inkişafdan qalması, bəzi klinik hallarda həmin əzələnin olmaması müəyyən olunur. Müalicəsi operativdir: diz qapağının bağının budun ön, xarici səthinə yerdəyişməsi və orta xəttə fiksasiyası həyata keçirilir.

Baldırın anadangəlmə çıxıqları

Çox nadir anomaliyadır. Adətən, ikitərəfli aşkar olunur. Qızlar oğlanlar müqayisədə bu patologiyadan üç dəfə çox əziyyət çəkirlər. Əzələlərin deformasiyası və atrofiyası müşahidə olunur; bu zaman zədələnmənin xarakteri baldırın yerdəyişməsinin növündən asılıdır. Bud kondilusunun ön çıxığında arxada, arxa çıxığında öndə dayanır. Baldırın güclü bükmə kontrakturası və yana həddən artıq hrəkətliliyi müəyyənləşdirilir. Baldırı bükən əzələlər, adətən, qısalır; açıcılar isə önə doğru yerini dəyişir. Oynaq bükülmüş və ya önə doğru yerdəyişmə etmişdir. Defekt, adətən, xaçvari bağların inkişafdan qalması və ya olmaması ilə müşayiət olunur. Buna görə də “hərəkətli rəf” simptomu müsbət olur. Sümüyə birləşmiş digər əzələlərin də inkişafdan qalması və zədələnməsi də mümkündür. Baldırın anadangəlmə çıxığı bəzən aşıq-baldır oynağının inkişaf anomaliyaları və qamış sümüyünün olmaması ilə yanaşı müşahidə olunur. Çıxığın üç mərhələsi ayırd edilir:

  • 1-ci mərhələ– hərəkət zamanı qamış sümüyün oynaq meydançası önə doğru yerini dəyişir, onun yuxarı kənarı diz qapağı və bud sümüyünün arasından “çıxır”.
  • 2-ci mərhələ – baldırı bükdükdə qamış sümüyünün oynaq səthinin arxa kənarı bud sümüyünün oynaq səthinin ön hissəsinə söykənir.
  • 3-cü mərhələ – yüklənmə zamanı qamış sümüyü yalnız önə deyil, həm də arxaya yerini dəyişir.

Rentgenoqrammada qamış sümüyünün çıxığı və inkişafdan qalması, baldır sümüklərinin bayıra və ya içəriyə yerdəyişməsi və ya rotasiyası (qamış sümüyünün oynaq meydançasının yan səthinin inkişafdan qalma dərəcəsindən asılı olaraq) təyin olunur. Bir sıra hallarda bud sümüyü və budun yumşaq toxumasının, baldır və diz oynağının inkişafdan qalma dərəcəsini daha dəqiq qiymətləndirmək məqsədilə əlavə olaraq diz oynağının KT-i və MRT-i təyin olunur.

Müalicə uşaq ortopedi tərəfindən aparılır və həyatın ilk günündən başlanır. Körpədə uzununa dartma, sonra isə çıxığın qapalı bərpası həyata keçirilir. Dördbaşlı əzələnin həddən artıq gərginliyi və baldırı bükücü əzələnin yerdəyişməsi nəticəsində birmomentli bərpa mümkün olmadıqda leykoplastr dartıcılar qoyulur və miorelaksantlar təyin olunur. 2 yaşlı və daha böyük uşaqlarda rekonstruktiv cərrahi əməliyyat aparılır.

Diz oynağının valqus deformasyası 

Valqus əyilməsi irsi xarakter daşıyır və yenidoğulmuşlarda diz oynağının başqa defektləri ilə müqayisədə kifayət qədər tez-tez müşahidə olunur. İnspeksiyada (baxış) aşağı ətrafların X-vari əyilməsi aşkar olunur. Əyilmə dərəcəsi ayaqüstü vəziyyətdə daxili topuqlar arasındakı (körpələrdə ayaqlar uzadılaraq yanaşı qoyulur)  məsafənin ölçülməsilə müəyyənləşdirilir. Rentgenoqrammada, adətən, budun xarici kondilusunun əyilməsi və sümükləşmə prosesi aşkarlanır. Müayinə zamanı bud-çanaq oynağının rentgenoqrafiyası da təyin olunur. Belə ki, baldırın anadangəlmə valqus əyilməsi həmişə bud sümüyünün boynunun valqus deformasiyası ilə yanaşı müşahidə olunur. Böyük insanlarda, adətən, koksartroz (bud-çanaq oynağının artrozu) və qonartoz (diz oynağının artrozu) aşkar olunur.

Patologiya kəskin təzahür etmədikdə ortopedik ayaqqabı, xüsusi müalicəvi bədən tərbiyəsi kompleksi və massaj təyin olunur. Ağır anomaliyalar zamanı müalicə yalnız cərrahidir. Əyilməyə cavabdeh olan sümüklərin (adətən, bud sümüyünün) osteotomiyası aparılır. Cərrahi əməliyyat istənilən yaşda, o cümlədən yaşlı insanlarda da göstərişdir. Belə ki, ətrafların fizioloji vəziyyətinin bərpası gələcəkdə koksartrozun və qonartrozun inkişafının qarşısını almağa imkan verir.

Diz oynağının varus deformasyası 

Varus deformasiyası da kifayət qədər geniş yayılmış anomaliyalara aiddir; valqus əyilməsi ilə müqayisədə nadir hallarda rast gəlinir. Əvvəlki klinik hal kimi irsi meyillik müşahidə olunur. Nəzərə almaq lazımdır ki, zaman keçdikcə hətta kiçik O-vari deformasiya da proqressivləşən, deformasiyaedici artroza, sonralar ankiloz və ağır kontrakturaların formalaşmasına səbəb ola bilər. Buna görə də müalicə hətta patologiyanın zəif təzahür etmiş formalarında da vacibdir.

İnspeksiyada (baxış) ayaqları pəncələri yanaşı qoyaraq düzləşdirdikdə diz oynaqları arasında məsafə təyin olunur. Rentgenoqrammada budun daxili kondilusunun inkişafdan qalması müəyyənləşdirilir. Erkən yaşlı uşaqlarda müalicə, adətən, konservativdir: müalicəvi bədən tərbiyəsi, ortopedik ayaqqabıların geyinilməsi, aşağı ətrafların massajı. Deformasiyanı konservativ yolla dəf etmək mümkün olmadıqda 5-6 yaşda cərrahi əməliyyat həyata keçirilir. Bu zaman qamış sümüyü, bəzən incik sümüyü ilə birgə osteotomiya olunur.

Diz oynağının anadangəlmə bükmə kontrakturası

Kifayət qədər nadir patologiyadır. Diz oynağının kontrakturası və dizaltı nahiyədə özünəməxsus dəri büküşü ilə birlikdə müşahidə olunur. Ətrafın arxa səthində lokalizasiya olunmuş sinirlərin yerdəyişmələri mümkündür. Oynaq patologiyasının istisnası məqsədilə   rentgenoqrafiya, yumşaq toxumaların vəziyyətinin dəyərləndirilməsi üçün isə bud və baldırın MRT-i həyata keçirilir. Pasient nevroloq konsultasiyasına yönləndirilir. müalicəsi yalnız cərrahidir, 5 yaşlı və daha böyük uşaqlara aparılır. Cərrahi əməliyyat zamanı dizaltı nahiyənin birləşdirici toxuma atmaları kəsili, vətərlərin plastikası və (ehtiyac olduqda) transpozisiyası icra olunur. Postoperativ dövrdə reablitasion tədbirlər həyata keçirilir.

error: Content is protected !!