Endometriumun fibroz polipi
Endometriumun fibroz polipi — uşaqlığın daxili qişasından yaranan, enli əsas və ya ayaqcığa malik xoşxassəli birləşdirici toxuma şişidir. Adətən xəstəlik simptomsuz gedir, yalnız törəmənin iri olduğu hallarda uşaqlıq qanaxmaları və qarnın aşağı hissəsində ağrılarla təzahür edir. Diaqnostika məqsədilə uşaqlığın USM və kontrast rentgenoqrafiyası, histeroskopiya, sıyrıntının histoloji müayinəsindən istifadə olunur. Müalicə cərrahi yolla aparılır: transservikal histerorezektoskopiya üsulu ilə polipin kəsilməsi, şişin əsasının yandırılması, uşaqlığın küretajı və yaxud müalicəvi-diaqnostik qaşınması.
Endometriumun fibroz polipi barədə ümumi məlumat
Endometriumun poliplərinin digər növlərindən fərqli olaraq, fibroz neoplaziyalar birləşdirici toxumadan inkişaf edir, yalnız bəzi hallarda tərkibində az miqdarda vəziyə rast gəlinir. Əksər törəmələrin ölçüləri 1sm-dən böyük olmur. Şişlər tək sayda olub, uşaqlığın selikli qişasının atrofiyası fonunda formalaşır. Belə neoplaziyalar aşağı səviyyəli vaskulyarizasiya və proliferasiya ilə seçilir. Fibroz poliplər bir qayda olaraq, hormonlardan asılı olmur və çox nadir hallarda reproduktiv yaşda olan qadınlarda aşkarlanır. Adətən fibroz neoplaziyalar 40 yaşdan yuxarı pasiyentlərdə premenopauza, menopauza və postmenopauza dövründə müşahidə edilir. Qızlarda menarxenin başlanmasına qədər endometirumun birləçdirici toxuma neoplaziyaları inkişaf etmir.
Endometriumun fibroz polipinin yaranma səbəbləri
Endometriumun xoşxassəli şişlərinin 50%-dən çoxunun hormonal disbalans fonunda formalaşmasına baxmayaraq, fibroz polipozun qeydə alındığı qadınlarda estrogenlərin səviyyəsi adətən normal və ya aşağı olur. Ginekologiya sahəsinin əksər mütəxəssislərinin fikrincə birləşdirici toxuma polipləri əsasən qeyri-hormonal səbəblərdən yaranır:
- Xroniki endometritlər. Endometriumun qeyri-spesifik amillər və ya CYKİ-nin təsirindən iltihablaşması toxumaların trofikasının pozulmasına gətirib çıxarır və çox zaman hiperplastik proseslərlə müşayiət edilir.
- Endometriumun travmatik zədələnməsi. Neoplaziyalar əsasən anamnezində abort, müalicəvi və diaqnostik qaşınma olan, uzun müddət uşaqlıqdaxili spiraldan istifadə edən qadınlarda izlənilir.
- Hamiləliyin pozulması və doğuş ağırlaşmaları. Uşaqlığın divarına yapışan döl yumurtasının qalıqları və qan laxtaları birləşdirici toxumanın sürətlə artmasına səbəb olur.
- Yanaşı gedən damar və endokrin xəstəlikləri. Fibroz poliplər adətən şəkərli diabet, qalxanabənzər toxumanın patologiyaları, hipertoniya xəstəliyi və mikrosirkulyasiyanın pozulması, toxumaların trofikasının pisləşməsi ilə gedən digər xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə yaranır.
- Zəif immunitet. Fibroz poliplərin aşkarlandığı əksər qadınlarda postklimakterik dövrdə immunosupressiya əlamətləri – B-limfositlərin miqdarının və T-limfositlərin aktivliyinin azalması qeyd olunur.
Endometriumun fibroz polipinin patogenezi
Endometriumun fibroz poliplərinin dəqiq formalaşma mexanizmi elmə məlum deyil. Ehtimal olunur ki, bu proses humoral və hüceyrə immunitetinin pozulması ilə müşayiət edilir, bu zaman epitel qişanın bazal qatının lokal atrofik, iltihabi və postravmatik zədələnmələri birləşdirici toxumanın aktiv proliferasiyasını stimulə edir. Neogenezin vacib həlqəsini morfoloji dəyişilmiş hüceyrələrin apoptoza (proqramlaşdırılmış ölüm) qarşı davamlılığı təşkil edir, bu da polipin böyüməsini təmin edir. Törəmə inkişaf etdikcə ayaqcıq formalaşır, onun daxilindən zəif sürətlə proliferasiya olunan toxumaları qidalandıran damarlar keçir.
Endometriumun fibroz polipinin əlamətləri
Kiçik ölçülü neoplaziyalar adətən simptomsuz gedir və uşaqlığın ultrasəs müayinəsində təsadüfən aşkarlanır. Reproduktiv yaşda aybaşılar arası uşaqlıq yolundan cüzi miqdarda qanlı ifrazatlar müşahidə oluna bilər. Premenopauza dövründə qadınlar uzunmüddətli qeyri-müntəzəm qanaxmalardan şikayətlənir, menopauza və postmenopauzada isə cinsi yollardan vaxtaşırı qısa- və uzunmüddətli, az miqdarda qanlı axıntılar ifraz olunur. Cinsi akt zamanı təmas qanaxmaları xarakterikdir.
İri neoplaziyalar qarnın aşağı hissəsində dartıcı və ya tutmaşəkilli ağrı hissiyyatı ilə müşayiət olunur. Nadir hallarda şişin nekrobiozu zamanı orta miqdarda, ağımtıl ifrazatlar yaranır. Qeyd etmək lazımdır ki, fibroz polipozun simptomatikası qeyri-spesifikdir – analoji əlamətlər poliplərin digər formaları və bir sıra ginekoloji xəstəliklər zamanı qeydə alınır.
Endometriumun fibroz polipinin ağırlaşmaları
Uşaqlığın fibroz polipləri çox nadir hallarda ağırlaşır. Reproduktiv yaşda olan qadınlarda uşaqlıq borusunun dəliyi nahiyəsində böyüyən poliplər uşaqlıqdan kənar boru hamiləliyinə səbəb ola bilər. İri ölçülü poliplər yumurtahüceyrənin implantasiyasına mane olmaqla sonsuzluğa gətirib çıxarır. Şiş qanaxmalarla müşayiət olunduqda posthemorragik anemiya inkişaf edir. Bəzən fibroz neoplaziya nekroza uğrayır, iltihablaşır və ümumi intoksikasıyanın əlamətləri meydana çıxır. Fibroz polipin maliqnizasiya riski 0,5-1,5%-dir, lakin postmenopauza dövründə bu göstərici 7-8%-ə qədər yüksəlir.
Endometriumun fibroz polipinin diaqnostikası
Klinik əlamətlərin və ginekoloji baxışın nəticələrinin qeyri-spesifikliyi ilə əlaqədar diaqnozun qoyulmasında instrumental üsullar başlıca yer tutur. Fibroz polipə şübhə yarandıqda aşağıdakı üsullar məsləhət görülür:
- Uşaqlığın USM. Transabdominal və ya transvaginal exoqrafiya zamanı uşaqlıq boşluğunda dəqiq sərhədlər və həmcins quruluşa malik bir və ya bir neçə törəmə aşkarlanır.
- Uşaqlığın kontrast rentgenoqrafiyası (histeroqrafiya). Şəkildə polip hamar kənarları olan yumru dolma qüsuru şəklində müəyyən edilir.
- Diaqnostik qaşıma ilə histeroskopiya. Adətən tək sayda yumru və ya oval formalı, solğun rəngli, ayaqcıqlı törəmə vizualizasiya olunur. Polipin ölçüləri nadir hallarda 1,0-1,5 sm-dan çox olur.
- Sıyrıntının histoloji müayinəsi. Şişin morfologiyasını dəqiqliklə təyin edən ən informativ üsul sayılır.
Fibroz polip bədənin və uşaqlıq boynunun poliplərinin digər formalarından, eləcə də submukoz miomalardan differensiasiya olunmalıdır. Müayinə zamanı törəmənin maliqnizasiyaya uğramasını istisna etmək lazımdır. Şübhəli hallarda diaqnostikaya onkoginekoloq cəlb olunur.
Endometriumun fibroz polipinin müalicəsi
Endometriumun birləşdirici toxuma neoplaziyaları hormonların təsirinə həssas olmadığından belə şişlərdə hormonal fonun korreksiyası effektiv deyil. Ölçüləri 1 sm-dən kiçik, tək saylı törəmələrin qeydə alındığı və klinik əlamətlərin izlənilmədiyi hallarda histeroskopiya və USM-nəzarətlə dinamik müşahidə məsləhət görülür. Qalan hallarda cərrahi müalicə üsullarından biri həyata keçirilir:
- Uşaqlıq boşluğunun qaşınması. Əvvəllər fibroz neoplaziyaların xaric olunmasında bu üsuldan geniş istifadə olunurdu. Hazırda polipin əsasını koaqulyaiya etmək mümkün olmadığından küretaj məhdud şəkildə tətbiq edilir.
- Histerorezektoskopiya. Uşaqlığın fibroz polipozunun müalicəsinin qızıl standartı sayılır. Əməliyyat zamanı ayaqcıqlı polip burulur, kəsilir, onun əsası elektrokoaqulyasiya edilir, lazerlə yandırılır və ya kriodestruksiya ilə dondurulur. Polipektomiya uşaqlığın küretajı ilə tamamlanır. Alınmış material histoloji müayinəsı aparılır, bu da endometriumun bədxassələşməsini inkar etməyə imkan verir. Poliplərin digər növlərindən fərqli olaraq, posioperasion dövrdə hormonlar təyin olunmur.
Endometriumun fibroz polipinin proqnoz və profilaktikası
Endometriumun fibroz poliplərinin proqnozu qənaətbəxşdir. Lakin şişin əsası yandırılmadan xaric edilməsi bir çox hallarda xəstəliyin residivləri ilə müşayiət olunur. Profilaktik məqsədlə qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, yanaşı gedən endokrin patologiyalar və hipertoniya xəstəliyinin vaxtında müaləsi, nizamlı cinsi həyat, invaziv müalicəvi-diaqnostik prosedurların əsaslı təyini, abortlardan imtina məsləhət görülür. Müntəzəm ginekoloji baxış və vaxtaşırı uşaqlığın ultrasəs müayinəsi neoplaziayaları vaxtında aşkar etməyə və ehtimal olunan ağırlaşmaların qarşısını almaq üçün optimal müalicə taktikasını seçməyə imkan verir.