Eksudativ perikardit

Eksudativ perikardit – seroz perikardın iltihabı olub, perikard boşluğunda mayenin toplanması ilə müşayiət edilir. Xəstəlik döş qəfəsində ağırlıq və ağrı hissi, təngnəfəslik, disfagiya, öskürək, disfoniya, üzün şişkinliyi, boyun venalarının qabarması, ürək çatışmazlığı və tamponadasının əlamətləri ilə özünü büruzə verir. Diaqnoz rentgenoqrafiya, ExoKQ, EKQ, multispiral KT, perikardial punksiyanın nəticələrinə əsasən qoyulur. Eksudativ perikarditin müalicəsi QSİƏP, kortikosteroidlərin qəbulu, əsas xəstəliyin terapiyasından (antibiotiklər, sitostatiklər, vərəm əleyhinə preparatlar və s.) ibarətdir. Göstərişlərə əsasən perikardın punksiyası, perikardektomiya aparılır.

Eksudativ perikardit barədə ümumi məlumat

Eksudativ perikardit ürək, ağciyər və digər daxili orqanların xəstəliklərinin ağırlaşması və ya klinik təzahürü sayılır. Xəstəliyin formalaşması əksər hallarda quru perikardit mərhələsindən başlanır. Bəzən isə eksudat əvvəldən perikardial yarıqda toplanır. Eksudatın yaranmasına perikardda baş verən iltihabi proseslərlə əlaqədar ürəyin seroz qişasının damar keçiriciliyinin artması səbəb olur.

Eksudatın hemodinamik əhəmiyyəti mayenin həcmi, toplanma sürəti və perikardın xarici səhifəsinin uyğunlaşma potensialından asılıdır. Eksudat zəif sürətlə toplandıqda perikardın gərilməsi və həcminin artması hesabına perikarddaxili təzyiq və ürəkdaxili hemodinamikada uzun müddət nəzərə çarpan dəyişikliklər müşahidə olunmur. Eksudativ perikardit zamanı maye 1-2 litrə qədər yığılaraq, qonşuu orqanlar və sinir yollarını sıxa bilər. Mayenin sürətlə toplandığı və perikardın kompensator imkanlarının məhdud olduğu hallarda perikard boşluğunda təzyiqin əhəmiyyətli dərəcədə yüksəlməsi və ürəyin tamponadası qeydə alınır.

Zamanla eksudat orqanizasiyaya uğrayaraq, qranulyasion toxuma ilə əvəz oluna bilər. Belə hallarda perikard qalınlaşır, perikard boşluğu saxlanılır və ya obliterasiya edir.

Eksudativ perikarditin təsnifatı

İlthabi mayenin tərkibinə əsasən seroz, seroz-fibroz, hemorragik, irinli, ixoroz (çürüntülü), xolesterinli eksudatlar ayırd edilir. Seroz eksudat iltihabın erkən mərhələlərində yaranaraq, əsasən su və albuminlərdən ibarət olur; seroz-fibrinoz – fibrin lifləri ilə zəngin olur; hemorragik – damarların ağır zədələnmələri nəticəsində toplanır, tərkibində çoxlu sayda eritrositlərə rast gəlinir; irinli – külli miqdarda leykosit və nekrozlaşmış toxumaların fraqmentləri ilə səciyyələnir. İxoroz eksudat iltihabi mayeyə anaerob flora düşdükdə əmələ gəlir.

Klinik gedişinə görə eksudatuv perikardit kəskin və ya xroniki; ürəyin tamponadasının inkişafı ilə müşayiət olunan və ya olunmayan formalara ayrılır.

Eksudativ perikarditin yaranma səbəbləri

Eksudativ perikardit sərbəst patologiya kimi çox nadir hallarda müşahidə edilir, adətən o, poliserozitin xüsusi təzahürü və ya perikardın zədələnməsinə gətirib çıxaran digər xəstəliklərin nəticəsi hesab olunur. Eksudativ perikardit mənşəyinə görə infeksion (spesifik və qeyri-spesifik), qeyri-infeksion (immunogen, toksiki, mexaniki) və idiopatik formalara bölünür. Qeyri-spesifik perikarditlər əsasən kokk formalı bakteriyalar (stafilokokk, streptokokk, pnevmokokk) və viruslar (qrip, ECHO, Koksaki), spesifik formalar isə vərəm, qarın yatalağı, brusellyoz, tulyaremiyanın törədiciləri tərəfindən yaranır. Az hallarda perikardın göbələk (kandidoz, histoplazmoz zamanı), protozoy (amöbiaz, exinokokkoz zamanı) və rikketsioz mənşəli zədələnmələrinə təsadüf edilir.

Vərəm etiologiyalı eksudativ perikardit adətən mikobakteriyaların divararalığı və traxeobronxial limfa düyünlərindən limfogen yolla perikarda yayılması nəticəsində inkişaf edir. İrinli eksudativ perikardit isə immunosupressiv terapiya fonunda, ürək əməliyyatları, infeksion endokardit, ağciyər absesinin partlaması ilə əlaqədar formalaşa bilər.

Qeyri-infeksion eksudativ perikarditlər perikardın bədxassəli şişləri (mezotelioma), ağciyər, süd vəzinin xərçəngi, leykoz, limfoma zamanı invaziya və metastazlar, allergik proseslər (zərdab xəstəliyi), xroniki böyrək çatışmazlığının  terminal mərhələsində uremiya, birləşdirici toxumanın diffuz xəstəlikləri (revmatizm, qırmızı qurd eşənəyi) zamanı, eləcə də divararalığının şüalanmasından sonra müşahidə edilir. Eksudativ perikardit miokard infarktının erkən dövrləri (epistenokardik perikardit), hipotireoz, xolesterin mübadiləsinin pozulmalarında (ksantomatoz perikardit) yarana bilər. Əksər hallarda eksudativ perikarditin etiologiyasını müəyyən etmək mümkün olmur.

Eksudativ perikarditin əlamətləri

Eksudativ perikarditin təzahürləri mayenin toplanma sürəti, ürəyin sıxılma dərəcəsi, perikardda iltihabi proseslərin ifadəliliyindən asılıdır. İlkin şikayətlər döş qəfəsində ağırlıq və sızıltılı ağrılarla bağlı olur. Perikard boşluğunda mayenin həcmi artdıqca qonşu orqanların kompressiyası ilə əlaqədar təngnəfəslik, disfagiya, hürücü öskürək, disfoniya meydana çıxır. Eksudativ perikard üçün üz və boynun şişkinliyi, nəfəsalma anında boyun venalarının qabarması, ürək çatışmazlığının tədricən inkişafı səciyyəvidir. Perikardın sürtünmə küyü xarakterik deyil, lakin bu əlamət mülayim dərəcəli eksudat zamanı bədənin müəyyən mövqeyində eşidilə bilər.

Eksudativ perikarditin yaranma səbəbləri  ilə bağlı ümumi əlamətlər qeydə alınır: infeksion mənşəli formalarda – titrətmə, qızdırma, intoksikasiya; xroniki vərəm prosesində tərləmə, iştahsızlıq, arıqlama, hepotomeqaliya əlavə olunur. İrinli eksudativ perikardit qonşu orqanlarda infeksion ocaqlar, septiki proseslə müşayiət oluna bilər. Epistenokardik eksudativ perikardit miokard infarktından sonra 4 gün ərzində yaranır, təngnəfəslik, ortopnoe, boyun venalarının qabarması ilə təzahür edir. Revmatik perikardit adətən ağır pankardit fonunda inkişaf edir; uremik formalarda xroniki böyrək çatışmazlığının klinik şəkli müşahidə olunur.

Şiş etiologiyalı perikardit üçün iri həcmli eksudat, döş qəfəsində ağrılar, qulaqcıq aritmiyaları, ürəyin tamponadası xarakterikdir. Eksudatın miqdarı çox olduqda xəstə məcburi oturaq vəziyyət alır, bu da onun vəziyyətini bir qədər yaxşılaşdırır.

Eksudativ perikarditin diaqnostikası

Eksudativ perikarditin diaqnozunun qoyulması və onun digər ürək xəstəlikləri (kəskin miokard infarktı, kəskin miokardit) ilə differensiasiyası ümumi baxış, döş qəfəsinin rentgenoqrafiyası, EKQ və ExoKQ, multispiral KT, perikardial punksiyanın nəticələrinə əsaslanır.

Eksudativ perikarditi olan xəstələrdə döş qəfəsinin ön divarının azacıq qabarması, prekardial nahiyədə yüngül dərəcəli ödem, zirvə təkanının zəifləməsi və ya itməsi, ürəyin nisbi və ya mütləq kütlüyünün sərhədlərinin genişlənməsi  qeydə alınır. Mərkəzi venoz təzyiqin artması, AT-nin azalması, tranzitor aritmiya ilə taxikardiya, paradoksal nəbz ürəyin tamponadasının inkişafına dəlalət edir.

Mayenin həcminin çox olduğu hallarda rentgenoqrammada ürəyin formasının dəyişməsi (üçbucaq – uzun sürən xroniki ekssudat zamanı), kölgəsinin böyüməsi və konturlarının hamarlaşması, pulsasiyasının zəifləməsi izlənilir.

Eksudativ perikarditin diaqnostikasının ən dəqiq və spesifik üsulu (hətta eksudatın az toplandığı formalarda) ExoKQ hesab olunur. Onun köməyilə perikard səhifələri arasında exoneqativ (sərbəst) sahə, epikard və parietal təbəqənin diastolik seperasiyası, perikardın qalınlaşması vizualizasiya olunur. Ağır hallarda ürəyin ritmik hərəkətlərinin pozulması, tamponada zamanı sağ kameraların diastolik kollapsı müşahidə edilir.

EKQ-də bütün dişciklərin amplitudunun azalması aşkarlanır. Multispiral KT patoloji mayenin olmasını və perikard səhifələrinin qalınlaşmasını təsdiqləyir. Eksudasiyanın səbəblərinin dəqiqləşdirilməsi və diaqnozun verifikasiyası məqsədilə perikardın punksiyası və perikardial mayenin müayinəsi (ümumklinik, bakterioloji, sitoloji, AXAT və LE-hüceyrələrinin təyini) aparılır. Perikardın biopsiyası və əldə olunan toxumanın morfoloji analizi  icra oluna bilər.

Eksudativ perikarditin müalicəsi

Eksudativ perikarditin müalicəsi stasionar şəraitdə həyata keçirilir, xəstələrin aparılma taktikası patologiyanın həcmi və etiologiyası, hemodinamik dəyişikliklərin ifadəliliyinə əsasən müəyyən edilir. Perikardda kəskin proseslər aşkar edildikdə AT, ÜYT, mərkəzi venoz təzyiqin monitorinqi mütləqdir. Ağrı sindromu, qızdırmanı aradan qaldırmaq və ekssudatın sorulmasını sürətləndirmək üçün QSİƏP (ibuprofen, indometasin), qlükokortikosteroidlər (prednizalon) təyin olunur. Antibakterial, vərəm əleyhinə, sitostatik preparatlar, hemodializin tətbiqi ilə əsas xəstəliyin aktiv müalicəsi aparılır.

2-3 həftə ərzində sorulmayan iri həcmli ekssudatın evakuasiyası məqsədilə, eləcə də ürəyin tamponadası və irinli perikarditdə perikard boşluğu punksiya olunur. Təkrari punksiya və drenajlamadan sonra eksudat qısa zaman ərzində yenidən toplanarsa perikardektomiya yerinə yetirilir.

Eksudativ perikarditin proqnoz və profilaktikası

Kəskin eksudativ perikarditin əsas ağırlaşması ürəyin tamponadasıdır; iltihabın qulaqcıq miokardına yayılması zamanı 30% hallarda paroksizmal səyrici aritmiya və ya supraventrikulyar taxikardiya yarana bilər. Ekssudativ perikarditin xroniki və konstriktiv perikarditə  transformasiyası mümkündür. Ürəyin tamponadası yüksək ölüm riski ilə müşayiət olunur. Eksudativ perikarditin proqnozu perikardın zədələnmə səbəbləri və müalicənin vaxtında aparılmasından asılıdır; ürəyin tamponadası müşahidə edilmədikdə proqnoz nisbi qənaətbəxş sayılır.

Eksudativ perikarditin profilaktikası onun inkişafına gətirib çıxaran xəstəliklərin qarşısının alınması və erkən etiopatogenetik terapiyasından ibarətdir. Bununla əlaqədar eksudativ perikarditin profilaktika məsələsi təkcə kardiologiya deyil, həm də revmatologiya, ftiziatriya, onkologiya, allerqologiya üçün aktualdır.

error: Content is protected !!