Hiperferritinemiya

Hiperferritinemiya- qanda ferritinin konsentrasiyasının kişilərdə 250mkq/l, qadınlarda isə 120 mkq/l-dən yuxarı olmasıdır. Patologiyaya səbəb dəmirlə yüklənmə, infeksion və qeyri-infeksion mənşəli iltihabi proseslər, bədxassəli törəmələr və s.-dir. Ferritinin səviyyəsi venoz qanda biokimyəvi yolla təyin olunur. Hiperferritinemiyanın korreksiyası səbəb olan xəstəliyin müalicəsi hesabına aparılır.

Hiperferritinemiyanın səbəbləri

İnfeksion xəstəliklər

Ferritin, CRP -lə birlikdə kəskin faza zülalıdır. İltihabi reaksiyaya cavab olaraq onun konsentrasiyası artır. Lakin, bir çox müasir eksperiment nəticələri göstərir ki, ferritin sadəcə iltihabi reaksiyanın kəskin fazasını əks etdirmir, həm də iltihabda əhəmiyyətli rol oynayır, immunosupressiv təsir göstərir. Hiperferritinemiya müxtəlif infeksion xəstəliklərin (sepsis, hemorragik qızdırma) ağır gedişinin markeri kimi qəbul edilir, aşkarlanması qeyri-qənaətbəxş nəticələrlə əlaqələndirilir.

Hiperferritinemiya yeni koronavirus infeksiyası (COVİD-19) xəstələrində xüsusi əhəmiyyət kəsb edir. Koronavirus infeksiyası keçirilmiş şəxslərin 38%-də hiperferritinemiya 2 ayadək müşahidə olunur.

Autoimmun xəstəliklər

Ferritinin səviyyəsinin artması qeyri-infeksion xarakterli iltihabi proseslər zamanı da artır. Böyüklərdə Still xəstəliyi zamanı hiperferritinemiya xəstələrin 99%-də müşahidə olunur, qanda ferritinin səviyyəsi 28000 mkq/l-dək artır. Digər revmatoloji patologiyalar zamanı hiperferritinemiya daha az rast gəlinir: revmatoid artritdə- 4%, sistemli qırmızı qur eşənəyində -23%, antifosfolipid sindromda -9%.

Ferritinin konsentrasiyası “oynaqdankənar” sistem kliniki təzahürlərlə (dəri səpkiləri, ağciyərlərin zədələnməsi, seroz qişaların iltihabı) korrelyasiya edir. Antifosfolipid sindrom xəstələrində hiperferritinemiya və arterial və venoz trombozların tezliyi arasında əlaqə mövcuddur. Spesifik iltihabəleyhinə terapiya zamanı ferritininin miqdarı referans dəyərlərinə tədricən qayıdır.

Dəmirlə yüklənmə

Ferritinin səviyyəsinin artmasına dəmirlə yüklənmə sindromu (DYS) səbəb ola bilər. Bu sindrom dəmir ionlarının orqanizmdə normadan çox toplanmasına səbəb olan müxtəlif xəstəlik və patoloji vəziyyətləri özündə birləşdirir. Qan plazmasında sərbəst dəmir ionlarının konsentrasiyasının artmasına cavab olaraq dəmir deposu rolunu oynayan zülalın- ferritininin səviyyəsi kompensator olaraq yüksəlir. Qeyd etmək lazımdır ki, bütün hiperferritinemiyaların cəmi 10%-i dəmirlə yüklənmə səbəbindən meydana çıxır. DYS-nun səbəbləri aşağıdakılardır:

  • İrsi hemoxromatoz. Bu zaman genetik mutasiya nəticəsində dəmir mübadiləsini tənzimləyən xüsusi zülalın- hepsidinin sintezi pozulur. Bu zülalın çatışmazlığı nəticəsində dəmirin defisiti haqqında yalançı siqnal ötürən kaskad reaksiyalar işə düşür və nazik bağırsaqdan dəmirin absorbsiyası sürətlənir.
  • Qaraciyər xəstəlikləri. Hepsidin hepatositlərdə sintez olunur. Xroniki virus hepatitləri, piy hepatozu, qaraciyər sirrozu zamanı hepatositlərin məhvi və nəticə olaraq hepsidin sintezi zəifləyir.
  • Alkoqolizm. Alkoqoldan uzun müddət süni istifadə qaraciyərin zədələnməsi (alkoqol hepatiti), eləcə də etalonun bağırsaqdan dəmirin sorulmasının birbaşa stimulyasiyası hesabına orqanizmdə Fe miqdarı artır.
  • Dəmir preparatlarının qəbulu. Peroral qəbul olunan dəmir preparatları ilə doza artıqlığı nadir rast gəlinən haldır. Fe-in parenteral qəbulu zamanı diqqət etmək lazımdır.
  • Hemolitik anemiyalar. Eritrositlərin massiv və residivləşən parçalanması (hemoliz) qana külli miqdarda sərbəst dəmirin xaric olmasına səbəb olur.
  • Hemotransfuziya. DYS daimi qan və ya eritrositar kütlə köçürülməsi tələb olunan xəstəliklər- hemorragik diatez, kəskin leykoz, oraqvari-hüceyrə anemiyalı xəstələrdə tez-tez rast gəlinən əlamətlərdəndir.

Nadir səbəblər

  • Sideroblast anemiyalar.
  • Qeyri-effektiv eritropoez.
  • Bədxassəli törəmələr: mədə, süd vəzi, qaraciyər xərçəngi.
  • Onkohematoloji xəstəliklər: limfoqranulematoz.
  • İkincili hematofaqositar sindrom.
  • Makrofaqların aktivləşmə sindromu.
  • Ailəvi limfohistiositoz.
  • Talassemiya.
  • Katarakta ilə müşayiət olunan irsi hiperferritinemiya: ferritinin L-zəncirini kodlayan genin mutasiyasıilə əlaqədar yaranan xəstəlik.

Hiperferritinemiyanın diaqnostikası

Qanın ferritinə görə müayinə nəticələrini qiymətləndirərkən onun orqanizmdə 2 əsas funksiyanı- dəmirin depolaşması və iltihabi reaksiyalarda iştirakını nəzərə almaq lazımdır. Buna görə, iltihabi prosesə bağlı hiperferritinemiya bəzən dəmirin həqiqi defisitini maskalaya və analiz nəticələrinin qeyri-düzgün qiymətləndirilməsinə səbəb ola bilər.

Mütəxəssislər infeksion və iltihabi xəstəlikləri olan pasiyentlərdə dəmirin defisitini təyin etmək üçün ferritininin dəyərlərinin xüsusi koeffisientini istifadə etməyi məsləhət görürlər. Böyüklər üçün bu rəqəm 70 mkq/l-dən aşağı olduğu halda, belə patologiya müşahidə olunmayan xəstələrdə 10-15 mkq/-dən aşağıdır.

Hiperferritunemiya aşkarlanmış xəstə diaqnozun dəqiqləşdirilməsi üçün həkim-terapevtə müraciət etməlidir. COVİD-19-a şübhə olarsa mütləq pulsoksimetriya aparılmalıdır. Anamnez toplanarkən pasiyentin dəmir preparatları və hansı formalarıni qəbul etməsi, alkoqol qəbulunu hansı aralıqlarla qəbul etməsi dəqiqləşdirilir. Xəstəyə baxış zamanı həkim hipertrofiyaya səbəb olan bu və ya digər xəstəliyi aşkar edə bilər.

Məsələn, ağır infeksion xəstəliklər üçün infeksion-toksiki şok ələmətləri- yüksək hərarət, tənəffüsün çətinləşməsi, aşağı arterial təzyiq, ürək vurğularının tezləşməsi xarakterikdir. Revmatoloji xəstəliklərin tipik əlamətlərinə oynaqlarda ağrı, hərəkətin məhdudlaşması aiddir. Hemoxromatozlu xəstələrdə dəri qəhvəyi-bürünc rəng alır. Həmçinin aşağıdakı müayinələr tələb olunur:

  • Qanın ümumi analizi. İltihab markerləri olaraq leykositlərin səviyyəsinə və eritrositlərin çökmə sürətinə diqqət edilir. Leykositar formulanın dəyişməsinə (neytrofilyoz, limfositoz, çubuqnüvəli neytrofillərin olması) əsasən infeksiyanın bakterial və ya virus etiologiyalı olmasını müəyyən etmək olar. Bəzi revmatoloji xəstəliklər, məsələn, sistem qırmızı qurd eşənəyi zamanı eritrositlərin və trombositlərin səviyyəsinin azalması müşahidə olunur.
  • Qanın biokimyəvi analizi. İltihabi prosesi qiymətləndirmək üçün CRP və alfa-1-turş qlükoprotein nəticələrinə baxılır. Müxtəlif etiologiyalı hepatitlər zamanı ALt, ASt, ümumi və düz bilirubinin səviyyəsinin artması müşahidə olunur. Sepsis zamanı prokalsitoninin və presepsinin yüksək səviyyəsi aşkarlanır. Alkoqoldan xroniki istifadənin laborator markeri karbohidratdefisitli transferrinin konsentrasiyasının artmasıdır.
  • Sidiyin ümumi analizi. Autoimmun xəstəliklər çox vaxt böyrəklərin zədələnməsi ilə yanaşı keçir. Proteinuriya daha xarakterik əlamət hesab olunur, bəzən limfosituriya da müşahidə oluna bilər.
  • Törədicinin identifikasiyası. COVİD-19-un qanda PZR və İFA (İgM və İgA) müayinəsi üçün yaxma əsnəkdən və burundan götürülür. Septik vəziyyətə şübhə olarsa qanın sterilliyə görə müayinəsi aparılır.
  • Autoimmun patologiyanın diaqnostikası. Müxtəlif antitellərin təyini üçün müayinələr aparılır. Revmatoid artrit üçün spesifik marker rolunu siklik sitrullin peptidi (SSPa) antiteli, sistem qırmızı qurd eşənəyi üçün neytrofillərin və ikispirallı DNT sitoplazmasının antitelləri, antifosfolipid sindrom üçün isə kardiolipin və qlikoproteinə qarşı antitellər oynayır.
  • Sistem hemostazının qiymətləndirilməsi. Antifosfolipid sindromlu xəstələrdə hiperkoqulyasiya, tromboza meyillik əlamətlərini aşkar etmək üçün mütləq standart koaquloqramma (PTİ, İNR, APPT), tromboelastoqrafiya müayinələri aparılır.
  • Dəmir metabolizminin müayinəsi. DYS zamanı plazma dəmirinin səviyyəsinin artması, plazmanın dəmirbirləşdirmə qabiliyyəti və transferrinin yüksək saturasiya faizi (>45%) müşahidə olunur. Desferal sınağı dəmirin sidiklə yüksək ekskresiyasını göstərir.
  • Genetik müayinə. İrsi hemoxromatoz xəstələrində 6-cı xromosomda HFE geninin mutasiyası (H63D və C282Y) aşkarlanır. Katarakta ilə keçən irsi hiperferritinemiya üçün 19-cu xromosomun q13.3-q13.4 hissəsində L-ferritin geninin mutasiyası xarakterikdir.
  • İnstrumental müayinələr. Hepatit xəstələrində qaraciyərin vəziyyətini qiymətləndirmək üçün qarın boşluğu orqanlarının KT müayinəsi və fibroelastometriya müayinəsi aparılır.

Hiperferritinemiyanın müalicəsi

Konservativ terapiya

Ferritinin səviyyəsinin birbaşa azldılması yolu mövcud deyildir. Onun səviyyəsini korreksiya edə bilmək üçün hiperferritinemiyaya səbəb olan faktora təsir etmək lazımdır. Dəmir preparatları ilə doza artıqlığı zamanı preparatın qəbulunu dayandırmaq lazımdır. Alkoqol hepatiti zamanı spirtli içkilərin qəbulu qəti qadağan olunmalıdır. Hemoxromatoz zamanı rasionda yüksək miqdarda dəmir olan qidaların (ət, qarabaşaq və s) qəbulunu mümkün qədər məhdudlaşdırmaq lazımdır. Müalicə üsullarına aşağıdakılar daxildir:

  • İnfeksiya ilə mübarizə. Septiki vəziyyətlərin müalicəsi məqsədilə 2 qrup geniş spektrli antibiotiklər (sefalosporinlər, flüorxinolonlar, aminoqlikozidlər) təyin olunur. Virus hepatitləri (B,C,D) zamanı əks transkriptaza inhibitorları, nukleozidlərin analoqları və interferon preparatlarından istifadə olunur.
  • Oksigenoterapiya. Koronavirus xəstələrində qanda oksigenlə doyma səviyyəsinin aşağı olduğu hallarda maska və ya nazal kanyula vasitəsilə oksigen inhalyasiyası göstərişdir. Saturasiyanın 90%-dən aşağı olduğu hallarda traxeyanın intubasiyası və İVL aparatına qoşulma tələb olunur.
  • İltihabəleyhinə müalicə. Aktiv iltihabın zəiflədilməsi və autoimmun xəstəliklərin remissiyasını əldə etmək üçün qlükokortikoidlər, malyariyaəleyhinə vasitələr, sitostatiklər təyin olunur. Aşkar kəskinləşmələr zamanı qısa kurslarla hormonlarla puls-terapiyadan istifadə edilir. Koronavirus infeksiyasının ağır gedişi zamanı sitokin həmləsilə mübarizə məqsədilə gen mühəndisliyi yolu ilə əldə olunmuş bioloji preparatlar (monoklonal antitellər) təyin olunur.
  • Antikoaqulyant terapiya. Antifosfolipid sindromlu xəstələrdə trombozun qarşısını almaq məqsədilə antikoaqulyantlar (kiçikmolekullu heparin, K vitamininin antaqonistləri, trombin inhibitorları) və antiaqreqantlar (siklooksigenaza inhibitorları və trombosit reseptorlarının blokatorları) təyin olunur.
  • İzavi dəmirlə mübarizə. DYS-li pasiyentlərdə artıq dəmirin azaldılması üçün requlyar qanburaxma daha effektiv üsul sayılır. Bu prosedur seansları ferritinin səviyyəsinin 50mkq/l-dən aşağı rəqəmlərə və transferrinlə doyma dərəcəsinin 50%-dən aşağı düşürülməsinədək davam etdirilir. Qanın buraxılması ilə paralel və ya ona hər hansı əks göstəriş olduğu hallarda dəmir ionları ilə birləşən və onları orqanizmdən xaric edən xelatlaşdırıcı preparatlar təyin olunur.

Cərrahi müalicə

Hiperferritinemiyanın çox nadir hallarında operativ müdaxiləyə ehtiyac duyulur. Hemoxromatoz və ya revmatoloji xəstəliklər zamanı hərəkəti əhəmiyyətli dərəcədə məhdudlaşdıran aşkar ifadəolunmuş artropatiya zamanı oynaqların endoprotezi tələb oluna bilər. Qaraciyər sirrozu zamanı pasiyentin ömrünü uzatmağın yeganə yolu qaraciyər transplantasiyasıdır. Bədxassəli törəmələr cərrahi yolla xaric olunmalıdır.

error: Content is protected !!