Entropion

Entropion – göz qapağının daxilə çevrilməsidir. Bu zaman kirpiklər göz almasına tərəf yönəldiyindən konyunktiva və buynuz qişanın zədələnir. Xəstəliyin klinik əlamətlərinə yad cisim hissi, gözlərin yaşarması, fotofobiya və ağrı hissi aiddir. Gözləri qırpdıqda və ya bağladıqda ağrı hissi daha da güclənir. Diaqnoz anamnestik məlumatlar, obyektiv müayinə, vizometriya və biomikroskopiyanın nəticələri əsasında qoyulur. Spesifik müalicə blefaroplastikadan ibarətdir. Konservativ terapiya – süni göz yaşı preparatları, konyunktiva və buynuz qişanı nəmləndirən gellər, məlhəmlərin tətbiqi yalnız erkən mərhələlərdə effektiv sayılır.

Entropion barədə ümumi məlumat

Entropion adətən aşağı göz qapağında müşahidə edilir. Xəstəlik yaşlı şəxslər arasında geniş yayılmışdır. Anadangəlmə formaya Larsen sindromu zamanı digər genetik anomaliyalarla birgə və ya anadangəlmə mikroftalmiya fonunda rast gəlinir. Patologiya nadir hallarda görmə itiliyinin total zəifləməsinə və pasiyentin əlilliyinə gətirib çıxarsa da, diskomfort və ifadəli kosmetik defektin yaranmasına səbəb olur. Entropion Layell və Stivens-Conson sindromlarından əziyyət çəkən xəstələrdə də qeydə alınır.

Entropionun yaranma səbəbləri

Yaşlılarda entropionun başlıca səbəbi əzələ və birləşdirici toxumanın involyusion degenerasiyasıdır. 60 yaşdan sonra orbital piy intensiv şəkildə toplanmağa başlayır, dəri isə öz elastikliyini itirir. Bununla əlaqədar gözlərin adi qırpılması göz qapaqlarının anomal vəziyyətinə gətirib çıxara bilər. Anadangəlmə entropionun inkişafı gözün dairəvi əzələsinin spasitik yığılması və ya qığırdağın deformasiyası ilə bağlı olur. Dairəvi əzələnin spazmı nəticəsində kirpik kənarı göz almasına tərəf yerini dəyişir. Horizontal deformasiyaya Riolan kələfinin spazmı səbəb olur. Normada bu anatomik struktura yüksək tonusu sayəsində göz qapağının sıx yerləşməsini təmin edir. Onun spastik yığılması entropionun yaranmasına təkan verir. Kirpik əzələsinin anomal hipertonusuna əsasən erkən uşaqlıq dövründə təsadüf edilir. Anadangəlmə entropion Larsen sindromunun digər əlamətləri (hipertelorizm, çoxsaylı çıxıqlar, skeletin quruluşunun pozulması) ilə müştərək şəkildə aşkarlanır. Dizembriogenezin beşdən artıq stiqması xəstəliyin genetik mənşəli olmasına dəlalət edir. Göz qapağı həmçinin mikrooftalm zamanı daxilə çevrilə bilər.

Qazanılmış entropion toksiki epidermal nekroliz və ya bədxassəli eksudativ eritema fonunda inkişaf edir. Onlar əksər hallarda dərman preparatlarına qarşı hiperhəssaslığın təzahürü kimi meydana çıxır. Xroniki konyunktivit Riolan əzələ lifinin periodik zədələnməsinin və onun spastik yığılmalarının səbəblərindən sayılır. İfadəli spazm qığırdağın göz almasına doğru çevrilməsinə gətirib çıxarır. Bundan əlavə entropionun etioloji amilləri sırasında göz qapaqlarının çapıqları, kimyəvi və ya termiki yanıqlar, gözün mexaniki travması nəticəsində konyunktivanın zədələnməsi qeyd olunur.

Entropionun əlamətləri

Entropionun çapıqlı, involyusion (spastik, atonik) və anadangəlmə formaları ayırd edilir. Patologiyanın gediş xüsusiyyətləri onun tipindən asılıdır. Kirpiklərin qıcıqlandırıcı təsiri bütün əlamətlərin təkanverici faktoru hesab olunur. Kirpik kənarının konyunktiva ilə təması ödem, hiperemiya və mikroskopik zədələnmələr törədir. Əksər pasiyentlərdə gözdə yad cismin olması hissi yaranır. Entropionun digər erkən əlaməti gözlərin yaşarmasıdır. Bu simptom həm kirpiklərin mexaniki təsiri, həm də göz yaşı mayesinin normal axınının pozulması ilə əlaqədar inkişaf edir. İşıqdan qorxma buynuz qişanın zədələnməsindən xəbər verir.

Çapıqlı entropion zamanı anamnezdə travmatik zədələnmələr və ya yanıqlar, bəzən isə konyunktivitə rast gəlinir. Bu faktorlar konyunktiva ilə göz qapağı arasında çapıqların formalaşmasına səbəb olur. Xəstəlik tədricən inkişaf edir. Adətən göz qapağı qövs şəklini alır, kirpik kənarı isə daxilə çevrilərək, gözü daim zədələyir. Klinik təzahürlərin ifadə dərəcəsi çapığın ölçüsündən və onun yerləşdiyi hissədən asılıdır. Hətta kiçik ölçülü defektlər də ifadəli diskomfort törədir.

İnvolyusion entropionun digər formalardan əsas fərqləndirici cəhəti çapıq bitişmələrinin olmamasıdır. Spastik entropionun erkən dövrlərində pasiyentlər kirpik kənarını sərbəst şəkildə əvvəlki vəziyyətinə qaytara bilirlər. Patologiyanın uzunmüddətli gedişi göz qapağının qığırdağı nahiyəsində dairəvi əzələnin qalınlaşmasına gətirib çıxarır. Atonik entropion yuxarı göz qapağının göz almasına doğru istiqamətlənməsi, aşağı göz qapağının isə önə çıxması ilə xarakterizə olunur. Xəstəlik klinik cəhətdən trixiazı xatırladır.

Stivens-Jonson və Layell sindromlarında entropion ifadəli blefarospazm və fotofobiya ilə müşayiət edilir. Simptomatika göz qapaqlarının epidermisinin displaziyası ilə əlaqədar meydana çıxır. Ağır formalarda bulbar və palpebral konyunktivanın çapıq bitişmələri, göz yaşı nöqtələrinin tamamən tutulması müşahidə edilir. Entropionun proqressivləşməsi ikincili xroniki konyunktivitlə nəticələnir. Buynuz qişa zədələndikdə keratopatiya, nöqtəvi eroviz defektlər əmələ gəlir. Müalicə aparılmadıqda minimal distrofik dəyişikliklər xoralı keratit və belmo ilə əvəz olunur. Yeni qan damarlarının buynuz qişaya nüfuz etməsi görmə itiliyinin zəifləməsinə səbəb olur.

Entropionun diaqnostikası

Entropionun diaqnostikası anamnestik məlumatlara, obyektiv baxış, vizometriya və biomikroskopiyanın nəticələrinə əsaslanır.  Anamnezdə travma, göz qapaqlarının yanığı və ya dərman preparatlarına qarşı hiperhəssaslığa rast gəlinir. Bəzən göz qapaqlarının anomal vəziyyətinə irsi meyllik aşkarlanır. Xarici baxış zamanı göz qapağının daxilə çevrilməsi, konyunktivanın hiperemiya və ödemi, gözlərin yaşarması nəzərə çarpır. Gözətrafı nahiyənin dərisi qızartılı olur.

Gözün biomikroskopiyasında buynuz qişanın eroziv defektləri, bulbar konyunktivanın zədələnməsi, bulbar və palpebral hissələrin bitişməsi müəyyən edilir. Defektlərin daha aydın vizualizasiyası üçün fluoresseinlə biomikroskopiyanın aparılması məsləhət görülür. Göz yaşı təbəqəsinin qeyri-stabilliyi Norn sınağı ilə təsdiqlənir. Vizometriyanın köməyilə görmə itiliyi təyin edilir. Bu göstərici yalnız yeni damarların intensiv şəkildə inkişafı və entropionun buynuz qişanın bulanması (belmo) ilə ağırlaşması zamanı zəifləyir.

Entropionun müalicəsi

Spesifik müalicə blefaroplastika ilə yerinə yetirilir. İntraoperasion ağırlaşmaların qarşısını almaq üçün  əməliyyatdan əvvəl xüsusi leykoplastır sarğılardan istifadə edilir. Xəstəliyin erkən mərhələlərində kirpik kənarın altındakı dəri örtüyündən tarzal lövhənin aşağı hissələrinə qədər П-şəkilli tikişin qoyulması məsləhət görülür. Bu tədbirlər göz qapağının düzgün anatomik vəziyyətini təmin edir.  Effekt 3-4 ay müddətində saxlanılır. Spastik entropion zamanı pretarzal nahiyədə gözün dairəvi əzələsinin müəyyən bir hissəsində kəsik aparılır və ya Riolan əzələ lifi tamamən kəsilir. Atonik formada tarzal lövhənin üçkünc hissəsi onun yaxınlığında olan əzələ qatı və dəri örtükləri ilə birgə aradan qaldırılır. Bu üsulla göz qapağı horizontal vəziyyətdə fiksasiya olunur.

Çapıqlı entropion zamanı göz qapağının arxa qabırğası və ya qabırğaarası sahəyə selikli qişa köçürülür (Sapejko metodu). Uis üsulu az effektiv sayılır. Çünki bu əməliyyat əksər hallarda keloid çapıqların təkrar formalaşmasına gətirib çıxarır. Travma və ya yanıqlardan sonra əmələ gələn entropionu müalicə etmək üçün göz qapağının arxa lövhəsinin rekonstruksiyası, dodağın selikli qişasının zədələnmiş nahiyəyə köcürülməsi tələb olunur. Bu texnikadan həmçinin Layell və Stivens-Conson sindromlarında istifadə edilir.

Konservativ müalicə suni göz yaşı preparatları, dekspantenol tərkibli gellər və göz məlhəmlərin köməyilə aparılır. Tiamen məlhəmi antibakterial vasitələrlə növbələnir. Spastik entropionun erkən mərhələlərində topik anestetiklərin instillyasiyaları məsləhət görülür. Medikamentoz terapiya göz qapaqlarının üzvi patologiyasını aradan qaldırmır, onun vasitəsilə yalnız ilkin əlamətlər zəiflədilir.

Entropionun proqnoz və profilaktikası

Müalicə gecikdirilmədikdə həyat və əmək qabiliyyəti üçün proqnoz qənaətbəxş olur. Buynuz qişanın geridönməyən dəyişiklikləri (belmo və s.) görmə itiliyinin zəifləməsinə gətirib çıxarır. Toksiki epidermal nekroliz və ya bədxassəli eksudativ eritema fonunda formalaşan entropion zamanı proqnoz şübhəli olur.

Spesifik profilaktika işlənilib hazırlanmamışdır. Patologiyanın proqressivləşməsinin qarşısını almaq üçün göz qapaqlarının gigiyenasına riayət edilməli, onlar konyunktiva və buynuz qişa ilə birgə nəmləndirilməlidir. Xəstəliyin erkən mərhələlərində ildə 2 dəfə oftalmoloqun qəbulunda olmaq lazımdır. Oftalmoloji müayinənin vacib mərhələsi gözün biomikroskopiyasının aparılmasından ibarətdir.

error: Content is protected !!