Düz bağırsaq şişləri
Düz bağırsaq şişləri – bağırsağın rektal şöbəsinin bəd və ya xoşxassəli törəmələridir. Belə lokalizasiyalı neoplaziyalar anal kanal nahiyəsində diskomfort hissi, qəbizlik, anusdan selik və qan ifrazı, ümumi vəziyyyətin pozulması ilə təzahür edir. Diaqnostika klinik analizlər, endoskopiya (biopsiya ilə), kompüter tomoqrafiya və rentgenoloji müayinəyə əsaslanır. Müalicə radikal cərrahi müdaxilə, medikamentoz və şüa terapiyasından ibarətdir.
Düz bağırsaq şişləri barədə ümumi məlumat
Düz bağırsaq şişləri yoğun bağırsağın distal seqmentində inkişaf edən, histoloji quruluşuna, böyümə sürətinə və klinik gedişinə görə fərqlənən heterogen törəmələr qrupudur. Onlar arasında düz bağırsaq xərçəngi daha ciddi problem sayılır. Dünya üzrə bu xəstəlikdən ölüm hallarının sayı kritik səviyyəyə çatmışdır. Rektal şöbənin şişləri bağırsaq törəmələrinin təxminən 35-40%-ni təşkil edir. Patologiya adətən yaşlı şəxslərdə müşahidə olunur. Xəstəliyin yayılma tezliyi Şimali Amerika, Qərbi Avropa, Avstraliyanın inkişaf etmiş ölkələrində daha yüksəkdir.
Düz bağırsaq şişlərinin yaranma səbəbləri
Düz bağırsaq şişlərinin başlıca səbəblərinə xərçəngönü xəstəliklər, tək və çoxsaylı poliplər, xroniki qəbizlik, rektal şöbənin yara və xoraları, immun sisteminin pozğunluqları, kanserogen və irsi amillərin mənfi təsiri aiddir. Xəstələrin əksəriyyətində immun disbalans aşkarlanır. Şişəleyhinə immunitetin zəifliyi atipik hüceyrələrin yaranmasına və çoxalmasına səbəb olur. Düz bağırsaq şişlərinin inkişafının immun mexanizmi kanserogenezin digər mexanizmləri ilə uzlaşır. Onkoloji prosesin formalaşmasında bağırsağın xroniki xəstəliyi böyük rol oynayır.
Bağırsağın xərçəngönü patologiyaları sırasına proktit, babasil, anal çat, proktosiqmoidit, qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi aiddir. Şişlərin inkişafında kanserogenləri: nitritlər, sənaye zəhərləri, kimyəvi maddələr, radiasiya, doymuş yağlar, müxtəlif viruslar və s. mühüm əhəmiyyət kəsb edir. Düz bağırsaq xərçənginin digər etioloji amili irsi meyllikdir: yaxın qohumlarında kolorektal xərçəngin rast gəlindiyi insanlarda xəstəliyin yaranma ehtimalı yüksək olur.
Düz bağırsaq şişlərinin təsnifatı
Düz bağırsaq şişləri xoş və ya bədxassəli olur. Xoşxassəli törəmələrə epitelial, qeyri-epitelial və karsinoid aiddir. Epitelial neoplaziyalara polip, xovlu şişlər və yoğun bağırsağın ailəvi diffuz polipozu daxildir. Düz bağırsağın poliplərinin aşağıdakı formaları ayırd edilir: vəzili və xovlu-vəzili (adenopapilloma, adenoma); miliar (hiperplastik); fibroz; yuvenil (kistoz-qranuləedici). Düz bağırsağın selikaltı karsinoid şişi polip kimi qəbul oluna bilər. Xovlu şiş rektal epitelin çoxsaylı məməciyəbənzər törəməsi olub, ayaqcığa malik solitar düyün və ya düz bağırsağın geniş sahəsini əhatə edən neoplaziya şəklində inkişaf edir. Belə şişlərin maliqnizasiya ehtimalı yüksək olduğundan onlar qısa zaman ərzində radikal yolla xaric edilməlidir.
Düz bağırsağın qeyri-epitelial şişlərinə nadir hallarda təsadüf edilir. Onlar əzələ, piy, sinir və birləşdirici toxumalardan, qan və limfa damarlarından inkişaf edir. Bu törəmələr adətən seroz qişanın altında, selikaltı və ya əzələ qatında yerləşir. Seroz qişanın olmadığı nahiyələrdə şişlər pararektal toxumaya yayılır. Düz bağırsağın xoşxassəli şişləri arasında daha çox fibroma, mioma, lipoma, kavernoz angioma, neyrofibroma, limfangioma müşahidə edilir.
Karsionoid hormonabənzər maddə (serotonin, prostaqlandin, histamin və s.) sintez edən neyroendokrin törəmədir. Xəstəliyin klinik əlamətləri şişin ifraz etdiyi maddədən və onun konsentrasiyasından asılıdır. Karsionoidin diaqnozu təsdiqləndikdə cərrahi əməliyyatın aparılması tələb olunur.
Düz bağırsağın bədxassəli şişləri 2 qrupa bölünür: epitelial (xərçəng: vəzili – adenokarsinoma, yastı hüceyrəli, üzüyəbənzər hüceyrəli, solid, skirr, qarışıq; melanoma, melanoblastoma) və qeyri-epitelial (leyomiosarkoma, limfoma, angiosarkoma, nevrilemmoma, rabdomioma və təsnif edilməyən şişlər). Düz bağırsaq şişlərinin 70%-i xərçəngin payına düşür. Şiş düyününün böyümə xarakterindən asılı olaraq, endofit, ekzofit, diffuz şişlər, anal dəlik və anusun yastıhüceyrəli xərçəngi qeyd edilir. 85% hallarda xərçəng düz bağırsağın ampulyar hissəsində lokalizasiya olunur.
Düz bağırsaq şişlərinin əlamətləri
Düz bağırsağın xoşxassəli şişləri adətən simptomsuz gedir. Şiş böyük ölcülərə malik olduqda bağırsaq keçməməzliyi və anal dəlikdən cüzi qanaxmalarla təzahür edir. Xoşxassəli neoplaziyalar xəstənin ümumi vəziyyətini pozmur və düz bağırsaqdan əhəmiyyətli dərəcədə qan itkisi ilə müşayiət olunmur. Lakin çoxsaylı polipoz fonunda iltihabi prosesin formalaşması xroniki qanaxmalara, böyük həcmdə qan qarışıqlı, selikli ishala, anemiyaya, halsızlıq və arıqlamanın proqressivləşməsinə gətirib çıxarır. Anal sfinkter nahiyəsində yerləşən poliplər xaricə sallana və boğula bilər.
Düz bağırsağın bədxassəli şişləri erkən mərhələlərdə heç bir əlamətlə özünü büruzə vermir. Əksər xəstələrin əlamətlərə etinasız yanaşması vəziyyəti daha da ağırlaşdırır. Düz bağırsaq xərçənginin aşkarlandığı xəstələrin böyük bir hissəsində xroniki proktoloji patologiya: babasil, anal çat, düz bağırsaq fistulaları və ya paraproktit müşahidə edilir. Bu xəstəliklərin klinik simptomatikası şişin əlamətləri ilə oxşar olduğundan pasiyentlər çox zaman düz bağırsaq xərçənginin simptomlarını xroniki xəstəliyin növbəti təzahürü kimi qiymətləndirirlər. İnsanlar adətən həkimə ciddi əlamətlərlə qarşılaşdıqda müraciət edirlər.
Düz bağırsaq şişləri anal dəlikdən axıntı, bağırsağın qıcıqlanma sindromu, nəcis kütlələrinin hərəkətinin pozulması və ümumi vəziyyətin pisləşməsi ilə özünü büruzə verir. İfrazatlar selikli və ya qanlı olur. Şişin aşağı hissədə lokalizasiya olunduqda axıntılar al-qırmızı rəngdə olur. Törəmə düz bağırsağın ampulyar, orta və yuxarı seqmentində və yaxud rektosiqmada yerləşdikdə defekasiya zamanı selikli-qanlı axıntılar ifraz olunur. Bağırsağın rektal şöbəsinin qıcıqlanması tutmaşəkilli ağrılarla təzahür edir. Xəstələr həmçinin qarnın aşağı hissəsində diskomfort, bağırsağın sıxılması hissi və aldadıcı defekasiya çağırışlarından şikayət edirlər.
Nəcis ifrazının pozulması bir müddətdən sonra bağırsaq keçməməzliyi ilə əvəzlənir. Düz bağırsağın iri ölçülü şişləri qəbizliklə özünü büruzə verir. Patologiya əksər hallarda qarında ağrılı qurultu və köplə müşayiət olunur. Bağırsaq keçməməzliyində xəstələri nəcis və qaz ifrazının ləngiməsi, bağırsaq boyunca ağrılar, qusma narahat edir. Düz bağırsaq xərçəngi proqressivləşdikdə ümumi əlamətlər: halsızlıq, dəri örtüklərinin avazıması, əmək qabiliyyətinin zəifləməsi, bədən çəkisinin azalması (kaxeksiyaya qədər), iştahsızlıq meydana çıxır. Həmçinin bu xəstəlik fonunda adətən persistəedən subfebril hərarət müşahidə olunur.
Düz bağırsaq xərçəngini vaxtında aşkar etmək üçün xəstəliyin bütün klinik təzahürlərini bilmək vacibdir. Düz bağırsağın bədxassəli şişlərinin erkən əlamətləri qeyri-spesifikdir. Onlar digər xəstəliklərdə də rast gəlinə bilər. Lakin ümumi halsızlıq, subfebrilitet, qəbizlik və düz bağırsaqda diskomfort hissinin uzun müddət davam etməsi vəziyyətin ciddiliyindən xəbər verir. Defekasiya zamanı qan ifrazı və bağırsaq keçməməzliyinin əlamətləri xəstəliyin gecikmiş mərhələsinə dəlalət edir.
Düz bağırsaq şişlərinin ağırlaşmaları
Düz bağırsağın bədxassəli şişləri əksər hallarda həyat üçün təklükəli vəziyyətlərlə: törəmənin ətraf toxumalara və qonşu orqanlara infiltrasiyası, şişin perforasiyası nəticəsində paraproktit, kiçik çanağın fleqmonası və ya pelvioperitonitin inkişafı, profuz qanaxma və obturasion bağırsaq keçməməzliyi ilə ağırlaşır.
Düz bağırsaq şişlərinin diaqnostikası
Düz bağırsaq şişlərinin asan vizualizasiyasına baxmayaraq, hazırda onların əksəriyyəti gecikmiş mərhələlərdə aşkarlanır. Bu patologiyaya şübhə yarandıqda kompleks müayinə aparılır: klinik məlumatlar toplanılır (şikayətlər və ailəvi anamnezin analizi, barmaqla rektal müayinə, güzgülərlə baxış), instrumental və laborator üsullar tətbiq edilir.
İnstrumental metodlardan rektoromanoskopiya (biopsiya, toxumaların patohistoloji və sitoloji müayinəsi ilə); prosesin yayılmasını qiymətləndirmək və metastazları aşkar etmək üçün USM və KT; qarın boşluğu orqanlarının icmal rentgenoqrafiyası, irriqoskopiya; qarındaxili metastazların vizualizasiyası və xaric edilməsi məqsədilə laparoskopiya mühüm rol oynayır. Laborator diaqnostikaya qan, nəcis, sidiyin ümumklinik analizləri, biokimyəvi skrininq, gizli qanı təyin edən sınaqlar aiddir.
Düz bağırsaq şişlərinin müalicəsi
Düz bağırsaq şişləri cərrahi, şüa və medikamentoz üsullarla müalicə edilir. Rektal şöbənin xoşxassəli şişləri rezeksiya olunur. Bu qrup xəstəliklərdə kimyəvi və şüa terapiyası təyin edilmir.
Düz bağırsağın bədxassəli şişlərinin əsas müalicə üsulu cərrahi müdaxilədir. Əməliyyat prosesində şişlə bərabər yaxınlıqda yerləşən bütün limfa düyünləri xaric edilir. Cərrahi müdaxilənin prinsipi prosesin proqressivləşmə dərəcəsinə müvafiq təyin olunur. Patoloji proses qonşu toxuma və orqanlara yayıldıqda kombinəolunmuş cərrahi texnikadan istifadə edilir. Düz bağırsaq şişlərində cərrahi əməliyyatlar radikal olmalıdır.
Bədxassəli şişlərin müalicəsində şüa terapiyası mühüm rol oynayır. Törəmənin bağırsağın əzələ qatına infiltrasiya etdiyi və ya regionar limfa düyünlərində metastazların aşkarlandığı hallarda şüa terapiyası göstəriş sayılır. Düz bağırsaq xərçəngində ocaqlı şüalanmanın maksimal dozası 45Qr təşkil edir.
Kimyaterapiya xəstəliyin cüzi proqressivləşdiyi hallarda aparılır. Bu üsul əməliyyatdan əvvəl törəmənin ölçüsünü kiçiltmək (neoadyuvant müalicə) və ya cərrahi müdaxilədən sonra postoperasion residivlərin yaranma riskini azaltmaq (adyuvant müalicə) məqsədilə icra olunur. Bədxassəli formaların terapiyasında 5-flüorurasilin oksaliplatin və ya fol turşusu ilə kombinə edilir. Remissiya dövrünü uzatmaq üçün bir sıra hallarda kimyaterapiya şüa terapiyası ilə birgə təyin olunur.
Düz bağırsaq şişlərinin proqnoz və profilaktikası
Düz bağırsağın bədxassəli şişlərinin proqnozu onkoloji prosesin yayılma səviyəsindən asılıdır. Erkən mərhələlərdə 5 illik sağqalma ehtimalı 95-100% təşkil edir. Lakin xəstəliyin IV mərhələsində 1 il ərzində pasiyentlərin yalnız 10%-i sağ qalır. Xəstələrdə uzaq metastazlar aşkarlandıqda orta ömür müddəti 10 ay olur. Bağırsaq xərçənginin cərrahi müalicəsindən sonra 4 il ərzində residivlərin baş verməməsi qənaətbəxş proqnozun əlaməti sayılır. Düz bağırsağın xoşxassəli şişlərində proqnoz bir qayda olaraq qənaətbəxşdir.
Düz bağırsaq şişlərinin profilaktik tədbirlərinə siqaret və spirtli içkilərdən imtina, düzgün qidalanma rejiminə riayət (bol meyvə-tərəvəz qəbulu), eləcə də xərçəngönü xəstəliklərin vaxtında müalicə olunması aiddir. Risk qrupuna daxil olan şəxslərdə müntəzəm qaydada bağırsaq endoskopiya üsulu ilə müayinə edilməli və nəcisin gizli qana görə analizi aparılmalıdır.