Doğuşun patoloji preliminar dövrü

Doğuşun patoloji preliminar dövrü – uzunmüddətli doğuşönü hazırlıq mərhələsi olub, uşaqlıq boynunun struktur dəyişiklikləri ilə nəticələnməyən qeyri-müntəzəm ağrılı sancılarla müşahidə edilir. Patoloji preliminar dövr 6-8 saatdan çox davam edən qeyri-effektiv tutmaşəkilli ağrılarla xarakterizə olunur. Ağrılar zahını yormaqla yanaşı, dölün hipoksiya riskini artırır. Preliminar dövrün diaqnostikası vaginal müayinənin, kardiotokoqrafiyanın aparılmasından ibarətdir. Doğuşun anomal preliminar dövrünü aradan qaldırmaq məqsədilə ağrısızlaşdırma, medikamentoz yuxu, beta-adrenomimetiklər tətbiq edilir, bəzən isə Qeysəriyyə əməliyyatı aparılır.

Doğuşun patoloji preliminar dövrü barədə ümumi məlumat

Orta hesabla 5-8 saat sürən fizioloji preliminar dövrün klinik təzahürləri zəif ifadə olunur; qarnın aşağı hissəsi  və oma nahiyəsində vaxtaşırı yaranan dartıcı və tutmaşəkilli ağrılar qadının ümumi vəziyyətinə təsir etmir. Normal preliminar sancılar (yalançı sancılar) kəsilərək, 1 sutkadan sonra yenidən davam edə bilər, lakin əksər hallarda onlar tədricən güclənir, tezləşir və müntəzəm doğuş fəaliyyətinə keçir. Fizioloji preliminar dövrün sonunda uşaqıq boynunun yetişməsi (qısalması və yumşalması), servikal kanalın 2-3 sm açılması müşahidə olunur.

Preliminar dövrdə patologiyaların inkişaf tezliyi 10-17% təşkil edir. Patoloji preliminar dövrün inkişafı zamanı doğuşun latent fazası uzanaraq, 6-8 saatdan 24-48 saata kimi, bəzən daha çox davam edə bilir. Belə hallarda tutmaşəkilli sancılar miometriumun yüksək tonusu fonunda baş verir; gücü, tezliyi və ağrılığına görə həqiqi doğuş sancıları ilə eyni olmağına baxmayaraq,  uşaqlıq boynunun yetişməsi ilə nəticələnmir. Mamalıq və ginekologiyada doğuşun patoloji preliminar dövrü uşaqlığın hipertonik disfunksiyası kimi qiymətləndirilir. Patoloji preliminar dövr zəif və ya diskoordinasiyalı doğuş fəaliyyətinə keçə bilər.

Doğuşun patoloji preliminar dövrünün yaranma səbəbləri

Doğuşun preliminar dövrünün pozulmaları çox zaman ana orqanizminin patologiyaları: sinir sisteminin labilliyi, nevrozlar, neyrosirkulyator distoniya; metabolik və endokrin pozğunluqlar (piylənmə, çəki azlığı, aybaşı siklinin pozğunluqları, cinsi infantilizm və s.); yanaşı gedən somatik patologiya (ürək qüsurları, aritmiya, arterial hipertenziya, böyrək, qaraciyər, böyrəküstü vəzi xəstəlikləri); uşaqlığın iltihabi dəyişiklikləri (endometrit, servisit); hestoz, abortlardan sonra distrofik proseslər zamanı qeyd olunur.

Bundan əlavə, preliminar dövrün uzanmasına qadının uşağın doğulmasına neqativ yanaşması, doğuş qorxusu, yaş amili (ilk dəfə doğan qadınların yaşının 17-dən aşağı və ya 30-dan yuxarı olması) təsir göstərə bilər. Ağırlaşmış preliminar dövrün mamalıq səbəblərinə çoxdöllülük, dölyanı mayenin az və ya çox olması, iri döl, cift gəlişi, dölün anomal vəziyyətləri, anatomik dar çanaq və s. aiddir.

Doğuşun patoloji preliminar dövrünün əlamətləri

Patoloji gedişli preliminar dövr ağrılı sancıların yaranmasına, onların müntəzəm doğuş fəaliyyəti ilə əvəz olunmayan uzunmüddətli gedişinə səbəb olan miometriumun kəskin spastik yığılması ilə xarakterizə olunur. Sancıların gücü və tezliyinə baxmayaraq, uşaqlıq boynu uzun və sərt qalır, servikal kanal açılmır. Uşaqlığın oyanıqlığı və tonusu kəskin artır; uşaqlıq yığılmaları monoton olur.

Hamilənin vəziyyəti pisləşir; daimi ağrılar və emosional gərginliklə əlaqədar yuxu və istirahət rejimi pozulduğundan qadın yorğun və əsəbi olur. Tərləmə, oma və bel nahiyəsində ağrılar, taxikardiya, bağırsağın fəaliyyətinin pozulması izlənilə bilər.

Əksər hallarda doğuşun patoloji preliminar dövrü dölyanı mayenin doğuşdan əvvəl axması, doğuş fəaliyyətinin anomaliyaları, dölün hipoksiyasının əlamətlərinin yaranması və güclənməsi ilə ağırlaşır. Bəzən dölyanı mayenin axmasından sonra müntəzəm sancılar yaranır və doğuş fəaliyyəti normallaşır.

Doğuşun patoloji preliminar dövrünün diaqnostikası

Xarici mamalıq müayinəsində dölün gəliş hissəsinin hündürdə yerləşməsi (kiçik çanağın girəcəyindən hündürdə) müəyyən edilir; uşaqlığın (xüsusən onun aşağı seqmentində) tonusu artmışdır. Patoloji preliminar dövrdə aralıq əzələlərinin yüksək gərginliyi ilə əlaqədar vaginal müayinənin aparılması çətinləşir. Ginekoloji kresloda müayinə zamanı uşaqlıq yolu əzələlərinin spazmı və uşaqlıq boynunun yetişməməsi aşkar olunur.

Kardiotokoqrafiya prosesində müxtəlif intensivlik və gücə malik sancılar, onlar arasındakı intervalın müxtəlifliyi, uşaqlığın dibi və cismi ilə müqayisədə aşağı seqmentin tonusunun üstünlüyü qeyd edilir. Vaginal yaxmanın sitoloji müayinəsi orqanizmin estrogenlə doyma dərəcəsinin azlığına dəlalət edir.

Doğuşun patoloji preliminar dövrünün aparılma taktikası

Patoloji preliminar dövrünün aparılma taktikası onun davam etmə müddəti, hamilənin ümumi halı, klinikanın ifadəliliyi, döl və doğuş yollarının vəziyyətinə əsasən təyin olunur. Patoloji preliminar dövrü müşayiət edən bütün hallarda estrogenlər. analgetiklər, sedativ və spazmolitik vasitələrin istifadəsi göstəriş hesab olunur.

Preliminar dövrün 6 saatdan az davam etməsi, uşaqlıq boynunun yetişməsi və dölün başının çanaq girəcəyində dayanması zamanı müalicəyə elektroanalgeziya və ya iynərefleksoterapiya ilə başlanılır. Doğuş yollarının yetkinliyi və döl kisəsinin tamlığının pozulmadığı hallarda amniotomiya icra edilir.  6 saatdan az sürən preliminar dövrdə uşaqlıq boynunun yetişməməsi zamanı sedasiya (diazepamın yeridilməsi) və uşaqlıq boynunun medikamentoz hazırlanması (prostaqlandin E2, estradiol- dipropionat, estronun təyini)   göstərişdir.

Hamilə qadının yorğunluğu ilə müşayiət olunan uzunmüddətli preliminar dövrdə (10-12 saat və daha artıq) medikamnetoz yuxu tətbiq olunur. Oyandıqdan sonra 85% qadınlarda uşaqlığın normal yığılma fəaliyyəti fonunda aktiv doğuş fazası başlayır.  Digər 15% hamilələrdə sancıların olmaması və ya zəifliyi ilə bağlı uterotoniklər (oksitosin, prostaqlandin) ehtiyatla təyin edilir. Patoloji preliminar dövrün aradan qaldırılması məqsədilə yuxarıda sadalananlardan əlavə β- adrenomimetiklərdən də (heksoprenalin, terbutalin, fenoterol və s.) istifadə olunur.

Aktiv və müntəzəm doğuş fəaliyyətinin əldə olunmasının mümkünsüzlüyü, eləcə də ağırlaşmış mamalıq anamnez, iri döl, çanaq gəlişi, ekstragental xəstəliklər, dölün hipoksiyasının əlamətləri zamanı Qeysəriyyə əməliyyatının aparılması məqsədəuyğundur. Patoloji preliminar dövrün maksimal müalicə müddəti 3-5 sutkadan artıq olmamalıdır.

Doğuşun patoloji preliminar dövrünün inkişafının profilaktikası

Doğuşun preliminar dövrünün anomal gedişinin qarşısını almaq üçün hamiləliyin düzgün aparılması, qadının həkimin təyinatlarına əməl etməsi, doğuşa psixoprofilaktik hazırlıq məsləhət görülür.

Mama-ginekoloq doğuşun patoloji preliminar dövrünün inkişafı üzrə risk qrupuna daxil olan hamilələrə – gənc və yuxarı yaşda olan ilk dəfə doğan; ağırlaşmış mamalıq-ginekoloji anamnez, cinsiyyət orqanlarının xroniki iltihabları; neyroendokrin, somatik və psixonevroloji pozğunluqlar; fetoplasentar çatışmazlıq; dölyanı mayenin çoxluğu, çoxdöllü hamiləlik və iri dölün mühahidə edildiyi; uşaqlığın anatomik qüsurları olan qadınlara xüsusi diqqət yetirilməlidir.

error: Content is protected !!