Ekzotik adlı 5 xəstəlik

Təbabət- yalnız dozalanma, proqnozlar və laborator test nəticələrdən ibarət deyildir. Bəzən təbabət – demək olar ki, poeziyadır. Bəzi qeyri-rəsmi gözəl səslənən sindromun arxasında nələr gizləndiyindən danışaq.

Yad əl sindromu

“Mən meyvə yeyirdim. Birdən sağ əlim sol əlimi bərk tutdu və mən əlimi heç cürə geri çəkə bilmədim” – işemik insult keçirmiş pasiyent vəziyyətini belə izah edib. Bu sindromdan əziyyət çəkən digər pasiyentlər qeyri-ixtiyari olaraq əlinin onları boğduğunu, toxunduğunu və ya sığalladığını bildirirlər. Bəzən pasiyent gözləri ilə görmədikdə əlin onlara məxsus olduğunu belə hiss eləmirlər.

Bu nadir psixonevroloji pozğunluqlardandır. Bu pozğunluğa səbəb şişlər, anevrizma, insult və ya neyrocərrahi müdaxilələr ola bilər. Bu zaman beynin döyənəkli cismi, alın və ya gicgah payı zədələnmiş olur. Bu sindromun ümumi qəbul edilmiş müalicə sxemi mövcud deyildir.

Münxhauzen sindromu

İnsanların xəstəlik uydurmağa meylliyi məhşur fantazyorun adı ilə adlandırılır. Bu şəxslər işdən yayınmaq və ya xüsusi imtiyazlar əldə etmək üçün əhvallarının pis olduğunu deyən qeyri-adi simulyatorlardır. Bu şəxslərin məqsədi olmur. Onlar uşaq yaşlarında ala bilmədikləri diqqət və qayğını ala bilmək ehtiyacından belə davranırlar.

Münxhauzen sindromlu xəstələr simptomları məqsədyönlü olaraq yaradır və ya qabardlr. Məsələn, termometri isidir, sidik analizini dəyişir, simptomları gücləndirmək üçün hormonlar qəbul edir, xəstəlik tarixi uydurur və diaqnozları haqda yalan danışır. Pozğunluqlar somatik səviyyədə həqiqətən özünü büruzə verir, lakin səbəbi- bilərəkdən özünə zərər verməkdir.

Sindromun diaqnozunu qoymaq çətindir. Simulyasiyadan çübhələnmək üçün fiziki və digər psixi xəstəlikləri inkar etmək lazımdır. Lakin belə xəstə, sanki başına gələn dəhşətli xəstəlikdən xilas olmaq üçün həkimləri dəyişməyə üstünlük verir: onları yaxalamaq asan deyil. Maraqlısı budur ki, Münxhauzen sindromunun müalicəsi xəstəni maraqlandırmır. Kimləri ki, yola gətirmək mümkün olur, onlara təhlükəli və lazımsız diaqnostik və cərrahi əməliyyat kimi müalicəvi prosedurlardan uzaq durmaq öyrədilir.

Stendal sindromu

Bu hal incəsənətin- sözün əsl mənasında öldürücü olduğu hallardandır. Rəsm əsəri, arxitektura və heykəltəraşlıq nümunəsilə qarşılaşdıqda bəzi insanlarda başgicəllənmə, ürəkdə çırpıntı hissi, hallüsinasiyalar, dezoreantasiya və fiziki tükənmə hissi keçirirlər. Bəzən, təbiətin möhtəşəmliyi də eyni duyğunu doğurur.

Psixi xəstəliklərin təlimatında (DSM) Stendel sindromunun olmamasına baxmayaraq, bu pozğunluq hallarına aid məlumatlar qeyd olunmuşdur. Stendel sindromu keçirən şəxslərin 2/3-də paranoidal psixoz halları, digərlərində isə affektiv vəziyyət və ya həyəcan hallarına rast gəlinir.

Undinanın lənəti sindromu

Yuxuda nəfəs ala bilməmək belə adlandırılır. Xəstəlik- tənəffüs mərkəzinin inkişafını kodlayan genin mutasiyası nəticəsində yaranır. Beyin karbon qazının yüksək, oksigenin isə aşağı səviyyəsinə reaksiya vermək qabiliyyətini itirir. Tənəffüsün avtomatik tənzimlənməsi pozulur və insan yuxuda nəfəs almağı “unudur”.

Sindromun klassik forması doğuşdan dərhal sonra meydana çıxır. Digər, daha yüngül forma daha yuxarı yaşlı uşaqlarda və ya böyüklərdə meydana çıxa bilər. Böyüklərdə tənəffüs mərkəzi yerləşən beyin sütununda əməliyyatlardan sonra gecələr apnoe tutmaları ilə müşayiət olunan ağır hallar da mövcuddur. Diaqnoz kliniki simptomlara və genetik testlərə əsasən qoyulur.

Undinanın lənəti sindromunun, və ya rəsmi adı- anadangəlmə mərkəzi hipoventilyasiya olan sindromun müalicəsi implant qoyulmaqla aparılır. İmplant diafraqmal sinirləri stiməedir və tənəffüs mərkəzinin işini təmin edir.

Alisa möcüzələr diyarında sindromu

Bədən hissələrinin və ya ətraf mühitin ölçülərini dərk etmənin perodik təhrif olunması duyğusu belə adlanır. İnsan özünü olduğundan daha böyük və ya daha kiçik hiss edir. Otaqdakı əşyalar daha uzaq və ya çox yaxın hiss edilə bilər.

Bunlar hallüsinasiyalar deyil, lakin yanaşı müşahidə oluna da bilər. Belə insanların beyni ətrafı belə dərk edir. Mikro və ya makroskopiya duyğusu görməni, dərketmə və eşitmə hisslərini də əhatə edə bilər və axşama doğru güclənər.

Xəstəlik çox vaxt uşaqlarda müşahidə olunur, lakin böyüklərdə də rast gəlinə bilər. Uşaqlarda – Alisa möcüzələr diyarında sindromunu Epşteyn-bar virusu ilə əlaqələndirirlər. Böyüklərdə bu adətən “miqren” sindromu ilə birgə rast gəlinir. Böyüklərdə bəzən bu hal, baş ağrıları zamanı auranın bir forması olaraq meydana çıxır. Ölçülərin təhrif olunmuş dərk edilməsi gicgah epilepsiyası, şişlər və psixotrop preparatların qəbulu ilə də əlaqələndirilir.

Sindrom təhlükəli hesab olunmur və öz-özünə keçib-gedə bilər. Xüsusi müalicə növü mövcud deyildir. Provokasiyaedici xəstəliklərin müalicəsi hər şeyin normaya qayıtması üçün yetərli olur.