Düz bağırsağın endometriozu
Düz bağırsağın endometriozu uşaqlığın daxili qişasının – endometriumun yoğun bağırsağın distal şöbəsində lokalizasiya olunması ilə səciyyələnən xoşxassəli xəstəlikdir. Adətən endometriozun yumurtalıqlara və peritona yayılması nəticəsində ikincili olaraq inkişaf edir. Patologiya qarnın aşağı hissəsində daimi ağrı, aldadıcı çağırışlar, nəcisin konsistensiyasının pozulması, fekal kütlələrdə selik və qan qarışıqları ilə təzahür edir. Əlamətlər menstruasiyadan bir neçə gün əvvəl yaranaraq, aybaşı dövrünün sonuna qədər müşahidə olunur. Diaqnoz klinik şəkil, ümumi və ginekoloji baxış, USM, irriqoskopiya, rektoromanoskopiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə medikamentoz terapiya aparılır, ektopik endometrium ocaqları kəsilib götürülür.
Düz bağırsağın endometriozu barədə ümumi məlumat
Düz bağırsağın endometriozu – ekstragenital endometriozun bir formasıdır. Nadir hallarda sərbəst xəstəlik kimi qeydə alınır. Mütəxəssislərin fikrincə qadın cinsiyyət orqanları və periton nahiyəsində endometriozun aşkarlanmadığı hallarda düz bağırsağın zədələnməsi endometrium hüceyrələrinin hematogen yolla yayılması ilə bağlı olur.
Düz bağırsağın endometriozu bağırsaq endometriozunun ən çox rast gəlinən növüdür. Yoğun bağırsaq zədələnmələrinin təxminən 70% bu patologiyanın payına düşür. Xəstəlik bağırsaq keçməməzliyi və perforasiya ilə ağırlaşa bilir. Tədqiqatların nəticələrinə əsasən düz bağırsağın endometriozu reproduktiv yaşda olan qadınların 1-2%-də müşahidə edilir. Pasiyentlərin yaşı adətən 40-dan az olur. Düz bağırsağın endometriozuna bəzən klimakterik dövrdə də rast gəlinir. Müalicə proktologiya, qastroenterologiya, ginekologiya və endokrinologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.
Düz bağırsağın endometriozunun yaranma səbəbləri
Patologiya uşaqlığın selikli qişa hüceyrələrinin kontakt və ya hematogen (az hallarda) yolla yayılaraq, düz bağırsağın seroz qişasına implantasiyası nəticəsində inkişaf edir. Risk amillərinə qadın cinsiyyət sisteminin xəstəlikləri (endometrit, salpinqooforit), çoxsaylı abortlar, yumurtalıqların patologiyası ilə əlaqədar estrogenlərin səviyyəsinin artması, qaraciyər xəstəlikləri və piylənmə aiddir. Ginekoloji patologiyaların şəkərli diabet və hipertoniya xəstəliyi ilə müştərəkliyi düz bağırsağın endometriozunun yaranma ehtimalını artırır. Xroniki stresslər və hipodinamik həyat tərzi bağırsaq endometriozunun bu formasının inkişafında müəyyən rol oynayır.
Xroniki proktitdən fərqli olaraq, düz bağırsağın endometriozunda orqanın daxili deyil, xarici hissəsi zədələnir. Endometrium hüceyrələri rektal şöbənin seroz qişasına sirayət edir. Onlar bağırsağın əzələ qatına keçərək, tək və ya çoxsaylı ocaqlar əmələ gətirə bilir. Düz bağırsaq endometriozunun çoxsaylı ocaqları uşaqlığın epitel hüceyrələrinin aybaşı qanı ilə yayılması və ya endometrioid kistanın partlaması zamanı formalaşır.
Düz bağırsağın endometriozunun patogenezi
İlkin mərhələlərdə orqanın seroz qişasında yerləşən endometrioz ocaqları göyümtül zolaq və ya kiçik ləkə formasında olur. Müəyyən müddətdən sonra onların yerində xarici görünüşcə şüaya bənzəyən çapıqlarla əhatə olunan düyünlər və ya lövhəciklər əmələ gəlir. Xəstəlik proqressivləşdikdə endometrium əzələ qatına nüfuz edir və ya seroz qişaya yayılaraq, bağırsağı dairəvi şəkildə bürüyür. Bu zaman düz bağırsağın divarı qalınlaşır, mənfəzi isə daralır. Orqanın bütün qatları zədələndikdə selikli qişada polipəbənzər törəmələr inkişaf edir.
Birləşdirici toxuma kapsulu olmadığından endometrioz ocaqları tədricən düz bağırsağın normal sahələrinə keçir. Histoloji müayinədə belə sahələrin mərkəzində çapıqlar, dəyişilmiş əzələ lifləri, qırmızı və ya qəhvəyi möhtəviyyatdan ibarət qovuqcuqlar müşahidə edilir. Qovuqcuqlar endometriumu xatırladan vəzili epiteldən yaranır.
Düz bağırsağın endometriozunda stroma ilə epitel hüceyrələrinin nisbəti fərqli olur. Bu da diaqnozun qoyulmasını bir qədər çətinləşdirir. Bəzi mütəxəssislərin fikrincə stromanın ustünlük təşkil etdiyi hallarda endometriozun sarkomaya çevrilmə riski yüksəlir.
Düz bağırsaq endometriozunun əlamətləri
Xəstəliyin klinik simptomatikası endometrium ocaqlarının siklik dəyişikliklərinə müvafiq olur. Əlamətlər aybaşıdan bir neçə gün əvvəl yaranır, menstruasiya başa çatdıqdan sonra öz-özünə itir. Təzahürlərin ifadəliliyi endometrium hüceyrələrinin toxumalara yayılma dərinliyindən asılıdır. Seroz qişa və ya seroz qişa ilə birgə əzələlərin səthi qatı zədələndikdə pasiyentlər düz bağırsaq, anus və aralıq nahiyəsində lokal və yaxud diffuz xarakterli ağrılardan şikayət edirlər. Ağrı sindromu motorikanın güclənməsi, köp və ishalla müşayiət oluna bilir.
Proses bağırsaq divarının əzələ qatının dərinliklərinə və selikli qişaya yayıldıqda ağrının intensivliyi artır. Xəstələrdə qəbizlik, köp yaranır, qazların ifrazı çətinləşir. Çox vaxt cinsi akt ağrılı olur. Zaman keçdikcə düz bağırsağın stenozunun əlamətləri: lentşəkilli nəcis, defekasiya prosesinin əllə asanlaşdırılması, nəcisdə qan və selik qarışıqları ön plana keçir. Bir sıra hallarda aybaşı dövründə qanlı ishal müşahidə olunur.
Bağırsaq keçməməzliyi ifadəli şəkil aldıqda xəstələr cərrahi şöbəyə hospitalizasiya edilir. İshal və aldadıcı çağırışlar dominantlıq təşkil etdikdə isə dizenteriya və digər bağırsaq infeksiyalarından şübhələnərək, pasiyentlər infeksion şöbəyə yerləşdirilir. Bağırsaq endometriozunun menorragiya və ya metrorragiya ilə müşayiət olunduğu hallar istisna olmaqla, digər vəziyyətlərdə anemiyaya rast gəlinmir.
Düz bağırsaq endometriozunun diaqnostikası
Diaqnoz xəstəliyin anamnezi, şikayətlər, baxış və əlavə müayinələrin nəticələri əsasında qoyulur. Ekstragenital endometrioz əksər hallarda qadın cinsiyyət orqanlarının zədələnmələri fonunda ikincili olaraq inkişaf etdiyindən diaqnostika prosesində ginekoloqun konsultasiyası və baxışı, ginekoloji anamnez, reproduktiv sistemin xəstəliklərinin aşkarlanmasında istifadə olunan diaqnostik üsulların nəticələri mühüm əhəmiyyət kəsb edir.
Müntəzəm xarakterli ağrılar, aybaşı dövründə qanlı ishal və ya anal dəlikdən qanlı ifrazatların axması düz bağırsağın endometriozundan şübhələnməyə əsas verir. Qarnın aşağı hissəsinin palpasiyası ağrı ilə müşayiət oluna bilər. Düz bağırsaq stenozu inkişaf etmədikdə anus nahiyəsində heç bir dəyişikliyə rast gəlinmir. Ginekoloji baxış keçirilərkən bəzi pasiyentlərdə uşaqlıq yolunda endometrioz ocaqları müəyyən edilir. Bimanual vaginal müayinədə uşaqlıq və fallop borularının çapıq deformasiyaları və bitişmələr aşkarlana bilər. Patoloji dəyişikliklərin xarakterini və yayılma dərəcəsini dəqiqləşdirmək üçün kiçik çanaq orqanlarının USM, transvaginal exoqrafiya aparılır.
Barmaqla rektal müayinənin nəticələri düz bağırsaq endometriozunun yayılmasından asılıdır. Dərin və/və ya geniş sahəli zədələnmələrdə bağırsağın infiltratlaşa və darala bilir. Rektoskopiya prosesində bəzən polipəbənzər törəmələr üzə çıxarılır. Belə hallarda kontrast rentgen şəkillərdə dolma defektləri, stenoz zamanı isə bağırsağın daralmasının əlamətləri izlənilir. Düz bağırsağın endometriozunun ən informativ müayinə üsulu endoskopiyadır. Bu metod biopsiya ilə birgə aparılır.
Səthi endometriozda bağırsaq divarının vəziyyəti, ektopik endometrium ocaqlarının yayılması barədə məlumat əldə etmək üçün laparoskopiyadan istifadə olunur. Bağırsaq divarı zədələndikdə rektoromanoskopiyaya üstünlük verilir. Hər iki üsulun aybaşıdan bir neçə gün əvvəl və ya menstruasiya vaxtı tətbiqi məqsədəuyğundur. Çünki bu dövrdə düz bağırsağın endometrioz ocaqları daha nəzərə çarpan olur. Sadalanan müayinələrlə yanaşı prosesin yayılmasını qiymətləndirmək üçün kiçik çanaq orqanlarının KT icra olunur.
Düz bağırsaq endometriozu dizenteriya və kolorektal xərçənglə differensiasiya edilir. Xəstəliyin uzunmüddətli gedişi, klinik təzahürlərin siklik xarakter daşıması, kəskinləşmələrin aybaşı sikli ilə əlaqəli olması, eləcə də qadın cinsiyyət orqanları, periton, göbək və digər nahiyələrdə endometrioz ocaqlarının aşkarlanması «endometrioz» diaqnozunu təsdiqləyir.
Düz bağırsaq endometriozunun müalicəsi
Müalicə həm konservativ, həm də cərrahi yolla aparıla bilər. Konservativ müalicənin əsasını hormonal fonun korreksiyasına yönəldilən tədbirlər təşkil edir. Onunla yanaşı antibakterial preparatlar, virusəleyhinə vasitələr və immunokorrektorlardan istifadə edilir. Pasiyentlərə fizioprosedurlar təyin olunur. Konservativ müalicənin qeyri-effektivliyi, bağırsaq endometriozunun yayılması, genital və ektragenital endometriozun birgə rast gəlindiyi ağır formalar cərrahi müdaxiləyə göstəriş sayılır. Əməliyyatdan əvvəl patoloji ocaqların ölçüsünü kiçiltmək və qanaxma riskini minimuma endirmək məqsədilə 3-6 ay ərzində hormonal terapiya aparılır.
Cərrahi taktika prosesin lokalizasiyasından və yayılmasından asılı olaraq, fərdi qaydada müəyyənləşdirilir. Ocağın ölçüsü kiçik olduqda zədələnmiş sahə kəsilib götürülür. Ektopik epitelin çoxsaylı genital və ektsragenital ocaqları aşkarlandıqda panhisterektomiya, digər orqanların zədələnmiş sahələrinin kəsilməsi, düz bağırsaqdakı patoloji ocaqların rezeksiyası və yaranmış defektin tikilməsi göstəriş hesab olunur. Düz bağırsağın endometriozu bağırsaq keçməməzliyi ilə ağırlaşdıqda təcili cərrahi əməliyyat aparılır. Peritonit əlamətləri müşahidə edildikdə cərrahi proktologiya sahəsinin mütəxəssisləri tərəfindən əvvəlcə kolostoma qoyulur, sonra isə rekonstruktiv əməliyyatlar icra olunur.