Faringit
Faringit – udlağın arxa divarının selikli qişasında gedən kəskin və ya xroniki xarakterli iltihabi prosesdir. Əksərən tonzillitlə birgə inkişaf edir. Faringitin klinik əlamətlərinə boğazda qıcıqlanma, yad cisim hissi, quru öskürək və qızdırma aiddir. Patologiya çox zaman tam sağalma ilə nəticələnir. Lakin kəskin faringit xroniki formaya da keçə bilər. Az hallarda təhlükəli ağırlaşmalar: ürək və oynaqların revmatik zədələnməsi baş verir.
Faringitin yaranma səbəbləri
Xəstəlik adətən virus və ya bakteriya mənşəli olur. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Törədici rolunda adenovirus, paraqrip virusu, rinovirus, koronovirus və ya sitomeqalovirus iştirak edə bilər. Bakterial faringitə adətən streptokokklar səbəb olur. Bir sıra hallarda (uzunmüddətli antibiotikoterapiyadan və ya immunitetin zəifləməsindən sonra) göbələk etiologiyalı faringit aşkarlanır.
Bəzən faringit allergiya, travma (cərrahi müdaxilə zamanı və ya udlağa yad cisim düşdükdə) və yaxud zədələyici amillərin (şüalanma, qələvi, turşu, buxar və ya qaynar maye) təsiri nəticəsində inkişaf edir. Soyuqdəymə, immun statusun pozulması, ağır xroniki xəstəliklər, çirkli hava, siqaret və spirtli içkilərdən sui-istifadə faringitin yaranma ehtimalını artırır.
Diafraqmanın qida borusu dəliyinin yırtığı və qastroezofageal reflükslə əlaqədar mədə möhtəviyyatının udlağa qayıtması xroniki faringitə gətirib çıxarır. Xroniki faringitə həmçinin burun boşluğu və paranazal ciblərdə gedən iltihabi proseslər (rinit, sinusit) səbəb ola bilər. Belə vəziyyətlərdə xəstəlik yalnız ağızla tənəffüs nəticəsində deyil, həm də burun boşluğundan udlağa axan damardaraldıcı damcıların təsirindən formalaşır.
Faringitin təsnifatı
Faringit kəskin və ya xroniki formalara bölünür. Kəskin faringit adətən diffuz xarakterli olub, udlağın bütün şöbələrini əhatə edir. Xroniki faringit isə daha aydın lokalizasiyaya malik olur, udlağın yuxarı, orta və ya aşağı hissələrini zədələyir.
Patoloji prosesin xarakterindən asılı olaraq, xroniki faringitin hipertrofik, atrofik və kataral formaları ayırd edilir.
Faringitin əlamətləri
Kəskin faringitin əlamətləri
Kəskin faringit nadir hallarda izoləolunmuş formada gedir. Xəstəlik bir qayda olaraq, yuxarı tənəffüs yollarının xəstəlikləri fonunda inkişaf edir. İzoləolunmuş kəskin faringit qıcıqlandırıcı amillərin (soyuq və isti qidalar, siqaret, spirtli içkilər, aşağı temperaturlu havada ağızla nəfəsalma) bilavasitə udlağın selikli qişasına təsirindən yaranır.
Xəstələr boğazda qıcıqlanma və qaşınmadan, udqunma zamanı ağrının yaranmasından şikayət edirlər. Adətən ümumi vəziyyət pozulmur. Bədən temperaturu subfebril həddə qədər yüksələ bilər.
Farinqoskopiyada udlağın selikli qişasının hiperemiyası aşkarlanır. Qızartı damaq badamcıqlarına yayılır. Dilçək ödemli olur. Udlaqda selikli-irinli ərp müşahidə edilir. Bəzi pasiyentlərdə boynun yuxarı hissəsində limfa düyünləri böyüyür.
2 yaşdan kiçik uşaqlarda kəskin faringit ağır gedişə malik olur. İltihabi proses burun boşluğu və burun-udlağa keçir. Burun tənəffüsü pozulur. Hərarət febril rəqəmlərə qədər yüksəlməsi mümkündür.
Xroniki faringitin əlamətləri
Xroniki atrofik faringitdən əziyyət çəkən xəstələri boğazda quruluq və göynəmə narahat edir. Quru öskürək meydana çıxa bilər. Farinqoskopiyada udlağın selikli qişanın solğun, nazilmiş, parlaq şəkil alması, bəzi yerlərdə selik və qabıqla örtülməsi izlənilir.
Kataral və hipertrofik formalarda xəstələr boğazda qaşınma, yanğı, yad cisim hissindən şikayət edirlər. Udqunma prosesi ağrılı olur. Udlaqda daim qatı selik toplandığından davamlı öskürək yaranır. Öskürək səhər saatlarında güclənir, bəzən ürəkbulanma və qusma ilə müşayiət olunur.
Kataral faringit zamanı farinqoskopiyada udlağın, dilçək və yumşaq damağın selikli qişasının diffuz qızarması və qalınlaşması müəyyən edilir. Udlaq hissəvi olaraq, qatı selik və ya selikli-irinli möhtəviyyatla örtülür. Bir qrup follikullar böyüyür.
Hipertrofik faringit üçün daha ifadəli dəyişikliklər xarakterikdir. Qranulyoz hipertrofik faringitdə udlağın arxa divarımda limfoid toxumanın artması müşahidə edilir. Yan hipertrofik faringitdə isə arxa damaq qövslərindən dalda limfoid toxumanın hiperplaziyasına rast gəlinir.
Faringitin ağırlaşmaları
Kəskin (adətən streptokokk mənşəli) faringit zamanı paratonzilyar abses əmələ gələ bilər. Bəzən iltihab qonşu orqanlara yayılaraq, laringit və traxeitin inkişafına səbəb olur.
A qrupundan olan beta-hemolitik streptokokkların törətdiyi kəskin faringit kəskin oynaq revmatizmində təkanverici xəstəlik rolunu oynaya bilər.
Faringitin diaqnostikası
Diaqnoz otolarinqoloq tərəfindən xarakterik əlamətlər və farinqoskopiyanın nəticəsi əsasında qoyulur. Törədicinin növünü təyin etmək üçün ehtiyac yarandıqda udlaqdan götürülmüş yaxmanın virusoloji və ya bakterioloji müayinəsi aparılır.
Faringitin müalicəsi
İlk növbədə udlaqda iltihab yaradan amillər aradan qaldırılmalıdır. Pasiyentlərə qıcıqlandırıcı qidalardan (duzlu, kəskin, turş, soyuq və ya isti), siqaret və spirtli içkilərdən imtina etmək məsləhət görülür. Bəzən bakterial faringitlərdə antibiotikoterapiya icra olunur.
Yerli müalicə hər 30-60 dəqiqədən bir boğazın ilıq antiseptik məhlulları ilə yaxalanmasından ibarətdir. Yağ preparatları və qələvi məhlullarla inhalyasiyalar, iltihabəleyhinə aerozolların istifadəsi göstəriş sayılır.
Xroniki hipertrofik faringit zamanı qranulalar üçxlorsirkə turşusu və ya gümüş nitrat məhlulu ilə yandırılır. İfadəli hipertrofiya zamanı krioterapiya, udlaq qranulalarının lazer koaqulyasiyası və ya radiodalğa terapiyası tətbiq edilir.