Döş giləsinin iltihabı

Döş giləsinin iltihabı – döş giləsi-areola kompleksində əmələ gələn bakterial, virus və göbələk təbiətli infeksion prosesdir. Əsas əlamətləri: döş giləsində ağrılar, döş giləsi ətrafı dərinin hiperemiyası, süd vəzilərindən maye (irinli, qanlı və ya toxuma mayesi və qan qarışığından ibarət eksudat) sekretin axması. Diaqnoz şikayətlər, obyektiv müayinə, laborator və instrumental metodlara (duktoqrafiya, süd vəzilərinin USM-i və rentgenoqrafiya) əsasən qoyulur. Müalicə konservativdir; antibiotiklərin təyini və iltihab ocağının iltihab əleyhinə məlhəmlərlə işlənməsindən ibarətdir.

Döş giləsinin iltihabı barədə ümumi məlumat

Döş giləsinin iltihabı (telit) nadir hallarda izolə olunmuş gedir; adətən, areolit (areolanın iltihabı) və ya mastitlə müşayiət olunur. Patologiyanın yayılması ilə əlaqəli statistik məlumatlar məlum deyil. Telit süd verən qadınlarda daha çox müşahidə olunur; lakin onun kişilərdə, yenidoğulmuşlarda və laktasiyada olmayan qadınlarda inkişafı istisna olunmur. Döş giləsinin iltihabı, bir qayda olaraq, ikincili, süd vəzilərinin başqa patologiyaları, hormonal və ya immun pozulmalar fonunda inkişaf edir. İltihabi proses bir və ya hər iki döş giləsində yarana bilər. Problemin mammologiyada aktuallığı telit arxasında Pecet xərçənginin (onkoloji xəstəlik) gizlənə bilməsi ilə əlaqəlidir.

Döş giləsinin iltihabının səbəbləri

Xəstəlik döş giləsinə epitelin defekti və ya orqanizmdə olan xroniki infeksiya ocağından qanla daxil olan patogen mikroflora tərəfindən törədilir. Döş giləsi stafillokoklar və Streptococcus agalactiae ilə daha çox; nadir hallarda Herpes virusu, Kandida cinsindən olan göbələklər və başqa törədicilərlə infeksiyalaşır. Patogen mikroorqanizmlərin çoxalmasını aktivləşdirən faktorlara aşağıdakılar aiddir:

  • LaktostazSüd durğunluğu şərti-patogen bakteriyaların çoxalmasını provokasiya edir, beləliklə, süd yollarının iltihabına səbəb olur. Bakteriyalar axarlar vasitəsilə döş giləsinə gəlir və iltihabın yaranmasını təmin edir. Yastı və ya içəri batmış döş gilələri laktostaza təkan verir; döş gilələri belə olduqda ana südü ilə qidalandırma və vəzin tamamilə boşaldılması zamanı çətinliklər yaranır.
  • Döş gilələrinin çatları. Doğuşdan sonrakı dövrdə olan qadınlarda və quru dərili pasientlərdə daha çox müşahidə olunur. Çatların xoralaşması ikincili infeksiyaların prosesə qoşulmasına və döş giləsinin iltihabına gətirib çıxarır.
  • Döş giləsinin ekzeması, allergik dermatit. Papulyoz (dermatitdə) və ya vezikulyoz-eritematoz (ekzemada) səpkilər və intensiv qaşınma ilə müşayiət olunur. Səpkiləri qaşıdıqda infeksiyalaşan və iltihablaşan sıyrıqlar, sulanan eroziyalar əmələ gəlir.
  • Axardaxili patologiya. Süd yollarının axardaxili papillomaları və ya genişlənməsi zamanı döş giləsindən müxtəlif xarakterli (selikli və ya qanlı) ifrazat xaric olur. Sekret bakteriyalar üçün qidalı mühitdir və onların çoxalmasını aktivləşdirir.
  • Süd vəzilərinin travmaları.Süd vəzilərinin travması hematoma, sonralar onun irinləməsi və döş giləsi toxumasının prosesə cəlb olunması ilə müşayiət olunur. Döş giləsinin iltihabına onun mikrotravmaları (həşərat dişləməsi, sıyrıqlar) da rəvac verir.

Qadınlarda süd vəzilərinin xoşxassəli şişləri, hipotireoz, orqanizmdə iltihab ocaqlarının olması, zəif immunitet (keçirilmiş infeksion xəstəliklər, bədənin həddən artıq soyuması, stress) xəstəliyin inkişafına rəvac verir. Kişilərdə telit və areolit tez-tez ginekomastiya ilə müşayiət olunur. Ginekomastiyanın yaranmasına hormonal pozulma, anabolik preparatların qəbulu, piylənmə və şəkərli diabet təkan verir.

Döş giləsinin iltihabının patogenezi

Patogen mikrofloranın döş giləsinə daxil olması iki yolla baş verə bilər: zədələnmiş epiteldən – ekzogen və xroniki infeksiya ocağından – endogen. Mikroorqanizmlər hüceyrələrarası mühitə keçir və buradan limfa damarlarına daxil olaraq limfa dövranı ilə daha dərin toxumalara (saya əzələ qatına, süd axarları, piy və tər vəziləri) yayılırlar. Orqanizm törədicinin yayılmasına yerli və ümumi simptomlarla cavab verir. Yerli reaksiya döş giləsində qan dövranının pozulmasından ibarətdir; belə ki, əvvəlcə arterial hiperemiya, sonra isə venoz staz baş verir. Nəticədə ödem və tromb əmələ gəlir, ağrı meydana çıxır, yerli temperatur yüksəlir, döş giləsindən toxuma mayesi və qan qarışığından ibarət eksudat və ya irinli ifrazat xaric olur. Sekretin əmələ gəlməsi damar divarının keçiriciliyinin yüksəlməsi nəticəsində mayenin süd axarı epitelinin hüceyrəarası sahəsinə eksudasiyası ilə əlaqəlidir. Orqanizmin ümumi reaksiyası intoksikasiya simptomları ilə təzahür edir və törədicinin virulentliyindən, sekretdə onun toksinlərinin və toxumaların parçalanma məhsullarının konsentrasiyasından, immunitetin vəziyyətindən asılıdır.

Döş giləsinin iltihabının simptomları 

Xəstəliyin klinik təzahürlərinin intensivliyi etioloji faktordan, ağrı hissiyyatının qıcıq qapısından və immunitetdən asılı olaraq dəyişkəndir. Süd vəzilərinin palpasiyası döş giləsinin şişkin və ağrılı olmasını və ya areolanın qalınlaşmasını, döş giləsi – areola nahiyəsinin ağrılı olmasını, vəzin ödemini müəyyənləşdirməyə imkan verir. İltihab ocağı üzərindəki dəri hiperemiyalaşmışdır; süd axarlarından toxuma mayesi və qan qarışığından ibarət eksudat, qanlı və ya irinli sekret xaric olur. Telit zamanı ağrılar daimi ola və ya yalnız döş giləsinə təzyiq etdikdə yarana bilər. Sekret fasiləsiz və ya döş giləsinə təzyiq etdikdə ifraz oluna bilər. Laktasiyada olan qadınlar uşağı qidalandıranda ağrı, döş giləsinin həddən artıq həssaslığını və yanma hiss edirlər. Xəstəliyin herpetik formalarında sadalanmış əlamətlərdən başqa areolada şəffaf möhtəviyyatlı vezikula və intensiv qaşınma əmələ gəlir.

İntoksikasiya sindromu bədən temperaturunun febril göstəricilərə qədər yüksəlməsi, qoltuqaltı, körpücükaltı və boyun limfa düyünlərinin böyüməsi, tükənmə, zəiflik və nasazlıq, iştahasızlıq və başqa əlamətlərdən ibarətdir. Areolit zamanı iltihabi proses Monthomeri vəzilərində inkişaf edir; bir və ya bir neçə qabarcıqların ödemi, onların ağrılı olması, qəhvəyi rəngli və ya rəngsiz sekretlə təzahür edir.

Döş giləsinin iltihabının ağırlaşmaları

Həkimə vaxtında müraciət edilməməsi ağırlaşmaların əmələ gəlməsinə gətirib çıxarır. İnfeksion proses süd vəzinin dərinliyinə yayıla və mastit, fleqmona, gecikmiş hallarda qanqrenaya səbəb ola bilər. Göbələk mənşəli telit zamanı südəmər uşaq kandidaya yoluxa və ağız boşluğunun kandidozu inkişaf edə bilər. Sekret döş giləsindən davamlı ifraz olduqda, dəri daim qıcaqlandıqda bədxassəli prosesin inkişafı istisna olunmur. Areolyar-döş giləsi nahiyəsinin irinli iltihabı kobud çapıqların formalaşması, döş giləsinin və bir sıra hallarda bütün süd vəzinin deformasiyası ilə sonlanır.

Döş giləsinin iltihabının diaqnostikası

Döş giləsi iltihabının diaqnostikası çətinlik törətmir və pasientin şikayətləri, anamnezin toplanması (döşlə qidalanma ilə əlaqə, endokrin patologiyanın olması, keçmişdə və indi süd vəzilərinin xəstəliklərinin və travmalarının olması), inspeksiya, süd vəzilərinin və regionar limfa düyünlərinin palpasiyasından ibarətdir. Diaqnozu dəqiqləşdirmək məqsədilə aşağıdakı laborator və instrumental müayinələr aparılır:

  • Qan analizi. Qanın klinik analizində iltihab əlamətləri (neytrofillərin çoxluğu ilə sola meyilli leykositoz, EÇS-in yüksəlməsi) müəyyən olunur. Biokimyəvi analiz maddələr mübadiləsinin pozulması və iltihabı (qaraciyər fermentlərinin yüksəlməsi, ümumi zülalın azalması, şəkərin artması, C-reaktiv zülalın meydana çıxması) təsdiqləyir.
  • Hormonların və onkomarkerlərinEndokrin patologiyanın aşkarlanması məqsədilə qalxanabənzər, böyrəküstü vəzilərin hormonları, cinsiyyət hormonları və prolaktinın analizi aparılır. Süd vəzi xərçənginə şübhə olduqda qanda onkomarkerlər (CA 15-3, СА 27–29) təyin olunur.
  • Döş giləsi ifrazatının analizi. Sekretin qidalı mühitdə bakterioloji əkilməsi zamanı törədici identifikasiya olunur və onun antibiotiklərə həssaslığı müəyyənləşdirilir. Sitoqrammanın analizi onkoloji prosesi istisna etməyə imkan verir.
  • Duktoqrafiya. Süd axarlarının mənfəzinə kontrast maddə yeridilməsi ilə onların müayinəsidir. Bu metod törəməni (axardaxili papilloma) və ya axarın genişlənməsini (süd axarlarının ektaziyası) aşkarlamağa kömək edir.
  • Süd vəzilərinin USM, mammoqrafiya. İltihabi prosesin yayılma dərəcəsini müəyyənləşdirməyə və mastiti diaqnostika etməyə imkan verir. Süd vəzilərinin xoşxassəli və bədxassəli törəmələrində bir-birini qarşılıqlı tamamlayır.

Telitin yaranmasına rəvac vermiş patologiyanın aşkarlanması məqsədilə digər sahələrin mütəxəssisləri – endokrinoloq, dermatoloq dəvət olunur. Döş giləsinin iltihabını Pecet karsinomasından fərqləndirmək lazımdır.

Döş giləsinin iltihabının müalicəsi

Xəstəliyin ağırlaşmamış klinik formalarında yerli konservativ terapiya aparılır. Döş giləsi və areola antibakterial məlhəmlərlə işlənir. Kandida mənşəli iltihab zamanı göbələk əleyhinə; herpetik infeksiyalarda isə antivirus məlhəmlər tətbiq olunur. Güclü intoksikasiya simptomları və irinli proses bakterial infeksiyanın qoşulmasından xəbər verir və geniş spektrli antibiotiklərin (penisillin, sefalosporin, tetrasiklin) peroral təyinini tələb edir.

Laktasiyada olan qadınlarda döş giləsi-areola zonasında irinli ocaq formalaşdıqda və süddə irin meydana çıxdıqda ana südü ilə qidalandırma qadağan olunur; lakin müntəzəm şəkildə vəzin sağılması vacibdir. Ağrıları yüngülləşdirmək məqsədilə QSİƏP-ın təyin edilir və iltihab ocağına soyuq kompress qoyulur. Bu üsul nəinki ağrıları, həm də iltihab əlamətlərini (ödem, hiperemiya) azaldır. Abses formalaşdıqda o yarılır və drenə olunur. Sağalma mərhələsində toxuma regenerasiyasını sürətləndirən məlhəmlər təyin olunur.

Döş giləsinin iltihabının proqnoz və profilaktikası  

Döş giləsi iltihabına səbəb olmuş faktorların likvidasiyası zamanı proqnoz kafidir. Döşlə qidalanma zamanı xəstəliyin profilaktikası süd vəzilərinə düzgün qulluq, döş giləsi çatlarının qarşısının alınması, uşağın döşə düzgün qoyulmasından ibarətdir. Ümumi profilaktika müntəzəm mammoloq müayinəsi və silinmiş klinik mənzərəli xəstəliklərin (axardaxili papilloma, süd yollarının ektaziyası) dəf edilməsi, allergenlə kontaktın aradan qaldırılması, endokrin pozulmaların korreksiyası, sağlam qidalanma, zərərli vərdişlərdən imtina və orqanizmin müdafiə faktorlarının güclənməsindən ibarətdir.

error: Content is protected !!