Fetoplasentar çatışmazlıq
Fetoplasentar çatışmazlıq – döl və ciftin müxtəlif ekstragenital və ginekoloji patologiyalar, eləcə də hamiləlik ağırlaşmaları nəticəsində yaranan morfofunksional dəyişikliklər kompleksidir. Fetoplasentar çatışmazlıq hamiləliyin pozulma təhlükəsi, hipoksiya və dölün inkişafının ləngiməsi və s. ilə müşayiət oluna bilər. Diaqnoz USM, KTQ, uşaqlıq-cift qan dövranının dopplerometriyasının nəticələrinə əsasən qoyulur. Fetoplasentar çatışmazlığın müalicəsi əsas xəstəliyin terapiyasını; döl-uşaqlıq qan dövranının yaxşılaşmasına yönəldilmiş medikamentoz kursların aparılmasını, dölün hipoksik dəyişikliklərinin korreksiyasını; ehtiyac olduqda hamiləliyin vaxtından əvvəl sona çatdırılmasını tələb edir.
Fetoplasentar çatışmazlıq barədə ümumi məlumat
Fetoplasentar çatışmazlıq 20%-dən çox hallarda dölün perinatal ölümünün səbəbi sayılır, hamiləlik və doğuşun gedişini ağırlaşdırır. Fetoplasentar çatışmazlığın təzahürləri və fəsadları ciftin funksional pozğunluqlarının dərəcəsi, hamiləlik müddəti, dəyişikliklərin gücü və davametmə müddəti, «ana-cift-döl» sistemində kompensator-uyğunlaşma mexanizmlərinin inkişafından asılıdır.
Fetoplasentar çatışmazlıq şəraitində dölün hipoksiyası, onun bətndaxili böyümə və inkişafının ləngiməsi baş verir; vaxtından əvvəl doğuşlar, doğuş fəaliyyətinin müxtəlif anomaliyaları, dölün doğuş travmalarının ehtimalı yüksəlir; belə uşaqlar respirator və bağırsaq infeksiyalarına daha çox məruz qalır.
Fetoplasentar çatışmazlığın yaranma səbəbləri
Fetoplasentar çatışmazlıq polietiolojidir. Ciftin morfofunksional dəyişiklikləri hamilənin ekstragenital xəstəlikləri: ürək-damar (ürək qüsurları, arterial hipertoniya və ya hipotenziya, qan dövranının çatışmazlığı), böyrək (pielonefrit, böyrək çatışmazlığı), neyroendokrin (şəkərli diabet, hipo- və hipertireoz, böyrəküstü vəzilərin və hipotalamusun patologiyaları) və s. nəticəsində formalaşır.
Hamiləlik anemiyaları fonunda fetoplasentar çatışmazlıq ana-döl qan dövranında dəmir defisiti ilə əlaqədar yaranır, bu da oksigenin dölə daşınmasının zəifləməsinə və hipoksiyaya gətirib çıxarır. Laxtalanmanın pozulduğu hallarda (məsələn, antifosfolipid sindrom) cift damarlarında döl-cift qan dövranını pozan mikrotromblar əmələ gəlir.
Çox vaxt fetoplasentar çatışmazlığa kəskin gedişli və ya hamiləlik dövründə kəskinləşən infeksiyalar səbəb olur. Bu zaman cift adətən virus, ibtidai, bakteriyalarla zədələnərək iltihablaşır. I trimestrdə keçirilən infeksion xəstəliklər (qrip, CYKİ və s.) əksər hallarda hamiləliyi özbaşına pozulması (spontan düşük) ilə nəticələnir. Hestasiyanın gec mərhələlərində infeksiyalaşma ağırlıq dərəcəsi törədicidən və onun yayılma yolundan asılı olan lokal dəyişikliklərlə məhdudlaşır.
Fetoplasentar çatışmazlığın formalaşmasının risk amillərinə hamilənin genital patologiyaları: uşaqlığın anomaliyaları (ikibuynuzlu, yəhərəbənzər uşaqlıq), endometrioz, uşaqlığın fibroması, xroniki endoservisit və endometrit, uşaqlığın çapıqları aiddir. Həmçinin fetoplasentar çatışmazlığa mamalıq patologiyaları: rezus-uyğunsuzluq, cift gəlişi, çanaq gəlişi, çoxdöllü hamiləlik, erkən və gecikmiş toksikozlar (hestoz) səbəb ola bilər. Hestoz öz növbəsində nəinki fetoplasentar çatışmazlığa gətirib çıxara, eləcə də onu ağırlaşdıraraq, qüsurlu dövran yarada bilər.
Fetoplasentar çatışmazlıq riski hamilənin yaşına mütənasib olaraq artır; abortlar, zərərli vərdişlər, sosial və məişət pozğunluğu ilə ağırlaşmış anamnez onun yaranma ehtimalını yüksəldir. Sadalanan vəziyyətlər bu və ya digər dərəcədə əvvəlcə uşaqlıq-plasentar, sonra isə fetoplasentar qan dövranını pozmaqla geri dönməyən morfoloji dəyişikliklərə və ciftin əsas funksiyalarının (qaz mübadiləsi, trofiki, ekskretor, qoruyucu, sekretor və s.) pozulmasına səbəb olur. Adətən fetoplasentar çatışmazlığın patogenezində çoxsaylı etioloji amillər iştirak edir, lakin onlardan yalnız biri aparıcı sayılır.
Fetoplasentar çatışmazlığın təsnifatı
Fetoplasentar çatışmazlıq inkişaf müddətinə görə birincili və ikincili olur. Birincili çatışmazlıq hestasiyanın erkən müddətlərində (16-18-ci həftələrdə), cift və orqanların formalaşma mərhələsində infeksion, endokrin, yatrogen amillərin təsirindən yaranır. İkincili fetoplasentar çatışmazlıq ananın patologiyaları və ya hamiləlik ağırlaşmaları ilə əlaqədar normal formalaşmış ciftdə inkişaf edir.
Fetoplasentar çatışmazlığın klinik gedişi kəskin və ya xroniki olur. Hamiləliyin müxtəlif dövrlərində, eləcə də doğuşlarda yaranan kəskin çatışmazlıq zamanı ilk növbədə ciftin qaz mübadiləsi funksiyası pozulur, bu da dölün kəskin hipoksiyası və ölümü ilə müşayiət olunur. Əksər hallarda kəskin fetoplasentar çatışmazlığa ciftin vaxtından əvvəl ayrılması, kənar ciblərə qansızma, ciftin infarktı və onun damarlarının trombozu səbəb olur.
Mamalıq və ginekologiyada xroniki fetoplasentar çatışmazlığa daha çox rast gəlinir. Onun gedişi və proqnozu müdafiə-uyğunlaşma reaksiyalarına əsasən təyin edilir, bununla əlaqədar fetoplasentar çatışmazlığın kompensasiya olunmuş, subkompensasiya olunmuş, dekompensasiya olunmuş və kritik formaları ayırd edilir.
Kompensasiya olunmuş forma daha qənaətbəxş sayılır; dopplerometriyanın nəticələrinə əsasən müəyyən edilir; belə hallarda dölün inkişafı pozulmur. Fetoplasentar çatışmazlığın kompensasiya olunmuş formasında cüzi patoloji dəyişikliklər hamiləliyin proqressivləşməsinə səbəb olan müdafiə-uyğunlaşma mexanizmləri sayəsində kompensə edilir. Adekvat terapiya və doğuşun düzgün aparılması sağlam dölün doğulmasını təmin edir.
Fetoplasentar çatışmazlığın subkompensasiya olunmuş formasında müdafiə-uyğunlaşma reaksiyaları zəifləyir, dölün inkişafdan qalması, müxtəlif ağırlaşmaların yüksək riski müşahidə edilir.
Fetoplasentar çatışmazlığın dekompensasiya olunmuş forması kompensator mexanizmlərin gərginliyi və pozulması, hamiləliyin normal proqressivləşməsinin mümkünsüzlüyü ilə xarakterizə edilir, dölün inkişafının ləngiməsi, ürək fəaliyyətinin ağır pozğunluqları, ağır dərəcəli hipoksiya qeydə alınır; dölün bətndaxili ölümü istisna olunmur. Çatışmazlığın kritik formasında fetoplasentar kompleksin geridönməyən morfoloji dəyişiklikləri dölün ölümünə gətirib çıxarır.
Fetoplasentar çatışmazlığın əlamətləri
Fetoplasentar çatışmazlıq müxtəlif klinik formalarda təzahür edə bilir. Adətən bu vəziyyət hamiləliyin pozulma təhlükəsi, dölün hipoksiyası və onun bətndaxili inkişafının ləngiməsi ilə müşayiət olunur. Hestasiyanın özbaşına pozulma riski əsasən hamiləliyin erkən dövrlərində yaranır, düşük təhlükəsi, başlanmış və baş verən düşüklərlə özünü büruzə verir. Bir sıra hallarda fetoplasentar çatışmazlıq zamanı inkişafdan qalmış hamiləlik müşahidə edilir.
II-III trimestrdə fetoplasentar çatışmazlıq bir qayda olaraq, dölün inkişafının ləngiməsi ilə təzahür edir. Bu zaman hamilənin qarın dairəsinin azalması, uşaqlıq dibinin hündürlüyünün hamiləlik müddətinə uyğun gəlməməsi qeydə alınır. USM vasitəsilə dölün inkişafdan qalması aşkarlanır. Fetoplasentar çatımazlıq zamanı dölün hipoksiyası ciftin daşınma və qaz mübadiləsi funksiyasının pozulması ilə bağlıdır. Dölün zədələnmələrinin ağırlığı ciftin zədələnmə sahəsinin ölçüsündən asılıdır: ciftin 1/3-dən çox hissəsinin qan dövranından çıxdığı hallarda döl üçün kritik pozğunluqlar inkişaf edir. Dölün hipoksiya əlamətlərinə əvvəlcə nizamsız hərəki aktivlik, sonra isə tərpənişlərin sayının azalması və nəhayət tamamilə kəsilməsi aiddir.
Fetoplasentar çatışmazlıq zamanı ciftin sekretor funksiyasının pozulması vaxtından keçmiş hamiləliklərə və ya vaxtından əvvəl doğuşlara səbəb olur. Ekskretor funksiyanın pozulması nəticəsində dölyanı mayenin azalması müşahidə edilir. Lakin bəzi yanaşı gedən patologiyalarda (şəkərli diabet, bətndaxili infeksiyalaşma, dölün hemolitik xəstəliyi) isə polihidramnion (dölyanı mayenin çoxluğu) izlənilir. Fetoplasentar çatışmazlıq zamanı ciftin dəyişiklikləri kalsinatların toplanması, xovlaraarası sahənin genişlənməsi, ciftin kistaları ilə müşayiət oluna bilər. Cifitin hormonal funksiyasının pozulduğu və uşaqlıq yolu epitelinin aktivliyinin kifayət qədər olmadığı hallarda hamilələrdə çox zaman kolpitlər inkişaf edir.
Fetoplasentar çatışmazlığın diaqnostikası
Etiopatogenetik mexanizmlərin çoxamilliliyi ilə əlaqədar fetoplasentar çatışmazlığın diaqnostikasında dinamik müayinələr kompleksindən istifadə olunur. Anamnezin toplanması zamanı fetoplasentar çatışmazlığın aparıcı amili (yaş, ginekoloji və ekstragenital xəstəliklər, əməliyyatlar, zərərli vərdişlər, peşə və həyat şəraiti və s.) aydınlaşdırılır. Fetoplasentar çatışmazlıq zamanı hamilələr qarından ağrı, uşaqlığın hipertonusu, cinsi yollardan ifrazat, dölün tərpənişlərinin artması və ya azalması, qanlı axıntıladan şikatər edə bilər.
Fizikal müayinə zamanı qarın dairəsi ölçülür, uşaqlıq dibini hündürlüyü, hamilənin bədən çəkisi təyin edilir, bu nəticələrə əsasən dölün inkişafının ləngiməsi, poli- və ya hidroamniondan şübhələnmək olar. Ginekoloji baxış ifrazatların xarakterinin qiymətləndirilməsinə, iltihab əlamətlərinin aşkarlanmasına, bakterioloji və mikroskopik müayinələr üçün materialın götürülməsinə imkan verir.
USM vasitəsilə fetometrik göstəricilər (dölün baş, bədən, ətraflarının ölçüləri) və onalrın hestasiya müddətinə müvafiqliyi müəyyən edilir. Bundan əlavə ciftin qalınlığı və onun yetişmə dərəcəsi təyin olunur. Uşaqlıq-döl qan dövranının doppleroqrafiyası zamanı göbək ciyəsi, uşaqlıq və ciftin döl hissəsinin damarlarında qanın sirkuliyasiyası qiymətləndirilir. Dölün fookardiotokoqrafiyası və kardiotokoqrafiyanın köməyilə uşağın ürək fəaliyyətinin xarakteri – ürək döyüntülərinin tezliyi və ritmi müəyyənləşdirilir. Taxikardiya, bradikardiya, aritmiya hipoksiyaya dəlalət edir.
Fetoplasentar çatışmazlığın müalicəsi
Fetoplasentar çatışmazlığın kompensasiya olunmuş formasının müalicəsi terapiyanın müsbət dinamikası və hamiləliyin inkişafı üçün heç bir təhlükənin müşahidə olunmadığı hallarda ambulator şəraitdə aparıla bilər. Qalan vəziyyətlərdə təcili hospitalizasiya və intensiv terapevtik tədbirlərin aparılması mütləqdir. Patologiyanın çoxamilliliyi ilə əlaqədar fetoplasentar çatışmazlığın standart müalicə sxemi yoxdur. Onun müalicəsi aparıcı etioloji amilin aradan qaldırılmasına və kompensator mexanizmlərin bərpa olunmasına yönəldilir.
Mikrosirkulyator pozğunluqlar və ciftdə damar tonusunun pozulması zamanı birinci sıra preparatlar qismində antaqreqantlar və antikoaqulyantlardan (pentoksifillin, dekstran, dipiridamol, heparin və s.) istifadə olunur. Dölün hipotrofiyası və inkişafının ləngiməsini korreksiya etmək məqsədilə plazma əvəzedici və zülal məhlulları köçürülür. Fetoplasentar çatışmazlığı müşayiət edən hemodinamik pozğunluqlar zamanı orqanların perfuziyasını yaxşılaşdıran, miokardın yığılma funsksiyasını normaya salan, hipotenziv təsirli kalsium antaqonistləri (nifedipin, verapamil) təyin olunur. Miometriumun hipertonusunun aşkarlandığı hallarda spasmolitik preparatlar (dratoverin, qlükoza-novokain qarışığı) tətbiq edilir.
Antioksidant müdafiə və ciftin daşınma funksiyasını normallaşdırmaq üçün E, C vitaminləri, hepatoprotektorlar məsləhət görülür. Metabolik terapiyada B6 vitamini, tiaminpirofosfat, fol turşusu, qlükoza, polivitaminlər, dana qanının hemoderivatından istifadə olunur. Hamiləliyin vaxtında əvvəl pozulma təhlükəsi yarandıqda tokolitiklər (fenoterol, heksoprenalin) təyin edilir.
Doğuşun vaxtı və aparılma üsulu fetoplasentar çatışmazlığın terapiyasının effektivliyinə əsasən müəyyən edilir. Kompensə olunmuş formada təbii doğuş mümkündür; subkompensə olunmuş fetoplasentar çatışmazlıqda Qeysəriyyə əməliyyatına üstünlük verilir; dekompensasiyanın inkişafı təcili cərrahi doğuşlara göstəriş sayılır.
Fetoplasentar çatışmazlığın profilaktikası
Profilaktik tədbirlərin əsasını qadının hamiləliyə hərtərəfli hazırlığı təşkil edir. Risk amillərinin aşkarlanması və korreksiyası, fetoplasentar çatışmazlığın erkən diaqnostikası, bu qrup pasiyentlərin yüksək nəzarət altına alınması mütləqdir.
Hestasiyanın 14-16 və 28-34-cü həftələrində profilaktik medikamentoz kursların aparılması fetoplasentar çatışmazlığın inkişafının qarşısını ala bilər. Fetoplasentar çatışmazlığın kompensə edici formalarının qeydə alındığı hamilələrdə laborator və ultrasəs skrininqin köməyilə dölün vəziyyəti və inkişafının daimi monitorinqi tələb olunur.