Dölün baş gəlişi

Dölün baş gəlişi – dölün boylama vəziyyəti olub, başın çanağın girişinə tərəf yerləşməsi ilə müşahidə edilir. Dölün başının gəliş hissələrindən asılı olaraq ənsə, ön baş, alın və üz vəziyyətləri qeyd olunur. Dölün gəlişinin təyini doğuşun proqnozlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Dölün baş gəlişi xüsusi mamalıq üsulları və USM vasitəsilə aşkarlanır. Baş gəlişi təbii doğuşlarda ən çox rast gəlinən və arzuolunan forma hesab olunur. Buna baxmayaraq bəzi hallarda (alın və üz gəlişinin arxa görkəmində) Qeysəriyyə əməliyyatı və ya mamalıq maşaları tətbiq olunur.

Dölün baş gəlişi barədə ümumi məlumat

Dölün baş gəlişi uşağın başının uşaqlıq boynunun daxili əsnəyinə tərəf yerləşməsi ilə xarakterizə olunur. Baş gəlişi zamanı dölün bədəninin ən iri hissəsi-başı doğuş yolları ilə irəliləyərək, özündən sonra ciyin, bədən və ayaqların sürətlə, heç bir çətinlik törətmədən doğulmasına şərait yaradır. Hamiləliyin 28-30-cu həftəsinə qədər dölün gəliş hissəsi dəyişə bilər, lakin 32-35-ci həftələrdə əksər qadınlarda baş gəlişi müşahidə olunur. Mama-ginekologiyada baş, çanaq və köndələn gəlişlər ayırd edilir. Onlar arasında ən çox baş gəlişinə (90% hallarda) rast gəlinir və təbii doğuşların böyük hissəsi dölün bu vəziyyəti ilə gedir.

Dölün baş gəlişinin formaları

Dölün baş gəlişi zamanı başın vəziyyətinin bir neçə formaları mümkündür: ənsə, ön baş, alın və üz. Bunlar arasında ən optimal forma bükücü ənsə gəlişi sayılır. Doğuş kanalında irəliləyən başın aparıcı nöqtəsi kiçik əmgək hesab olunur. Dölün baş gəlişinin ənsə formasında doğuş yollarından keçən zaman uşağın boynu bükülərək elə bir vəziyyət alır ki, doğum anında ənsə hissə digərlərindən öndə olur. Bütün doğuşların 90-95% bu üsulla gedir. Lakin dölün baş gəlişi zamanı çanaq girəcəyinə daxil olmuş başın müxtəlif dərəcələrdə açılma vəziyyətlərindən asılı olaraq aşağıdakı formalarına rast gəlinir:

  • Başın I dərəcəli açılması – ön baş (ön təpə) gəlişi. Ön baş gəlişi hallarında qovma dövründə aparıcı nöqtə böyük əmgək sayılır. Başın I dərəcəli açılması zamanı təbii doğuş tətbiq edilə bilər, lakin açılmış gəlişlərin bu formasında uşaq və ananın doğuş travmatizmi ehtimalı ənsə forma ilə müqayisədə yüksək olur. Doğuş ləng gedişi ilə xarakterizə olunur, bu səbəbdən dölün hipoksiyasının profilaktikası aparılmalıdır.
  • Başın II dərəcəli açılması – alın gəlişi.  Baş kiçik çanağa öz maksimal ölçüsü ilə daxil olur. Doğuş kanalında aparıcı nöqtə başın digər hissələrindən aşağıda yerləşən alın hesab edilir. Baş gəlişinin bu formasında təbii doğuş mümkün deyil, hamiləlik qeysəriyyə əməliyyatı ilə sona çatdırılır.
  • Başın III dərəcəli açılması – üz gəlişi. Başın maksimal açılma dərəcəsinə dölün baş gəlişinin üz formasında rast gəlinir. Bu zaman aparıcı nöqtə çənə sayılır; baş doğuş kanalından ənsə hissə arxada yerləşməklə xaric olur. Belə hallarda qadının çanaq ölçüləri imkan verdikdə və ya döl kiçik ölçülü olduqda təbi doğuş aparıla bilər. Bunanla belə əksər hallarda üz gəlişi qeysəriyyə əməliyyatına göstəriş hesab olunur.

Dölün baş gəlişinin açılmış formaları boylama vəziyyətlərin orta hesabla 1%-ni təşkil edir. Dölün müxtəlif qeyri-standart vəziyyət və gəlişlərinə hamilələrin dar çanağı; dölə aid sahəni məhdüdlaşdıran uşaqlığın quruluş anomaliyası, uşaqlığın mioması; cift gəlişi, dölyanı mayenin çoxluğu; süstləşmiş qarın divarı; irsi və digər amillər səbəb ola bilər.

Dölün baş gəlişinin diaqnostikası

Döl gəlişi hestasiyanın 28-ci həftəsindən başlayaraq xarici mamalıq üsullarının köməyilə təyin olunur.  Dölün baş gəlişi zamanı kiçik canaq girəcəyindən yuxarıda palpasiyada bərk, yumru hissə-baş  müəyyən olunur. Baş gəlişi üçün baş hissənin dölyanı mayede tərpənişi xarakterikdir. Xarici müayinənin nəticələri vaginal müayinə vasitəsilə dəqiqləşdirilir. Dölün baş gəlişi zamanı ürəkdöyünmə ananın göbək nahiyəsindən aşağıda eşidilir. USM vasitəsilə dölün vəziyyəti, onun ətraflarının başı və bədəninə nisbəti, gəlişi, pozisiyası və onun növləri təyin edilir.

Dölün baş gəlişi zamanı doğuş taktikası

Ənsə gəlişinin ön görkəmində aparılan doğuş mamalıq sahəsində ən düzgün və qənaətbəxş doğuş sayılır, çünki bu zaman dölün başının ölçüsü və forması ilə ananın çanağı arasında optimal uyğunluq yaranır. Doğuş prosesində kiçik çanaq girəcəyində dölün başı bükülür, çənə döş qəfəsinə yaxınlaşır. Dölün doğuş kanalı boyunca irəliləməsi zamanı kiçik əmgək aparıcı nöqtə hesab olunur. Başın bükülməsi dölün gəliş hissəsini bir qədər azaldır və o, kiçik çanağa öz kiçik ölçüsüylə daxil olur. Önə doğru hərəkətlə eyni zamanda başın daxili fırlanması müşahidə olunur, nəticədə ənsə qasıq bitişməsi (önə), üz isə omaya (arxaya) tərəf çevrilmiş olur. Başın doğulması zamanı onun açılması izlənilir, daha sonra çiyinlərin daxili və başın isə xarici fırlanması baş verir, nəticədə uşağın üzü ananın bud hissəsinə tərəf çevrilir. Çiyin qurşağından sonra asanlıqla uşağın bədən və ayaqları doğulur.

Ənsə gəlişinin arxa görkəmində doğuş zamanı ənsə oma çuxuruna tərəf (arxaya) çevrilir. Dölün doğuş kanalı boyunca hərəkəti ləngiyir, bu səbəbdən doğuş fəaliyyətinin ikincili zəifliyi və ya dölün asfiksiya ehtimalı artır. Belə doğuşlar ehtiyatla aparılır; zəif doğuş fəaliyyəti hallarında stimulyasiya aparılır, asfiksiya zamanı mamalıq maşaları qoyulur.

Dölün ön baş gəlişində doğuş mexanizmi əvvəlki formanın əsas hissələri ilə eynidir. Bu zaman aparıcı nöqtə böyük əmgək sayılır. Doğuş taktikası gözləmə xarakteri daşıyır; ana və dölün sağlamlığı üçün təhlükə yarandıqda hamiləlik Qeysəriyyə əməliyyatı ilə sona çatdırılır.

Dölün baş gəlişinin alın vəziyyətində təbii doğuşlara nadir hallarda rast gəlinir, doğuş zamanı qovma mərhələsinin uzanması və ağırlaşmalar – aralığın dərin cırılmaları, uşaqlığın cırılması, uşaqlıq yolu-döl kisəsi fistullaları, asfiksiya və dölün ölümü müşahidə olunur, təbii doğuşun proqnozu çox zaman qeyri-qənaətbəxş olur.  Alın gəlişinə şübhə olduqda və ya onun təsdiqlənməsi zamanı baş çanaq girəcəyinə daxil olmazdan əvvəl dölün döndərilməsi icra oluna bilər. Buna imkan olmadıqda qeysəriyyə əməliyyatı göstəriş hesab olunur. Təbii doğuşun ağırlaşmış gedişində kraniotomiya tətbiq olunur.

Dölün baş gəlişinin üz vəziyyətində zahının çanaq ölçülərinin normaya uyğun olması, aktiv doğuş fəaliyyəti, dölün çəkisinin iri olmaması, üz gəlişinin ön görkəmi (çənə önə doğru yerləşdikdə) təbii doğuş üçün əlverişli şərait hesab olunur. Doğuş xüsusi diqqətlə aparılır, doğuş fəaliyyəti və zahının vəziyyətinə ciddi nəzarət olunur, dölün ürək döyüntüləri kardiotokoqrafiya, fonokardioqrafiya  vasitəsilə izlənilir. Üz gəlişinin arxa görkəmində (çənə arxaya tərəf çevrildikdə) Qeysəriyyə əməliyyatı tələb olunur; dölün ölümü zamanı dölparçalayıcı əməliyyat aparılır.

Doğuş ağırlaşmalarının profilaktikası

Risk qrupuna daxil olan qadınlarda doğuşlar adətən anomal gedişə malik olduğundan hamiləlik prosesi ginekoloq tərəfindən diqqətlə izlənilməlidir. Optimal doğuş taktikasının təyini məqsədilə bu tip qadınlar doğuş evində hospitalizasiya olunur. Dölün qeyri-düzgün vəziyyəti və ya gəlişinın vaxtında diaqnostikası zamanı ana və döl üçün ən qənaətbəxş seçim qeyseriyyə kəsiyi hesab olunur.

error: Content is protected !!