Endometriumun vəzili hiperplaziyası

Endometriumun vəzili hiperplaziyası – endometriumun vəzi toxumasının həddindən artıq çoxalması nəticəsində onun qalınlaşması və həcminin artması ilə xarakterizə olunur. Endometriumun vəzili hiperplaziyası gur aybaşı, disfunksional anovulyator qanaxmalar, anemiya, sonsuzluqla təzahür edir. Diaqnoz USM, histeroskop, EXO-HSQ, endometriumun biopsiyası, hormonal müayinələr əsasında qoyulur. Endometriumun vəzili hiperplaziyasının müalicəsi: uşaqlıq boşluğunun qaşınması, hormonoterapiya, zərurət olduqda endometriumun rezeksiyası və ya ablasiyası aparılır.

Endometriumun vəzili hiperplaziyası barədə ümumi məlumat

Endometriumun vəzili hiperplaziyasının əsasında uşaqlığın vəzi toxumasında gedən həddindən artıq aktiv proliferativ proseslər dayanır. Endometriumun hiperplastik dəyişikliklərinin təhlükəliyi onun proqressivləşməsi və maliqnizasiya riski ilə bağlıdır. Endometriumun vəzili hiperplaziyasının vaxtında diaqnostika və müalicəsinin aktuallığı qadının reproduktiv potensialının saxlanılması və endometriumun xərçənginin profilaktikası ilə izah olunur. Diaqnoz yalnız endometriumdan götürülmüş nümunələrin histoloji müayinəsinə əsasən qoyulur.

Endometriumun vəzili hiperplaziyasının yaranma səbəbləri

Endometriumun vəzili hiperplaziyası müxtəlif yaşlı qadınlarda müəyyən risk amillərinin təsirindən yaranır, lakin əksər hallarda orqanizmdə gedən hormonal dəyişiklərlə əlaqədar keçid dövrlərində (pubertat və premenopauza) rast gəlinir.

Endometriumun vəzili hiperplaziyasının inkişafına səbəb olan cinsiyyət sisteminin fon xəstəliklərinə uşaqlığın mioması, polikistoz yumurtalıqlar sindromu, endometrioz, endometrit daxildir. Çox zaman ginekoloji əməliyyatlar, endometriumun diaqnostik qaşınması, abortlar da bu patologiyaya gətirib çıxarır. Uşaqlığın hiperplastik proseslərinin risk amillərinə anamnezdə doğuşların olmaması, hormonal kontrasepsiyadan imtina, hamiləliyin süni yolla dayandırılması, gecikmiş menopauza aiddir.

Yanaşı gedən ekstragenital xəstəliklərə şəkərli diabet, mastopatiya,  hipertoniya, piylənmə, qalxanabənzər və böyrəküstü vəzilərin, qaraciyərin xəstəliklərini misal göstərmək olar. Endometriumun vəzili hiperplaziyasının yaranmasında əsas amil hiperestrogeniya və ya progesteronun sintezinin zəifləməsi nəticəsində estrogenlərin uzunmüddətli təsiri hesab olunur.

Endometriumun vəzili hiperplaziyasının təsnifatı

Histoloji formalara əsasən endometriumun hiperplaziyasının bir neçə növləri ayırd edilir: vəzili, vəzili-kistoz, atipik (adenomatoz) və ocaqlı (endometriumun polipləri). Vəzili hiperplaziya endometriumun funksional və bazal qatlara ayrılmasının yoxa çıxması ilə xarakterizə olunur. Miometriumla endometrium arasında sərhəd dəqiq ifadə olunur, vəzilərin sayının artması qeyd olunur, lakin onların yerləşməsi qeyri-bərabər, formaları isə müxtəlif olur.  Hiperplaziyanın vəzili–kistoz formasında vəzilər kistoz-dəyişilmiş şəkil alır.

Adenomatoz (atipik hiperplaziya) üçün vəzili hiperplaziya ilə müqayisədə elementlərin daha intensiv proliferasiyası, struktur dəyişikliyi, nüvə polimorfizmi, stromal elementlərin sayının azalması xarakterikdir. Lokal hiperplaziya zamanı vəzili və xarici epitel qatın ətraf toxumlarla birgə çoxalması müşahidə olunur, bu da endometrial poliplərin (vəzili, fibroz, vəzili-fibroz) inkişafına gətirib çıxarır. Ginekologiyada atipik və polipoz hiperplaziya xərçəngönü xəstəliklər kimi qiymətləndirilir. Adenomatozun endometriumun xərçənginə keçmə təhlükəsi 10% təşkil edir. Vəzili və vəzili-kistoz hiperplaziya maliqnizasiyaya az meylli olur. Bu ehtimal endometriumun qaşınmasından və qeyri-adekvat hormonal terapiyadan sonra onların residivləşən gedişi zamanı yüksəlir.

Endometriumun vəzili hiperplaziyasının əlamətləri

Endometriumun vəzili hiperplaziyasının xarakterik əlamətlərinə patoloji uşaqlıq qanaxmaları ilə təzahür edən aybaşı funksiyasının pozulmaları aiddir. Aybaşı disfunksiyasının formaları arasında menorragiya (adi aybaşıdan qanitirmənin çoxluğu və davam etmə müddətinin uzun olması ilə fərqlənən siklik qanaxmalar) və metrorragiyalara (fərqli davam etmə müddəti və qanitirməyə malik asiklik qanaxmalar) rast gəlinir.

Endometriumun vəzili hiperplaziyası zamanı qanaxmalar aybaşının cüzi ləngiməsi və ya aybaşı arası dövrdə baş verir. Yeniyetmələrdə endometriumun vəzili hiperplaziyası zamanı yaranan yuvenil qanaxmalar laxtalarla müşahidə olunan gür xarakter daşıyır. Uzunmüddətli və gur qanaxmalar anemiya, halsızlıq, əzginlik, başgicəllənmələrinin yaranmasına səbəb olur. Endometriumun vəzili hiperplaziyası zamanı rast gəlinən anovulyator sikl sonsuzluqla müşayiət olunur.

Endometriumun vəzili hiperplaziyasının diaqnostikası

Endometriumun vəzili hiperplaziyasının əlamətləri spesifik olmadığından onun hərtərəfli və dəqiq diaqnostikası xüsusi diqqət tələb edir. Anamnezin öyrənilməsi zamanı ginekoloq irsi amillər, aybaşı siklinin xüsusiyyətləri, reproduktiv funksiyanın vəziyyəti, istifadə olunan kontrasepsiya üsulları, keçirilən ümumi və ginekoloji xəstəlikləri aydınlaşdırır.

Ümumi ginekoloji baxışdan əlavə endometriumun vəzili hiperplaziyasının diaqnostikasında transvaginal USM-dən istifadə olunur. USM vasitəsilə endometriumun qalınlığı, polipoz törəmələrin olması təyin edilir.  USM-skrininq zamanı endometriumun aspirasion biopsiyası və ya diaqnostik qaşınması üsullarının aparılması ilə endometriumun vəzili hiperplaziyasının histoloji təsdqiqinə ehtiyacı olan qadınlar aşkarlanır.

Diaqnostik qaşınma aybaşıdan bir qədər əvvəl və ya onun başlanmasından dərhal sonra histeroskopun vizual nəzarəti altında icra edilir. Histeroskopiya adekvat küretajın aparılmasını və patoloji dəyişilmiş endometriumun tam çıxarılmasını təmin edir. Endometriumun sıyrıntıları histoloji müayinə olunur, hiperplaziyanın tipi təyin olunur, morfoloji diaqnoz qoyulur. Endometriumun vəzili hiperplaziyası zamanı trasnsvaginal USM-in informativliyi 68,6% təşkil etdiyi halda, diaqnostik histeroskopiya üçün bu göstərici 94,5%-ə bərabərdir.

Endometriumun vəzili hiperplaziyası zamanı progesteron və estrogenlərin, zərurət olduqda isə böyrəküstü və qalxanabənzər vəzi hormonlarının səviyyəsi müəyyənləşdirilir. Köməkçi üsullardan histeroqrafiya və ya radioizotop skanlama tətbiq oluna bilər. Patologiya uşaqlıqdan kənar hamiləlik, trofoblastik xəstəlik, uşaqlıq boynunun eroziya və polipləri, uşaqlıq cisminin xərçəngi, uşaqlığın mioması ilə differensiasiya edilir.

Endometriumun vəzili hiperplaziyasının müalicəsi

Uşaqlıq boşluğunun diaqnostik qaşınması endometriumun vəzili hiperplaziyasının müalicəsində ilkin mərhələ sayılır. Sonradan histologiyanın nəticələrinə əsasən endometriumun proliferasiyasının zəifləməsinə və hormonal disbalansın aradan qaldırılmasına yönəldilmiş hormonoterapiyanın sxemi təyin olunur.

Endometriumun vəzili hiperplaziyası zamanı KOK (Yarina, Janin, Requlon), gestagenlər (Urojestan, Düfaston) 3-6 ay müddətində təyin edilə bilər. Endometriumun vəzili hiperplaziyasının müalicəsində istifadə olunan endometriuma yerli müalicəvi təsir göstərən gestagen tərkibli uşaqlıqdaxili spiral «Mirena» yaxşı nəticələr göstərir. Bundan əlavə yaşı 35-dən yuxarı və perimenopauzal dövrdə olan qadınlarda qonadotropin rilizinq hormonun aqonistlərinin qəbulu effektiv sayılır. Bu preparatlar müvəqqəti, geri dönən süni klimaks və amenoreya hallarınına yaranmasına səbəb olur.

Hormonal müalicə ilə yanaşı vitaminoterapiya, anemiyanın korreksiyası, iynərefleksoterapiya, fizioterapiya (elektrofarez) təyin olunur. Müalicə prosesində 3 və 6 aydan sonra USM-nəzarət, müalicə kursu bitdikdə isə endometriumun təkrar biopsiyası aparılır. Ovulyator siklin stimulyasiyası məqsədilə gələcəkdə ovulyasiyanın stimulyatorlarından istifadə olunur.

Hormonoterapiya fonunda endometriumun vəzili hiperplaziyasının residivləri müşahidə olunduqda reproduktiv potensialı qorumaq istəyən qadınlarda histeroskopun nəzarəti altında lazer və elektrocərrahi üsullar vasitəsilə endometriumun ablasiyası və ya rezeksiyası aparılır. Endometrioz, uşaqığın mioması ilə ağırlaşmış endometriumun vəzili hiperplaziyası zamanı, eləcə də klimaks dövründə seçim əməliyyat olaraq uşaqlığın çıxarılması: uşaqlıq yolu üstü amputasiya, histerektomiya və ya panhisterektomiya icra edilə bilər.

Endometriumun vəzili hiperplaziyasının profilaktikası

Endometriumun vəzili hiperplaziyasının müalicə kursu bitdikdən sonra onu residivlərinin və endometriumun xərçənginin profilaktikası xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək, ginekoloq-endokrinoloqun konsultasiyası və düzgün kontrasepsiyanın seçimi, hamiləliyin planlaşdırılması və aparılmasının təcrübəli mütəxəssislərə həvalə olunması məsləhət görülür.

Qadının vaxtında həkimə müraciət etməsi və onun təyinatlarını yerinə yetirməsi endometriumun vəzili hiperplaziyasının proqnozuna əhəmiyyətli dərəcədə təsir edir.

error: Content is protected !!