Düz bağırsağın sallanması

Düz bağırsağın sallanması onun anatomik vəziyyətinin pozulması ilə xarakterizə olunur. Bu zaman düz bağırsağın distal hissəsinin anal sfinkterin hüdudlarından kənara çıxması müşahidə edilir. Patologiya ağrı, bağırsaq möhtəviyyatının qeyri-iradi ifrazı, anal kanalda yad cisim hissiyyatı, aldadıcı defekasiya çağırışları ilə təzahür edir. Diaqnoz xarici baxış, barmaqla rektal müayinə, rektoromanoskopiya, irriqoskopiya, manometriyanın nəticələrinə əsasən qoyulur. Müalicə adətən cərrahi yolla aparılır: düz bağırsağın rezeksiyası və fiksasiyası, sfinkterin plastikası icra olunur.

Düz bağırsağın sallanması barədə ümumi məlumat

Düz bağırsağın sallanması (rektal prolaps) – yoğun bağırsağın distal hissəsinin bütün qatlarının anal dəlikdən xaricə çıxması ilə səciyyələnir. Bağırsağın sallanmış hissəsinin uzunluğu 2-20sm, bəzən daha artıq olur. Rektal prolapsa 3-4 yaşlı uşaqlarda çox rast gəlinir. Bu da uşaq orqanizminin anatomik-fizioloji xüsusiyyətləri ilə izah olunur. Yetkin pasiyentlər arasında kişi cinsinin nümayəndələri (70%) qadınlara (30%) nisbətən üstünlük təşkil edir. Bu hal kişilərin ağır fiziki əməklə daha çox məşğul olması, eləcə də anatomik quruluşla əlaqədar qadınlarda kiçik çanaqda düz bağırsağın normal vəziyyətinin saxlanılması ilə bağlıdır.

Düz bağırsağın sallanmasının yaranma səbəbləri

Düz bağırsağın sallanmasının risk amillərinə çanaq sümüklərinin anatomik quruluşunun, S-vari və düz bağırsağın forma və uzunluğunun dəyişməsi, çanaq dibi əzələlərində gedən patoloji proseslər aiddir. Onurğanın oma-büzdüm hissəsinin əyriliyi (önə batıqlığı) rektal prolapsın formalaşmasında mühüm rol oynayır. Normada düz bağırsaq bu əyrilik nahiyəsində yerləşir. Əyriliyin zəif ifadəliliyi və ya tamamən olmaması (xüsusən uşaqlarda) düz bağırsağın sümük karkası boyunca aşağıya doğru yerdəyişməsinə və sallanmasına gətirib çıxarır.

Rektal prolapsın digər risk amili dolixosiqmadır (S-vari bağırsaq və onun müsariqəsinin uzanması). Sağlam şəxslərlə müqayisədə prolapslı pasiyentlərdə S-vari bağırsaq orta hesabla 15 sm, müsariqə isə 6 sm uzun olur. Həmçinin düz bağırsağın sallanmasına çanaq dibi əzələlərinin və anal sfinkterin zəifləməsi təkan verə bilər.

Rektal prolapsın ən çox rast gəlinən səbəbi fiziki gərginlikdir. Sallanma bir kərə baş verən izafi yüklənmə (məsələn, ağırlıq qaldırma) və ya qarındaxili təzyiqin yüksəlməsi ilə müşayiət olunan daimi ağır əməklə əlaqədar yarana bilər. Bəzən patologiya travmalar – hündürlükdən sağrı üstə yıxılma, paraşutlə sürətlə yerə enmə, oma nahiyəsinə güclü zərbə, onurğa sütununun zədələnməsi nəticəsində inkişaf edir.

Uşaqlarda isə düz bağırsaq sallanmasının tez-tez təsadüf olunan səbəblərinə əzabverici öskürəklə gedən tənəffüs sistemi xəstəlikləri – pnevmoniya, göy öskürək, bronixit və s. aiddir. Bir sıra pasiyentlərdə rektal prolapsın formalaşmasında düz bağırsağın polip və şiş xəstəlikləri; xroniki ishal, qəbizlik, meteorizmlə müşayiət olunan MBT xəstəlikləri; sidik-cinsiyyət sisteminin patologiyaları – sidik daşı xəstəliyi, prostat vəzin adenoması, fimoz və s. iştirak edir. Bütün bu hallarda qarın divarının gərginliyi və qarındaxili təzyiqin yüksəlməsi qeyd olunur.

Qadınlarda düz bağırsağın prolapsı çoxsaylı və ya ağır doğuşlardan (dar çanaq, iri döl, çoxdöllü hamiləlik) sonra inkişaf edir və uşaqlığın, uşaqlıq yolunun sallanması, sidik saxlamazlıqla birgə rast gəlinir.

Proktoloqların fikrincə anal seks və anal masturbasiya düz bağırsağın sallanmasına səbəb ola bilər. Xəstəlik aparıcı səbəbin üstünlüyü ilə müşahidə olunan polietioloji xarakter daşıyır. Əsas amilin aşkarlanması patologiyanın müalicəsində mühüm əhəmiyyət kəsb edir.

Düz bağırsağın sallanmasının təsnifatı

Klinik proktologiyada düz bağırsağın tiplərinin və sallanma dərəcəsinin təsnifatı daha böyük maraq  doğurur. Tipoloji təsnifata əsasən rektal prolapsın yırtıq və invaginasion variantları ayırd edilir. Sallanmanın yırtıq mexanizmi duqlas cibinin və düz bağırsağın ön divarının aşağıya doğru yerdəyişməsi ilə izah olunur. Çanaq dibi əzələlərinin zəifliyi ilə qarındaxili daimi yüksək təzyiqin müştərəkliyi düz bağırsağın tədricən anal dəlikdən xaricə çıxmasına gətirib çıxarır.

Zamanla sallanma sahəsi böyüyür, patologiya sirkulyar xarakter alır, yəni prosesə düz bağırsağın bütün divarları qoşulur. Yırtıqşəkilli duqlas cibinə aşağı enən S-vari bağırsaq və nazik bağırsağın ilgəkləri daxil olduqda siqmosele və enterosele formalaşır. Daxili rektal prolaps zamanı S-vari və ya düz bağırsağın bir hissəsinin xaricə çıxmadan intrarektal invaginasiyası baş verir.

Düz bağırsağın sallanmasına səbəb olan mexanizmlərə əsasən rektal prolapsın 3 dərəcəsi qeyd edilir: I – sallanma yalnız defekasiya ilə bağlı olur; II – sallanma defekasiya və fiziki yüklənmə zamanı yaranır; III – sallanma yerimə zamanı və ümumiyyətlə bədənin vertikal vəziyyətində baş verir.

Uşaq proktologiyasında anatomik meyarlara əsasən düz bağırsağın yalnız selikli qişasının və onun bütün qatlarının sallanması müşahidə edilir. Prolapsın I dərəcəsində düz bağırsağın sallanan hissəsinin uzunluğu 2-2,5sm-dən çox olmur. II dərəcədə düz bağırsağın 1/3-1/2 hissəsi, III dərəcədə isə bu orqanın bütün sahəsi ilə yanaşı bəzən S-vari bağırsaq da sallanır. Klinik meyarlara əsasən düz bağırsağın 3 sallanma dərəcəsi qeydə alınır:

  • kompensasiya olunan – prolaps defekasiya zamanı baş verir və öz-özünə geri qayıdır;
  • subkompensasiya olunan – prolaps defekasiya və mülayim fiziki gərginlik zamanı yaranır; düz bağırsağın sallanmış hissəsi əllə yerinə qaytarılır; anal sfinkterin I dərəcəli çatışmazlığı qeyd olunur;
  • dekompensasiya olunan – düz bağırsağın sallanması öskürək, gülüş, asqırma ilə bağlı olur; qaz və nəcis saxlamazlığı, sfinkterin II-III dərəcəli çatışmazlığı ilə müşayiət olunur.

Düz bağırsağın sallanmasının əlamətləri

Rektal prolapsın klinikası qəflətən və ya tədricən inkişaf edir. Birinci variant üçün adətən qarındaxili təzyiqin kəskin yüksəlməsi (fiziki gərginlik, gücənmə, öskürək, asqırma və s.) ilə assosiasiyalı qəfil başlanğıc xarakterikdir. Bu epizod zamanı və ya ondan sonra müsariqənin gərilməsi nəticəsində qarında kəskin ağrı ilə müşahidə olunan rektal prolaps inkişaf edir. Ağrı tutmasının intensivliyindən asılı olaraq, kollaps və ya şok halı yarana bilər.

Əksər hallarda rektal prolapsın tədricən inkişafına rast gəlinir. İlkin mərhələlərdə düz bağırsağın sallanması yalnız defekasiya aktında gücənmə zamanı baş verir və çox asanlıqla öz-özünə aradan qalxır. Lakin zaman keçdikcə defekasiya aktından sonra düz bağırsağın əllə geri qaytarılmasına ehtiyac yaranır. Xəstəliyin proqressivləşməsi öskürək və asqırma zamanı, eləcə də bədənin vertikal vəziyyətində bağırsağın sallanmasına gətirib çıxarır.

Rektal prolaps anal kanalda yad cisim hissiyyatı, diskomfort, qaz və nəcis saxlamazlıq, aldadıcı defekasiya çağırışları (tenezmlər) ilə müşayiət olunur. Qarında ağrı hissi nəcis ifrazı, yerimə və fiziki gərginlik zamanı artır, bağırsağın yerinə qaytarılmasından sonra isə azalır və ya tamamən itir.

Rektal prolaps zamanı sallanmış nahiyənin ödemli və kövşək selikli qişasının zədələnməsi ilə əlaqədar selik və qan ifraz olunur. Xəstəliyin uzunmüddətli gedişində prosesə dizurik pozğunluqlar: fasiləli və ya tezləşmiş sidik ifrazı qoşulur. Daxili rektal prolaps zamanı bağırsağın ön divarında 2-3sm diametrində çoxbucaqlı solitar xora əmələ gəlir. Xora hamar kənarlara və fibrinlə örtülü dayaz dibə malik olur. Solitar xorada qranulyasion val müşahidə edilmir. Xora yaranmadıqda selikli qişanın ocaqlı hiperemiyası və şişkinliyi izlənilə bilər.

Düz bağırsağın sallanmasının ağırlaşmaları

Düz bağırsağın sallanmış hissəsinin yerinə qaytarılması kobud şəkildə aparıldıqda və ya gecikdirildikdə orqanın distal hissəsi boğula bilər. Belə hallarda ödem sürətlə artır, toxumaların qan təhcizatı pozulur, bu da sallanmış sahənin nekrozuna gətirib çıxarır. Düz bağırsağın sallanması ilə yanaşı nazik bağırsaq ilgəklərinin periton cibinə yerdəyişməsi təhlükəli vəziyyət hesab olunur. Bu zaman kəskin bağırsaq çatışmazlığı və peritonit inkişaf edir.

Düz bağırsağın sallanmasının diaqnostikası

Düz bağırsağın sallanması proktoloqun baxışı, funksional sınaqlar və instrumental müayinələr (rektoromanoskopiya, kolonoskopiya, irriqoskopiya, defektoqrafiya, manometriya və s.) zamanı aşkarlanır. Baxış prosesində mərkəzi hissəsində yarığabənzər və ya ulduzvari dəliyi olan konusvari, silindrik və ya kürə formasında al-qırmızı və yaxud göyümtül rəngli sallanmış bağırsaq seqmenti aşkarlanır. Selikli qişanın mülayim ödemi və təmas zamanı yüngül qanama müşahidə edilir. Anal kanaldan xaricə çıxan hissə yerinə qaytarıldıqda selikli qişanın qan cərəyanı və normal görünüşü bərpa olunur. Baxış  zamanı rektal prolaps müəyyən edilmədikdə pasiyentdən defekasiya aktındakı kimi gücənməsi xahiş olunur.

Barmaqla rektal müayinə sfinkterin tonusunun qiymətləndirilməsinə, rektal prolapsın babasildən, eləcə də düz bağırsağın aşağı hissəsində yerləşdiyindən anal kanaldan sallanan poliplərlə differensiasiyasına imkan verir. Endoskopik müayinənin (rektoromanoskopiya) köməyilə bağırsaq invaginasiyası və düz bağırsağın ön divarında lokalizasiya olunan solitar xora asanlıqla aşkarlanır. Rektal prolapsın səbəbini (divertikulyar xəstəlik, şiş və s.) təyin etmək üçün kolonoskopiyadan istifadə olunur. Solitar xora müşahidə olunduqda düz bağırsağın endofit xərçəngini inkar etmək üçün endoskopik yolla götürülən bioptatın sito-morfoloji müayinəsi aparılır.

İrriqoskopiya vasitəsilə yoğun bağırsaqda anatomik (dolixosiqma, invaginasiya) və funksional dəyişikliklər (kolostaz, barium pasajının pozulması) müəyyən olunur. Rentgenokontrast müayinə sayılan defektroqrafiya (proktoqrafiya) prosesində rektal prolapsın dərəcəsi dəqiqləşdirilir. Bu zaman rentgen şəkillər defekasiya aktının simulyasiyası zamanı çəkilir. Anorektal manometriyanın köməyilə düz bağırsağı əhatə edən əzələlərin funksiyası və onların defekasiya prosesində iştirakı qiymətləndirilir. Rektal prolapslı qadınlarda ginekoloqun konsultasiyası göstəriş sayılır.

Düz bağırsağın sallanmasının müalicəsi

Orqanın əllə yerinə qaytarılması vəziyyətin yalnız müvəqqəti yüngülləşməsinə səbəb olur, rektal prolaps problemini həll etmir. Sklerozlaşdırıcı preparatların pararektal yeridilməsi, çanaq dibi əzələlərinin və sfinkterin elektrostimulyasiyası da həmçinin pasiyentin tam sağalmasına zəmanət vermir. Konservativ taktika düz bağırsaq sallanmasının 3 ildən az davam etdiyi cavan şəxslərdə daxili prolaps (invaginasiya) zamanı tətbiq edilir.

Düz bağırsağın radikal müalicəsi yalnız cərrahi yolla icra olunur. Əməliyyatlar aralıq nahiyəsindən müdaxilə etməklə, laparoskopiya və ya laparotomiya üsuli ilə yerinə yetirilir. Cərrahi müdaxilənin  texnikası pasiyentin yaşı, fiziki vəziyyəti, rektal prolapsın yaranma səbəbi və dərəcəsinə  müvafiq seçilir.

Hazırda proktologiyada düz bağırsağın sallanmış hissəsinin kəsilməsi, çanaq dibinin və anal kanalın plastikası, yoğun bağırsağın rezeksiyası, düz bağırsağın distal şöbəsinin fiksasiyası və kombinəolunmuş üsullar tətbiq edilir. Sallanmış hissəsinin kəsilməsi dairəvi (Mikuliç üsulu), loskutlu  rezeksiya (Nelaton üsulu) və ya əzələ divarına yığıcı tikişlərin qoyulması (Delorm əməliyyatı) ilə aparıla bilər.

Düz bağırsağın sallanması zamanı anal kanalın plastikası xüsusi simlər, ipək və lavsan ipləri, sintetik və autoplastik materiallarla anal kanalın daraldılması məqsədi daşıyır. Lakin düz bağırsağın sallanma residivlərinin və postoperasion ağırlaşmaların yüksək tezliyi ilə əlaqədar bu üsullardan nadir hallarda istifadə olunur. Levator əzələlərin kənarlarının tikilməsi və onların düz bağırsağa fiksasiyası daha effektiv üsul hesab edilir.

Düz bağırsağın inertliyi, solitar xora və ya dolixosiqma zamanı yoğun bağırsağın distal şöbələrinin müxtəlif növ qarındaxili və qarın-anal rezeksiyaları aparılır. Onlar əksər hallarda fiksasiyaedici əməliyyatlarla kombinə edilir. Sallanmış hissənin nekrozu bağırsağın qarın-aralıq rezeksiyasına və siqmostomanın qoyulmasına göstəriş sayılır. Fiksasiya üsulları (rektopeksiya) arasında düz bağırsağın tikiş və ya torlarla onurğanın boylama bağlarına və ya omaya bərkidiləməsinə üstünlük verilir. Rektal prolapsın kombinəolunmuş cərrahi müalicəsi bağırsağın distal hissələrinin rezeksiyası, plastikası və fiksasiyasının müştərəkliyindən ibarətdir.

Düz bağırsağın sallanmasının proqnoz və profilaktikası

Cərrahi müalicə üsulunun düzgün seçilməsi düz bağırsağın prolapsının aradan qalxmasına və 75% pasiyentlərdə yoğun bağırsağın evakuator funksiyasının bərpasına imkan verir. Residivsiz davamlı effekt yalnız düz bağırsaq sallanmasının etioloji amillərinin (qəbizlik, ishal, fiziki gərginlik və s.) uzaqlaşdırıldığı təqdirdə əldə oluna bilər.

error: Content is protected !!