E vitamini

E vitamini – güclü antioksidant olub, həmçinin tibbdə “gənclik vitamini” kimi də tanınır. Antioksidant xüsusiyyətindən başqa iltihabəleyhinə, antikoaqulyant xüsusiyyətlərə də malikdir. O, hüceyrə membranını stabilləşdirir, axıcılığını və elastikliyini yaxşılaşdırı ki, bu da dərinin vəziyyətinə müsbət təsir göstərir.

İlk dəfə 1920-ci ildə Dr. Gerbert Evans və assistenti Ketrin Bişop siçanlar üzərində onların fertilliyinə təsir edə biləcək müxtəlif faktorları araşdırmağa çalışmışlar. Onlar toxumlarda və kahıda olan hansısa bir faktorun çatışmazlığının bu canlıların reproduktiv inkişafına təsir etdiyini aşkar etdilər. Bu faktorun aşkar edilməsi və fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi üçün bir neçə il lazım gəldi. Reproduktiv sistemə təsir xüsusiyyətinə görə ona tokoferol (yunanca Tocos- uşaq doğma, pherein- gətirmək) adı verimişdir.

Vitamin E quruluşuna görə bir-birinə çox bənzər olan 8 birləşmədən ibarətdir. Bu birləşmələrin hər biri xrom həlqəsindən və doymuş (tokoferollar) və doymamış (tokotrienollar) izopren zəncirindən ibarətdir. Tokoferol və tokotrienol zəncirinin yerləşməsindən asılı olaraq – alfa, beta, delta və qamma qruplarına bölünür.

E vitamini orqanizm tərəfindən necə mənimsənilir?

Qida ilə daxil olan E vitamini 20-70% orqanizm tərəfindən mənimsənilir. Nazik bağırsaqda emulsiyalaşmış qidadan yağların iştirakı ilə xilomikronlar şəklində sorulur və daha sonra limfa dövranı ilə ümumi qan dövranına keçir. Xilomikronlar tokoferollara və tokotrienollara parçalanır və bu şəkildə toxuma və hüceyrələrə- əzələ toxuması, sümük iliyi, piy toxuması, dəri və beyin toxumasına ötürülür.

E vitamininin lazımi effekt göstərə bilməsi üçün C vitamini, selen və koenzim Q10 -na ehtiyac vardır. Belə ki, E vitamini radikalların yaranması ilə oksidləşdiyindən, onun regenerasiyası üçün Vitamin C mütləqdir. Təcrübələr zamanı bu 2 komponentin birgə istifadəsinin kişilərdə spermanın vəziyyətinə və fertilliyə müsbət təsiri aşkar edilmişdir.

Alfa-tokoferol- E vitaminin xüsusi forması

Alfa-tokoferol (d-alfa-tokoferol) E vitamininin digər birləşmələrindən yüksək absorbsiya (sorulma) qabiliyyəti və orqanizmdə toplanma xüsusiyyətinə görə fərqlənir. Aparılmış əksər müşahidələr alfa-tokoferolun orqanizmdə roluna həsr olunmuşdur və yalnız son zamanlarda E vitamininin digər formaları da öyrənilməyə başlamışdır.

Alfa-tokoferol qaraciyərdə – onun ÇASLP-ə (çox aşağı sıxlıqlı lipoproteinlər) birləşməsini və toxumalara transportunu təmin edən xüsusi alfa-TTP (alpha-tocopherol transfer protein) zülalının mövcudluğu hesabına mütəxəssislərin maraq dairəsindədir. Beləliklə, bu zülal alfa-tokoferolun qaraciyərdə metabolizminin qarşısını aldığından onun qanda səviyyəsinin üstünlük təşkil etməsinə səbəb olur.

Müqayisə üçün! Digər tokoferolların və tokotrienlərin alfa-TTP-yə nisbəti: alfa-100%, beta-38%, qamma-9%, delta-2%, tokotrienlər-12%. Alfa-tokoferol qədər mühafizə olunmayan qamma-tokoferol qaraciyərdə sitoxrom-P450 tərəfindən qamma-CENC -ə (gamma-carboxyethyl hydroxychroman) metabolizm olunaraq sidiklə xaric olur. Digər tokoferollar və tokotrienlər də eyni prosesə məruz qalırlar. Qamm-CEHC və tokotrienlərin metaboliti iltihabəleyhinə təsirə malikdirlər.

Alfa-tokoferolun qan plazmasında səviyyəsi qamma-tokoferola nisbətən 4-10 dəfə yüksək olsa da, qamma tokoferolun dəri, əzələlər və piy toxumasında miqdarı 30-50% təşkil edir.

Adətən, digər formaların müqayisəsi alfa-tokoferola görə aparılır. Alfa-tokoferol niyə bu qədər əhəmiyyətlidir? İlk zamanlar aparılan təcrübələrdə ayrı-ayrı tokoferolların miqdarının siçovullarda embrionun həyat fəaliyyətinə təsiri öyrənilirdi. Və qamma-tokoferol alfa-tokoferolun aktivliyinin 10-30%ni göstərirdi. Məsələ bundadır ki, siçovulların qan plazmasında və toxumalarında qamma-tokoferol alfa-tokoferoldan 20-50 dəfə az miqdarda olur və bu da insanlarla müqayisədə fərqli metabolizm səviyyəsini göstərə bilər. Qamma-tokoferolun sidiklə xaric ola bilməyən hissəsi ödlə bağırsağa ifraz olunur. Ehtimal edilir ki, bu yolla o, orqanizmi xərçəngdən qoruyur.

Beta- və delta-formalar qidada az miqdarda rast gəlinir və bu üzdən onların xaric olması daha sürətli olur. Hələ ki, bu formaların öyrənilməsi ilə bağlı ətraflı araşdırmalar məlum deyildir.

E vitaminin xüsusiyyətləri

  1. Güclü antioksidantdır. Hüceyrə membranını (eritrositlər, immun hüceyrələr, ASLP, büllurun zülalları) təşkil edən doymamış yağ turşularının (məs, DHT (dekozaheksayen turşusu), AT (araxidon turşusu)) oksidləşməsinin qarşısını alır; zülalların tiol-qruplarını oksidləşmədən qoruyur.
  2. İltihabəleyhinə və antitrombotik təsirə malikdir. Siklooksogenaza, lipooksigenaza və fosfolipazanı zəiflədir; C-proteinkinazanı (leykositlərin damar divarına adgeziyasını zəiflədir) inhibə edir; TNF sintezini zəiflədir; CRP zülalının sintezini azaldır.
  3. NO-nun mənimsənilməsini və prostasiklin sintezini artıraraq damar endotelini qoruyur (vazodilatasiya, yəni qan damarlarının əzələ qatının boşalması);
  4. Antiadgeziv xüsusiyyətlərə və antiproliferativ təsirə malikdir.
  5. Hüceyrə membranının axıcılığını və elastikliyini artıraraq stabilləşdirir.
  6. Xərçəngəleyhinə təsirə malikdir- xüsusilə qamma-tokoferol və tokotrienlər.

E vitamini hansı qida məhsullarında mövcuddur.

E vitamini aşağıdakı qida məhsullarında yüksək miqdarda mövcuddur:

  • bitki yağları. Xüsusilə qara qarağat çəyirdəyi yağı, buğda cücərtisinin yağı, günəbaxan, kolza, soya, qarğıdalı yağı və s. ;
  • quru meyvələr (fındıq, yunan qozu, araxis, badam);
  • kartof;
  • kahı;
  • ispanaq;
  • brokkoli;
  • mango;
  • avokado;
  • kivi.

E vitamininin heyvani mənşəli mənbələrinə aşağıdakılar aiddir:

  • kərə yağı;
  • donuz piyi;
  • yumurta;
  • ət.

Ətdə olan E vitamini termiki işləmə məruz qaldığı üçün əksər hissəsi parçalanır. Qidanın hazırlanma dönəmində artıq E vitaminin səviyyəsi 10% azalır, bişirmə zamanı isə daha çox itkiyə məruz qalır. Yağların rafinəolunması zamanı E vitaminin itkisi 70%-i keçir. Tərəvəzlərin qurudulması zamanı miqdarı 50-70% azalmış olur.

E vitamininə olan gündəlik tələbat nə qədərdir?

Vitamin E-yə tələbat polidoymamış yağ turşularının meydana çıxmasından sonra artmağa başlamışdır. Məlumdur ki, belə yağlar orqanizmə zərərli qida məhsulları daxil olarkən asanlıqla oksidləşir, tokoferolların qəbulu isə onları parçalanmaqdan qoruyur.

Bu komponentlərin keyfiyyət nisbətini təyin etmək üçün Harris indikatorundan istifadə olunur. Bu indikatoru istifadə edərkən aşkar olur ki, 1,0 qram polidoymamış yağ turşusunun mənimsənilməsi üçün 0,5-1,0 mq (optimal 0,6 mq) E vitamininə ehtiyac vardır. Harris koeffisienti aşağı olan hallarda E vitamininin əlavə edilməsi məsləhətdir.

Normada E vitaminin miqdarı sağlam şəxslərdə 12-50 mkmol/l (5,2-18 mkq/l)- alfa-tokoferol üçün və 2-7 mkmol/l qamma-tokoferol üçün müəyyən edilmişdir.

E vitamininin tövsiyyə olunan gündəlik dozası 15 mq/gün.dür. Lakin orqanizmin daha çox E vitamininə ehtiyac vardır.

Yağlardan başqa digər qida məhsullarında E vitamininin təqribi miqdarı:

  • 28,0q günəbaxan tumunda- 7,4mq;
  • 30,0q badamda- 6,8 mq, fındıqda- 4,3mq, araxisdə- 2,2mq;
  • yarım stəkan bişmiş ispanaqda- 1,9 mq;
  • yarım stəkan brokkolidə- 1,2mq;
  • orta boy kividə- 1,1mq;
  • pomidorda- 0,7mq;
  • 1 fincan çiy ispanaqda-0,6mq.

Bəzi qida məhsullarının 100 q.da E vitaminin mq-la miqdarı:

Günəbaxan yağı 56
Üzüm çəyirdəyi yağı 32
Buğda cücərtisi, meşə quru meyvələri, badam 20-25
Araxis yağı, soya yağı 15-20
Zeytun yağı, yunan qozu yağı 10-15
Araxis, ilan balığı, balıq yağı 5-10
Yunan qozu, kərə yağı, yumurta sarısı, batat 2-5
İspanaq, qulançar, brokkoli, pomidor, hisə verilmiş qızıl balıq 1-2

Orqanizmin E vitamininə tələbatı nə zaman artır?

  1. Bir çox xəstəliklər zamanı: Altsheymer xəstəliyi, lateral amiotrofik skleroz, sarı cismin degenerasiyası, şəkərli diabet, hemodializ, hiperlipidemiya, katarakta, ürəyin işemik xəstəliyi, Parkinson xəstəliyi, preeklampsiya, insult, transplantasiya.
  2. Alkoqoldan çox istifadə zamanı, parenteral qidalanma zamanı çoxlu miqdarda PDYT sərf edir; günəş şüalarının təsirinə normadan çox məruz qalma, siqaret çəkmə zamanı.
  3. Malabsorbsiyaya səbəb olan bir çox xəstəliklər: betalipoproteinemiya (genetik xəstəlik), bağırsaqların iltihabi xəstəlikləri, bağırsaq rezeksiyası və ya qısa bağırsaq sindromu; öd axarının atreziyası, mədənin rezeksiyası, mukovissidoz, pankreatit, seliakiya, yağ diareyası.
  4. Hamiləliyin ilk trimestrində.

E vitamininin mənimsənilməsi nə zaman pozula bilər?

Alkoqol, dəmir preparatlarının qəbulu, vitaminlərlə birləşən yağda həll olan maddələrin qəbulu zamanı.

Qıcolmaəleyhinə preparatlar, klofibrat, kolxisin, izoniazid, neomisin, rifampisin, sukralfat, kimyəvi terapiya vasitələri, zidovudin və haloperidol kimi preparatların qəbulu da E vitamininə olan tələbatı artırır.

E vitamininin toksiki təsiri

Gün ərzində 1000BV-dən yuxarı E vitamini qəbul edən şəxslərdə ürəkbulanma, baş ağrıları, görmənin ikiləşməsi, əzələ zəifliyi, yüngül kreatinuriya, mədə-bağırsaq pozğunluqları, qalxanvari vəzinin hormonlarının aşağı həddi və qanaxma kimi halların rast gəlindiyi bilinir. Bunu nəzərə alaraq E vitamininin yuxarı həddi kimi gündəlik 1000mq məsləhət görülür. Həmçinin, planlı cərrahi əməliyyatlar zamanı qanaxma təhlükəsinin olmaması üçün 1 ay öncədən E vitamininin qəbulunu dayandırmaq lazımdır. Antikoaqulyant preparatlar (məsələn, aspirin və ya K vitamininin antaqonistləri) E vitamini ilə paralel təyin olunarsa qanın laxtalanma müddətini artıra bilər- İNR diqqətdə saxlanılmalıdır.

error: Content is protected !!