Dölün inkişafının ləngiməsi

Dölün inkişafının ləngiməsi — onun boy, çəki və digər fetometrik göstəricilərinin hestasiyanın müəyyən müddətləri üçün nəzərdə tutulan orta normativlərdən geri qalmasıdır. Adətən simptomsuz gedir, lakin hamilənin çəki artımının azlığı, qarın dairəsinin kiçik olması, uşağın çox aktiv və ya nadir hərəkətliyi ilə təzahür edə bilər. Diaqnozun qoyulması məqsədilə ciftin USM, fetometriya, KTQ, cift qan dövranının doppleroqrafiyası aparılır. Müalicə kombinəolunmuş medikamentoz yolla olub, angioprotektor, reoloji preparatlar, tokolitik, antihipoksant, membranostabilizatorların təyinindən ibarətdir. Terapiyanın qeyri-effektivliyi və pozğunluqların ağırlaşması zamanı təcili doğuş və ya Qeysəriyyə kəsiyi əməliyyatı məsləhət görülür.

Dölün inkişafının ləngiməsi barədə ümumi məlumat

Dölün bətndaxili inkişafının ləngiməsi (hipotrofiya) zamanı onun kütləsi orta normativdən 10 və ya daha çox prosentil aşağı olur. Tibbi statistik məlumatlara əsasən dölün bətndaxili inkişafının ləngiməsi hər 10-cu hamiləliyin gedişini ağırlaşdırır, döl və yenidoğulmuşun müxtəlif xəstəliklərinə səbəb olur. 70-90% hallarda dölün inkişafının ləngiməsi III trimestrdə ananın xəstəlikləri, ciftin patologiyası və çoxdöllülük zamanı baş verir. Hipotrofiyalı uşaqların 30% vaxtından qabaq doğulur, yalnız 5% yenidoğulmuşlarda yetişkənlik əlamətləri müşahidə olunur. Əksər hallarda dölün inkişafının ləngiməsi yaşı 18-dən kiçik və ya 30-dan böyük olan qadınlarda qeyd olunur. Bu patologiyanın yaranma riski ilk hamiləliyi gec yaşlarda reallaşan qadınlarda daha yüksəkdir.

Dölün inkişafının ləngiməsinin səbəbləri

Dölün bəndaxili inkişafı və yetişkənliyinin ləngiməsi qida maddələri və oksigenin kifayət qədər daxil olmaması və ya mənimsənilməməsi ilə əlaqədardır. Bu pozğunluqların birbaşa səbəblərinə fetoplasentar sistem, döl və ana orqanizmində, döl qişalarında gedən patoloji dəyişikliklər aiddir. Adətən inkişafın ləngiməsi aşağıdakı amillərin təsirindən baş verir:

  • Ananın xəstəlikləri. Oksigen və qida maddələrinin dölə məhdud şəkildə daxil olması anemiya və digər qan xəstəlikləri, damarların spazmı və ürək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyətlər (hipertoniya, simptomatik arterial hipertenziya, hestoz, qaraciyər və böyrək xəstəlikləri) zamanı izlənilir. Ləngimə riski ginekoloji patologiya, endokrinopatiyası (şəkərli diabet, hipotireoz)olan, kəskin infeksiya keçirən qadınlarda daha yüksək olur.
  • Dölün xəstəlikləri. Daxil olmuş qida maddələri uşaqda genetik defektlər (Patau sindromu, Daun sindromu), MSS, ürək, böyrəklərin inkişaf qüsurları zamanı pis mənimsənilir. Anomaliyalar və inkişafın ləngiməsinin yaranma riski dölün infeksion agentlərlə – hüceyrədaxili parazitlər (toksoplazma, mikoplazma), herpes, məxmərək, İİV, Koksaski, hepatit B və C virusları ilə bətndaxili yoluxması zamanı yüksəlir.
  • Ciftin və döl qişalarının patologiyaları. Cift toxumasının 10-15%-dən çox hissəsinin zədələnməsi dölün bətndaxili inkişafının ləngiməsininn əsas səbəbi olan fetoplasentar çatışmazlığın formalaşması ilə müşayiət olunur. Dölün oksigen aclığına ciftin infarktı, onun vaxtından əvvəl ayrılması və ya involyusiyası zamanı rast gəlinir. Dölün böyüməsi xorioamnionit, göbək ciyəsinin patologiyaları (həqiqi düyünlər, iltihabın olması), dölyanı mayenin azlığı, amniotik bağların olması və s. zamanı pozula bilir.
  • «Ana-uşaq» sistemində uyğunsuzluq. Ana və dölün müxtəlif qan qrupları və ya Rh-amil üzrə izoimmun uyğunsuzluğu dölün eritrositlərinin uyğunsuzluğu və birbaşa olmayan toksiki bilirubinin yaranması ilə təzahür edir. Hemolitik anemiya və uşaq orqanizmində baş verən patoloji proseslər lazimi oksigenasiyaya və ana orqanizmindən daxil olan qida maddələrinin mənimsənilməsinə mane olur, nəticədə normal inkişaf ləngiyir.
  • Qadının pis qidalanması. Az kalorili məhsullarla qidalanan, zülal, mürəkkəb karbohidrat, mikro- və makroelementlərin azlıq təşkil etdiyi balanslaşdırılmamış monoton qida rasionu olan hamilələrdə qanda qida maddələrinin səviyyəsi azalır. Bu səbəbdən dölün orqan və toxumalarında plastik proseslər zəifləyir. Bu amil adətən sosial təminatı zəif olan ailələrdə qeyd olunur.
  • Əlverişsiz xarici təsirlər. Sağlamlığın pisləşməsi və fetoplasentar kompleksdə pozğunluqların yaranma riski zərərli peşə şəraiti olan (vibrasion, kimyəvi, şüa, termiki yüklənmələr) və ya əlverişsiz ekoloji şəraitdə yaşayan qadınlarda yüksək olur. Nikotin, spirtli içkilər, narkotik maddələr, bəzi dərman preparatları (qıcolma əleyhinə, APF inhibitorları) birbaşa toksiki təsir göstərir.

Dölün normal inkişafının ləngiməsinə səbəb olan daha bir amilə ağırlaşmış mamalıq-ginekoloji anamnez aiddir. Pozğunluq çox zaman anamnezində adəti düşüklər və ya vaxtından əvvəl doğuş, sonsuzluq olan aybaşı funksiyası pozulmuş hamilələrdə müşahidə olunur. Həmçinin qida maddələrinin çatışmazlığı çoxdöllü hamiləlik zamanı nisbi fetoplasentar çatışmazlıq səbəbindən baş verə bilir.

Dölün inkişafının ləngiməsinin patogenezi

İnfeksion agentlərin olması, endometriumda iltihabi proseslər, uşağın genetik anomaliyaları zamanı  onun inkişafının ləngiməsi sindromunun təməli hestasiyanın I trimestrində trofoblastların spiral arteriyalarının qişalarına  daxil olmasının pozulması nəticəsində qoyulur. Uşaqlıq-plasentar sistemdə hemodinamikanın pozulması arteriyalar və xovlararası sahədə qan cərəyanının zəifləməsi ilə özünü büruzə verir. Ana və döl arasında qaz mübadiləsinin intensivliyi azalır, bu da hüceyrə böyüməsinin hiperplastik fazasının özünütənzim mexanizmlərinin pozulması ilə birgə inkişafın simmetrik ləngiməsinə gətirib çıxardır.

Hestasiyanın 20-22-ci həftəsindən sonra dölün hipotrofiyasının başlıca səbəbi nisbi və ya mütləq fetoplasentar çatışmazlıq sayılır. Məhz bu dövrdə aktiv plastik proseslər sayəsində intensiv çəki artımı baş verir. Çoxdöllü hamiləlik, pis qidalanma və ananın qanının hipoksemiyası, cift toxuması və ya  damar məcrasının patologiyaları ilə müşayiət olunan xəstəliklər fonunda dölün xroniki oksigen çatışmazlığı inkişaf edir. Onun qan cərəyanı MSS-nin tam inkişafının təmininə yönəldilir. Yaranan “brain-sparin-effect” adətən bətndaxili inkişafın asimmetrik formada ləngiməsinə səbəb olur.

Dölün inkişafının ləngiməsinin təsnifatı

Dölün inkişafının ləngiməsinin klinik formalarının sistemləşdirilməsi fetometrik göstəricilərin orta normativlərlə müqayisədə geri qalması və ayri-ayrı böyümə parametrlərinin mütənasibliyinin qiymətləndirilməsinə əsaslanır. Pozğunluqların I dərəcəsinə inkişafın 2 həftə, II dərəcəsinə- 3-4, III dərəcəsinə isə – 4 həftədən çox ləngiməsi aid edilir.  Proqnozun qiymətləndirilməsi və həkim taktikasının seçimində əsas kriteriya inkişafın ayrı-ayrı göstəricilərinin öz aralarında nisbətini nəzərə almaqla tərtib olunan təsnifat hesab olunur. Bu əlamətə əsasən mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri dölün hipotrofiyasının aşağıdakı formalarını qeyd edirlər:

  • Simmetrik. Başın dairəsi, dölün boyu və çəkisi hamiləliyin müəyyən müddətləri üçün nəzərdə tutulan orta normativ göstəriciləri ilə müqayisədə mütənasib şəkildə azlıq təşkil edir. Adətən I-II trimestrdə aşkarlanır.
  • Asimmetrik. Uşağın yalnız qarnının ölçüləri kiçilmişdir (2 həftəyə uyğun və ya daha çox). Digər göstəricilər hamiləliyin müddətinə uyğun gəlir. Adətən fetoplasentar çatışmazlıq əlamətləri fonunda III trimestrdə baş verir.
  • Qarışıq. Qarnın ölçülərinin orta normativdən 2 həftədən daha çox geri qalır, həmçinin digər göstəricilər də bir qədər azalmışdır. Bu formanın əlamətləri əksər hallarda hestasiyanın son mərhələlərində özünü büruzə verir.

Dölün inkişafının ləngiməsinin əlamətləri

Pozğunluq kəskin klinik əlamətlərsiz gedişə malik olur və adətən planlı USM-skrininq zamanı aşkarlanır. Hamilənin çəkisinin az artması, qarın dairəsinin azacıq böyüməsi dölün hipotrofiyasından şübhələnməyə əsas verir. İnkişafın ləngiməsi fetoplasentar çatışmazlığın əlaməti sayılan uşağın hərəki aktivliyinin pozulması ilə müşayiət oluna bilər. Oksigen aclığının nəticəsijndə döl daha intensiv tərpənir, bu hal qeyri-qənaətbəxş əlamət hesab olunur.

Dölün inkişafının ləngiməsinin ağırlaşmaları

Dölün hipotrofiyası zamanı onun antenatal ölümü, doğuş prosesində travmatizm və asfiksiya, yenidoğulmuşun ağciyərlərinin ağır zədələnmələrinə səbəb olan mekoniumun aspirasiyası riski yüksəlir. Bətndaxili inkişafın ləngidiyi 65% körpələrdə perinatal pozğunluqlar qeyd olunur. Doğuşdan sonrakı dövrdə adətən belə uşaqlarda tranzitor hipotireoz, neonatal hipoqlikemiya, perinatal polisitemiya və qanın özlülüyünün artması sindromu, hipotermiya aşkarlanır. Tonik və reflektor reaksiyaların qurulmasının ləngiməsi ilə müşahidə olunan MMS-nin funksional yetişməsinin pozğunluqları, müxtəlif dərəcəli nevroloji pozulmalar baş verə, bətndaxili infeksiyalar aktivləşə bilər. Tədqiqatların nəticələrinə əsasən dölün bətndaxili inkişafının ləngiməsinin uzaq ağırlaşmalarına yetkin yaşda insulindən asılı şəkərli diabet və ürək xəstəliklərinin yüksək yaranma riski aiddir.

Dölün inkişafının ləngiməsinin diaqnostikası

Dölün inkişafının ləngiməsinə şübhə olduqda aparılan diaqnostik mərhələnin əsas məqsədi hipotrofiyanın dərəcə və formalarının təyini, plasentar qan dövranının vəziyyətinin qiymətləndirilməsi, xəstəliyin yaranma səbəblərinin aşkar olunmasından ibarətdir. Hamilə qadının qarın dairəsi və uşaqlıq dibinin hündürlüyünün ölçülməsi ilə aparılan mamalıq müayinəsindən sonra aşağıdakı üsullardan istifadə olunur:

  • Ciftin USM. Sonoqrafiya cift toxumasının yetkinlik dərəcəsi, onun ölçüləri, strukturu, uşaqlıqda vəziyyətini, ehtimal olunan ocaqlı zədələnmələri müəyyən edir. Bu üsula uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyasının əlavə olunması damar məcrasında dəyişikliklərin və infarkt sahəsinin aşkar edilməsi məqsədi daşıyır.
  • Dölün fetometriyası. Baş, qarın, döş qəfəsinın dairəsinin, biparietal və alın-ənsə ölçülərinin, borulu sümüklərin uzunluğunun ultrasəs müayinənin köməyilə ölçülməsi dölün inkişafının obyektiv göstəricilərini təyin etməyə imkan verir. Müayinənin nəticələri hestasiyanın hər bir mərhələsi üçün nəzərdə tutulan normativlərlə müqayisə olunur.
  • Dölün fonokardioqrafiya və kardiotokoqrafiyası. Bu üsulların diaqnostik dəyəri dölün ürək fəaliyyətinin göstəricilərinə əsasən onun qan təhcizatının dolayı qiymətləndirilməsindən ibarətdir. Fetoplasentar çatışmazlığın əlamətlərinə ürək ritminin pozğunluqları – aritmiya, taxikardiya aiddir.

USM və kardiotokoqrafik müayinənin göstəricilərinin birgə qiymətləndirilməsi dölün biofiziki profilini tərtib etməyə – qeyri-stress testnin aparılması, hərəki aktivliyi, əzələ gərginliyini (tonus), tənəffüs hərəkətlərini, dölyanı mayenin həcmini, ciftin yetkinliyini analiz etməyə imkan verir. 6-7 ballıq nəticə uşağın şübhəli vəziyyətinə, 4-5 ball isə ifadəli bətndaxili hipoksiyaya dəlalət edir.

Pozğunluğun yaranma səbəblərini aşkar etmək üçün laborator müayinələr-hemoqlobin və eritrositlərin səviyyəsinin, hormonların (estrogen, xorionik qonadotropin, progesteron, FSH) miqdarının, infeksion agentlərin PZR, İFA, İFR üsulları ilə təyini aparılır. Ehtimal olunan genetik anomaliyalar və döl qişasının patologiyaları invaziv prenatal diaqnostika (kordosentez, USM nəzarətlə aparılan amniosentez, amnioskopiya) prosesində aşkarlanır. Dölün inkişafının ləngiməsi uşağın genetik determinəolunmuş konstitutsional çəki azlığı, vaxtından əvvəl doğulan yenidoğulmuşlarla differensiasiya edilir. Göstərişlərə əsasən hamilə qadına endokrinoloq, infeksionist, terapevt, immunoloq, hematoloq konsultasiyası məsləhət görülür.

Dölün inkişafının ləngiməsinin müalicəsi

Müalicə taktikasının seçilməsi zamanı uşağın bətndaxili hipotrofiyası, fetoplasentar çatışmazlığın ifadəliyi, dölün vəziyyəti nəzərə alınır. Müalicə zamanı mütləq həftədə 1 dəfə və ya hər 14 gündən bir fetometrik göstəriciləri USM vasitəsilə təyin olunmalı, hər 3-5 gündən bir plasentar qan dövranının dopplerometriyası aparılmalı, gündəlik KTQ prosesində uşağın vəziyyəti qiymətləndirilməlidir. Hamilələrə aşağıdakı qrup preparatlar təyin oluna bilər:

  • Dölün qan dövranını yaxşılaşdıran preparatlar. Angioprotektorların və qanın reologiyasına təsir göstərən vasitələrin istifadəsi zamanı «Uşaqlıq-cift-döl» sistemində qan dövranı güclənir. Əlavə olaraq tokolitiklərin yeridilməsi damarlarda qan cərəyanını asanlaşdıraraq uşaqlığın tonusunu zəiflədir.
  • Hipoksiya əleyhinə və membranstabilizəedici vasitələr. Aktovegin, instenon, antioksidant və membranstabilizəedicilərin təyini döl toxumalarının hipoksiyaya qarşı davamlığını artırır. Ümumi möhkəmləndirici preparatlarla birgə təyini plastik proseslərin stimulyasiyasına səbəb olur.

Uşağın funksional vəziyyəti və fetometrik göstəricilərin normal templə böyüməsi ilə müşayiət olunan dölün I dərəcəli hipotrofiyası və kompensator fetoplasentar çatışmazlıq zamanı hamiləlik hestasiyanın 37-ci həftəsindən tez olmayaraq, ağciyər toxumasının yetkinliyi təsdiq olunan müddətə kimi uzadılır. Dölün inkişaf parametrlərini 2 həftə ərzində stabilləşdirmək mümkün olmadıqda (əsas damarlarda qan cərəyanı zəiflədikdə, ürək fəaliyyəti pozulduqda) hestasion müddətdən asılı olmayaraq təcili surətdə hamiləlik sona çatdırılır. Dölün inkişafının II və III dərəcəli ləngiməsi dekompensə olunmuş plasentar çatışmazlıqla (hipoksiyanın ifadəli KTQ əlamətləri, göbək  ciyəsində retroqrad qan cərəyanı və ya onun diastolik komponentinin olmaması) müşayiət olunması təcili Qeysəriyyə əməliyyatının aparılmasına göstəriş hesab olunur.

Dölün inkişafının ləngiməsinin proqnoz və profilkatikası

Dölün inkişafının ləngiməsinin vaxtında aşkar olunması, hamiləliyin düzgün aparılma taktikası, qadının ağır xəstəliklərinin, döl tərəfdən kobud qüsurlar və ifadəli pozğunluqların olmaması zamanı proqnoz qənaətbəxşdir. Hipotrofiyanın dərəcəsinin artması ilə ağırlaşmaların yaranm aehtimalı yüksəlir.

Dölün inkişafının ləngiməsinin profilaktikası məqsədilə hamiləliyin planlaşdırılması, ekstragenital və cinsi patologiyaların əvvəlcədən müalicə olunması, infeksiya ocaqlarının sanasiyası, qadın məsləhətxanasında erkən qeydiyyata düşmək, müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək, onun müayinə və müalicə ilə bağlı məsləhətlərini yerinə yetirmək tövsiyyə olunur. İstirahət və normal gecə yuxusu, rasional pəhriz, mülayim hərəki aktivlik, zərərli vərdişlərdən imtina uşağın inkişafına müsbət təsir göstərir.

error: Content is protected !!