Doğuşdan sonrakı endometrit
Doğuşdan sonrakı endometrit – uşaqlığın selikli qişasının doğuşdan sonra erkən mərhələlərdə inkişaf edən irinli-iltihabi xəstəliyidir. Patologiya qızdırma, intoksikasiya sindromu, qarnın aşağı hissəsində ağrı, çoxlu miqdarda irinli loxiyalar, uşaqlığın subinvolyusiyası ilə təzahür edir. Doğuşdan sonrakı endometritin diaqnozu kiçik çanağın USM, histeroskopiya, uşaqlıq boşluğundakı möhtəviyyatın bakterioloji əkilməsinin nəticələrinə əsaslanır. Müalicə məqsədilə antibakterial, dezintoksikasion terapiya təyin edilir; küretaj, vakuum aspirasiya və uşaqlıq boşluğunun yuyulması ehtiyatla aparılmalıdır.
Doğuşdan sonrakı endometrit barədə ümumi məlumat
Doğuşdan sonrakı endometrit- doğuşdan sonrakı infeksiyaların bir forması olub, uşaqlığın daxili örtüyünün (endometriumun) infeksion iltihabı ilə xarakterizə olunur. Ciftin ayrılmasından sonra uşaqlığın daxilində yara səthi əmələ gəlir, Qeysəriyyə əməliyyatı ilə aparılan doğuşlarda bu zədələnmələrə uşaqlığın cərrahi travması da əlavə olunur. Endometriumun regenerasiyası yalnız doğuşdan 5-6 həftə keçdikdən sonra baş verir. Bu dövrdə şərti-patogen mikrofloranın aktivləşməsi və zədələnmiş endometriumdan infeksiyanın daxil olması uşaqlıqda iltihabi prosesin yaranmasına gətirib çıxarır. Endometrit təxminən 7% zahılarda inkişaf edir, lakin doğuşdan sonrakı irinli-iltihabi patologiyalar arasında onun yayılma tezliyi 36–59% təşkil edir. Doğuşdan sonrakı endometrit kəskin və ya xroniki ola bilər. Çox zaman yüngül gediş qeyd olunur, xəstəliyin 25% halları infeksiyanın generalizasiyası ilə müşahidə olunan ağır formaların payına düşür. İltihabi proses adətən uşaqlığın əzələ qatına-miometriuma yayılır, bu səbəbdən əksər hallarda doğuşdan sonrakı metroendometrit aşkar edilir.
Doğuşdan sonrakı endometritin yaranma səbəbləri
Doğuşdan sonrakı endometritin yaranması cinsi yolların aşağı şöbələrindən və ya MBS-dən bakterial infeksiyanın qalxan yolla uşaqlıq boşluğuna düşməsi ilə bağlıdır. 90% hallarda infeksion agentlər qismində fakultativ-patogen mikroorqanizmlər (əsasən polimikrob assosiasiyalar şəklində) – enterobakteriyalar (E.coli, Klebsiella pneumoniae, Proteus spp., Enterococcus spp), epidermal stafilokokk, A və B qrupundan olan stafilokokklar, spor əmələ gətirməyən anaeroblar (Bacteroides fragilis, Peptococcus sp., Peptostreptococcus sp., Fusobacterium sp.), qardnerella iştirak edir. Bəzən mikoplazmalar, xlamidiyalar, qonokokklara rast gəlinir.
Orqanimin immun rezistentliyinin zəifləməsi doğuşdan sonrakı endometritin inkişafına təkan verir. Hamiləliyin sonlarında və doğuşdan sonrakı dövrün erkən mərhələlərində genital mikroflorada əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verir. Uşaqlıq yolunda məskunlaşan mikroorqanizm assosiasiyaları daxilində təbii antaqonizm pozulur. Hamilələrdə urogenital və bronx-ağciyər traktının infeksion-iltihabi xəstəlikləri, xroniki infeksiya ocaqları, endokrin pozğunluqlar, immun çatışmazlığı, autoimmun vəziyyətlər və anemiya zamanı doğuşdan sonrakı endometritin yaranma riski yüksəlir. Aşağı sosial səviyyə, pis qidalanma, zərərli vərdişlər immunitetin zəifləməsində fon rolunu oynayır.
Uşaqlıq boşluğunda aparılan instrumental müdaxilələr (qaşınma, abortlar), uzunmüddətli uşaqlıqdaxili kontrasepsiya), hamiləlik və doğuşun gedişinin xüsusiyyətləri (düşük təhdidləri, cift gəlişi, istmiko-servikal çatışmazlığın cərrahi korreksiyası), invaziv diaqnostik manipulyasiyalar (amnio- və kordosentez, xorionun biopsiyası), döl qişalarının gec cırılması, uzunmüddətli susuz dövr, xorioamnionit, patoloji qanitirmə, aralığın travmaları, ciftin əllə ayrılması, Qeysəriyyə əməliyyatı doğuşdan sonrakı infeksion ağırlaşmalara səbəb olur. Təbii doğuşlardan sonra endometritin tezliyi 1-3%, planlı Qeysəriyyə əməliyyatından sonra – 5-15%, təcili cərrahi müdaxilədən sonra isə 20 %-dən çox olur.
Həmçinin doğuşdan sonrakı dövrün qeyri-adekvat aparılması, itirilmiş qanın tam bərpa edilməməsi, uzunmüddətli yataq rejimi, uşaqlığın ləng involyusiyası, yenidoğulmuşun bətndaxili infeksiyası (vezikulyoz, pnevmoniya, sepsis), cinsiyyət orqanlarının şəxsi gigiyenasının qeyri-qənaətbəxş olması doğuşdan sonra infeksion ağırlaşmaların inkişafına şərait yaradır.
Doğuşdan sonrakı endometritin əlamətləri
Doğuşdan sonrakı endometrit yüngül, orta ağır və ağır gedişə malik ola, kompensə-, subkompensə- və dekompensə olunmuş xarakter daşıya bilər. Yüngül formalarda kəskin endometrit doğuşun 5-12-ci günlərində inkişaf edir. Titrətmə, subfebrilitet, nəbzin tezləşməsi (ürək vurğularının sayı dəqiqədə 80-100-ə qədər yüksəlir), qarın divarının ağrılı olması, mülayim dərəcədə qanlı loxiyalar müşahidə edilir. Uşaqlığın yığılma qabiliyyəti bir qədər zəifləyir. Zahının vəziyyəti qənaətbəxş sayılır və 24 saat ərzində əhəmiyyətli dərəcədə pisləşmir.
Ağır gedişli endometrit çox zaman xoriamnionit, doğuş ağırlaşmaları və ya Qeysəriyyə əməliyyatından sonra yaranır. Patologiya doğuşdan 2-3 gün sonra müşahidə olunur. Xarakterik əlamətlərə zəiflik, baş ağrıları, hərarətin 39°С-yə və daha yüksək səviyyəyə qalxması, taxikardiya, (ürək vurğularının sayı 1 dəqiqədə 100-110 olur), qarnın aşağı hissəsi və bel nahiyəsində ağrılar, iştah və yuxunun pozulması aiddir. Loxiyaların miqdarının artması ilə yanaşı, onlar həm də bulanıq, xoşagəlməz iyli, qanlı-irinli xarakter alır. 24 saat müddətində ümumi vəziyyətin mənfi dinamikası mümkündür. Uşaqlığın involsuisyası ləng gedir. Doğuşdan sonrakı endometrit endomiometrit, limfadenit və metrotromboflebit, bağırsağın parezi, peritonit, çanaq absesi, infeksiyanın generalizasiyası ilə ağırlaşa bilər.
Kompensə olunmuş forma qısamüddətli (3 günə qədər) rezorbtiv qızdırma və uşaqlığın subinvolyusiyasının olmaması; subkompensə olunmuş – yüksək hərarət və uşaqlığın ifadəli subinvolyusiyası; dekompensə olunmuş endometrit isə ağır irinli-iltihabi fəsadlar- peritonit, sepsis, septiki şokla xarakterizə edilir. Doğuşdan sonrakı endometritin gec başlayan (5-7-ci günlərdə), uzunmüddətli, silinmiş gedişli, residivlər və infeksiyanın generalizasiya riski ilə müşayiət olunan formalarına da rast gəlmək mümkündür.
Doğuşdan sonrakı endometritin diaqnostikası
Doğuşdan sonrakı endometritin diaqnostikası doğuşun gedişinin analizi, klinik şəkil, bimanual müayinə, qan və sidiyin ümumi analizi, uşaqlıq boşluğundakı möhtəviyyatın bakterioloji əkilməsi, kiçik çanaq çanağın USM, doppleroqrafiya, hosteroskopiyanın nəticələrinə əsaslanır.
Doğuşdan sonrakı endometrit zamanı kiçik çanağın USM-də patoloji möhtəviyyat və qazların hesabına uşaqlığın həcminin artması, onun boşluğunun genişlənməsi, Qeysəriyyə əməliyyatından sonra tikişlərin aralanması, toxumaların infiltrasiyası aşkarlanır. Endometriumun dəyişikliklərinin (ödem, sianoz, hemorraagiya ocaqlarının) vizualizasiyası, uşaqlıq möhtəviyyatının (cift və nekrozlaşmış desidual toxumaların qalıqları, qan laxtaları, fibrin çöküntüləri, irinin) xarakterinin və postoperasion tikişlərin vəziyyətinin dəqiqləşdirilməsi üçün histeroskopiya tətbiq olunur. Doğuşdan sonrakı endometrit zamanı əksər hallarda uşaqlıq boşluğunda cift toxumasının ləngiməsi müşahidə edilir. Ciftin histoloji müayinəsi toxumadakı iltihabi dəyişiklikləri təyin etməyə imkan verir.
Qanın ümumi analizində leykositoz (yüngül formada 9–12×109/l, ağır gedişli endometritdə – 10–30×109/l), leykoformulada sola meyllilik, neytrofilyoz, EÇS-nin artması (30–55 mm/s-a, bəzən hətta 55–65 mm/s-a qədər) qeydə aınır. Uşaqlıq möhtəviyyatının bakterioloji əkilməsinın nəticələrinə əsasən mikrofloranın antibakterial preparatlara qarşı həssaslığı müəyyən edilir. Loxiyaların turş əsaslı vəziyyəti (endometrit zamanı pH <7) yoxlanılır, sepsisə şübhə yarandıqda qanın bakterioloji əkilməsi həyata keçirilir. Endometrit doğuşdan sonrakı parametrit, pelvioperitonit, metrotromboflebit, çanaq venalarının tromboflebitdən differensiasiya edilir.
Doğuşdan sonrakı endometritin müalicəsi
Doğuşdan sonrakı endometritin müalicəsi (medikamentoz və qeyri-medikamentoz) kompleks şəklində aparılır. Kəskin endometrit zamanı stasionara hospitalizasiya, yataq rejimi, qarnın aşağı hissəsinə soyuq kompress, dieta göstəriş hesab olunur. Dərhal geniş təsir spektrinə məxsus antibiotiklər (III nəsil sefalosporinlər) damardaxilinə yeridilir, törədicinin həssaslığı müəyyən edildikdən sonra müalicə təyin olunur. Yüngül və orta ağır endometritlərdə antibiotiklərlə monoterapiya kifayət edir, ağır formada isə onların müxtəlif kombinasiyalarından (klindamisin+gentamisin, metronidazol+gentamisin) istifadə olunur. İfadəli intoksikasiya zamanı dezintoksikasion infuzion terapiya, hemosorbsiya, limfosorbsiya, plazmafarez tətbiq edilməlidir.
Loxiyaların axınını yaxşılaşdırmaq məqsədilə uşaqlığı yığan vasitələrlə (oksitosin) spazmolitiklərin (drotaverin) kombinasiyası məsləhət görülür. Antikoaqulyantlar (heparin), antihistamin preparatlar (heparin), immunostimulyatorlar, vitaminlərin (A, C, K, B qrupu) təyini məqsədəuyğundur. Kəskin faza aradan qaldırıldıqdan sonra fizioprosedurlar – dərman elektrofarezi və ya ultrafonofarez, maqnitoterapiya, lazeroterapiya, diadinamik cərəyanlar, darsonvalizasiya və UBŞ (lokal), iynərefleksoterapiya yaxşı nəticələr göstərir.
İnfeksiyalaşmış və nekrozlaşmış döl qişaları və ciftin qalıqları aşkar edildikdə küretaj və ya vakuum aspirasiya, dezinfeksiyaedici məhlullarla uşaqlıqdaxili lavaj, drenajlanma göstəriş sayılır. Aparılan terapiya effekt vermədikdə (doğuşdan sonrakı endometritin müalicəsinin başlanmasından 7 gün sonra) və kliniki –laborator kriteriyalar saxlandıqda uşaqlığın xaric olunması-histerektomiya barədə qərar qəbul edilir.
Doğuşdan sonrakı endometritin proqnozu xəstəliyin ağırlıq dərəcəsindən asılıdır: yüngül və orta ağır formaların müalicəsi sağalma və reproduktiv funksiyaların qorunması ilə nəticələnir; ağır dekompensə olunmuş endometrit septiki vəziyyət, uşaqlığın itirilməsi, letal sonluqla ağırlaşa bilər.
Doğuşdan sonrakı endometritin profilaktik tədbirlərinə hamilələrin vaginal mikroflorasına nəzarət, doğuş və doğuşdan sonrakı dövrün düzgün aparılması, Qeysəriyyə əməliyyatından sonra profilaktik məqsədlə antibiotikoterapiya aiddir.