Uşaqlarda vezikulyar enterovirus stomatiti (Əl-ayaq-ağız sindromu)

Enterovirus mənşəli vezikulyar stomatit- antroponoz xəstəliklər qrupundan olub, ağzın selikli qişasında, ovuclarda və ayaqların altında səpgilərin olması ilə xarakterizə olunur. Xəstəlik enterovirus qrupundan olan viruslarla- xüsusilə Koksaki və 71-ci tip enterovirusa yoluxma zamanı meydana çıxır. Patologiya- ağzın selikli qişasında əl və ayaqların distal nahiyyələrində ağrılı vezikulyar səpgilərin yaranması ilə özünü büruzə verir. Xəstəliyin diaqnostikası üçün xəstəyə baxış, PZR nəticəsi və antitelləri təyin edən seroloji müayinələr tələb olunur. Enterovirus stomatitinin müalicəsi simptomatik aparılır, etiopatogenetik preparatlar mövcud deyildir.

Enterovirus stomatiti haqqında ümumi məlumat

Vezikulyar enterovirus stomatiti- tipik uşaq xəstəliyidir. Əksər hallarda xəstəlik 10 yaşadək olan uşaqlarda rast gəlinir. Praktik infektologiyada stomatitin bu növü “əl-ayaq-ağız” sindromu və ya Hand-food-and-mouth disease (HFMD) kimi tanınır. Bu xəstəlik bütün dünyada, xüsusilə Asiya ölkələri arasında ən geniş yayılmış infeksion patologiyalardan hesab olunur.

Vezikulyar enterovirus stomatitinin yaranma səbəbləri

Xəstəlik enterovirus infeksiyasının bir növüdür. Epidemioloji cəhətdən əhəmiyyət kəsb edən 2 virus qrupu: A16 Koksaki və 73-ci tip enterovirus tərəfindən törədilir. Bu törədicilər RNT-törədicilərə aiddirlər və 35nm ölçüdə olurlar. Törədicilər qurumağa yüksək temperatura, xlor tərkibli maddələrə və formaldehidə həssasdırlar. Lakin, aşağı temperaturda və dondurulduqda uzun müddət sağ qala bilirlər.

Törədici yüksək kontagiozdur, lakin yoluxanların 80%-dən çoxunda heç bir kliniki əlamət olmur və bu da xəstəliyin sürətlə yayılmasının əsas səbəblərindəndir. Xüsusilə uşaqlar arasında geniş yayıldığından, xəstəliyin yayılmasında məişət yolu- əllər, oyuncaqlar, qab-qacaq və məişət əşyaları ilə yayılma xüsusi əhəmiyyət kəsb edir. Xəstəliyin digər yayılma yollarına – hava-damcı, fekal-oral, transplasentar yol daxildir.

Xəstəliyin inkubasion dövrü 3-10 gün təşkil edir. Bütün bu zaman müddətində yoluxmuş insan ətraf mühit üçün təhlükə hesab olunur, xüsusilə yoluxuculuq vezikulların -içərisi virus hissəcikləri ilə dolu maye qovuqcuqların yaranma dövründə yüksək olur. Klinik əlamətlərin yox olmasından bir neçə həftə sonra (rekonvalessensiya dövrü) pasient virusu nəcis vasitəsilə ifraz etməyə davam edir ki, bu da yoluxdurmanın fekal-oral yolla davam etməsinə səbəb ola bilər.

Vezikulyar enterovirus stomatitinin patogenezi

Əksər hallarda yoluxma törədicinin əl və ya selikli qişa ilə ilkin kontaktı zamanı baş verir, xüsusilə şəxsi gigiyenaya riayət etməyən uşaqlarda. Hava-damcı yolu ilə yoluxma mexanizmi əl-ayaq-ağız sindromu üçün daha az xarakterikdir. Virusun ovuc və ayaqaltı naqiyyəyə tropluğu ətrafların distal şöbələrində yerli temperaturun nisbətən aşağı olması ilə əlaqələndirirlər. Xəstəliyin patogenezində bir neçə mərhələ ayırd edilir.

İlk mərhələdə virus hüceyrələrin səthində olan spesifik reseptorlarla birləşir. İkinci mərhələdə törədicinin endositoz və ya translokasiya vasitəsilə hüceyrədaxili mühitə daxil olması baş verir. Sitoplazmada enterovirus kapsid örtüyündən azad olur (“soyunur”) və bölünmə üçün genetik materialını azad edir.

Üçüncü mərhələ virusun bölünməyə başlaması- hüceyrə ribosomlarında virusun zülalının translyasiyasının aktivləşməsi dövrüdür. Dördüncü mərhələdə molekulların toplanması və enterovirusun həyat qabiliyyətinin formalaşması- yəni, bütün patogen xüsusiyyətlərini əldə etməsi baş verir. Beşinci mərhələdə yaranmış qız törədicilər hüceyrəni tərk edir və yeni hüceyrələri yoluxdurur.

Vezikulyar enterovirus stomatitinin simptomları

Xəstəlik temperaturun yüksəlməsi, iştahanın azalması, yüngül dərəcədə intoksikasiya əlamətləri ilə özünü büruzə verir. Böyük yaşlı uşaqlar boğazda ağrıdan şikayət edə bilər. Qızdırmadan 24-48 saat sonra ağızın selikli qişasında 15-30 ədəd ləkəli səpgi elementləri meydana çıxır. Onlar sürətlə qovuqcuqlara (vezikullara) çevrilirlər və qida qəbulu zamanı diskomfort və çətinlik yaradırlar. Təsadüfi zədələnmə zamanı vezikullar partlayır və qırmızı ağrılı səthə çevrilirlər.

Enterovirus stomatiti formalaşdıqdan 1-2 gün sonra ekzantema- 5-10mm ölçüdə dəri səpgiləri meydana çıxır. Səpgilər ovucda və ayaqların altında, nadir hallarda isə dizdə, dirsək oynağında, sağrı və qasıq nahiyyəsində rast gəlinə bilər. Səpgilər də mərhələli xarakter daşıyırlar: qırmızı ləkələrdən qovuqcuqlara tranformasiya olunurlar. Xəstəlik dərinin zədələnmiş nahiyyəsində ağrı sindromu ilə müşayiət olunur, lakin qaşınma olmur.

Vezikulyar stomatitin tipik formalarında xəstəlik yüngül gedişi ilə xarakterizə olunur və əlamətlər 1-2 həftə ərzində yox olurlar. Bu dövrdə pasiyent özünü qənaətbəxş hiss edir, şikayətlər yalnız ağızda, əldə və ayaqda səpgilər olan hissələrdə ağrıdan olur. Ağrı sindromu ilə əlaqədar uşaq dərisini qaşıya bilər ki, bu da qovuqcuqların açılmasına, ağrılı eroziya, qızartı və dərinin iltihablaşmasına səbəb ola bilər.

Ədəbiyyatda A6 Koksaki virusu ilə yoluxmanın atipik gedişi halları məlumdur. Bu halda enterovirus infeksiyası vezikulo-bulyoz səpgilər şəklində bütün bədəni, yuxarı və aşağı ətrafları əhatə edir. Patoloji prosesə peroral zonada iri və ağrılı qovuqcuqların qoşulması da xarakterikdir. Daha nadir hallarda, sağrı nahiyyəsində və ətrafların açıcı səthlərində qırmızı papulalar şəklində Gianotti-Crosti səpgiləri meydana çıxır.

Vezikulyar enterovirus stomatitinin fəsadları

Vezikulyar enterovirus stomatiti nadir hallarda neqativ nəticələr verə bilir. Daha böyük ağırlaşma riskinə intranatal yoluxmuş yenidoğulmuşlar və müxtəlif etiologiyalı immunodefisit vəziyyətlər müşahidə olunan pasiyentlər daxildirlər. Belə xəstələrdə aseptik meningit, poliomielitəbənzər iflic, ensefalit inkişaf edə bilər. Nadir hallarda döş qəfəsi orqanlarının zədələnməsi- ağciyər ödemi, virus miokarditi, kardiorespirator kollaps baş verə bilər.

Vezikulyar enterovirus stomatitinin diaqnostikası

Vezikulyar enterovirus infeksiyasının diaqnostikasında əsas amil fizikal baxışdır. 18 yaşdan aşağı pasiyentlər pediatr, böyüklər isə terapevt tərəfindən müayinə olunur. Kliniki müayinə zamanı səpgilərin mərhələli inkişafı, lokalizasiyası, elementlərin görünüşü nəzərə alınır. Epidemioloji anamnezi- oxşar şikayətləri olan xəstə ilə 2 həftə öncə kontaktın olmasını müəyyən etmək lazımdır. Tam diaqnoz üçün aşağıdakılar mütləqdir:

  • Seroloji müayinə. Enterovirus infeksiyasının diaqnostikası üçün İFA, KBR, PHAR müayinələri mütləqdir. Bu müayinələr törədiciyə qarşı antitellərin təyini və onların titrinin dinamiki izlənməsi üçün böyük əhəmiyyətə malikdir. Müayinəni molekulyar diaqnostika- PZR vasitəsilə törədicinin RNT zülalının tapılması tamamlayır.
  • Yardımçı diaqnostika üsulları. İnfeksion xəstəliyin əlamətlərini təsdiqləmək üçün qanın ümumi analizi, kəskin dövr markerlərini təyin edən biokimyəvi müayinələr göstərişdir. Şübhəli hallarda, səpgilərin dermatoskopiyası, Nikolski simptomunun yoxlanılmasına ehtiyac ola bilər.

Vezikulyar enterovirus stomatitinin differensial diaqnostikası

Vezikulyar enterovirus stomatitinin erkən simptomlarını ekzantema və enantema simptomları ilə xarakterizə olunan qızılca, herpanginlər və su çiçəyi ilə differensiasiya etmək lazımdır. Xəstəliyin bullyoz formasını daha sürətlə inkişaf edən və daha ağır gedişə malik Stiven-Jonson sindromu ilə differensiasiya etmək mütləqdir. Həmçinin, ləng və sürətli tip allergik reaksiyaları da fərqləndirmək lazımdır.

Vezikulyar enterovirus stomatitinin müalicəsi

Xəstəliyin spesifik müalicəsi yoxdur. Vezikulyar stomatitin ağır formalarında iltihabi prosesi yüngülləşdirmək və immun cavab məqsədilə immunoqlobulinlərin qəbulu təyin oluna bilər. Hazırda alimlər polivalent- törədicinin bütün növlərinə təsir göstərə biləcək enterovirus vaksininin əldə olunması üzərində çalışırlar, lakin hələ ki, bu təcrübələr laborator mərhələsindədir.

Enterovirus stomatitinin müalicəsində əsas rolu yerli müalicə tutur. Turş, duzlu qidaların, çox isti içkilərin, bərk və iti uclu tikələrin qəbulunu azaltmaq lazımdır. Ağrı hissini azaltmaq üçün qida qəbulundan sonra ağzı sodalı məhlulla yaxalamaq lazımdır. Əlavə olaraq antiseptik, bürüyücü, regenerasiyaedici məhlullardan istifadə edilə bilər. Xəstəlik dövründə dişlərin gigiyenası yumşaq diş fırçası və qıcıqlandırmayan diş pastasından istifadə olunmalıdır.

Vezikulyar enterovirus infeksiyası kontaktda olanların karantində saxlanması üçün ciddi əsas sayılmır. Pasiyentlərə ev şəraitində müalicə və ətrafdakılarla az kontakt məsləhət görülür. Qovuqcuqların quruması və digər şikayətlərin aradan qalxmasından sonra uşaq normal həyat ritminə həkim icazəsinə ehtiyac olmadan davam edə bilər.

Vezikulyar enterovirus stomatitinin proqnoz və profilaktikası

Enterovirus stomatiti qənaətbəxş gedişə malikdir: səpgi elementləri izsiz keçib gedir, xəstəlik əksər hallarda heç bir gecikmiş iz buraxmır. Yoluxmanın profilaktikası üçün şəxsi gigiyena üsullarına riayət etmək: əllərin təmizliyinə riayət, xəstə insanla qucaqlaşma və öpüşməqdən uzaq durmaq, ümumi istifadədə olan qapı qulpları və digər əşyaları dezinfektant maddə ilə işləmək lazımdır.