Ekstrasistoliya

Ekstrasistoliya – ürəyin və ya onun ayrı-ayrı hissələrinin növbədən kənar yığılmaları (ekstrasistola) ilə xarakterizə olunan ritm pozğunluğudur. Ürəyin güclü təkanları, hava çatışmazlığı və ürəyin dayanması hissi, həyəcanla təzahür edir. Ekstrasistoliya zamanı ürək atımının azalması qan cərəyanının zəifləməsinə səbəb olmaqla koronar (stenokardiya) və beyin qan dövranının pozulmalarına (bayılma, parez və s.) gətirib çıxara bilər. Ekstrasistoliya səyrici aritmiya və qəfləti ürək ölümünün yaranma ehtimalını yüksəldir.

Ekstrasistoliya barədə ümumi məlumat

Tək-tək epizodik sistolalar hətta praktik sağlam adamlarda da müşahidə oluna bilər. Elektrokardioqrafiyanın nəticələrinə əsasən ekstrasistoliya 50 yaşdan yuxarı pasiyentlərin 70-80%-də qeydə alınır. Ekstrasistoliya sinus düyünündən kənarda (qulaqcıqlar, atrioventrikulyar düyün və ya mədəciklərdə) ektopik ocaqların yaranması nəticəsində baş verir. Bu ocaqlarda generasiya olunan növbədən kənar impulslar ürək əzələsinə yayılaraq, diastola fazasında ürəyin vaxtından əvvəl yığılmasına səbəb olur. Ektopik komplekslər ötürücü sistemin istənilən hissəsində formalaşa bilər. Ekstrasistolik atım fraksiyası normadan az olur, bununla əlaqədar tez-tez təkrarlanan (dəqiqədə 6-8 dəfədən çox) ekstrasistolalar ürəyin dəqiqəlik həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər. Ekstasistola nə qədər erkən inkişaf edərsə, atım fraksiyası bir o qədər az olur. Bu, ilk növbədə koronar qan dövranında əks olunaraq, mövcud ürək patologiyasının gedişini daha da ağırlaşdıra bilər. Ekstrasiyanın müxtəlif növlərinin klinik əhəmiyyəti və proqnostik xüsusiyyətləri fərqli olur. Ürəyin üzvi patologiyaları fonunda inkişaf edən mədəcik ekstrasistoliyaları daha təhlükəli sayılır.

Ekstrasistoliyanın təsnifatı

Ektopik oyanma ocağının formalaşma sahəsindən asılı olaraq, mədəcik (62,6 %), qulaqcıq-mədəcik (atrioventrikulyar birləşmədən – 2 %), qulaqcıq ekstrasistoliyaları (25 %) və onların müxtəlif kombinasiyaları (10,2%) ayırd edilir. İstisna hallarda  (0,2%) növbədən kənar impulslar fizioloji aparıcı ritmdə – sinus-qulaqcıq düyünündə yaranır. Bəzən ektopik ritm ocağı aparıcı ritmdən asılı olmadan fəaliyyət göstərir, belə vəziyyətlərdə eyni zamanda 2 ritm (ekstrasistolik və sinus) qeydə alınır. Bu fenomen  parasistoliya adlanır. Ardıcıl baş verən 2 ekstrasistola cüt, 2-dən çox olan hallarda isə qrup şəkilli kimi qiymətləndirilir.

Həmçinin bigeminiya – normal sistola ilə ekstrasistolanın növbələnməsi, trigeminiya – 2 normal sistolanın ekstrasistola ilə növbələnməsi, kvadrigimeniya – hər 3-cü normal yığılmadan sonra ekstrasistolanın yaranmasına rast gəlinir. Müntəzəm təkrarlanan bigeminiya, trigeminiya, kvadrigimeniya allrotimiya adlanır.

Diastola fazasında növbədən kənar impulsun yaranma müddətinə görə ekstrasistoliya erkən və gecikmiş formalara ayrılır. Erkən ekstrasistoliya EKQ-də T dişciyi ilə eyni zamanda və ya əvvəlki siklin qurtarmasından sonra 0.05 saniyə ərzində qeydə alınır. Gecikmiş forma isə növbəti adi yığılmanın P dişciyindən əvvəl inkişaf edir.

Yaranma tezliyinə görə nadir (dəqidədə 5 dəfədən az), orta (dəqiqədə 6-15) və tez-tez təkrarlanan (dəqiqədə 15 dəfədən çox) ekstrasistoliyalar ayırd edilir. Ektopik oyanma ocaqlarının sayına əsasən monotop (bir ocaqlı) və politop (bir neçə oyanma ocağı), etioloji amildən asılı olaraq, funksional, üzvi və toksiki ekstrasistoliyalar müşahidə olunur.

Ekstrasistoliyanın yaranma səbəbləri

Funksional ekstrasistoliyalara qida, kimyəvi amillər, alkoqol, siqaret və narkotiklərdən istifadə və s. ilə bağlı neyrogen (psixogen) mənşəli ritm pozğunluqları aiddir. Funksional ekstrasistoliya vegetativ distoniya, nevroz, onurğanın boyun şöbəsinin osteoxondrozunun rast gəlindiyi pasiyentlərdə qeydə alınır. Funksional ekstrasistoliyaya sağlam, peşəkar idmançılarda aritmiyanı misal göstərmək olar. Qadınlarda ekstrasistoliya aybaşı dövründə inkişaf edə bilər. Funksional xarakterli ekstrasistoliyalara stress, tünd çay və qəhvə səbəb ola bilər.

Heç bir aşkar səbəb olmadan praktik sağlam insanlarda inkişaf edən funsional ekstrasistoliya idiopatik sayılır. Üzvi xarakterli ekstrasistoliya ÜİX, kardioskleroz, miokard infarktı, perikardit, miokardit, kardiomiopatiya, xroniki qan dövranı çatışmazlığı, ağciyər ürəyi, ürək qüsurları, sarkoidoz, amiloidoz, hemoxromatoz, kardioloji əməliyyatlar zamanı miokardın zədələnməsi nəticəsində yaranır. Bəzi idmançılarda fiziki gərginliklə əlaqədar miokardın distrofiyası («idmançı ürəyi») ekstrasistoliyaya səbəb olur.

Toksiki ekstrasistoliya qızdırma, bəzi dərman vasitələrinin (eufillin, kofein, novodrin, efedrin, trisiklik antidepressant, qlükokortikoidlər, neostiqmin, simpatolitik, diuretik, digitalis preparatları və s.) proaritmik yan təsiri, tireotoksikoz zamanı formalaşır.

Ekstrasistolanın inkişafı miokard hüceyrələrində natrium, kalium, maqnezium və kalsium ionlarının nisbətinin dəyişməsinın ürəyin ötürücü sisteminə mənfi təsir göstərməsi ilə bağlıdır. Fiziki yüklənmələr metabolik və ürək pozğunluqları ilə assosiasiyalı ekstrasistoliyaya səbəb ola və ya vegetativ tənzimin pozulması nəticəsində yaranan ekstrasistolanı zəiflədə bilər.

Ekstrasistoliyanın əlamətləri

Ekstrasistoliya zamanı subyektiv əlamətlər hər zaman müşahidə olunmur. Vegetativ-damar distoniyasından əziyyət çəkən şəxslər ekstrasistoliyanı yüngül, ürəyin üzvi zədələnmələrinin olduğu xəstələr isə əksinə, ağır keçirir. Pasiyentlərin əksəriyyəti ekstrasistoliyanı ürəyin döş qəfəsinə zərbəsi kimi hiss edir, bu da kompensator fasilədən sonra mədəciklərin aktiv yığılması ilə izah olunur.

Xəstələr ürəyin «fırlanması» və «dayanmasından» şikayətlər edirlər. Funksional ekstrasistoliya istilik və hava çatışmazlığı hissi, diskomfort, zəiflik, həyəcan, tərləmə ilə müşayiət olunur.

Erkən və qrup şəkilli xarakterli tez-tez təkrarlanan ekstrasistoliyalar ürək atımının azalmasına səbəb olur. Nəticədə koronar, beyin və böyrək qan dövranının 8-25% azalır. Baş beyin damarlarının aterosklerozunun əlamətlərinin müşahidə olunduğu pasiyentlərdə başgicəllənmə, beyin qan dövranının tranzitor pozulmaları (bayılma, afaziya, parezlər), ÜİX fonunda isə stenokardiya tutmaları baş verə bilər.

Ekstrasistoliyanın ağırlaşmaları

Qrup şəkilli ekstrasistoliyalar daha təhlükəli ritm pozğunluqlarına:  qulaqcıqların titrəməsi, mədəcik ekstrasistoliyası isə paroksizmal taxikardiyaya transformasiya edə bilər. Qulaqcıqların yüklənmə və ya dilatasiyası zamanı ekstrasistoliya səyrici aritmiyaya keçə bilər.

Tez-tez təkrarlanan ekstrasistoliyalar koronar, serebral, beyin qan dövranının xroniki çatışmazlığına səbəb olur. Mədəciklərin səyriməsi və qəfləti ölüm təhlükəsi ilə əlaqədar mədəcik ekstrasistoliyası ən təhlükəli forma sayılır.

Ekstrasistoliyanın diaqnostikası

Ekstrasistoliyanın diaqnostikasının əsas diaqnostik üsulu EKQ hesab olunur. Lakin aritmiyanın bu növündən fizikal müayinə və xəstənin şikayətlərinin analizinə əsasən şübhələnmək mümkündür. Sorğu zamanı aritmiyanın yaranma şəraiti (emosional və ya fiziki gərginlik, sakitlik halı və ya yuxuda),  ekstrasistoliyanın epizodlarının tezliyi, medikamentlərin təsiri aydınlaşdırılır. Ürəyin üzvi zədələnməsi ilə nəticələnə bilən keçirilmiş xəstəliklərin anamnezinə xüsusi diqqət yetirilir.

Müayinə zamanı ekstrasistoliyanın etiologiyasını dəqiqləşdirmək lazımdır, çünki funksional və ya toksiki formadan fərqli olaraq, ürəyin üzvi zədələnmələri fonunda baş verən ekstrasistoliya fərqli müalicə tələb edir. Mil arteriyasında nəbzin palpasiyası zamanı ekstrasistoliya vaxtından əvvəl yaranan nəbz dalğası və ya nəbzin itməsi epizodu ilə özünü büruzə verir. Nəbzin itməsi mədəciklərin diastola fazasında qanla kifayət qədər dolmamasından xəbər verir.

Ürəyin auskultasiyası zamanı zirvə nahiyəsində vaxtından əvvəl yaranan I və II tonlar eşidilir, I ton  mədəciklərin qanla zəif dolması nəticəsində güclənir, II ton isə aorta və ağciyər arteriyasına qovulan qanın miqdarının az olması nəticəsində zəifləyir. Yekun diaqnoz standart aparmalarda EKQ və EKQ Holter monitorlaşmasından sonra qoyulur. Çox vaxt pasiyentlərin heç bir şikayəti olmadığı halda bu üsulların köməyilə  ekstrasistoliya aşkarlanır.

Ekstrasistoliyanın EKQ-əlamətlərinə aşağıdakılar aiddir:

  • P dişciyi və ya QRST kompleksinin vaxtından əvvəl yaranması; predekstrasistolik qoşma intervalın qısalmasına dəlalət edən: qulaqcıq ekstrasistoliyalarında əsas ritmin P dişciyi ilə ekstrasistolanın P dişciyi arasında, mədəcik və atrioventrikulyar ekstrasistoliyalarda isə əsas ritmin QRS kompleksi ilə ekstrasistolanın QRS kompleksi arasındakı məsafə;
  • mədəcik ekstrasistoliyası zamanı ekstasistolik QRS-kompleksinin deformasiyası, genişlənməsi və amplitudunun artması;
  • mədəcik ekstrasistoliyasından əvvəl P dişciyinin izlənilməməsi;
  • mədəcik ekstrasistoliyasından sonra tam kompensator fasilənin olması.

EKQ-nin sutkalıq monitorinqi pasiyentin bədəninə fiksə olunan portativ qurğu vasitəsilə EKQ-nin uzunmüddətli (24-48 saat) qeydiyyatıdır. Bu üsul ekstasistoliyaya dəlalət edən şikayətlərin olması və onun standart EKQ zamanı aşkarlanmasından asılı olmayaraq, kardiopatologiyalı xəstələrin hamısına təyin edilir.

Sakitlik EKQ və ya EKQ-nin sutkalıq monitorinqi zamanı fiksə olunmayan ekstrasistoliya yalnız yüklənmə zamanı təzahür edən ritm pozğunluğunu müəyyən edən sınaqların: tredmil –test və veloerqometriyanın köməyilə aşkarlanır. Yanaşı gedən üzvi xarakterli kardiopatologiyaların diaqnostikasında ürəyin USM, stress Exo-KQ, MRT-dən istifadə olunur.

Ekstrasistoliyanın müalicəsi

Müalicə taktikası ekstrasistoliyanın forma və lokalizasiyasına əsasən seçilir. Kardial patologiya tərəfindən törədilməyən tək-tək ekstrasistolalar müalicə tələb etmir. Ekstrasistoliyanın yaranması endokrin, həzm sistemi, ürək əzələsinin xəstəlikləri ilə bağlı olduqda müalicəyə əsas xəstəliyin terapiyası ilə başlanılır.

Neyrogen mənşəli ekstrasistoliyalar zamanı nevroloqun konsultasiyası məsləhət görülür. Sakitləşdirici bitki cövhərləri (damotu, melissa, pion) və ya sedativ preparatlar (rudotel, diazepam) təyin olunur. Dərman preparatlarının səbəb olduğu ekstrasistoliya zamanı onların qəbulu dayandırılmalıdır. Ekstrasistoliyanın gün ərzində 200 dəfədən artıq baş verməsi, subyektiv şikayətlər və kardial patologiyaların olması medikamentoz müalicəyə göstəriş sayılır.

Preparat ekstrasistoliyanın növü və ürək yığılmalarının tezliyi nəzərə alınmaqla müəyyən edilir. Antiaritmik vasitənin təyini və dozanın seçilməsi fərdi qaydada EKQ-nin sutkalıq monitorinqi ilə həyata keçirilir. Ekstrasistoliya prokainamid, lidokain, xinidin, amiodoron, etilmetilhidroksipiridin-suksinat, sotalol, diltiazem və digər pretaratlarla aparılan müalicəyə yaxşı tabe olur.

Ekstrasistolaların azalması və ya itməsinin 2 ay ərzində fiksə olunduğu hallarda dərmanın dozası tədricən azaldılaraq, qəbulu tamamən kəsilə bilər. Digər hallarda ekstrasistoliyanın müalicəsi uzun müddət (bir neçə ay) davam edir, bədxassəli mədəcik formasında antiaritmik vasitələr ömürlük qəbul edilir. Ekstrasistolaların tezliyinin güc ərzində 20000-30000-dən çox olduğu mədəcik forması, antiaritmik terapiyanın qeyri-effektivliyi, qeyri-qənaətbəxş proqnoz ekstrasistoliyanın radiotezlikli ablasiya (ürəyin RTA) üsulu ilə müalicəsinə göstəriş hesab olunur.

Ekstrasistoliyanın proqnozu

Ekstrasistoliyanın proqnozu ürəyin üzvi zədələnməsinin olmasından və mədəciklərin disfunksiya dərəcəsindən asılıdır. Kəskin miokard infarktı, kardiomiopatiya, miokardit fonunda inkişaf edən ekstrasistoliyalar daha təhlükəli sayılır. Miokardın ifadəli morfoloji dəyişiklikləri zamanı ekstrasistolalar qulaqcıq və ya mədəciklərin səyriməsi ilə əvəz oluna bilər. Ürəyin üzvi zədələnmələri olmadıqda ekstrasistoliya proqnoza əhəmiyyətli dərəcədə təsir göstərmir.

Bədxassəli gedişli mədəciküstü ekstrasistoliya səyrici aritmiyaya, mədəcik ekstrasistoliyası isə davamlı mədəcik taxikardiyası, mədəciklərin səyriməsi və qəfləti ölümə gətirib çıxara bilər. Funksional ekstrasistoliyaların gedişi bir qayda olaraq, xoşxassəlidir.

Ekstrasistoliyanın profilaktikası

Ekstrasistoliyanın profilaktikası onun inkişafının əsasında dayanan patoloji vəziyyətlər və xəstəliklərin (ÜİX, kardiomiopatiya, miokardit və s.) və onların ağırlaşmalarının, eləcə də  ekstrasistolalara səbəb olan medikamentoz, qida, kimyəvi intoksikasiyalaın qarşısının alınmasından ibarətdir

Kardial patologiyaların rast gəlinmədiyi pasiyentlərdə simptomsuz mədəcik ekstrasistoliyası zamanı  maqnezium və kalium düzları ilə pəhriz, siqaret, alkoqol, qəhvədən imtina,  mülayim fiziki aktivlik məsləhət görülür.

error: Content is protected !!