Flebologiya
Flebologiya -ürək-damar cərrahiyyəsinin xüsusi bölməsi olub, qan dövranının anatomiyası, fiziologiyası, eləcə də venoz damarların xəstəlikləri, onların profilaktika, diaqnostika və müalicə məsələləri ilə məşğuldur.
Orqanizmin venoz sistemi şaxələnmiş vena şəbəkəsindən – damarlardan ibarətdir. Bu damarlarla qan orqan və toxumalardan ürək və ağciyərlərə doğru hərəkət edir. Hərəkət zamanı ətraf əzələləri yığılaraq, qanı venalarla yuxarı istiqamətdə qovan nasos rolunu icra edir, venaların daxili divarında yerləşən qapaqlar isə qanın geriyə axınının qarşısını alır. Venoz qapaqların qüsurları vena xəstəliklərinin: varikoz xəstəliyi və onun ağırlaşmalarının –xroniki venoz çatışmazlıq, trofiki yaralar, tromboflebitin inkişafında mühüm rol oynayır.
Venoz qan dövranının pozğunluqlarının dərəcəsini və müalicə taktikasını müəyyən etmək üçün yüksək dəqiqliyi ilə seçilən müasir diaqnostik üsullardan-ultrasəs dupleks skanlama və ultrasəs doppleroqrafiyadan istifadə edilir. Venoz patologiyanın müalicəsi konservativ (medikamentoz və kompression terapiya), əməliyyatsız endovazal (lazer koaqulyasiyası, sklerozlaşdırıcı terapiya) və cərrahi üsullarla icra olunur.
Müasir flebologiyada vena xəstəliklərinin müalicəsində az travmatik müalicə üsulları geniş tətbiq olunur, endoskopik, lazer, radiotezlikli texnologiyaların köməyilə ağırlaşmaların sayını və aparılmış müdaxilədən sonra reabilitasiya müddətini minimuma endirmək mümkündür. Vaxtında başlanılmış müalicə gözlənilən kosmetik nəticəni əldə etməyə imkan verir, bu da aşağı ətraf venalarının xəstəliklərindən əziyyət çəkən qadınlar üçün mühüm əhəmiyyət kəsb edir.